Mir Cəfər
Bağırov və Ağasəlim Atakişiyev
Mir Cəfərin
məhkəməsi necə hazırlanmışdır?
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb...
Qeyd:
Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər
Bağırovla bağlı arxivlərdən gün
işığına çıxardığı
materialları, müxtəlif sənədləri qəzetimizin
hər şənbə sayında "Mir Cəfərin məhkəməsi
necə hazırlanmışdır" başlığı
altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin
məhkəməsi ilə, məhkəmənin ətrafında
cərəyan edən hadisələrlə və ictimaiyyətə
məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik.
Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur.
Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər
üzə çıxarırdı ki, onların
oxucularımızda maraq doğuracağını nəzərə
alaraq bir çox hallarda mövzudan kənara
çıxmalı olurduq.
Yaxın saylarımızda Mir Cəfər
Bağırovun məhkəməsini təqdim edəcəyik.
Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi
necə hazırlanmışdır"
başlığını yalnız rubrika kimi
saxlayırıq.
1954-cü ilin aprelində digər
bir çekist, polkovnik Ə.Qasımov DTK sədrinə
Ağasəlim Atakişiyevdən 8 səhifəlik
"ittihamnamə" yazmışdır. Tanış olun:
"Azərbaycan SSR Daxili işlər
naziri polkovnik Quskov yoldaşa
polkovnik Ə.M.Qasımovdan
1948-ci ildə (dəqiq tarixi
unutmuşam) hazırda Daxili İşlər Nazirliyinin Qazax
rayon şöbəsinin rəisi, o zaman 2-ci şöbənin
2-ci bölməsinin baş müvəkkili mayor Əliyev əlaqə
saxladığı agentdən (ləqəbini unutmuşam)
Atakişiyevin İrandakı fəaliyyətinə dair
materiallar almışdı. Materialların arasında
Atakişiyevlə birlikdə İranda olmuş, keçmiş
müsavat ordusunun zabiti Məmməd Sarıcalinski haqqında
sənədlər də vardı. Əliyev mənim qəbuluma
gəldi və məsələnin mahiyyətini
açıqladı. Mən onu danladım ki, niyə görə
"agentdən" yazılı məlumat
almamışdır. O, bunun səbəbini belə izah etdi ki,
agentlə gecədən keçmiş
görüşmüşdür və ondan donosu tələm-tələsik
almışdır. Mən Məmməd Sarıcalinski barəsindəki
agentura materiallarını şəxsən tanış olmaq
üçün Atakişiyevə təqdim etdim. Elə zənn
etdim ki, Atakişiyev məsələyə partiyalı
münasibət göstərəcək. Lakin məlumatımı
Atakişiyev özündə saxladı. Əksinə, məni
və Əliyevi təqib etməyə başladı. Məndən
və Əliyevdən yazılı izahat tələb olundu.
Yemelyanovun imzaladığı qərarla mənə xəbərdarlıq,
Əliyevə şiddətli töhmət verildi.
Atakişiyevin şəxsən
özünün dilindən eşitdiklərimdən mənə
məlumdur ki, İrandan Sovet İttifaqına qayıtdıqdan
sonra SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə
yazılmış məktublarda onu dövlətə xəyanətdə
günahlandırmışlar. Atakişiyev məcbur
olmuşdur ki, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə
izahat yazsın.
1947-48-ci illərdə Azərbaycan
SSR DTK-nın 2-ci şöbəsi 2-ci bölməsinin
keçmiş rəis müavini Firudin Bağırov əvvəllər
İran demokratlarından olmuş "Qubadı" ləqəbli
agentlə əlaqə saxlayırdı. F.Bağırov o zaman
mənə məruzə etdi ki, növbəti
görüşü zamanı "Qubadı" demişdir
ki, Azərbaycan SSR və Demokrat Partiyasının
ayrı-ayrı rəhbər işçiləri Cənubi Azərbaycanda
cinayətkar hərəkətlərə yol verirlər.
"Qubadı" xahiş etmişdir ki, onu Mərkəzi, yəni
Moskvanın rus millətindən olan bir rəhbər
işçi ilə görüşünü təşkil
etsinlər. Bildiklərini yalnız ona deyə bilər. Mən
bu barədə Yemelyanova məlumat verdikdə Atakişiyev onun
yanında idi. Yemelyanov Atakişiyevlə məsləhətləşdikdən
sonra təklif etdi ki, "Qubadı" ilə əlaqədar
tədbir hazırlansın. Azərbaycan SSR Dövlət Təhlükəsizliyi
Komitəsinin 5-ci şöbəsinin rəis müavini
podpolkovnik Lavruxin Moskvaya ezam olunsun və "İnturist"
mehmanxanasında "Mərkəzdən olan rus kimi"
"Qubadı" ilə söhbət etsin. Əməliyyat həyata
keçirildi. Lavruxinin Moskvada "Qubadı" ilə görüşü
baş tutdu, ancaq istənilən nəticəni vermədi. Bunu
Lavruxinin raportundan açıq-aydın görmək olar. Bir
aya yaxın vaxt keçdikdən sonra Firudin Bağırov mənə
məruzə etdi ki, "Qubadı" Moskva səfərindən
sonra İran məsələlərini bizə də söyləmək
istəyir. Mən Firudin Bağırova təklif etdim ki, Razin qəsəbəsində
yaşadığı mənzilində "Qubadı" ilə
mənim görüşümü təşkil etsin. Belə
də oldu. 4-5 gündən sonra "Qubadı" Firudin
Bağırovla birlikdə dəst-xəttilə əski Azərbaycan
əlifbası ilə Atakişiyevin və digər məsul
şəxslərlə əlaqədar faktlar barədə 50 səhifəlik
məlumat yazdı. Lakin bu material hərətərəfli
araşdırılmadı. "Qubadı" sonralar həbs
olundu. Atakişiyev 2-ci şöbənin işindən,
xüsusilə məndən narazı qaldı.
Cənubi Azərbaycanda demokratik hərəkat
gedişində, Sovet qoşunlarının, partiya, sovet
işçilərinin Təbrizdə və İranın digər
şəhərlərində olduqları bir vaxtda təhlükəsizlik
orqanlarımız tərəfindən səmərəli
agentura aparılması üçün çox əlverişli
şərait yaranmışdı. Lakin Atakişiyev tərəfindən
həmin istiqamətdə heç bir iş görülmədi.
Bunu SSRİ Milli Təhlükəsizlik Nazirliyinin sabiq nazir
müavini Selivanovski yoldaşın
başçılığı ilə aparılmış
yoxlama bir daha təsdiq etmişdir.
Qoşunlarımız İrandan
çıxarıldıqdan sonra, amerikalılar hay-küy
qaldırıb radio ilə İrandan yayırdılar ki,
Atakişiyevin başçılığı ilə
çekistlərimiz Cənubi Azərbaycanda kommunist rejimi qurmaq
istəyirdilər. (Bu barədə o zaman İranda olan
Haşımov, M.Mustafayev və digər çekistlərimiz də
bilirlər).
Atakişiyev İranda işlədiyi
müddətdə həm özü, həm də arvadı dəfələrlə
SSRİ-yə gəlmiş və hər gələndə
özləri ilə içərisində qiymətli şeylər
olan çemodanlar gətirmişlər. Atakişiyev sonuncu dəfə
İrandan qayıdarkən onu MTN-nin keçmiş təsərrüfat
şöbəsinin rəisi podpolkovnik Məmməd Mehdiyev bu
faktlra aid arayış təqdim edə bilər. Mən
özüm Atakişiyevin evində bir və ya iki dəfə
olmuşam. Onun mənzilində 10-12 kv. metr ölçüdə
İran nəqşləri ilə bəzədilmiş
üç xalça görmüşəm. Atakişiyevin ailəsinin
İranda özlərini necə apardıqları barədə
MTN-nin əməkdaşları İ.İ.Yermakov, İza
Tsişlis, N.Mehdiyev və başqaları müfəssəl məlumat
verə bilərlər. Bütün bunlara baxmayaraq,
Atakişiyev İranda olarkən ona general-mayor rütbəsi
verilmişdir. Vətənə qayıtdıqdan sonra isə
SSRİ Ali Sovetinə deputat, Azərbaycan KP MK tərkibinə
dalbadal iki dəfə üzv seçilmişdir.
Qətiyyətlə deyə bilərəm
ki, Bağırov Atakişiyevə hədsiz dərəcədə
inanırdı. Atakişiyev mənşəcə ticarətçi
oğludur, əvvəllər mənəvi pozğunluğa və
digər hallara görə məhkəmə məsuliyyətinə
cəlb olunmuşdur. Onun arvadı Riva Samoylovna Balaxanıda
kustar neft sənayeçisi qumarbaz Palivanın yanında (vəfat
etmişdir) tərbiyə almışdır. Qumarbaz
Palivanın arvadı Riva Samoylovnanın doğmaca xalası
idi. O, alverçilik etdiyinə görə 5 il müddətinə
həbs cəzası almış və cəzasını
çəkdikdən sonra az müddət Atakişiyevgildə
qalmışdır.
Atakişiyevin özünə gəldikdə,
o, naturaca karyerist və avaradır.
Ə.Qasımov."
1954-cü ilin aprelində
"polkovnik Quskov yoldaşa" göndərilmiş
"polkovnik Ə.M.-in məktubu iki aydan sonra, 1954-cü il iyul
ayının 22-də Azərbaycan KP MK-ya (N443 ss) göndərilmişdir.
Bəs "polkovnik Ə.M." kimdir? Araşdırmadan məlum
olur ki, "polkovnik Ə.M." 1956-cı ildə
M.C.Bağırovun məhkəməsində şahid sifətilə
çıxış etmiş Qasımov Eyyub Mikayıl
oğludur. 1926-cı ildən "NKVD" orqanlarında
işləmişdir. Onun 1954-cü ildə Quskova
yazdığı məktubunda adları çəkilən
çekistlər arasında Məmməd Mehdiyev də
vardır:
Şahid Məmməd Mehdiyev - Mən İranda olduğum zaman,
sıravi kəşfiyyatçı kimi, konspirasiya məqsədilə
Atakişiyevin rezidenturasında görünə bilməzdim.
Ona görə də onun İranda özünü necə
aparması barədə məlumatım yox idi. İrandakı
agentura ilə aparılan işin vəziyyətindən də
xəbərim yox idi. Ancaq mənə məlumdur ki,
Atakişiyev İranda olduğu vaxt bizim kəşfiyyata elə
rəhbərlik etmişdir ki, SSRİ əlrazisinə göndərilməsi
güman edilən xarici kəşfiyyat agentlərinin biri də
aşkara çıxarılmamışdı. Eləcə də
xarici kəşfiyyatın SSRİ ərazisinə göndərdiyi
agentlə əlaqə kanalları da müəyyənləşdirilməmişdi.
1946-cı ildə Təbrizdə
xidməti ezamiyyətim zamanı Atakişiyevin mənzilinə
gedəsi oldum. Və mənə məlum oldu ki, Atakişiyev və
arvadı İranda şəxsi varlanma ilə məşğul
olurmuş. Atakişiyevin mənzilində müxtəlif qiymətli
əşyalara rast gəldim: 10-a qədər bahalı
xalça, çoxlu müxtəlif şal və ipək
parçalar, hazır paltar və ayaqqabı, gümüş
qabqacaq və sairə. Atakişiyev böyük məbləğdə
əmək haqqı alsa da, bütün bunları zəhmətlə
qazana bilməzdi. Bütün bu şeyləri Atakişiyev
gbmrük nəzarətindən keçmədən və
dövlət rüsumu ödəmədən özüylə
Bakıya gətirdi. Sürücülər: Rizvan Quliyev, Fadin
və başqaları bütün gecəni Atakişiyevin gətirdiyi
şeyləri vaqondan maşınlara, oradan da Atakişiyevin
evinə daşımalı oldular.
1956-cı il aprel ayında məhkəmə
iclasında ifadə verən şahid Məmməd Əbdüləzim
oğlu Mehdiyev Atakişiyevin "hamisi" M.C.Bağırov
haqqında da "tarixi məlumat" vermişdir.
- Gəncənin yerli, əsilli-köklü
sakini, 1930-cu ilədək partiya orqanlarının, 1930-cu ildən
siyasi idarə orqanlarının işçisi kimi mənə
məlumdur ki, Azərbaycanın Samux, Şamxor, Tovuz, Ağdam,
Zaqatala və başqa rayonlarında siyasi və cinayətkar dəstələr
fəaliyyət göstərirdi. Həmin dəstələr
uzun illər ərzində cəzasız fəaliyyət
göstərmiş, əhalini qarət etməklə,
soyğunçuluqla, kasıb-kusubu qətlə yetirməklə
məşğul olmuşlar. O vaxtlar Bağırovun rəhbərlik
etdiyi Azərbaycan Fövqəladə Komissarlığı və
Siyasi İdarə həmin dəstələrin ləğv
edilməsi üçün heç bir ciddi tədbir
görmürdü, odur ki, bəzi dəstələr əhaliyə
uzun müddət - on ilə yaxın işgəncə
vermişdir.
Dəstəfur rayonunun Qabaqtəpə
kəndində Pirverdinin dəstəsi 1920-ci ildən 1930-cu ilədək
tüğyan eləyib. Samur rayonundan Məmməd
Qasımın dəstəsi 1924-cü ildən 1930-cu ilədək
banditizmlə məşğul olub. 1930-cu ilin əvvəlində
Məmməd Qasım Samur siyasi idarəsinin müvəkkili
Süleymanovu öldürdü. Ancaq Məmməd Qasım
Qarabaqqal kəndində yaşamaqda davam eləsə də,
heç bir yerə getməsə də, ona qarşı
heç bir tədbir görülmədi, 1931-ci ildə gizlicə
Türkiyəyə qaçdı.
Şəxsən mənə məlumdur
ki, M.C.Bağırov 1928 və 1929-cu illərdə Samux
rayonunda olub, həmin vaxtlarda Məmməd Qasımın
bandası cinayətlər törədirdi. Ancaq hansı səbəbdənsə
Bağırov həmin dəstənin ləğv edilməsi
üçün heç bir tədbir görməyib.
1928-ci ilin sonunda Bağırovun
göstərişi ilə qatı cinayətkar Qara Aslan və
onun iki yaxın əlaltısı - Ələkbər və Cəmil
üzə çıxarıldı, onlara silah verildi. Bağırov
tərəfindən üzə çıxarılmasından
istifadə edərək, Qara Aslan cinayətkar dəstə ilə
əlaqəsini davam etdirir və Şamxor bandasının
başçısı Əbdüləlini ona qarşı
siyasi idarədə hazırlanan əməliyyatdan xəbərdar
edirdi. Bu xəbəri alan Əbdüləli pusqu qurub siyasi
idarənin Gəncə vilayət şöbəsinin rəisi Əlövsət
Məmmədovu və milis rəisi Rüstəm Əliyevi
öldürdü. Yalnız 1931-ci ildə, Bağırov Azərbaycan
SSR Baş Siyasi İdarəsinin sədri vəzifəsindən
çıxarılandan sonra Qara Aslan öz dəstəsi ilə
həbs edilib güllələndi.
Qara
Aslanla birlikdə üzə çıxarılmış,
sovet hökumətinə qarşı vuruşmaqdan əl
çəkməmiş bandit Mir Həsən Seyidov Qara
Aslanın həbsindən sonra gizlicə Türkiyəyə
qaçdı. Həm də özü ilə müsavat
hökumətinin üzvü, Gəncə qubernatorunun oğlu
Kamil Rəfibəyovu da apardı. 1945-ci ildə mən
İranda olduğum vaxt agent "Gülzar" mənə xəbər
verdi ki, Kamil Rəfibəyov türk kəşfiyyatında
çalışır..."
əvvəli
və ardı var…
Teyyub Qurban
Ekspress.-2013.-12-14 yanvar.-S.-15.