Oxumaq qarmon çalmaqdan çox-çox asandır...

 

   Cavanşir Məmmədov: "İndi oxumaq gündəlik yeyib-içmək kimi bir şey olub"

 

   Tanıtma: Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. Atası, respublikanın əməkdar artisti İrşad Məmmədov dəf çalan olub. 40 il sənətdə olmuş bu insan dahi sənətkarlarımızla- Şövkət Ələkbərova, Sara Qədimova, Həbib Bayramov, Əbülfət Əliyev, Zeynəb Xanlarova və Rəşid Behbudovla birgə neçə-neçə ölkəyə qastrollara gedib.

   Bir vaxtlar onu qarmonçalan kimi tanıyırdıq. Qarmonda çala-çala ara-sıra mahnı da oxuyurdu. Ona görə də onun qarmonu kənara qoyub müğənnilik etməsinə heç kim təəccüblənmədi.

   Beləliklə, müsahibimiz tanınmış müğənni, əməkdar artist Cavanşir Məmmədovdur. Əslində, müğənniliyə instrumental ifaçılıqdan gələnlərin sayı-hesabı bilinmir. Amma bir məsələ var ki, belələrinin arasında özünü yaxşı müğənni kimi sübut eləyənlər də var. Cavanşir Məmmədovu da bu qismə aid etmək olar. Müğənni haqqında bizim demək istədiklərimiz bu qədərdir. Qalanını isə o, özü deyəcək.

   - Cavanşir müəllim, deyəsən, toylara lap erkən yaşlarınızdan getmisiniz.

   - 1973-cü ildən qarmon əlimdə toylara getmişəm. 24-25 ildir, qarmonu kənara qoymuşam, müğənni kimi fəaliyyət göstərirəm. Amma əslinə qalsa, mən 1983-cü ildən oxumağa başlamışam, 4 il qarmonla özüm-özümü müşayiət etmişəm. 1987-ci ildən isə qarmonu yığışdırıb qoydum qırağa.

   - Oxumaq həvəsinə necə düşdünüz? Hansı yanğı sizi buna məcbur elədi?

   - Bu, yanğı deyil, sadəcə istedaddır. Kim buna yanğı deyirsə, mən onunla razılaşmıram. Səslə bağırmaq arasında çox böyük fərq var. Mən deyərdim, indiki dövrdə oxumaq qarmon çalmaqdan çox-çox asandır. Amma əvvəllər belə deyildi. O vaxtlar qucağımda qarmon olanda oxumağa cürət eləmirdim. Çünki oxumaq sənəti çox çətindir, insandan böyük cəsarət tələb edir. Yəni Tofiq Quliyev, Cahangir Cahangirov kimi bəstəkarların əsərlərini Şövkət Ələkbərova, Gülağa Məmmədov, Əlibaba Məmmədov, Əbülfət Əliyev, Akif İslamzadə kimi sənətkarlardan sonra oxumaq, bu mahnılara yaxın getmək mümkün deyildi. İndi oxumağı o qədər ucuzlaşdırıblar ki, hər ailədə bir müğənni var. Kimi dindirirsən, oxuyur. İndi oxumaq gündəlik yeyib-içmək kimi bir şey olub. Kimin ürəyi nə vaxt istəyir, oxuyur. Özü də soruşan yoxdur ki, niyə oxuyursan?

   - Bunun səbəbini siz nədə görürsünüz?

   - Vallah, mən bunun səbəbini açıqlayan deyiləm. Bu barədə dəfələrlə danışmışam və buna görə özümə kifayət qədər düşmən qazanmışam. Bunu özünüz araşdırın. Bizim böyük sənətkarlarımız var, hansılara ki, xalqımız öz musiqisini etibar eləyib, onlardan soruşun. Mən isə bu barədə daha danışmaq istəmirəm.

   - Düzdür, "günahları var" yox e, böyük sənətkarlar buna görə cavab verməlidirl   - Sizə elə gəlmirmi ki, bayağı oxuyanların meydana çıxmasında məhz yaşlı sənətkarların da günahı var? O mənada ki, "əşi, oxuya-oxuya düzələcək" deyə bir vaxtlar başlarını sığalladıqları "istedadlar"ın sonradan meydan sulamalarına imkan yaradıblar...

Cavab verməlidirlər ki, bu xalqın musiqisini niyə pis günə qoyurlar? Nəyə görə bu gün musiqimizin başına bu cür oyunlar açılır, amma yaşlı sənətkarlar səslərini çıxarmırlar? Yalnız imkan düşəndə ya ekranda, ya da qəzetlərə müsahibə verəndə bu barədə danışırlar. Xeyr, belə mübarizə aparmaq olmaz. Yaşlı sənətkarlar özləri bu cür müğənniləri mühakimə etməlidirlər. Amma onlar elə bil mühakimə etməkdən qorxurlar. Və onlar qorxandan sonra belə vəziyyət yaranmalıdır da. Dövlət sənə xalqın musiqisini etibar etdiyinə görə xalq artisti adını, müxtəlif imtiyazlar, ev, maşın, hətta prezident təqaüdünə qədər verib, sən də danışmayandan sonra kim danışmalıdır ki?! Bəlkə səhv danışıram? Siz jurnalistlər səhv iş görəndə və ya yazıda səhvlər gedəndə, yəqin ki, redaktor sizi danlayır, tənbeh edir, bacarmayanları da işdən çıxarır. Biz müğənnilərin də redaktorları yaşlı sənətkarlardır, xalqın musiqisinə cavabdeh onlardır. Onlar indiyə qədər kimi məhkəməyə veriblər? Hansı dırnaqarası bəstəkarı mühakimə eləyiblər ki, bu nə mahnıdır?

   - Gəlin, bu məsələni qoyaq bir kənara, artıq olan olub. Bəs yaranan problemi aradan qaldırmaq üçün, sizcə, nə etmək lazımdır?

   - Lazım olanları etmək üçün ilk növbədə gərək əsl azərbaycanlı olasan. Xalqını, millətini ürəkdən sevəsən. Sevənlər var, yəqin ki, sadəcə olaraq qabağa düşməyə çəkinirlər. Çünki heç kim özünü pis eləmək istəmir.

   - Axı, söhbət xalqın mənəviyyatından, minillərin süzgəcindən keçirilib bu günümüzə çatdırılan milli musiqisindən gedir...

   - Yəqin belə çıxır ki, milli-mənəvi dəyərləri yavaş-yavaş yaddan çıxarırıq. Gürcülər də bizim kimi millətdir, görün onlarda belə şey varmı? Onlar öz milli musiqilərini hər şeydən əziz tuturlar. Ya da ruslar və ya türklər olsun- milli musiqilərini qoruyub saxlayırlar. Mən həmişə peyk antennası ilə türk kanallarına baxıram. Heç görmədim ki, türk kanalları xarici musiqiləri səsləndirsinlər. Haçan baxırsan, öz müğənnilərini göstərirlər. Bu yaxınlarda mən bir toy məclisində oldum. Toy sahibi ləzgi idi. Qonaqların əksəriyyəti azərbaycanlı olsalar da, bir-iki nəfər ləzgiyə görə Dağıstandan ləzgi musiqiçilər gətirtmişdi. Millətin musiqisini belə sevərlər. Yoxsa, bu gün hansı telekanalı açırsan, xarici klip göstərirlər, hansı restorana və ya şadlıq evinə gedirsən, görürsən ki, xarici musiqi səsləndirilir. Xarici musiqi oxumaq olar, amma necə deyərlər, əvvəl məscidin içi, sonra çölü. Yəni ilk növbədə öz musiqimizi təbliğ etməliyik.

   - Musiqimizdə yaranan digər problem də dırnaqarası bəstəkarların sayının günü-gündən artması və çoxlu bayağı mahnıların yaranması məsələsidir. Bu gün müğənnilər ərəb, fars və ya digər xarici musiqi ladları üzərində yazılan musiqilərə üstünlük verirlər. Bunun qarşısını necə almaq olar?

   - Bunun qarşısını almaq üsullarını mən deyə bilmərəm. Siz Ərəbistanda, Türkiyədə və ya İranda olanlardan soruşun ki, onlar orda Azərbaycan musiqisi eşidiblərmi? Dünyanın heç bir ölkəsində xalq öz musiqisini qoyub, yad millətin musiqisinə qulaq asmır. Ancaq turistlərin çox getdiyi ölkələrdə belə şeyə rast gəlmək olar. Biz xarici ölkəyə gedəndə həmin ölkədə yaşayan millətin mahnılarını öyrənirik. Məsələn, mən Almaniyaya qastrola gedəndə iki alman mahnısı öyrənirəm. Lap Yaponiya olsun, fərqi yoxdur, mütləq həmin ölkənin mahnılarından bir-ikisini öyrənməliyəm. Ancaq öz musiqimi qoyub, yad musiqini niyə oxumalıyam ki?!

   Mən fikir vermişəm, xaricilər, ya da orda yaşayan azərbaycanlılar bizim musiqini bizdən çox sevirlər. Onlar "Arşın mal alan"ı əzbərdən bilirlər. Siz cavansınız, 20 ildən sonra görəcəksiniz ki, Azərbaycan musiqisindən əsər-əlamət qalmayıb, eşidəndə gözləriniz dolacaq.

   - Axı istedadlı gənclərimiz çoxdur.

   - Onlara imkan veriləcək ki?! O boyda konsertlər keçirilir, Bir özəl kanallardan soruşun ki, bu millətin bunlardan başqa müğənnisi yoxdur? Nə qədər restoranlardan reklam verərlər? Bu müğənnilər restoranda sutkaya 30-40 manata oxuyurlar, amma toya gələndə, 10000-15000 dollardan dəm vururlar. Bilmirəm bu qiymət fərqləri nədən yaranıb? İkisi də restorandır, orda da disklə oxuyursan, burda da. Orda da gəlib 20 dəqiqə oxuyursan, burda da. İntəhası, millətimiz hələ ayılmayıb deyə, bunu hiss edə bilmir. Belə çıxır ki, aldananda bu millətə ləzzət eləyir. Vallah, elə kasıb toylarına getmişik ki... Mən toylarda fərq qoymamışam ki, "bu, elitar toydur, bu, kasıb toyudur". Toy qarpız kimi şeydir, əvvəlcədən onun haqqında bir söz demək çətindir. Kasıb toyuna niyə getməməliyik ki, özümüz də kasıbıq da. Varlı adamın uşağı heç vaxt çalıb-oxuyan olmur. Bir mənə göstərin görüm, hansı nazirin və prokurorun oğlu musiqiçidir? Amma prokuror musiqiçi olub -rəhmətlik Ələkbər Tağıyev. Deməli musiqi çox böyük qüvvədir. Mənim vəzifədə olan dostlarım çoxdur. Onların arasında elələrinə rast gəlmişəm ki, fortepianoda gözəl ifa edir. Və ya yaxşı səsi var. Yəni istedadlıdır, amma öz yaxınları üçün.

   - Neçə övladınız var?

   - Bir oğlum, bir qızım var. Hər ikisi BDU-nun beynəlxalq hüquq fakültəsini bitiriblər. Oğlum həm də mənim ansamblımda qarmon çalır. Özü də mənim ən etibarlı davamçımdır. Qarmonda gözəl çalır.

 

   - Sizin albomlardan biri "Qısqanıram" adlanır. Bu, xasiyyətinizdən irəli gəlir, yoxsa?..

   - Xeyr, albomda korifey sənətkarımız, ustad xanəndə Əlibaba Məmmədovun "Qısqanıram" mahnısı var, adını da o mahnıdan götürdük. Əlibaba müəllimin 300-dən çox mahnısı var. Əksəriyyətini təsnif adı ilə oxuyurdu. SSRİ vaxtında eləydi. O vaxtlar həm də sənətkarlar abır-həya saxlayırdılar. Ancaq indi belədir də, daha neyləyək. Buna hələ min şükür, yenə deyirəm, 20-25 ildən sonra bundan da betər olacaq. Heyf bu millətin musiqisindən, heyf bu millətdən.

 

  

   AYXAN

 

   Ekspress.-2013.-12-14 yanvar.-S.-19.