2013-cü il İKT ilidir

 

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

Yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

   İclasda çıxış edən dövlət başçısı düşünülmüş iqtisadi siyasət nəticəsində bütövlükdə ötən ilin Azərbaycan iqtisadiyyatı üçün uğurlu olduğunu bəyan edərək gələn ay Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılacağını qeyd edib və 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edib.

   Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları (İKT) ili" elan edilməsi ilə əlaqədar artıq perspektiv istiqamətləri açıqlayıb. RİTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyevin sözlərinə görə, növbəti addım ilin sonunadək keçirilməsi nəzərdə tutulan tədbirlər planının hazırlanması və təsdiq edilməsi olacaq.

   "Tədbirlər planında ilin sonunadək həyata keçirilməsi nəzərdə tutulan perspektiv istiqamətlər və layihələr öz əksini tapacaq. İlin əsas və ən əhəmiyyətli hadisəsi fevralın birinci ongünlüyündə "Azerspace-1" ilk telekommunikasiya peykinin orbitə çıxarılmasıdır. Miqyasına görə ikinci hadisə Azərbaycan Respublikası Dövlət Neft Fondunun maliyyələşdirəcəyi genişzolaqlı internetin inkişafı layihəsidir", - deyə İsbəndiyar Əliyev "Trend"ə bildirib.

   Xatırladaq ki, ilk milli peykimiz - "Azerspace/Africasat-1a" ABŞ-ın aparıcı peyk istehsalçısı olan "Orbital Sciences Corporation" şirkəti tərəfindən "STAR-2" platforması əsasında hazırlanıb və Böyük Britaniyaya məxsus bir şirkətdə sığortalanıb.

   "Azerspace-1" ekvatorun üzərində Yerdən 36 000 km məsafədə Geostasionar orbitdə, 46Ğ şərq uzunluğunda yerləşəcək. Yer səthinə nəzərən peyk Somali yaxınlığında Hind okeanı üzərində olacaqdır.

   İlk süni peykimiz Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan Fransanın "Arianespace" şirkətinin öz yüksək etibarlılığı ilə seçilən "Ariane-5" raket daşıyıcısı ilə orbitə çıxarılacaq. Peyk Malayziya hökumətinə məxsus, Malayziyanın "Measat Satellite Systems" şirkəti tərəfindən istifadə olunan və Azərbaycan hökumətinə icarəyə verilən geostasionar orbitdə yerləşərək Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, o cümlədən Qafqaz və Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstərəcək. Peyk rəqəmli teleradio yayımı xidmətlərinin göstərilməsi, sürətli internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, "VSAT" multiservis şəbəkəsinin, eləcə də hökumət əlaqələrinin yaradılması üçün nəzərdə tutulub.

   İlk telekommunikasiya peykinin orbitə çıxarılması kosmik sənayemizin inkişafında böyük addım olacaq. Bu il orbitə buraxılacaq telekommunikasiya peykinin ardınca digər peyklərin də istifadəyə verilməsi planlaşdırılır.

   Qeyd edək ki hazırda ölkə əhalisinin 70 faizi internet, 50%-i isə genişzolaqlı internet istifadəçisidir və bu iki göstərici üzrə Azərbaycan ümumdünya orta göstəricisini 2 dəfədən çox qabaqlayır.

   Regionlarda telekommunikasiya qovşaqlarının xidmət ərazilərində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, rayon mərkəzləri, şəhərlər və qəsəbələrlə yanaşı, kənd yaşayış məntəqələrində də əhalinin genişzolaqlı internet xidmətlərindən istifadəsi məqsədilə "Aztelekom" İstehsalat Birliyinin (İB) telefon şəbəkəsində EATS-lərin birləşdirici xətlərinin fiber-optik kabellərlə təşkili, şəbəkənin genişləndirilməsi və yenidən qurulması layihəsi işlənib hazırlanıb.

   "Aztelekom"un məlumatına görə, bu layihə çərçivəsində 7 internet-provayderlə də birgə əməkdaşlıq müqavilələri bağlanılıb və icrasına başlanılıb. Ötən müddət ərzində bağlanmış müqavilələr əsasında internet-provayderlər tərəfindən 17 TKQ-yə ümumilikdə 570 km optik kabel ayrılıb, 514 km kabelin çəkilişi isə artıq başa çatdırılıb.

   Bundan əlavə, müqavilələrin əhatə etdiyi ərazi üzrə 17 TKQ-dən 12-nin bütün kənd EATS-nin birləşdirici xətləri fiber-optik kabellərlə əvəz edilib. Ümumilikdə bu layihə çərçivəsində 1700 km-dən artıq fiber-optik kabel xətlərinin çəkilişi başa çatdırılıb və montaj işlərinə başlanılıb, həmçinin, 23 TKQ-də bütün kənd EATS-lərinin birləşdirici xətləri fiber-optik kabellərlə əvəz edilib.

   Birinci layihənin davamı olaraq "2013-2015-ci illərdə Birliyin rayon telekommunikasiya qovşaqlarının xidmət ərazilərində genişzolaqlı xidmətlərin inkişafı layihəsi" işlənib hazırlanıb və müvafiq proqramlarda nəzərə alınması üçün təqdim edilib.

   Abşeron rayonunda telekommunikasiya şəbəkəsinin inkişaf etdirilməsi məqsədilə tərtib edilmiş tədbirlər planına uyğun olaraq, rayonun Masazır qəsəbəsində yeni salınmış "Qurtuluş-93" yaşayış massivində GPON (evə qədər fiber-optik kabel) pilot layihəsi çərçivəsində 12 beşmərtəbəli binada kabelləşmə (fiber-optik kabellərlə) işləri aparılıb.

   Eyni zamanda, Birliyin xidmət ərazisində genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı 2012-ci ilin əvvəli ilə müqayisədə 51 min istifadəçi və ya 2 dəfə (100%) artaraq 102 mini keçib. Ötən ilin sentyabr ayında genişzolaqlı internet xidmətlərinin aylıq həcmi 75% artıb, hazırda genişzolaqlı xidmətlərin ümumi gəlirdə payı 18,5% təşkil edir. Müqayisə üçün, ötən ilin müvafiq dövründə bu göstərici 8,7% olub.

   RİTN bu ilin əvvəlindən genişzolaqlı internetin inkişafı layihəsinin reallaşdırılmasına başlamağı planlaşdırır. Layihə "Hər evə optika" prinsipi üzrə həyata keçiriləcək. Bakıda son istifadəçiyə verilən məlumatların ötürülməsinin minimum sürəti 30 mbit/s, maksimum - 100 mbit/s təşkil edəcək. Regionlarda bu göstərici müvafiq olaraq 10-30 mbit/s təşkil edəcək. ARDNF ilə birlikdə reallaşdırılması nəzərdə tutulan bu layihə əsasən optik şəbəkə üzərindən həyata keçiriləcək.

   Xatırladaq ki, Nazirlər Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli qərarı ilə "Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı"na uyğun olaraq ölkədə rəqəmli TV yayımına keçidlə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində ölkə əhalisinin 87%-i rəqəmli TV yayımı ilə əhatə edilmişdir. Qeyd olunan proqrama əsasən, 2013-cü ildə analoq TV yayımlar dayandırılaraq rəqəmli TV yayıma tam keçirilməsi nəzərdə tutulur.

   RİTN-in Nazirliyin şöbə müdiri İsbəndiyar Əliyev həmçinin dövlət başçısının fərmanı ilə dekabrın sonunda qəbul edilən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasını qeyd edib. Konsepsiyaya əsasən, İqtisadi İnkişaf Nazirliyinə bəzi dövlət orqanlarının fəaliyyətini təşkil etmək və əlaqələndirmək məqsədilə İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun yaradılması və onun tərkibi haqqında təkliflərini və İnkişaf Konsepsiyasının həyata keçirilməsini təmin etmək üçün qəbul ediləcək dövlət proqramlarının, strategiyaların, digər sənəd və tədbirlərin siyahısını (onların hazırlanması və icra müddətləri, məsuliyyətli dövlət orqanları haqqında təkliflər də daxil olmaqla) iki ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək tapşırılıb.

   Bununla əlaqədar olaraq, hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İqtisadi İnkişaf Nazirliyinə təqdim ediləcək layihələrin hazırlanması üzrə işlər aparır.

   Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasında

   ayrıca bir bənd - 6-cı bənd "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi"nə həsr edilib.

   Strateji önəmə malik sənəddə vurğulanır ki, Azərbaycanın qarşıda duran məqsədlərə çatması üçün ölkənin bütün imkanlarından dolğun istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan tam səmərə ilə

   yararlanmaq və ölkənin potensialının gücləndirilməsinə şərait yaratmaq vacib şərtdir: "Bu baxımdan enerji, nəqliyyat, tranzit və logistika infrastrukturunun genişləndirilməsi, bölgələrə xususi diqqət yetirilməsi və hər bir bölgənin rəqabət üstünləkləri nəzərə alınmaqla, regional inkişaf mərkəzlərinin yaradılması, şəhər və kənd yerlərində infrastrukturun və sosial xidmətlərin inkişaf etdirilməsi, nəticədə bölgələr üzrə əhalinin yaşayış səviyyəsinin tarazlaşdırılmasına nail olunması nəzərdə tutulur. İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində etibarlı təhlükəsizlik sisteminin yaradılması, milli standartların formalaşdırılması, ölkə üzrə tam rəqəmsal yayımın tətbiq olunması və analoq yayımın dayandırılması, eləcə də "elektron hökumət" xidmətlərinin 100 faiz tətbiq edilməsi Azərbaycanda müasir idarəetmənin formalaşmasının əsas prioritetlərindən biri kimi diqqət mərkəzində olacaqdır".

   Konsepsiyaya əsasən, informasiya texnologiyalarını daha da inkişaf etdirməklə biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması, gələcək 8-10 il ərzində qeyri-neft sektorunun inkişafını təmin etməklə ölkədə ÜDM-in həcmini iki dəfə artırmaq məqsədi qarşıya qoyulub. Hədəf olaraq, iqtisadiyyatda neft amilini minimuma endirmək, İKT texnologiyalarının gələcək 10 ilə - hər il təxminən 20 faiz artımını təmin etmək, beləliklə, 2020-ci ilə qədər İKT sektorunun həcminin təxminən 4 dəfə genişləndirilməsi nəzərdə tutulur.

   Hökumətin proqnozlarına görə, 2020-ci ilə İKT sektorundan ödənişlərin həcmi 8-9 milyard dollara çata bilər (2011-ci ilin yekunları üzrə bu göstərici 1,7 milyard dollar təşkil edib). Qarşıya qoyulan məqsədə çatmaq üçün sektorun ortaillik artım tempi 20 faiz təşkil etməlidir. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, ixracyönümlü, yeni və yüksək texnologiyalara əsaslanan məhsul və xidmətlərin istehsalı üçün hökumət gələcəkdə investisiyaların həcmini artırmağı planlaşdırır və bunun üçün 2020-ci ilə qədər təxminən 3,6 milyard dollar xərclənməsi nəzərdə tutulur.

 

  

A.Həmid

 

Ekspress.-2013.-16 yanvar.-S.-9.