Kosmik ölkəyə
çevrilirik...
Prezident:
Yaxın günlərdə biz tarixi hadisəni - birinci
peykimizin orbitə buraxılışını qeyd edəcəyik
İnformasiya
və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Prezident İlham Əliyev
2013-cü ilin Azərbaycan Respublikasında
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi
haqqında sərəncam imzalayıb.
Sərəncamda Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) Azərbaycan
Milli Elmlər Akademiyası ilə birlikdə 2013-cü ilin Azərbaycan
Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları
ili" elan edilməsinə dair tədbirlər planını
hazırlayıb bir ay müddətində Azərbaycan
prezidentinə təqdim etmək tapşırılıb.
Xəbər verdiyimiz kimi, Azərbaycan
prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də
Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi
inkişafının yekunları və 2013-cü ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclası keçirilib və dövlət
başçısı tədbirdə 2013-cü ili
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan etmişdi.
Ölkə rəhbəri
çıxışında vurğulayıb ki, Azərbaycan
informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində
son illər ərzində böyük uğurlar əldə
edib: "Bu həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni
zamanda, innovasiya və şəffaflığa təkan verən,
xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha
da geniş şəkildə istifadə etməliyik. Elektron
xidmətlərin sayı artmalıdır və bu sahədə
görülən işlər davam etdiriləcək".
Peykin həm də böyük rəmzi mənası var
Prezident gələn ay Azərbaycanın
birinci telekommunikasiya peykinin orbitə
çıxarılacağını bəyan edib və bunu
tarixi hadisə kimi dəyərləndirib: "Doğrudan da,
Azərbaycan kosmik ölkəyə çevrilir, biz kosmik sənayenin
inkişafı ilə məşğuluq və bir neçə
il bundan əvvəl bunu təsəvvür etmək belə
çətin idi ki, vaxt gələcək və Azərbaycan
kosmik ölkələrin sırasına daxil ediləcək. Amma
bu vaxt gəlir, yaxın günlərdə biz bu tarixi hadisəni
qeyd edəcəyik" (AzərTAc).
Dövlət
başçısı diqqəti buna cəlb edib ki, müstəqillik
dövründə Azərbaycan elə böyük uğurlara
imza atıb ki, hər bir Azərbaycan vətəndaşı
bununla fəxr edə bilər: "Onların içində
peykin buraxılması xüsusi yer tutur. Bu həm böyük
məna daşıyır, həm də bunun böyük rəmzi
mənası var. Əminəm ki, bu hadisə gələcəkdə
müasirliyə, inkişafa doğru atılan addımlarımızı
artıracaqdır".
Azərbaycan prezidenti bu hadisəni
və ümumiyyətlə, İKT sahəsinə verilən
diqqəti və bu sahədə əldə edilmiş
uğurları nəzərə alaraq 2013-cü ili "İKT
ili" elan edib: "Hesab edirəm ki, 2013-cü ildə bu sahədə
biz daha da böyük nailiyyətlərə
çatmalıyıq".
Dövlət
başçısının sözlərinə görə
bu, özlüyündə bütün cəhətlərdən
böyük bir nailiyyətdir - həm ölkənin prestiji, həm
müasirlik, yeni texnologiyaların inkişafı
üçün: "Bu, biznes üçün də sərfəlidir.
Çünki bu, eyni zamanda, iqtisadi cəhətdən də səmərəli
layihədir. Amma ən önəmlisi odur ki, bu, ölkəmizin
inkişafını və niyyətini göstərir.
Ümumiyyətlə, bizim
dünyagörüşümüzü və siyasətimizi
göstərir".
BMT
Azərbaycanı kosmik ölkələr sırasına daxil
edib
Rabitə və informasiya texnologiyaları
naziri Əli Abbasov iclasdakı çıxışında
bildirib ki, Azərbaycanın ilk telekommunikasiya peykinin
(Azerspace/Africasat-1a) istehsalı başa çatıb və
onun fevralın ilk ongünlüyündə orbitə
çıxarılması planlaşdırılır.
Nazir qeyd edib ki, orta çəkili
(3,2 ton) peyk ABŞ-ın "Orbital" şirkəti tərəfindən
istehsal olunub və Fransanın "Arian" şirkəti tərəfindən
orbitə çıxarılacaq. Peykin imkanlarının 20%-i
Azərbaycanın tələbatını ödəmək
üçün, qalan 80%-i isə kommersiya məqsədilə
istifadə ediləcək. Artıq peykin resurslarının
40%-nin istifadəsi üçün şərti müqavilələr
imzalanıb.
Abbasov deyib ki, peyklərin idarə
olunması üçün regional idarəetmə mərkəzinin
və ehtiyat idarəetmə mərkəzinin yaradılması
başa çatıb.
Qeyd edək ki, Əsas
Yerüstü Peyk İdarəetme Mərkəzi Abşeronda,
ehtiyat idarəetmə mərkəzi isə Naxçıvanda
tikilib.
"Mərkəz təkcə Azərbaycanın
yox, region üzərindən uçan digər ölkələrə
məxsus peyklərin də idarə olunması
üçün istifadə olunacaq", - nazir deyib. Burada Yer səthinin
müşahidəsi üçün universal qəbuletmə və
emaletmə sisteminin quraşdırılmasına
başlanılıb və 2013-cü ilin sentyabr ayından real
vaxt rejimində əcnəbi peyklərdən yüksək dəqiqlikli
təsvirlərin alınması və müxtəlif təyinatlı
istifadəsi təmin olunacaq.
Yer səthinin müşahidəsi
üçün Azərbaycan peykinin aşağı yer orbitinə
çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya
peykinin orbitə çıxarılması isə 2016-cı ilə
planlaşdırılıb. "BMT-nin uyğun komitəsində
Azərbaycan kosmik ölkələr sırasına qəbul
olunub, ölkəmiz kosmik fəzanın sülh məqsədlərlə
istifadəsi üzrə öhdəliklər
götürüb", - deyə RİTN rəhbəri qeyd
edib.
Nazirin sözlərinə görə,
ölkəmizdə kosmik texnologiyalar üzrə kadrlar da
hazırlanır: "Son 3 ildə orta yaşı 25-28 olan təxminən
30 nəfər peyklərin idarə olunması üzrə
ABŞ, Fransa və Malayziyada uzunmüddətli kurs və təlimlər
keçmiş milli mütəxəssis hazırlanıb".
5,5 min nəfər elektron imzadan istifadə edir
Rabitə və informasiya texnologiyaları nazirinin sözlərinə görə,
ötən il Azərbaycanda təxminən
5,5 mindən çox dövlət məmuru və vətəndaş elektron imzadan istifadə edib.
2012-ci ildə
"bir pəncərə"
prinsipi ilə işləyən vahid elektron hökumət (e-hökumət) portalı yaradılaraq həmin ilin sentyabrından İnternet vasitəsilə
əhali və iş adamlarının istifadəsinə verilib.
E-hökumət
portalına 40 hökumət
və dövlət qurumu real vaxt rejimində birləşdirilib
və Nazirlər Kabineti tərəfindən
təsdiq edilmiş
417 xidmətdən 158 sadə
xidmət artıq portalda cəmləşdirilib
və İnternetə
birbaşa çıxışı
olan əhalinin istifadəsinə verilib:
"Elektron imza sisteminin kompüter və mobil telefon
versiyası işə
salınıb".
Abbasov bildirib ki, Dünya
Bankı və Azərbaycan Mərkəzi
Bankı ilə birlikdə poçt sisteminin müasir kompüter şəbəkəsi
qurulub, müasir idarəçilik və yeni iş prinsipləri
üzrə fəaliyyəti
təmin edilib, qeyri-ənənəvi xidmətlərin,
o cümlədən bank-maliyyə,
elektron dövlət xidmətləri, logistika və digər xidmətlərin göstərilməsinə
başlanılıb.
"Poçt
sisteminin rəqabətlilik
qabiliyyətini yüksəltmək
və rentabelliliyini təmin etmək üçün işlər
hələ davam edir. Bu gün
poçt müəyyən
həcmdə dövlət
büdcəsindən və
əsasən də telekommunikasiya sektorunda əldə olunan gəlirlərdən subsidiya
almaqda davam edir", - nazir deyib.
100 nəfərə 110 telefon
düşür
Azərbaycanda 2004-2012-cü illərdə
İKT sektoru hər üç ildə təxminən iki dəfə genişlənib.
2012-ci ildə sektorun artım tempi təxminən 18% olub.
RİTN rəhbərinin sözlərinə
görə, bu, ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir.
MDB ölkələri
arasında ilk dəfə
2008-ci ildə Azərbaycanda
bütün yaşayış
məntəqələri telefonlaşdırılıb,
2010-cu ildə isə
tam elektronlaşdırılıb, yəni rəqəmləşdirilib.
Ötən il
şəbəkəyə təxminən
20 min nömrə əlavə
olunaraq, "yeni nəsil şəbəkəsi"
texnologiyaları tətbiq
olunub, sektora 400 milyon dollardan çox investisiya qoyulub.
2012-ci ildə Azərbaycan dördüncü nəsil
(4G) mobil rabitə texnologiyasını tətbiq
edən Avropanın
9-cu, dünyanın isə
37-ci ölkəsi olub.
"İndi bizdə
hər 100 nəfərə
təxminən 110 telefon
düşür", - nazir
deyib.
Mobil telefon
sistemi də 2010-cu ildə MDB ölkələri
arasında ilk dəfə
olaraq ölkə ərazisini 100% əhatə
edib. İndi mobil abunəçilərin
əksəriyyəti, həm
də sürətli
internet istifadəçiləridir.
Əhalinin 90%-i rəqəmsal TV-yə çıxır
Cənubi Qafqaz, Orta və
Mərkəzi Asiya ölkələri arasında
rəqəmli televiziya
yayımının ilk dəfə
Azərbaycanda tətbiq
olunmasına başlanılıb
və ölkə əhalisinin 90%-i rəqəmsal TV-yə çıxışla təmin
edilib.
Azərbaycanda bu gün 25
televiziya kanalı var, onlardan 11-i ümumrespublika, 14-ü isə
regional kanaldır, 15 radio proqramı
mövcuddur. Eyni zamanda,
12 kabel televiziyası və 20-dən çox İnternet televiziya studiyaları fəaliyyət
göstərir.
"Milli Teleradio Şurasının
razılığı ilə
ölkəmizdə mərkəzləşdirilmiş
və lisenziyalaşdırılmış
100-dən çox xarici
radio-televiziya kanallarının
qəbulu, saxlanma və paylanma sistemi yaradılıb - planımız bu sistemi regional mərkəzə
çevirməkdir", - Abbasov
deyib.
"Evlərə optika"
modeli
Son üç
ildə Azərbaycan
MDB ölkələri arasında
internet istifadəçilərinin sıxlığına görə
liderdir və 2012-ci ildə bu rəqəm
65%-dən təxminən
70%-ə çatıb.
2012-ci ildə İnternet xidmətlərinin
keyfiyyəti yüksəlib,
2011-ci illə müqayisədə
xaricə çıxış
tutumu 2,2 dəfə artıb, qiymətlər isə təxminən 35% azalıb.
"Bu gün Azərbaycanda 1 Mbit/saniyə xidmətinin qiyməti orta əmək haqqının təxminən
3%-i qədərdir.
Müqayisə üçün qeyd edim ki,
inkişaf etməkdə
olan ölkələr
üçün bu rəqəm orta hesabla 20% civarındadır",
- deyə rabitə və informasiya texnologiyaları naziri bildirib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
(RİTN) və Dövlət
Neft Fondu (ARDNF) Azərbaycanda "evlərə
optika" modeli üzrə ölkənin bütün yaşayış
məntəqələrinə yüksəksürətli genişzolaqlı
İnternet xidmətlərini
verən optik şəbəkənin qurulması
üzrə layihə hazırlayıb. Artıq 2013-cü ildə bu layihənin icrası üçün
103 milyon manat vəsait ayrılıb.
"Layihə 3 il müddətində həyata keçiriləcək
və yüksək rentabellidir. Artıq
2014-cü ildən başlayaraq
ümumi dəyərin
30-35%-i təkrar investisiya hesabına ödəniləcək", - deyə
Abbasov vurğulayıb.
Layihənin əsas hədəfi
ucqar kəndlər də daxil olmaqla,
ölkənin bütün
ərazisində sürəti
10-100 Mbit/saniyə arasında olan genişzolaqlı internetə
çıxışı təmin
etmək, istifadəçilərin
sayını isə təxminən 85%-ə çatdırmaqdır.
Nazirin sözlərinə görə,
bu, həmin vaxt üçün - yəni 2017-ci ildə inkişaf etmiş ölkələrin səviyyəsinə
bərabər olacaq.
Dövlət başçısının sərəncamları
ilə İKT-nin daha sürətli inkişafı üçün
2012-ci ildə İKT-nin
İnkişafı Dövlət
Fondu, Yüksək Texnologiyalar Parkı, İnformasiya Təhlükəsizliyi
Mərkəzi və İnformasiya Təhlükəsizliyi
üzrə Dövlət
Agentliyinin yaradıldığını
qeyd edən nazir xatırladıb ki, BMT-nin 67-ci Baş Məclisi (dekabr 2012-ci il) Azərbaycanın əlaqələndirici
olduğu "Avrasiya Transmilli Böyük İnformasiya Magistralı"
(TASİM) layihəsinə xüsusi
qətnamə ilə ikinci siyasi dəstəyini
verib və bu layihə üzrə xüsusi alyansın yaradılmasını
tövsiyə edib. İkinci layihə Avropa Yaxın Şərq yüksəksürətli İnformasiya
Şəbəkəsinin (EPEG) Azərbaycanda əsas və ehtiyat qovşaqlarının quraşdırılması
tamamlanıb.
İnternet şəbəkəsinin regional
resurslar və xidmətləri serverlərinin,
ünvanların idarə
olunması üçün
regional sistemin ölkəmizdə
qurulması Azərbaycanın
region ölkələrinə internet xidmətlərinin ixracını
xeyli artırıb.
Nazir: İKT sektorunda çalışanlara
güzəştlər veriləcək
RİTN rəhbəri iclasdakı çıxışında bildirib
ki, qarşıdakı
illərdə Azərbaycanda
İKT sektorunda çalışanlara
fiskal və monetar güzəştlərin
verilməsi planlaşdırılır.
Abbasov qeyd edib ki,
"Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf
Konsepsiyasına əsasən,
əsas hədəf
İKT-nin illik artımını təxminən
18-20% ətrafında saxlamaqla,
qarşıdakı 8 ildə
sektorun gəlirlərini
8-9 milyard dollara çatdırmaqdır.
Nazirin sözlərinə görə,
bu göstəricilərə
rəqabət mühitinin
yaxşılaşdırılması, sektora olunan fiskal və monetar güzəştlər,
ixrac potensialının
artırılmasına yönəlmiş
siyasət, regional İKT resurslarının,
yüksək texnoloji məhsul və xidmətlərin yaradılması,
güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın
inkişafı hesabına
nail olunacaq.
Aytən HƏMİD
Ekspress.-2013.-17 yanvar.-S.-9.