"Azərbaycanla bağlı böyük planlarımız var"

 

Yüksəl Dəyərcan: Azərbaycan məni sevindirir, təəccübləndirir və heyran edir...

 

 Uşaq vaxtı əslən Qərbi Ermənistandan olan sinif yoldaşım hər dəfə yay tətilində babasıgilə gedib-gələndən sonra qəribə ləhcədə danışırdı. Deyirdi ki, bu onun dədə-baba dili - türk dilidir. Başa düşsək də, hələ türk dilinin nə olduğunu bilmirdik.

 

   Sonradan yaşlaşdıqca, sinifləri bir-bir adladıqca, Nəsimi, Fizuli, Xətai, Sabir, Cavid və Hadini oxuduqca bildik ki, bu elə bizim öz dilimizdir. Azərbaycanda türk dilində verilişləri biz TRT vasitəsilə izlədik və bu dilə alışdıq. Şirin Anadolu türkcəsini bizə TRT sevdirdi. Türkiyənin aparıcı və nüfuzlu telekanalı Azərbaycanı Türkiyədə, eləcə də dünyada tanıtdırdı.

   TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yüksəl Dəyərcanla söhbətimiz də bu mövzuda oldu. Dəyərcan Ankarada Qazi Universitetinin İqtisad fakültəsini bitirdikdən sonra 1990-cı ildə TRT-də işə başlayıb və 1993-cü ildən telekanalın mühabirləri ("müxbir" Türkiyədə başqa anlam daşıyır. Yeri gəlmişkən, biz "jurnalist", onlar "qəzetəçi" deyirlər, "jurnallamaq" da Türkiyədə neqativ anlamda işlədilir - red.) arasında yer alıb. Təxminən iki il yarım əvvəl öz istəyi ilə Bakıda işləməyə gəlib və hazırda TRT-nin Bakı Təmsilçiliyinə rəhbərlik edir. Ailəlidir, 2 övladı var.

   Yüksəl bəy 1964-cü ildə Boluda anadan olub. Bolu bizə də doğmadır, o yerləri "Koroğlu" dastanından tanıyırıq. Bolu şəhərində Koroğlunun heykəli də var...

   - Əslən Boludan olsam da, bütün təhsil illərim Ankarada keçib. Qazi Universitetinin İqtisadiyyat fakültəsinin məzunuyam. Eyni zamanda, İstanbul Dövlət Universitetinin ədəbiyyat fakültəsinə qəbul olunsam da, Ankaranı sevdiyim üçün ordan ayrıla bilmədim. Universiteti bitirəndən sonra 1990-cı ildə TRT-də fəaliyyətə başladım. Artıq 23 ildir TRT-də çalışıram. Bunun 20 ilini müxbir və "Xəbərlər" departamentinin müdiri vəzifəsini yetirə yetirmişəm. 7 il TRT-nin "Yurd xəbərləri" departamentinə rəhbərlik etmişəm. TRT-nin ən gənc xəbər müdirlərindən biri idim. Bura gələnədəksə iki il TRT-nin ümumi xəbərlər departamentinin müdirikoordinatoru vəzifələrində çalışırdım. Mənə Azərbaycanda mühabirlik təklifi olunan kimi qəbul etdim və vəzifəmi buraxıb Bakıya gəldim. Azərbaycan mənim üçün böyük önəm daşıyır.

   - Yüksəl bəy, Türkiyədən Azərbaycan necə görünür?

   - Bura gəlməzdən əvvəl, təbii ki, Azərbaycan barədə lazımi qədər məlumatımız vardı. Amma bura gələndən sonra başa düşdüm ki, Türkiyədə Azərbaycanla bağlı çox şeyi bilmirik. Demək olar ki, sovetlər dövründə nə bilirdiksə, bir az dəyişib...

   - Hətta Türkiyə ilə Azərbaycanın bir millət iki dövlət olmasına rəğmən...

   - Bəli. Azərbaycanla bağlı özəl marağı olan insanlar bu barədə daha məlumatlıdırlar. Osmanlı imperatoruğu vaxtında Azərbaycanla bağlı tarixdə sıxıntılar olsa da, Atatürkün dönəmində ölkənizə böyük önəm verilib. Hətta Türkiyədə o dövrdə hələ Cümhuriyyət elan olunmasa da, Atatürk Türkiyə Böyük Millət Məclisinin başqanı ikən Rusiyaya məktublar yazaraq nota göndərirdi ki, "Azərbaycanı rahat buraxın. Azərbaycana bir şey olarsa, bizimlə hesablaşmalı olacaqsınız". Bunlar hamısı sənədlərdə öz əksini tapıb.

   Bura gələndən sonra Azərbaycan barədə daha ətraflı bilgilərə yiyələnməyə çalışdım. Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti, problemləri, xarici siyasəti barədə çoxlu bilgilər əldə edib Türkiyəyə göndərdik. Bu mövzuda hazırladığımız proqramlar TRT vastəsilə Türkiyənin bir çox telekanalında yayımlandı. Milyonalarla insana qardaş xalq barədə önəmli məlumatlara malik olmağa yardım etdik. Bir ilə yaxındır ki, TRT-nin Bakı təmsilçiliyinə rəhbərlik vəzifəsi mənə həvalə olunub. Əslində ilyarımdır, buraya praktiki olaraq mən rəhbərlik edirəm, amma 8 ay əvvəl bu vəzifəyə rəsmən təsdiqlənmişəm. Azərbaycanla bağlı böyük planlarımız var. Azərbaycanı Türkiyədə geniş səviyyəsində tanıtmaq istəyirik, ölkənizlə bağlı bütün həqiqətləri vətəndaşlarımıza çatdırmaq istəyirik. Bu mövzuda hazırladığımız proqramların sayı günü-gündən artır. İndiyədək həftədə bir veriliş hazırlayırdıq, artıq 2 veriliş hazırlanır. Azərbaycanla bağlı TRT-də yayımlanan verilişlərin sayını beşədək artırmağı düşünürəm. Hazırladığımız verilişlərdə Türkiyə-Azərbaycanın qardaş ölkələr olduğunu unutmuruqonun xarici siyasətinə dəstək olmasına ciddi diqqət yetiririk. İndiyədək bu işin öhdəsindən bacarıqla gəlmişik, inşallah bu tempdə də davam etdirəcəyik.

   - Türkiyə mediasında sərt qütbləşmə var: ölkə sanki onu sevənlərə və ona az qala düşmənçilik bəsləyənlərə, bölücülərə bölünüb. Qəribədir, Türkiyəya qarşı olan media qurumlarına necə dözülür?

   - Türkiyədə media tam azaddır və xalqın aynası statusunu qazanıb. Hökumət mətbuta heç bir müdaxilə etmir. Bilirsiniz ki, bu gün Türkiyənin qarşısında duran prioritet məsələlərdən biriAvropa Birliyinə üzvlük məsələsidir. Doğrudur, bu məsələnin həlli uzandıqca, demək olar ki, əhəmiyyətini itirməyə başlayıb. Bununla belə, mətbuat azadlığı məsələsində Avropa Birliyinin standartları əsas prinsip kimi götürülür. Türkiyədə insanların ölkənin bütövlüyünə zərər verməyən bütün düşüncələrini açıqlamaq imkanın yaradılması siyasəti aparılır. Amma bununla yanaşı, dediyiniz kimi, həqiqətən də, Türkiyədə ölkənin bütövlüyünə təhlükə sayılan media qurumları da mövcuddur. Lakin onların etdikləri də cavabsız qalmır, bəzən bu mətbuat vasitəsi bağlanılır, yüksək məbləğdə para cəzası kəsilir.

   - Dediniz ki, bura gəlməzdən öncə Azərbaycan haqqında bilgili olmusunuz. Gələndən sonra hansı fərqliliyi gördünüz?

   - Azərbaycanı tanıdıqca tamam fərqli məqamlarla rastlaşırıq. Çünki içəridən baxmaqla kənardan baxmaq fərqlidir. Ölkəniz barədə geniş bilgilərə malik olmağımıza, Azərbaycanın yenicə müstəqillik qazanmasına rəğmən, bu qədər inkişaf etməsini yaxından görmək bizi həqiqətən sevindirir. Əslində, Azərbaycanın bu qədər inkişaf etməsindən xəbərsiz idim. Azərbaycanlıların oxuma-yazma səviyyəsinin 100 faiz olması məni həqiqətən təəccübləndirdi. Türkiyə kimi yüzillərlə dövlətçilik ənənələrinə malik bir ölkədə belə oxuma-yazma 100 faiz deyil. İnsanlarınızın müasir dünyagörüşünə malik olması məni həqiqətən heyran edir. Sanki azərbaycanlılar heç Sovet İttifaqının əsarətində yaşamayıblar. Məni heyran edən məqamlardan biri kimi orta məktəb məzunlarının arasından tələbə adını qazananların faizinin yüksək olmasını qeyd etmək istərdim. Hər hansı bir ölkənin inkişaf göstəricilərindən xəbərdar olmaq üçün onun təhsil səviyyəsinə diqqət yetirmək kifayət edir. Bu gün Türkiyədə yüzlərlə azərbaycanlı alim universitetlərdə pedoqoji fəaliyyətlə məşğuldur.

   - Türkiyədə kanalların sayı var, hesabı yoxdur. Bura gələndən sonra bizim telekanalları da izləmisiniz. Bizim teleproqramlara seyrçi, yoxsa peşəkar gözü ilə baxırsınız?

   - Mən hər axşam sizin telekanallara bir göz atıram. Daha çox müzakirə əyləncə verlişlərinə tamaşa edirəm. Xəbərçilik isə mənim məsləkimdir. Təbii ki, mən bu verilişlərə 23 illik təcrübəyə malik peşəkar gözü ilə baxıram. Müşahidələrimdən belə qənaətə gəlmişəm ki, Azərbaycanda televiziya sahəsi sürətlə inkişaf edir. 2-3 il bundan əvvəllə müqayisədə telekanalarınızın keyfiyyətinin yaxşılaşmasının seyr edirəm. Lakin serial məsələsində bir sıra sıxıntılar var, bu da bu yenicə təşəkkül tapması ilə bağlıdır.

   - Türkiyədə isə dizi yaxud serial istehsalı çiçəklənir. Düzdür, bəzi seriallar reytinq yığa bilmədiyi üçün efirdən yığışdırılır, amma onlarla serial var ki, yalnız Türkiyədə deyil, ərəb ölkələrində, hətta Balkanlarda da maraqla izlənilir. Hələ Azərbaycanı demirəm...

   - Türkiyədə özəl televizionçuluq sizdən çox əvvəl başladığı üçün bu gün bir seriallar sırf qazanc məqsədlə çəkilir. Özəl televizionçuluğun özülü reklam üzərindlə qurulduğu üçün reytinq yığa bilməyən serialın istehsalı təbii ki, dayandırılacaq. Yəni ortada əsas biznes olsa da, seriallar tamaşaçı zövqünə uyğun istehsal olunur. Azərbaycanda dövlətin bu sahənin inkişafına diqqət ayırması təqdirəlayiqdir. Bununla belə, dövlət qədər maliyyə dəstəyi ayırsa da, reklam məsələsi həllini tapmadıqca, yüksəkkeyfiyyətli seriallardan söhbət gedə bilməz. Təbii ki, pulu gətirən yüksək səviyyədir. Zaman keçdikcə, serial istehsalı yüksək səviyyədə inkişaf edəcək. Serialların çəkilişi ssenari yazarlarının, aktyorların, rejissorların sayını da artırır. Güclü rəqabət yarışı gedir ki, bu da serialların keyfiyyətinin qaldırmaqla nəticələnəcək. Türkiyədə belə oldu, 10 il bundan əvvəl çəkilən seriala bu gün baxmaq olmur. Əslində 10 il əvvəl biz Braziliya seriallarını seyr edirdik. Onların mədəniyyətini, həyat tərzlərini uşaqlarımız mənimsəməyə başlamışdılar. Azərbaycan da Türkiyə təcrübəsindən yaralanaraq gələcək nəslin milli düşüncə tərzini qorumaq üçün xarici serialların nümayişini qadağan etdi. Bir neçə il sonra Azərbaycanda serialın səviyyəsi qalxacaq xaricdən müştərilər cəlb edəcək. Sadəcə, səbirlə o gələcəyi tezləşdirmək lazımdır.

 

   

    İltifat HACIXANOĞLU

 

    Ekspress.-2013.-19-21 yanvar.-S.-10.