İKT sektoru
bir ildə 16,6% artıb
RİTN 2012-ci ilə yekun
vurdu
İnformasiya
və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
2012-ci il ərzində İKT
sektorunda əhəmiyyətli tədbirlər
görülüb və müsbət uğurlara imza
atılıb. Artım tempinə görə, İKT sektoru
ölkə iqtisadiyyatının sahələri arasında
öncül yerdədir.
Bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yanvarın 21-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasındakı çıxışında bəyan edib. Nazirin sözlərinə görə, ötən il İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 2011-ci illə müqayisədə 17,3% artaraq 1503,4 milyon manat təşkil edib: "Əvvəlki illə müqayisədə artım tempi İKT sektorunda 16,6%, o cümlədən telekommunikasiya sektorunda 17,4%, İT sektorunda 8,6%, poçt sektorunda 18,2%, informasiya sektorunda isə 50,1% təşkil edib".
İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 75,7%-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb. Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 65,3%-i mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə real artım tempi 14,1% təşkil edib.
Bəlli olduğu kimi, 2012-ci il ərzində ölkə üzrə ÜDM-in həcmi 54 milyard
manata çatıb və 2011-ci illə
müqayisədə ÜDM-in real artım tempi 2,2% təşkil
edib. İKT, poçt
və informasiya sektoru
üzrə əldə olunan gəlirlərin
ÜDM-də payı isə 1,9% təşkil edib.
Hesabat ilində
qeyri-neft sektoru üzrə ÜDM-in həcmi
28,5 milyard manat, real artım tempi isə 9,7% təşkil edib. İKT, informasiya və poçt sektoru üzrə əldə olunan gəlirlərin qeyri-neft
ÜDM-də payı
3,5% olub.
Əli Abbasovun məlumatına görə, 2012-ci il ərzində Nazirlik üzrə 101 yeni iş yeri
açılıb. Bu il yanvarın 1-nə
RİTN-in birlik və
müəssisələrində çalışan rabitəçilərin
orta aylıq əmək haqqı 330 manat təşkil edib. Bu, 2011-ci illə müqayisədə 9,9% çoxdur. "Ölkənin
informasiya və rabitə sektoru üzrə orta aylıq əməkhaqqı
ilin əvvəli ilə müqayisədə
9,5% artırılaraq
620,7 manata çatdırılıb.
O cümlədən, telekommunikasiya
sektorunda orta aylıq əməkhaqqı
699,7 manat, poçt sektorunda isə 211,5 manat təşkil edib", - deyə RİTN rəhbəri
qeyd edib.
2012-ci il ərzində RİTN-in strukturuna
daxil olan birlik və müəssisələr üzrə
335 milyon manat proqnoza qarşı 368,2 milyon manat gəlir
əldə edilib və bu da
proqnozla müqayisədə
9,9%, əvvəlki illə
müqayisədə isə
6,9% çoxdur. Nazir deyib ki, hesabat
dövründə ölkənin
rabitə sisteminin müasir dünya standartları səviyyəsinə
çatdırılması, müasir texnologiyaların
tətbiqi ən ümdə məsələ
kimi diqqət mərkəzində olub:
"Bu məqsədlə hesabat
dövrü ərzində
RİTN-in strukturuna daxil
olan birlik və müəssisələr
tərəfindən 110,5
milyon manat investisiya qoyuluşu həyata keçirilib. Ümumilikdə informasiya və rabitə sektoruna 325,3 milyon manat investisiya
qoyulub və ölkə iqtisadiyyatına
qoyulan ümumi investisiyada payı 2% təşkil edib".
İKT üçün İnkişaf Fondu
Yeri gəlmişkən, yaxın günlərdə
Azərbaycanda İnformasiya
Texnologiyalarının İnkişafı
Dövlət Fondunun nizamnamə layihəsi təsdiq olunacaq.
Xatırladaq ki, RİTN-in tabeliyində
olan İnformasiya Texnologiyalarının İnkişafı
Dövlət Fondu Azərbaycan Prezidentinin
2012-ci il 15 mart tarixli sərəncamı ilə yaradılıb. Fondun məqsədi Azərbaycanın İKT sahəsində
dövlət siyasətinin
həyata keçirilməsinə
yardım etmək, sahibkarlıq fəaliyyətini
dəstəkləmək, innovasiya
və elmi-tədqiqat layihələrini stimullaşdırmaq,
müasir infrastrukturun
inkişafına təkan
vermək, kiçik və orta sahibkarlıq
subyektlərinə maliyyə
dəstəyi göstərmək,
bu sahəyə yerli və xarici
investisiyaları cəlb
etməkdən ibarətdir.
Rabitə və informasiya
texnologiyaları naziri
bildirib ki, Fondun nizamnamə fondu 15 milyon manat olacaq. Fond İKT sahəsində sahibkarlığı inkişaf
etdirmək məqsədilə
yeni yaranan startap ("start-up") şirkətlərə
və kiçik sahibkarlıq subyektlərinə
qrantlar şəklində
maliyyə dəstəyini
həyata keçirəcək.
Fondun təqdim etdiyi qrantlar müsabiqə yolu ilə seçilən
və Fondun fəaliyyət istiqamətinə
uyğun olan layihələrə veriləcək.
İKT sahəsində innovasiyaların inkişaf
etdirilməsi və onların kommersiya layihələrinə çevrilməsi
məqsədilə vençur
maliyyələşməsi həyata keçiriləcək.
Fondun digər vacib
vəzifəsi İKT sahəsində
fəaliyyəti stimullaşdırmaq
məqsədilə perspektivli
və sürətlə
inkişaf edən
İKT şirkətlərinə investisiyaların yatırılması,
o cümlədən birgə
şirkətlərdə payçı
şəklində investisiyaların
yerləşdirilməsindən ibarətdir. Fondun həyata
keçirdiyi investisiya
siyasəti İKT sektoruna
yerli və xarici investisiyaların cəlb olunmasının təşviqindən ibarət
olacaq. Belə ki, birgə
şirkətlərdə payçı
kimi iştirak edərək, Fond öz-özlüyündə
dövlətin İKT sahəsində
qarantı kimi çıxış etmək
və Azərbaycanın
İKT sektorunun birbaşa
xarici investisiyalar üçün etibarlığını
artırmaq niyyətindədir.
"Azerspace" fevralın 7-də
orbitə buraxılacaq
Əli Abbasov dövlət başçısının 2013-cü ili Azərbaycanda
"İKT ili" elan
etməsini xatırladaraq
cari il ərzində
sektorda həyata keçiriləcək əhəmiyyətli
layihələr, o cümlədən
ilk milli süni peykin ("Azerspace") fevralın ilk ongünlüyündə
orbitə çıxarılması,
ölkə regionlarında
genişzolaqlı internet xidmətlərinin
inkişafı, rəqəmsal
TV yayımına tam keçid,
"Elektron hökumət"
portalının imkanlarının
genişləndirilməsi, texnoparkların
yaradılması və
s. mühüm layihələr
barədə məlumat
verib.
Qeyd edək ki,
"Elektron hökumət"
portalına qoşulan
elektron xidmətlərin
(e-xidmətlərin) sayı
artır və artıq belə dövlət qurumlarının
sayı 40-a çatıb.
Prezident yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) dövlət
qurumlarında elektron xidmətlərin hansı səviyyədə təşkil
olunduğunu araşdırmağa
hazırlaşır (Bu barədə
sabahkı sayımızda
daha geniş məlumat verəcəyik).
Nazir kollegiya iclasındakı çıxışında vurğulayıb
ki, bu il ölkənin kosmik sənayesinin inkişafı üçün
önəmli il olacaq və Azərbaycan 2016-cı ildə
orbitə artıq ikinci peykini buraxacaq: "İlk süni peykin fevralın 7-dən 8-nə keçən
gecə orbitə buraxılacağı gözlənilir".
Rəqəmsal TV yayımı
avadanlıqları aztəminatlılara
pulsuz veriləcək
Azərbaycanda rəqəmsal TV yayımına keçid layihəsi çərçivəsində
aztəminatlı ailələrə
müvafiq zəruri avadanlıqların pulsuz verilməsi ilə əlaqədar 5 milyon manat həcmində vəsaitin xərclənməsi
gözlənilir.
Əli Abbasovun sözlərinə
görə, hazırda
ölkə əhalisinin
90%-i rəqəmsal
TV-dən istifadə edir: "Azərbaycanda fəaliyyət göstərən
televiziyalar rəqəmsal
yayıma keçib. Əsas məsələlərdən biri
əhalinin rəqəmsal
TV yayımına baxmaq
üçün müvafiq
avadanlıqların olmasıdır
ki, bu avadanlığın
qiyməti 30-50 manat təşkil edir".
Azərbaycandakı aztəminatlı ailələr sözügedən
avadanlığı pulsuz
alacaq, "Hazırda ölkədə 120 mindən
artıq aztəminatlı
ailə mövcuddur ki, onlara bu
avadanlıqlar pulsuz veriləcək. Bu istiqamətdə 5 milyon manat vəsaitin ayrılması gözlənilir",
- Əli Abbasov deyib.
Nazir qeyd edib ki, 2013-cü ildə ölkədə analoq yayım dayandırılacaq
və tam rəqəmsal
TV yayımına keçiriləcək.
Ümumiyyətlə, 2015-ci ildən analoq
televizorların istehsalı
dayandırılacaq.
Daşınan nömrələr
layihəsi
RİTN rəhbəri bildirib ki, Azərbaycanda daşınan nömrələr
layihəsinin ("Mobile Number
Portability") tətbiqinə qarşıdakı aylarda başlanıla bilər.
"Mobile Number
Portability" xidmətləri çərçivəsində mobil rabitə operatorları üzrə telefon nömrələrinin
abunəçinin istəyinə
uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması
mexanizminin tətbiqi nəzərdə tutulur.
"Daşınan nömrələr" xidmətinin
köməyi ilə abunəçilər operatorun
dəyişdirilməsi zamanı
telefon nömrələrini
saxlamaq imkanı əldə edirlər.
Hazırda bu layihənin tətbiqində yubanma var.
Nazirin sözlərinə
görə, layihənin
icrasında müşahidə
olunan ləngimənin
səbəbi mobil rabitə operatorlarının
hamısının buna
tam hazır olmaması
ilə bağlıdır:
"Layihənin tətbiqi
üçün yalnız
mobil rabitə operatorları deyil, fiks olan sabit
operatorlar da buna hazır olmalıdır və onların texnoloji baxımdan tam hazır olmaması bu layihənin tətbiqini ləngidir".
Bununla belə, Əli Abbasov hesab edir
ki layihənin tətbiqi hər ay baş verə bilər: "Düşünürəm
ki, bu layihəyə
aprelin 1-dən gec olmayaraq başlanılacaq".
Hər 100 ailəyə 69 telefon aparatı düşür
Kollegiya iclasında RİTN-in müxtəlif
departament və şöbə rəhbərləri
məruzələrlə çıxış
edərək 2012-ci ildə
görülən və
bu il
görüləcək işlər
barədə ətraflı
məlumat veriblər.
RİTN-in Aparat
rəhbəri Vidadi Zeynalovun sözlərinə
görə, ölkədə
yeni texnologiyaların tətbiqi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə
həyata keçirilmiş
investisiya layihələri
çərçivəsində ötən il 45 yeni elektron ATS istismara verilib, 21 ATS rekonstruksiya olunub, 26 ATS-də genişləndirmə
işləri aparılıb,
41teleradio vericisi (o cümlədən
23 televiziya vericisi) quraşdırılıb və
44 poçt şöbəsi
binası (11-i Naxçıvanda
MR-də) tikilib.
Nəticədə respublikanın ümumi
telefon şəbəkəsi
üzrə montaj tutumu 28 480 nömrə artırılaraq 1 756 280 nömrəyə
çatdırılıb
("APA-Economics").
Yüksək məlumat ötürmə
qabiliyyətinə malik
fiber-optik kabellər çəkilməsi istiqamətində
görülmüş işlər
nəticəsində "Aztelekom"
İB tərəfindən 2 100 km, o cümlədən özəl
şirkətlər tərəfindən
530 km, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən
123,3 km, BTRİB-in kabel-kanalizasiya qurğularından istifadə
etməklə digər
təşkilatlar tərəfindən
266,3 km fiber-optik kabellər
çəkilib. Bakı-Şamaxı-Ağsu-Göyçay-Ağdaş-Gəncə və Bakı-Ələt-Şirvan-Salyan-Hacıqabul-Kürdəmir-Ucar-Yevlax-Gəncə
ərazilərində müasir
tipli DWDM (transmissiya) şəbəkəsi qurulub.
Hesabat ilində ölkədə
əsas telefon aparatlarının ümumi
sayı 1 475 535 ədədə
çatıb. Respublika
üzrə əhalinin
hər 100 nəfərinə
düşən telefon
aparatlarının sayı
18,6 ədəd, hər
100 ailəyə düşən
telefon aparatlarının
sayı isə 68,8 ədəd təşkil edir.
Qeyd edək ki, ölkədə hər
100 adama 110 mobil telefon düşür.
Aytən HƏMİD
Ekspress.-2013.-22 yanvar.-S.-9.