Dövlət qurumlarında elektron xidmətlərin səviyyəsi
araşdırılacaq
E-xidmət
qaydaları qüvvəyə mindi
İnformasiya
və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) dövlət qurumlarında elektron xidmətlərin (e-xidmətlər) hansı səviyyədə təşkil olunduğunu araşdıracaq və bu barədə dövlət başçısına məlumat verəcək. Məqsəd elektron xidmətlərin təşkilinin sürətləndirilməsi və sadələşdirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsidir.
Artıq ASAN "Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları"nı təsdiqləyib. Dövlət Agentliyinin sədri İnam Kərimovun imzaladığı H9/14-01 əmrdə bildirilir ki, bununla bağlı dövlət orqanlarının elektron xidmətlərinin təşkili və göstəricisi üzrə illik plan hazırlanacaq. Xərclər smetası da təsdiq edilib.
18 yanvar 2013-cü ildən qüvvəyə minən
Qaydalara əsasən, bütün
təşkilatlarda xidmətlər qiymətləndiriləcək.
Qiymətləndirmənin aparılmasının məqsədləri
- elektron xidmətlərin təşkilinin
sürətləndirilməsi;
- dövlət orqanlarının
informasiya bazalarının qarşılıqlı
inteqrasiyasının təmin edilməsi;
- dövlət orqanlarında
elektron xidmətlərin təşkilində istifadə olunacaq
informasiya sistemlərinin yaradılması zamanı onların təsdiq
olunmuş layihələrə, texniki normalara, standartlara və
tələblərə uyğun həyata keçirilməsinə
nəzarət edilməsi;
- dövlət orqanlarının
informasiya sistemləri arasında informasiya mübadiləsinin həyata
keçirilməsi məqsədi ilə yaradılmış
infrastruktura qoşulma prosesinə nəzarət edilməsi;
- dövlət orqanları tərəfindən
xidmətlərin göstərilməsi prosedurunun (tələb
olunan sənədlər və müddətlərlə
bağlı) sadələşdirilməsi;
- bu sahədə modern və
çevik idarəetmənin təmin edilməsi; dövlət
orqanlarının fəaliyyətində şəffaflığın
təmin olunmasıdır.
Qiymətləndirmə 3 mərhələdə
olacaq: məlumatların toplanması, sorğuların göndərilməsi
və yerində baxışın həyata keçirilməsi.
Qiymət meyarları
aşağıdakılardır:
- sistemin
avtomatlaşdırılması, elektron xidmətlərin
göstərilməsi ilə bağlı digər dövlət
orqanlarının elektron informasiya ehtiyatlarından (məlumat
bazaları, məlumat-axtarış sistemləri, reyestrlər
və digər informasiya resursları) istifadə edilməsi;
- elektron xidmətlərin göstərilməsində
iştirak edən əməkdaşların elektron imza ilə
təmin edilməsi;
- elektron xidmətin inzibati reqlamentinin olması;
- xidmətin
"elektron hökumət"
portalında mövcudluğu
da nəzərə alınacaq. Həmçinin
saytın "elektron xidmətlər" bölməsində
sənəd nümunələrinin
(ərizə, blank və
digər) elektron formasının yerləşdirilməsi
və şəxslərin
bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi;
- sənədləri elektron formada
göndərən şəxsə təsdiqetmə
bildirişinin göndərilməsinin və həmin sənədlərə
qanunvericiliklə müəyyən edilmiş qaydada və
müddətdə baxılmasının təmin edilməsi;
- elektron xidmətin göstərilməsinin
gedişatı barədə istifadəçilərin məlumat
almaq imkanlarının mövcudluğu;
- elektron xidmətin göstərilməsi
üçün ödənişin real vaxt rejimində elektron
formada ödənilməsi imkanının mövcudluğu da
vacib sayılır.
Araşdırmaların yekununda
elektron xidmətin hansı səviyyədə təşkil
olunduğu müəyyən ediləcək və buna görə
ballar hesablanacaq. "Elektron hökumət" orqanının
e-xidmət fəaliyyətinin səviyyəsi
yığılan balın səviyyəsi
- maksimum balın 50%-dən
aşağı olduqda - "qeyri-kafi";
- 50-70% arası olduqda -
"kafi";
- 70-90% arasında olduqda -
"yaxşı";
- 90-100% arasında olduqda - "əla"
sayılacaq.
Tam uyğunluq 2, qismən
uyğunluq 1, uyğun gəlməmə 0 balla qiymətləndirilir
Qiymətləndirmənin nəticələri,
o cümlədən dövlət orqanları tərəfindən
göstərilən elektron xidmətlərin vəziyyəti,
problemlər, nöqsanlar və həmin xidmətlərin təkmilləşdirilməsi
ilə bağlı təkliflər barədə dövlət
başçısına hesabat veriləcək. Dövlət
orqanları çatışmazlıqların aradan
qaldırılması ilə bağlı tədbirlər barədə
məlumatı iki ay müddətində Dövlət Agentliyinə
təqdim etməlidir. Qiymətləndirmənin nəticələri
Agentliyin rəsmi internet saytında açıqlanacaq.
Pilot layihə kimi ASAN Vergilər
Nazirliyi, Dövlət Gömrük Komitəsi və Milli Arxiv
İdarəsinin elektron xidmətləri üzrə qiymətləndirmə
aparacaq. Pilot layihə bitdikdən sonra Agentlik yeni qaydalar əsasında
elektron xidmətlərin qiymətləndirilməsi üzrə
davamlı iş aparacaq və bu barədə ictimaiyyətə
müntəzəm olaraq məlumat verəcək.
Yeri gəlmişkən, Rabitə və
İnformasiya Texnologiyaları Nazırliyinin (RİTN) Məlumat
Hesablama Mərkəzinin hazırladığı "Elektron
Hökumət" bülleteninin ilk sayı (N01/1 yanvar 2013) bu
günlərdə işıq üzü görüb.
Bülletendə Nazirlər Kabinetinin 24 oktyabr 2011-ci il tarixli
191 nömrəli Qərarı ilə təsdiq olunmuş e-xidmətlərin
"Elektron hökumət" portalına qoşulma vəziyyəti
barədə 25.12.2012-ci il tarixinə aid məlumat verilir (Bax cədvələ).
Bülletəndə həmçinin
"Elektron Hökumət" (www.e-gov.az) portalında yerəşdirilmiş
xidmətlərin qısa təhlili var. Portalda 30 dövlət
qurumu tərəfindən 179 elektron xidmət istifadəçilərə
təqdim edilib. Qeyd edilir ki, vətəndaşların e-xidmətlərdən
aktiv istifadəsi üçün onların interaktiv olması
vacibdir. Məsələn, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin (RİTN) təqdim etdiyi
bütün e-xidmətlər interaktivdir və istifadəçi
tərəfindən çox rahat qəbul olunur: "Xidmətlər
elə təqdim edilir ki, istifadəçi ilə sistem
arasında dialoq yaranır. Vətəndaş tərəfindən
səhv məlumat daxil edildikdə belə, e-xidmət istifadəçisi
üçün səhv sorğu şərtlərini düzəltmək
imkanı yaradılır. Alınan nəticəni isə vətəndaş
öz kompüterində yadda saxlaya və istənilən vaxt həmin
məlumatı çap edə bilər".
Digər dövlət qurumları -
Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi,
Daxili İşlər Nazirliyi, "Azərenerji" ASC və
s. tərəfindən istifadəçilərə təqdim
olunan e-xidmətlər interaktiv rejimdə işləyirlər.
Lakin bir sıra qurumlar bəzi e-xidmətləri interaktiv rejimdə
təşkil etsələr də, xidmətlər üzrə
son nəticəni əldə etmək mümkün olmur.
Beləliklə, bir çox
dövlət qurumları tərəfindən təqdim olunan
e-xidmətlərin ilkin tətbiqi mərhələsində
olduğunu, bir sıra qurumların bu işdə geri
qaldığını və yaxud hazırda bu xidmətləri
elə də cəlbedici təqdim etmədiyini nəzərə
alsaq, ASAN-ın təftişi və qiymətləndirmələri
bəzi dövlət idarələri üçün xoş
sürpriz olmayacaq.
A.Həmid
Ekspress.-2013.-23
yanvar.-S.-9.