İnformasiya cəmiyyətində
insan hüquqları
İnformasiya
və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Hazırda bəşəriyyət
qarşısındakı mühüm problemlərdən biri də
qlobal informasiya cəmiyyəti şəraitində insan
hüquqlarının qorunmasıdır.
İnformasiya cəmiyyəti
formalaşdıqca insan hüquqlarının təmin
olunması üçün geniş imkanlar
açılır. Çünki informasiya cəmiyyətinin əsas
məqsədi heç bir sosial mənsubiyyətindən
asılı olmadan insanların istənilən zamanda informasiya
tələbatını ödəməkdən, digər tərəfdən,
insanların düşündüklərini maneəsiz olaraq
ictimaiyyətə çatdırmaq üçün vasitələr
yaratmaqdan ibarətdir. Qeyd edək ki, informasiya cəmiyyətinin
fundamental əsasları 1948-ci ildə qəbul edilmiş
"Ümumdünya İnsan Hüquqları Bəyannaməsi"nin
19-cu maddəsində verilib: "Hər bir insan əqidə
azadlığı və onu sərbəst ifadə etmək
azadlığı hüququna malikdir: bu hüquqa maneəsiz
olaraq öz əqidəsində qalmaq azadlığı və
istənilən vasitələrlə və dövlət sərhədlərindən
asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və
yaymaq azadlığı daxildir".
1948-ci ildə informasiya cəmiyyətindən
söhbət getməsə də və bu kimi hüquqlar
tanınsa da, onların reallaşdırılması
imkanları informasiya cəmiyyətinin verdiyi imkanlardan zəif
idi. Təbii ki, informasiya kommunikasiya texnologiyalarının
(İKT) inkişafı nəticəsində insan
hüquqlarının qorunması üçün yeni texnoloji
imkanlar meydana gəlib ki, nəticədə də bu
hüquqların tədbiqi üçün real mühit
formalaşıb. Bu cəmiyyətin əsas məqsədi
İKT-ni tətbiq etməklə, vətəndaşların, cəmiyyətin
və dövlətin siyasi fəaliyyətində fəal
iştirakını təmin etməyə yönəldilib. Bu
da elektron demokratiya anlayışını əks etdirir.
Elektron demokratiyada dövlət, siyasi partiyalar və vətəndaşların
hüquqlarını müdafiə edən ictimai qurumlar vətəndaşların
informasiyaya çıxışını, kommunikasiya tələblərini,
xidmətlərlə təminini və iştirak səviyyəsini
artırmaq üçün internet texnologiyalarını tətbiq
edir.
Digər informasiya kanallarından fərqli
olaraq, internet və onun infrastrukturu bu imkanları yaradan mükəmməl
vasitələrdən biri hesab olunur. Öncə internetdən
informasiya mübadiləsi üçün istifadə edilsə
də, hazırda onun fəaliyyət sferası və
imkanları genişlənməkdədir. Artıq bu məkan
informasiya almaqdan başqa, elektron poçt, elektron kitabxana,
elektron elm, elektron ticarət, virtual əmək münasibətləri,
elektron televiziya, elektron sənəd dövriyyəsi, elektron
dövlət xidmətləri, bir sözlə, adi həyatımızın
bir çox sahələrinin İKT-nin inkişafı ilə əlaqədar
daha geniş məkanda reallaşması imkanlarını
mümkün edir.
İKT-nin inkişafı hazırda
vətəndaş cəmiyyətini formalaşdırır. Məhz
internetin yaranması ilə insanlar arasında ünsiyyət,
informasiya axtarışı, fikirlərini ifadə etmək
azadlığı və bu kimi vacib insan hüquqlarının
reallaşması tam mənada özünü doğrulda bildi.
Tədqiqat işində əsas məqsədimiz insan
hüquqları sahəsində mövcud qanunvericilik
bazasının konstitusiyası sayılan Ümumdünya
İnsan Hüquqları Bəyannaməsində qeyd edilən əsas
insan hüquq və azadlıqlarının informasiya cəmiyyətində
mümkün reallaşma texnologiyaları və ya vasitələrini
önə çəkməkdir. Bununla yanaşı, qeyd etmək
lazımdır ki, nəzərdən keçirəcəyimiz
maddələr hər bir dövlətin, eyni zamanda Azərbaycanın
qanunvericilik aktlarında qeyd edilən əsas hüquq və
azadlıqları əks etdirir. Ölkə
Konstitusiyasının məhz üçdə bir hissəsi
insan hüquqlarına həsr olunub. İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarının, vətəndaşlara
layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin
ali məqsədi sayılır. Konstitusiyada sadalanan insan və
vətəndaş hüquqları və azadlıqları Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
İKT-nin inkişafı nəticəsində cəmiyyətin sosial həyatına yeni münasibətlər də əlavə olundu. İnsanların təhsili, dünyagörüşü, düşüncələri, mənəviyyatı, illərlə mövcud olan adət-ənənələri, mentaliteti və s. dəyişikliklərə məruz qaldı. Bu dəyişikliklər təbii proses kimi həyatımıza daxil olur və tədricən, demək olar ki, hamı tərəfindən təbii olaraq qəbul edilir. Məsələn, hər bir yetkinlik yaşına çatmış kişi və qadın irqi, milli və ya dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan hər iki tərəfin sərbəst və tam razılığı ilə nikah bağlamaq və ailə qurmaq hüququna malik oldu. Gəlin baxaq görək, hələ 1948-ci ildə elan edilən bu hüquqlar hansı şəraitdə özünü doğrulda bilərdi? İKT vasitələrindən radio, televiziya, ənənəvi və mobil telefonlar, fotoaparat, internet ailə qurma tərzinə və baxışlarına bilavasitə öz təsirini göstərir. İnformasiya inqilabları kontekstində ailələrin formaca qurulma prinsiplərinə nəzər yetirsək, onun zamanın, kəşflərin və inkişafın təsirlərinə məruz qaldığının şahidi olarıq. Öncə ailələr eyni qəbilədən, eyni kənddən olan insanlar və yaxın qohumlar arasında qurulurdu. Zamanla insanlar arasında ünsiyyət artdıqca və bu ünsiyyəti yaradan İKT vasitələri inkişaf etdikcə qohumluğundan, milliyyətindən, dini əqidəsindən asılı olmayan ailə cütlükləri yaranmağa başladı.
Onu da qeyd edək ki, internet istifadəçilərinin böyük qismini yeniliklərə daha tez uyğunlaşan gənclər təşkil edir ki, onların da internetdə fəaliyyəti dünyagörüşlərini, tanışlıq dairələrini daha da genişləndirir və nəticədə bölgələrin yaxınlaşması baş verir. İnternet vasitəsilə genetik xəstəliklər haqqında daha geniş məlumata malik olan gənclər artıq uzaq bölgələrdəki öz həmyaşıdları ilə daha tez və asanlıqla ünsiyyət qurmaq imkanı əldə edirlər ki, bu da müəyyən genetik xəstəliklərin yaradacağı fəsadların qarşısını almış olur. Belə ki, genetik cəhətdən qohum insanlar arasında qurulan ailələrdə irsi xəstəliklər çoxluq təşkil etdiyi halda, müxtəlif oba və tayfalardan evlənən insanlardan törənən nəsildə irsi xəstəliklərin baş vermə hadisəsinə daha az təsadüf edilir. Davamlı (dominant) genlərin qarşılıqlı əlaqəsindən törənən nəsil daha sağlam və dözümlü olur.
Hər bir şəxs haqqında elektron məlumat bazasının yaradılması, onun sağlamlığına dair tibbi informasiyanın olması mühüm əhəmiyyətə malikdir. Belə ki, valideynlərin dünyaya gətirdikləri uşaqların sağlamlıq problemi üzündən ailələrin dağılma təhlükəsinin qarşısının alınmasında və fiziki qüsurlu insanların ailə qurmasında bu informasiyalar əvəzsiz rol oynaya bilər.
Qeyd edək ki, müxtəlif fiziki qüsurlu insanlarla müqayisədə sağlam insanın ailə qurması bir o qədər də problemlər yaratmır. Bir çox zaman cəmiyyətdə baş verən proseslərdən uzaq düşmüş, müxtəlif fiziki qüsurlar səbəbindən vaxtını evdə keçirməyə məcbur olan insanlar başqaları ilə ünsiyyətdən qaçaraq özlərini təcrid olunmuş hiss edirlər. Əslində isə ünsiyyət mühüm sosial proseslərdən biri olub, insan tələbatının təməlini və hər hansı bir sosial təşkilatın əsasını təşkil edir. Yəni informasiya cəmiyyətinin özəyi hesab olunur. Hər bir kəs harada olmasından asılı olmayaraq informasiya cəmiyyətində iştirak etmək imkanına malik olmalıdır və heç kimi cəmiyyətin təklif etdiyi bu imkandan məhrum etmək olmaz.
Onu da qeyd edək ki, internet, sadəcə informasiya mühiti deyil, eyni zamanda özünü ifadə vasitəsidir. Əslində internet çoxdan və əsaslı surətdə müxtəlif baxışları ifadə edən tribunaya çevrilib. Bu tribunada insanlar öz fikirlərini, baxışlarını ifadə etmək üçün şəxsi gündəliklərini yaradır, müxtəlif maraq dairələrinə görə forumların iştirakçılarına çevrilirlər.
Yuxarıda bəhs etdiyimiz kimi, informasiya cəmiyyətinin fundamental əsasları adlandırdığımız 19-cu maddə özünü tam olaraq internet mühitində reallaşdırır. Bəhs etdiyimiz əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı, informasiyanı yaymaq azadlığı bu gün aktual mövzu olan bloqlar, yəni on-layn fərdi gündəliklər vasitəsilə tam olaraq reallaşır. Gündəlik hadisə və faktlarla, mövzularla yenilənən, ictimai olan bloqlar ilk zamanlar yalnız bloqçu haqqında maraqlı informasiya daşıyırdısa, hazırda elmi, siyasi proseslər, xəbər şərhləri və s. də öz əksini tapmaqdadır. Tanınmış insanların, siyasi partiyaların, politoloqların, gənclər təşkilatlarının, yazarların, jurnalistlərin bloqları daha maraq çəkən və oxunanlar sırasına daxil olur.
Statistikaya görə, internetdə milyonlarla bloq var. Artıq bir çox ölkələrdə,
xüsusən ABŞ-da
bloqlar kütləvi informasiya vasitələrinə
(KİV) bərabər tutulur. Bloqçuların 34%-i verdiyi informasiyaya
cavabdehlik və ciddi yanaşma baxımından özünü
müxtəlif sahələrin
jurnalisti hesab edir.
Onu da qeyd etmək lazım gəlir ki, bloq özünüifadə
və fikirləri azad şəkildə çatdırmaq üçün
çox gözəl bir vasitə hesab olunur. Əgər mətbuatda, televiziyada, radioda azad fikir
bildirilməsinə maneə
yaranarsa, bloq bu maneələri aşmaq imkanına malikdir və bu sahədə adı çəkilən
vasitələrdən ön
sırada durur. Ancaq bu heç də
o demək deyil ki, bloqlarda gedən
zərərli, yanlış,
açıqlanması qadağan
olunan informasiyalara görə bloqçular məsuliyyət daşımırlar.
"Ümumdünya
İnsan Hüquqları
Bəyannaməsi"nin
12-ci maddəsində deyilir
ki, heç kimin şərəf və nüfuzuna özbaşınalıqla qəsd
edilə bilməz və hər bir insan bu
cür müdaxilələrdən
və ya belə qəsdlərdən
qanunla müdafiə olunmaq hüququna malikdir.
Artıq internet milyonlarla insanın
həyatının ayrılmaz
hissəsinə çevrildiyindən
sosial institutların diqqətini cəlb etməyə başlayıb.
Hətta
bir çox ölkələrdə kibercinayətkarlıqla
mübarizə aparan xüsusi şöbələr
dəyarandılıb. Əgər əvvəllər məhkəmə
qarşısında məsuliyyətə
yalnız sayt yaradıcıları cəlb
edilirdisə, hazırda
bloqerlər və forumçular da bu cavabdehliyi daşıma riski altındadırlar. Bu məsələlərlə əlaqədar
Apple şirkətinin və
Sinqapurda milli ədavəti qızışdırma
zəminində keçirilən
məhkəmə prosesləri
xüsusilə diqqət
mərkəzində dayanıb.
2004-cü ildə Apple şirkəti
özünün yeni məhsulunun rəsmi təqdimatını keçirmədiyi
halda, informasiya sızması nəticəsində
bloqlarda bu haqda danışan bloqçulara qarşı
məhkəmədə iddia
qaldırmışdı. Məlumatın hansı mənbədən
alınması haqqında
açıqlama tələb
edilsə də, bu tələb edilməmişdi. Onu da qeyd edək ki, bloqçular da jurnalistlər kimi informasiya mənbələri haqqında
informasiyanı açıqlamamaq
hüququna malikdirlər.
Bundan başqa, 2005-ci ildə Sinqapurda milli ədavəti qızışdırma zəminində
ittiham edilən bloqerlərə qarşı
qaldırılan proses
də böyük əks-səda doğurub. İslam dininə və ölkənin müsəlman
əhalisinə qarşı
aparılan hücumlara
görə ittiham olunanlardan birinə biraylıq həbs cəzası, digərinə
isə cərimə və bir günlük
həbs cəzası verilib.
Həmin ildə "Microsoft" şirkəti
Çində "azadlıq"
və bu kimi sözlərdən istifadə edən bloqları bağlayan
internet portal istifadəyə verdi. Halbuki kommersiya
qurumları insan hüquqlarının pozulmasında
dövlətə dəstək
göstərməməlidir. Ümumdünya İnsan Hüquqları
Bəyannaməsində o da
qeyd edilir ki, "hər bir insan və
cəmiyyətin bütün
qurumları insan hüquqlarının müdafiəsinə
və onlara hörmətlə yanaşılmasına
öz töhfəsini
verməyə çağrılır".
Ulduzə QARAQIZI
Ekspress.-2013.-25 yanvar.-S.-9.