Əlibəy Hüseynzadə və onun siyasi ədəbi fikirləri

 

Azərbaycanın ədəbiyyat və mətbuat tarixində görkəmli şəxsiyyətlərdən biri də tanınmış siyasi xadim, istedadlı publisist, şair, rəssam, tərcüməçi Əlibəy Hüseynzadə olmuşdur. Ə.Hüseynzadənin Azərbaycan mədəniyyətində özünəməxsus yeri vardır.

   Əsasən Azərbaycan Cümhuriyyəti dövründə formalaşan mətbuat tariximizə nəzər saldıqda, o dövrün ziyalı, görkəmli şəxsiyyətlərinin Azərbaycanın mədəniyyətində, tarixində və siyasi həyatında nə qədər böyük təsirə malik olduğunu görmək olur. Əlibəy Hüseynzadə məhz belə şəxsiyyətlərdən olmuşdur.

   Əlibəy Hüseynzadə 1864-cü il fevralın 24-də Azərbaycanın Salyan şəhərində anadan olmuş, ilk təhsilini Tiflisdə Qafqaz Ruhani İdarəsinin nəzdində olan molla məktəbində almışdır. Hələ uşaq vaxtlarında o dövrün tanınmış, ziyalı ailəsində dünyaya göz açan Əlibəy, sözsüz ki, yaşadığı mühitin təsiri altında formalaşmış, vətəninə, millətinə, dininə məhəbbətin nə demək olduğunu anlamışdır. Atası Molla Hüseyn Əlibəy anadan olduğu il - 1864-cü ildə Qafqaz müsəlman-ruhani məclisinin Tiflisdəki altısinifli məktəbinə riyaziyyat müəllimi təyin olunduğu üçün, o, ailəsini də götürərək Tiflis şəhərinə köçməli olur.

   Ata və anasını hələ uşaq ikən itirən Əlibəy babası Axund Əhməd Səlyaninin himayəsində böyüməli olur. Belə tanınmış, məşhur bir ailədə böyüməyə başlayan və üzərinə düşən böyük məsuliyyət sonunda Əlibəyin özünün də tanınmış simalardan olmasına şərait yaratmışdır.

   Əlibəy Hüseynzadə gənclik illərindən türk, fars, ərəb, almanrus dillərini öyrənmişdi. 1875-1885-ci illərdə Tiflis gimnaziyasında təhsil alanrus, ərəb və fars dillərinə xüsusi marağı olan Əlibəy gimnaziyanı bitirən ili Sankt-Peterburq Universitetinin fizika-təbiyyat fakültəsinə daxil olmuş və 1889-cu ildə həmən fakültəni müvəffəqiyyətlə bitirmişdir.

   Əlibəy Hüseynzadə hələ gənc yaşlarından millətinə, vətəninə və dininə olan sevgisini açıq-aşkar hiss etdirirdi. Bu səbəbdən də onu bir islamçı, bir millətçi kimi xalqın gözündən salmağa çalışan qüvvələr sonun da onun mühacirət etməsinə səbəb oldu.

   Bir müddət sonra Əlibəy Hüseynzadə Türkiyəyə gedirorada Rusiyada aldığı təhsilin tanınmaması üçün ikinci təhsili almaq məcburiyyətində qalır. İstanbulun Darülfünunda əsgəri-tibbiyə fakültəsinin dermatoloq ixtisası üzrə təhsil alır və elə həmin vaxtda da yüzbaşı hərbi rütbəsini qazanır. "Qırmızı Aypara" Cəmiyyəti heyətinin tərkibində 1897-ci ildə İtaliyaya səfər edən Əlibəy üç ildən sonra qayıdaraq, İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professorun köməkçisi vəzifəsinə təyin olunur. Əlibəy Hüseynzadə siyasi hadisələrdən kənarda qala bilmirdi. Hər gün baş verən siyasi dəyişikliklər nəhayət, onun da inqilabçı gənc türklər hərəkatına qoşulmasına şərait yaradır. "İnqilab və tərəqqi" partiyasının yaranmasında başlıca rolu olan Əlibəyə qarşı təqiblər başlayır.

   Böyük ədib, gözəl qələm sahibi, publisist, rəssam və bütövlükdə əsil ziyalı olan Əlibəy Hüseynzadə ona qarşı olan təqiblərdən uşaqlaşmaq üçün Azərbaycana qayıtmalı olur və "Kaspi" qəzeti ilə əməkdaşlıq etməyə başlayır. O, ilk vaxtlardan publisistik yazıları ilə diqqəti cəlb edə bilir. Onun "Gənc türkçülük nədir?" adlı məqaləsi rezonans doğururonu islahatçı-reformist kimi tanıdır. Əlibəy Hüseynzadənin yaradıcılığının çox maraqlı tərəfləri vardır. Onun Sankt-Peterburqda mükəmməl təhsilə yiyələnməsi, habelə inqilabi fikirli gənclərlə tanışlığı, o dövrün ab-havası onun həyatında mühüm rol oynamışdır.

 

   Ə.Hüseynzadə o illəri xatırlayaraq yazırdı: "O vaxtlar yadımdadır, darülfünunda bir şuriş, tələbə şurişi oldu, tələbələr dövlətdən bir çox şeylər tələb edirlərdi. Əzcümlə istəyirlərdi ki, darülfünun naziri dövlətin keyfi ilə deyil, professorların, müəllimlərin intixabı ilə təyin olunsun...bu şuriş üzərinə o vaxtlar maarif naziri Delyanov darülfünuna gəlib başına yığışan tələbəyə dedi ki, "dövlətin üç-dörd milyon qoşunu var! Siz iki-üç tələbə nə edə bilərsiniz".

   Əlibəy Hüseynzadənin Azərbaycan ictimai-mədəni həyatı milli jurnalistika tarixindəki xidmətlərindən ən çox diqqəti cəlb edəni onun ardıcıl olaraq söz mətbuat azadlığı uğrunda mübarizə aparmasıdır. Elə buna görədir ki, o müasirlərinə hər bir insanın "baş tacı olan" azadlığın mahiyyətini anladır və deyirdi: "Hürriyyəti-vicdanın mənası budur ki, hər kəs hər hansı etiqad və əfkarda bulunmaqda hürr və azaddır. Kimsənin, nə hökumətin və nə də bir fərdin etiqad və əfkarındən naşı bir kimsəyə təcavüz etməyə haqqı yoxdur. Hürriyyəti-kəlamə gəlincə hər kəs etiqad və əfkarını açıq surətdə söyləyib yazmaqda muxtardır".

   Əlibəy Hüseynzadə sosializmin qanunlarını da heç vəchlə qəbul etmirdi. Lakin sovet rejimində bunun nə qədər çətin olduğu dərk edərək öz düşündüyünə uyğun bir şəkildə "Füyuzat" məcmuəsinin 16-cı sayında ifadə edərək belə yazırdı ki, "sosialistlər deyirlər ki, gəl sənin qazanmış olduğun malı bölüşəlim. Bu insafmıdır? Hansı şəriətdə bu var?"

   Rusiya, rus-yapon müharibəsində məğlub olmuş, hər tərəfdə iğtişaşlar başlamışdı. Bu şəraitdə 1904-cü ildə Ə.Hüseynzadənin də içində bulunduğu bir heyət Peterburqa gedərək o zamana qədər yayımlanmasına icazə verilməyən türkcə gündəlik qəzetin nəşrinə icazə alır. Beləliklə, Ə.Hüseynzadə 1905-ci ildə Rusiyada ilk gündəlik türk qəzeti olan "Həyat" qəzetinin nəşrinə başlayır. "Həyat"ın qurucuları Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev, Əhməd bəy Ağaoğlu, Əlibəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşov idi. H.Z.Tağıyevin maliyyə dəstəyi ilə nəşr olunana bu qəzetin redaktorluğununaşirliyini Əlibəy öz üzərinə götürür. Qəzet bağlandıqdan az sonra yenə Tağıyevin maliyyə köməkliyi ilə "Füyuzat" qəzetinin nəşrinə başlanılır. Redaktorluğunaşirliyi yenə də Əlibəyə həvalə olunur. Əli bəy Hüseynzadə bu qəzeti öz siyasi və fəlsəfi fikirlərini xalqa anlatmaq üçün çox gözəl ifadə vasitəsi hesab edirdi. Ümumiyyətlə Ə.Hüseynzadənin yaradıcılığı ilə yaxından tanış olduqda onun hələ gənc yaşlarından siyasi fikirlərinin olduğunu görmək olur.

   Çar Rusiyasının tabeliyində olan Azərbaycanın islamçılığından, milli dəyərlərindən narahat olan məmurlar Ə.Hüseynzadənin hər hərəkətinə nəzarət edir, hətta onu təqib belə edirdilər. O dövrdə vətəninə və millətinə dərin məhəbbətlə bağlı olan Firidun bəy Köçərli, Əhməd Ağaoğlu, Həsən bəy Zərdabi, Ömər Faiq Nemanzadə, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə kimi Əlibəy Hüseynzadə də ölkəsində gedən ictimai-siyasi proseslərdən narahat olmaya bilməzdi. O bu tanınmış şəxslərlə mütəmadi əlaqə saxlayır və bu proseslər ətrafında müzakirələr edirdi.

   Ə.Hüseynzadənin çağdaş ədəbi prosesdə C.Məmmədquluzadənin fəaliyyətinə dəfələrlə yüksək qiymət verməsi, eləcə də C.Məmmədquluzadənin Əlibəy Hüseynzadəni "yazı ustadı" adlandırması təsadüfü deyildi. C.Məmmədquluzadənin "Xatıratım" əsəri bu mənada diqqətəlayiqdir. O yazır: "Molla Nəsrəddin" dilini də yazmağı bacarmalıdır. Necə ki, bu sözü mən ilk dəfə ədib-möhtərəm Əlibəy Hüseynzadədən eşitdim. Əlibəy mənə dediyi sözü təkrar və təsdiq etdi və həmişə adət etdiyi kimi başını aşağı salıb, guya öz-özünə genə dedi: "Açıq yazmağı da bacarmaq lazımdır".

   Ə.Hüseynzadənin ədəbi və ictimai-siyasi düşüncələrinin yazarlar tərəfindən yüksək dəyərləndirilməsi çox müsbət haldır. Onun ilk irihəcmli əsəri 1905-ci ildə "Həyat" qəzetində silsilə şəklində nəşr olunmuşdur. Əsərin adı "Türklər kimdir və kimlərdən ibarətdir?" adlanır. Bu əsərin adının özündə bir möhtəşəmlik və açıqfikirlilik vardır. Buradan da biz Əlibəyin türkçü, turançı, islamçı olduğunu bir daha hissetməmək mümkün deyil. Ə.Hüseynzadə bir türk, bir müsəlman olduğunu fəxrlə söyləyərək deyirdi: "Bən türkəm, qafqazlı bir türkəm. Türk bir müsəlmanəm, müsəlman bir insanəm, demək bən bu dörd sifətlə yaşamaq məcburiyyətindəyəm".

   O dövrdə Azərbaycan burjuaziyasının siyasi-ədəbi, bədii orqanı "Füyuzat" hesab edilirdi. Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə 1906-cı ilin noyabr ayından "Kaspi" qəzetinin mətbəəsində nəşrə başlayan və cəmi 32 nömrəsi çıxan "Füyuzat" tez bir zamanda sevilən mətbu orqanına çevrilmişdi. Bu jurnalda ədəbi-bədii, tənqidi məqalələrin olması ilə yanaşı siyasi mövzularda da yazılar dərc edilirdi. O dövrün mütəfəkkir fikirli ziyalıları, eyni zamanda mətbuat orqanlarının müəllif heyəti, onların ideya-siyasi, ədəbi-mədəni mövqeyi jurnalın yaranmasına səbəb olan amillərdən hesab edilir. Belə ki, "Tazə həyat", "Tərəqqi", "Yeni Füyuzat", "Bəsirət", "Həqiqət", "Şəlalə", "İqbal", "İttifaq", "Dirilik", "Açıq söz", "Qurtuluş", Yeni qurtuluş" və bu kimi mətbuat orqanlarının nəşri də bu jurnalın yaranmasına təkan oldu. Bu, 1905-ci ildə çar hökumətinə qarşı güclənən və günü-gündən genişlənən inqilabi hərəkatın zamanına təsadüf edirdi. Guya bu cür məqalələrlə bu iğtişaşların qarşısını almağa çalışan məcmuə əslində istədikləri məsələləri dolayı yolla xalqa çatdırmağa çalışırdı. İttihad və tərəqqi qurucularından olan Əlibəy Hüseynzadə bu yolda nə qədər çətinliklərlə qarşılaşsa belə öz fikrindən dönmürdü. Jurnalda əsasən İstanbul, Krım pantürkistlərinin yazıları dərc olunurdu, özü də jurnalın ön səhifələrdə. İslam birliyi, türk birliyi "Füyuzat"ın başlıca ideyası idi.

   Rus inqilabının təsirilə Azərbaycanda baş verən inqilabi hərəkatın yüksəlişindən vəcdə gələn Ə.Hüseynzadəni xalqın azadlıq hisslərinin coşqunluğu razı salırdı. Onu ən çox razı salan isə hər şeydən əvvəl, Azərbaycan xalqının öz hüquqlarını tələb etməsi və inqilabi mübarizəyə qoşulması idi. O, Şərq xalqlarının ardıcıl mübarizə aparması üçün rus inqilabi yolu ilə getməyə və onların inqilabi təcrübəsindən, qəhrəmanlıq mübarizələrindən öyrənməyə çağırırdı. Ə.Hüseynzadə azadlıq dedikdə "Məzlum olan sinifləri zalım siniflərin təcavüzündən azad etməyə, "yersiz, yurdsuz əkinçilərimizə" yer, torpaq tələb etməyə, "füqərayi-kasibimizin də şəraiti-təəyyüşünü təshihə" çağırırdı. İnqilabi hərəkat demək olar ki, xalqın gözünün açdı. Onu doğru yola, azadlıq mübarizəsinə səslədi.

   Ə.Hüseynzadə tərcümə fəaliyyətində də azadlıq, demokratiya, müstəqillik mövqeyindən çıxış edir, mütləqiyyətin, istibdadın əleyhdarı kimi tanınırdı. Bu mənada görkəmli türk şairi Abdulla Cövdətin tərcümələrini yüksək qiymətləndirən Ə.Hüseynzadə deyirdi: "Bu gün türkcədən başqa dil bilməyənlər dəxi Lord Bayron kimi müəzzəm bir ingilis şairinin asari- hürriyyət pərvanəsindən, müstəfiz və zövqiyab ola biləcəklər".

   Ə.Hüseynzadə III Dövlət dumasında müsəlman xalqlarının siyasi aləmdəki mövqeyinin tapdalanması məsələsindən danışarkən yazırdı ki: "... əllərində MoskvaPeterburq daha doğrusu, III - dum kazak atlarının quyruqlarını oynadan menşikovlar, Qafqaz müsəlmanlarını əzim bir xəyanətə ittiham edərək, az qalıyor ki, bizi ayaqları altında əzdirib, çökürtmək üçün bütün məzkur kazak atlarını bihudə gətirib üzərimizə hücum etdirsinlər! Bu cümlədə "kazak atları" ifadəsinə ədibin kimə və nəyə işarə etməsi aydın idi. Çünki o illərdə çarizim oyanan müsəlman xalqlarını panislamizmdə günahlandırmaqla onların milli tərəqqi hərəkatının qarşısını almaq istəyirdi.

   1903-cü ildə Azərbaycana gələn və 1910-cu ildə baş verən bu proseslərlə əlaqədar olaraq yenidən Türkiyəyə gedən Ə.Hüseynzadə ömrünün sonuna qədər orada yaşamalı olur. Lakin Ə.Hüseynzadənin qısa müddət ərzində gördüyü işlər böyük olmuşdur. Belə ki, o coşqun fəaliyyəti ilə milli şüurumuzun təşəkkülündə elə fövqəladə rol oynamışdır ki, onun yandırdığı şölənin haləsi bu gün belə beyinlərimizə işıq salır.

   Əlibəy Hüseynzadə (sonrakı adı Əli Turandır) böyük türk ədibi və təfəkkür xadimi kimi tanınmışdır. Ona türkçülük fikrini və Türkiyəyə olan dərin məhəbbəti ilk olaraq babası Şeyx Əhməd Səlyani və onun yaxın dostu Mirzə Fətəli Axundzadə olmuşdur.

 

   Ə.Hüseynzadənin panislamizm və pantürkizmdə tənqid edənlər yetərincə idi. O, tibb məktəbində ikən gizli cəmiyyətdə türkçülük, islamçılıq və osmançılıq fikirlərindən hansının dövlətin quruluşuna daha uyğun olduğunu müqayisə etmişdir. Bu ziddiyyət Avropadakı və Misirdəki türklər arasında da müşahidə edilib.

   Hüseynzadə türkçülük tərəfdarı olduğunu aşıq-aşkar hiss etdirirdi. "Məktubu məxsus" adı altında çıxan bir yazıda Əli bəy birinci növbədə Tatarlara, Çingizlərə və Teymurlara qarşı hərəkət dolu sözlərin meydana çıxdığını söyləyir, tatar adında ayrı millət olmadığını, tatarların türk olduqlarını ifadə edir. Bütün türklərin bir olduqlarını bildirir.

   Dil məsələsində də "Füyuzat" bir qədər fərqli cəbhə tutmuşdu. O yalnız Azərbaycan dilinin deyil, bütün türk-tatar xalqları dillərinin osmanlılaşması fikrini irəli sürürdü.

   Əlibəy Hüseynzadənin həm ictimai, həm də siyasi fəaliyyəti çoxşaxəli və rəngarəng olmuşdur. Ağır siyasi proseslərin cərəyan etdiyi bir dövrdə yaşayıb, yaradan Ə.Hüseynzadə çarizminruhani xürafatçıların yaratdıqları çətinliklərə baxmayaraq, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə öz töhfələrini verirdi. Onun məqsədi Azərbaycanın azadlığı naminə bir görməsi idi.

   O, Türkiyədə ailə qurmuşiki qız və bir oğul övladı olmuşdur. Əlibəy Hüseynzadə 1940-cı ildə (bəzi mənbələrdə vəfatı 1942-ci il yazılır) 76 yaşında Üsgüdardakı evində vəfat etmişdir.

Pərixanım MURADOVA Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin Elmi kitabxana şöbəsinin müdiri

(Azərbaycan Mətbuat Şurasının və Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunan yazı müsabiqəsinə təqdim olunur)

 

Ekspress.-2014.- 25 aprel.-S.14.