"Teatrlarda ən çox əziyyət
çəkən aktyorlardır"
İzaməddin Bağırov: "Sumqayıt Teatrı həmişə respublika teatrları
üçün bir aktyor bazası olub"
Dosye: Əməkdar artist İzaməddin Zeynal
oğlu Bağırov 1990-cı ildə Mirzağa Əliyev
adına İncəsənət İnstitutunu bitirib. 1988-ci idə
tələbə ikən ilk fəaliyyətini Gənclər
Teatrından başlayıb. Rejissor-stajor, aktyor kimi Kukla
Teatrında fəaliyyət göstərib. 1991-ci ilə qədər
İrəvan Teatrı da olmaqla bir neçə teatrda işləyib.
Tələbəlik illərində Eldar Quliyevin "Təxribat",
Rövşən Almuradlının "Yük", Mərahim
Fərzəlibəyovun "Mənim ağ şəhərim"
filimlərində epizodik rollara çəkilib. Gənc
yaşlarından aktyorluq qabiliyyətini, istedadını
göstərib. Bu günə qədər də
Azərbaycan səhnəsində oynadığı rollarla
-"Ölülər"də Kefli İsgəndər,
"Aydın"da Aydın, Dövlət bəy,
"Müsyo Jordan və dərviş Məstəli
Şah"da Şahbaz bəy, eləcə də Nizami,
Füzuli, Cəfər Cabbarlı, Andranik, Şaumyan və s.
obrazlarla öz sözünü deyib. Və daha möhtəşəm
rollar oynamaq arzusu ilə yaşayır.
Hazırda Sumqayıt Dram Teatrının aktyorudu.
- İzaməddin müəllim, sizdə teatra maraq hardan yaranıb?
- Bibimgilin kirvəsi
Hüseyn müəlimin oğlu Qurban Əliyev aktyor idi.
Çox cavan rəhmətə getdi. Naxçıvan
Teatrında işləyirdi. Respublikanın əməkdar
artisti idi. Yuxarı siniflərdə oxuyanda onun vasitəsilə
teatra getmişdim.
Uşaqlıq illərində Naxçıvan Teatrında yaddaşımda qalan ən möhtəşəm tamaşa "Ölülər" olub, Naxçıvan teatrının baş rejissoru, mərhum Vəli Babayevin quruluşunda baxmışam. Kefli İsgəndəri oynayan aktyorun adı da İsgəndər idi. Sonrakı illərdə "Dəli yığıncağı" indiki kimi gözümün qabağındadı. Sona Baxşıyeva Pırpız Sonanı oynayırdı. O illərdə Naxçıvan Teatrının çox gözəl aktyorları var idi. Bu nəsil bizim ata nəslimiz olan Hamlet Xanızadə ilə yaşıd idi. Zəroş Həmzəyeva hələ sağ idi. Mən Azərbaycanın xalq artisti Əyyub Haqverdiyevi səhnədə görmüşəm. Əkbər, Mamed Qardaşbəyovlar, Sofa xanım Hüseynova onda hələ səhnədə idilər...
İncəsənət İnstitutuna gələndə də sırf aktyor olmaq üçün gəlməmişdim. Uşaqlıqda rayonlarda keçirilən musiqi müsabiqələrində yer tutmuşdum. Onda məndə həvəs var idi ki, gəlib Bakıya İncəsənət İnstitutuna girim. O vaxt kənd yerində informasiya yox idi ki, İncəsənət İnstitutunda hansı fakültələr var. Aktyorluq fakültəsində, Musiqili Komediya Teatrında məşqlər, müəllimlər, ömrü boyu həsədində olduğun insanları görürsən... Mənə onda çatdı ki, aktyor olmaq istəyirəm. Daha çox rejissorluğa meylli idim. Çünki rejissorluq bir qədər sehirli, sirli bir sənət idi. Tədris teatrında artıq tələbə tamaşaları başlandı. Yəni ayrı-ayrı tamaşalarda rollarda çıxış etdim. Sonra başladım kurs, diplom tamaşası işləməyə. Yenə də rejissorluq haqqında düşünürdüm. Axırıncı kursda kafedra müdirimiz, mərhum Əşrəf Quliyev dedi ki, bir il artıq oxumaqla rejissorluq fakültəsinə keçmək olar. Amma mənim həmin illərdə marağım teatrda işləməyə idi. İşlədiyim rejissorların hamısının demək olar ki, ikinci rejissoru olmuşam. Rejissor köməkçisi olmuşam. Ona görə rejissorluğa maraq var idi məndə.
- Sumqayıt Dram Teatrına gəlişiniz necə oldu?
- 1991-ci ildən Sumqayıt
Teatrındayam. Sumqayıt Teatrı məni teatra
bağlayıb. O illər möhtəşəm illər
idi. Böyük aktyorlar- mərhum Kamil Məhərrəmov, mərhum
Gülsolmaz xanım, Səmayə xanım var idi...
Azərbaycanda
hazırda teatrda durğunluq dövrü yaşanır. Amma mənə elə gəlir ki, ən çox
hardasa yaradıcı potensial, yaradıcı ehtiras canında
daşıyan aktyorlar Sumqayıt Teatrında kifayət qədərdir.
Bu bir başqa şeydir ki, əvvəlki illərdəki
teatrda qaynarlıq, klassik əsərlərin tamaşaya
qoyulması bu gün azalıb. Aktyorun ən
böyük arsusu böyük dramaturgiyada oynamaqdır. Qismətimə əvvəldən yaxşı
dramaturgiya düşüb. Sumqayıt Teatrına gəlişimlə
Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadənin
ayrı-ayrı əsərləri, "Ölülər"də
Kefli İsgəndəri, Cəfər Cabbarlının
"Aydın" əsərində Aydını
oynamışam. Eyni zamanda, "Aydın"da
Dövlət bəyi oynamışam. Axundovun
"Müsyo Jordan və Dərviş Məstəli
Şah"ında Şahbaz bəyi oynamışam. Bu klassik əsərlər bizdə daha çox həvəs
yaradırdı. O illərdə Sumqayıt Dram
Teatrında çox böyük aktyor heyəti var idi. Sumqayıt Teatrı respublika teatrlarının
hamısı üçün həmişə bir aktyor
bazası olub. Afaq Bəşirqızı, Kübra
xanım, Hacı İsmayılov, Ramiz Novruzovdan və s.
aktyorlar buradan Bakı teatrlarına gediblər. Elə
bizim nəslə qədər. Mənim
aktyor kimi tərəf müqabillərimin bir çoxu -Vaqif
Əliyev, Tofiq Bayramov, Səmayə Sadıqova və s. də
1994-1995-ci illərdə Musiqili Komediya, Bələdiyyə
teatrlarına gediblər. Sumqayıt
Teatrında aktyor məktəbi, yetişdirmə ənənəsi
olduğuna görə heç vaxt boşluq olmayıb.
Bizdə, əslində,
yeni teatrın yaranması yeni rejissuranın gəlişi
prosesidir. Hazırda teatrlarda ən çox
əziyyət çəkən aktyorlardır. Repertuar, rejissor, maddi baza zəifdirsə, aktyor əziyyət
çəkir. Aktyorun bircə amalı var: yaxşı
dramaturgiyada oynasın, ona baxan tamaşaçını öz
sehrinə sala bilsin.
- Deməli, aktyorların normal
işləməsi üçün çətinliklər
var...
- Keçmişdə mədəniyyət
evləri səviyyəsində qoyulacaq repertuarların teatra gəlişi,
müasir dramaturgiya adı ilə teatrlara ayaq açan bir
çox natamam əsərlər aktyorların işini bir az da çətinləşdirir. Əgər teatrda Cəfər Cabbarlı, Hüseyn
Cavid, Şiller, Şekspir, Hüqo, Kamyu yoxdursa, teatrın inkişafından
söhbət gedə bilməz. Teatr yüz
faiz dayanıb yerində sayır. Biri var
dayanıb yerində sayasan, biri də var dayandığın
yerdən də geri gedəsən. Çünki
bizdən yaşlı olan ata nəsli biz itirməkdəyik.
Onlardan sonrakı yaranan nəsil biz dayanıb
gözləmə mövqeyindəyik. Bizdən sonra gələn
nəsil bilmir hara baxsın, hansı yolu getsin...
- Bəs rejissorluq məsələsi
teatrda necədir?
- Bir məsələyə də
toxunmaq istəyirəm. Həqiqətə qalsa, tez-tez işlənən
ifadələr var: əşi, o vaxtkı rejissorlar, aktyorlar
yoxdur. Bu gün Azərbaycan teatrında Ağakişi
Kazımovdan tutmuş, Azərpaşa Nemətov, Mərahim Fərzəlibəyov,
Oruc Qurbanov, Rövşən Almuradov, Bəhram Osmanov, Firudin Məhərrəmov,
Namiq Ağayevə qədər kifayət qədər
sanballı rejissorlarımız var. Amma bu gün Azərbaycan
teatrında rejissorun səlahiyyəti yoxdur. Bilmirəm bu niyə
belədir...
Səhnənin sahibi
teatrın baş rejissordur. Yəni, teatra o
cavaddehdir. İdeya
daşıyıcısı odur. Teatrın
zövqünü o formalaşdırır. Bu gün
baş rejissorlar azad deyilsə öz seçimində, deməli,
yaradıcılıq axsayacaq...
Bədii şura var.
O bədii şuranın üzvləri yaradıcı insanlardan
ibarət olur. Amma teatrın bəddi
şurasının rəhbəri direktordur. Mən bunun əleyhinə deyiləm. Bu bir qanundur yaradıblar. Bədii
tərəfdən də sonda iki səsin sahibi direktordur,
baş rejissor deyil. Və yaxud da
tamaşaya çəkilən maliyyə xərclərində,
səhniyə lazım olan maddi baza baxımından əgər
baş rejissorun heç bir səlahiyyəti yoxdursa, hansı
yaradıcılıqdan danışmaq olar. Mən
inanmıram elə bir azad rejissor olsun ki, bu məsələdə
risk etsin...
Düşünürəm, Mədəniyyət
Nazirliyi niyə demir ki, "deyirsən yaxşı rejissoram,
buyur, istədiyin əsəri tamaşaya qoya bilərsən. Əgər tamaşa özünü doğrultmasa, o
tamaşaya nə qədər xərc çəkilibsə, səndən
-rejissordan tutulacaq". Görüm onda bu
gün rejissorluğa hamı qaçacaqmı?
- Sizcə, xaricdən Azərbaycan
teatrına rejissor gətirilməsinə ehtiyac varmı?
- Əslinə qalsa,
həmişə ehtiyac var. Teatr da bir canlı mexanizmdir. Burda da zövqlərin bir-biri ilə inteqrasiyası
çox vacibdir. Son illərdə
Sumqayıt Teatrına Ukraynadan Tatyana Şevçenko, Belarusdan
Natalya Başova dəvət olunmuşdu. Gənc
Tamaşaçılar Teatrına bir ingilis rejissoru dəvət
olunmuşdu.
Bunun xeyri nədir?
Eyni rejissorlarla işləmək bir neçə
tamaşadan sonra aktyoru yora bilər. Rejissorlarda
da belədir. Eyni aktyorlarla işləmək
rejissoru yora bilər. Rejissorun aktyorları
necə dəyişmək imkanı varsa, gərək
aktyorlarında qismətinə rejissorları dəyişmək
düşsün. Tam əminəm ki, Tatyana və
Natalyanın Sumqayıt Daram Teatrında qoyduğu tamaşalar
sözün əsl mənasında nümunə ola bilər. Çünki müzikl
formasında yeni bir iş gördük. Və
yaxud da nağılın başqa cür həllini, başqa
cür variasiyasını gördük.
- Bu yaxınlarda bir seriala da çəkilmisiniz...
- Serial bizim üçün yeni sənət
olsa da, görürəm ki, Azərbaycanda az-çox maraq
doğurur. İnsnalarımızın milli
seriallara doğrudan marağı var. Mən çəkildiyim
serialın adı "Həyat, sən nə qəribəsən"dir.
Bu serial "Xəzər" TV-də yayımlanır. Rejissoru da Naci Çelik bəydir. Mən onunla
lap əvvəldən "Həyat varsa"da filmlərdə
çəkiləndə tanış
olmuşdum. Məni aktyor seçiminə dəvət
etdilər. Burda oynadığım Rasim
obrazı serialda o qədər də vacib, həlledici bir obraz
deyil.
- Ürəyinizcədir?
- Mənim ürəyimcədir bu
obraz. Müəyyən məqam gələ bilər
ki, ürəyimcə olmasın. Aktyor
üçün ən əsas şey onun tapdığı,
tanıdığı, xəyalında yaratdığı
obrazdır. Həmin o sərxoş
obrazı da bu mənada ürəyimcədir.
- Bu müddət ərzində nəyə
nali oldunuz?
- Səmimi deyim ki, o cəhətdən
çox xoşbəxt adamam ki, rejissorluqla məşğul
olduğum illərdə -1996-cı ildən 2005-ci illərə
qədər on-on iki dənə əsər tamaşaya
qoymuşamsa, hamısı ürəyimcə olan əsərlərdir.
Sağ olsunlar, o vaxt mənə azad seçim verdilər. Ancaq istədiyim əsərləri tamaşaya
qoymuşam.
Mənim çox
sevdiyim işlərimdən biri Şıxəli Qurbanovun
"Milyonçunun dilənçi oğlu"dur. İlk dəfə Azərbaycanda onu mən
Şıxəli Qurbanovun yazdığı mətnin üzərində
sosial qrotesk kimi səhnəyə gətirdim. Şıxəli Qurbanovun qızı Gülnarə
xanım, alimlər, professorlar, filosoflar, Milli Məclisdən gəlib
tamaşaya baxmışdılar. Düzdür,
o vaxt məni qılınclayanlar, topa-tüfəngə tutanlar
da oldu, "bu nə deməkdi, Süleyman Ələsgərov
kimi bəstəkarın musiqisindən istifadə etməmisən"
dyənlər də tapıldı. Amma mənim
traktovkam tamam başqa idi. Mənim ideyam
musiqili komediya üçün deyildi.
"Milyonçunun dilənçi oğlu"na
tapdığım açar bu qapıdan idi. Mən
başqa qapı açıb ora girə bilməzdim.
Albert Kamyunun
"Ağlasığmaz qətl"i mənim Sumqayıt Dram
Teatrında tamaşaya qoyduğum ilk əsər olub. Mən onu tələbəlik illərindən hissə-hissə
tərcümə eləmişdim. Sonradan mənim
tərcüməm Akademik Teatrda Əsgər Əsgərov tərəfindən,
eləcə də Dərbənd Teatrında mamaşaya qoyuldu.
Əyyub Qiyasın "Cəhhənəm
ekspressi", Firuz Mustafanın "Əqrəb
bürcü"... Mən bu əsərlərin
hər birində müəlliflərlə axıra qədər
işləyib inandıra bilmişəm ki, əsl daramaturgiya səhnədə
yaranır, səhnənin qanunları başqadır.
- Yenidən rejissorluğa
başlasanız, hansı əsəri tamaşaya
qoyardınız?
- Mən
"Ezop"u istənilən səhnədə işləməyə
hazıram. Əsərdəki
monoloqları, təmsilləri yox, o təmsillərin
içindəki hadisəni göstərmklə. Tamaşaçıya eşitməkdənsə, dinləməkdənsə,
görmək vacibdir. Ona görə daha
çox Ezopun keçdiyi o yolları, Ezopun qul bazarında necə
satılmağını, əldən-ələ verilməyini
görməlidir.
- Tamaşada erotik səhnələrə
münasibətiniz necədir?
- Hər bir şeydə əndazə
mütləq lazımdır. Mən həmişə
düşünmüşəm ki, sevgi hissini səhnədə
öpüşməklə verməkdənsə,
baxışmaqla vemək daha gözəl deyilmi? İnsanın içinin
çırpıntısı bizə lazımdır. Biz
onu çılpaq şəkildə veririksə, bu nə qədər
maraqlı ola bilər ki? Bu
gün bundan səhnədə istifadə edən rejissorlar
çoxdur. Akademik Teatrın
tamaşasında hansısa səhnəyə baxırsan, bəzən
rejissorlar düz yozmurlar. Guya tamaşaçı həyalı
macəraya baxmaq istəməz də... Tamaşaçı
qazanmaq üçün bunu edirlər. Bu
da Avropa teatrından götürülmə bir şeydi. Bizdə yamsılama xəstəliyi var axı. Erotik səhnələri Avropa teatrından
götürüb özümüzünküləşdiririk.
Amma sənin olmayanı sən heç vaxt özününkiləşdirə
bilməyəcəksən...
- Hansı rolları oynamaq arzusu ilə
yaşayırsınız?
- Arzum yaxşı dramaturgiyada
aktyor kimi oynamaqdır. Mən Nizamini, Füzulini, Cəfər
Cabbarlını, Andraniki, Şaumyanı, Samsonu, "Gəl
qohum olaq"da Qara kişini, Albert İvaşenkonun
"Uşağa bir 3 yazın"da Alberti oynamışam.
Mən özümü Cəfər
Cabbarlı dramaturgiyasında suda balıq kimi hiss edirəm.
Nazim Hikimətin, Hüseyn Cavidin əsərlərini
oynayardım. Arzulanan obrazlar çoxdur. Məsələn, mən İsa Peyğəmbəri,
eyni zamda Əbülfəz Elçibəyi oynamaq istərdim.
Ayrı-ayrı talelər var ki, məni
maraqlandırır. Nə vaxtsa hansısa rejissorla işləmək
qismət olsa, "Kral Lir"i də oynayardım....
Namiq
MƏMMƏDLİ
Ekspress.-2014.- 26-28 aprel.-S.20.