Cümhuriyyət tələbələri
III fəsil. Tale sorağında
Sənin öhdəndə
böy"Ey gənclik!
ük bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:
Bir kərə yüksələn bayraq bir daha enməz!
Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə taxacaq və bu yolda ya qazi və ya şəhid olacaqsan!"
Məhəmməd Əmin Rəsulzadə
Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri müəyyənləşdirmiş beş nəfərdən (M.Ə.Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov,
Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə
Komissiyasının sədri
Cümhuriyyət tələbələrinin
andı
"Qadir Allah və öz vicdanım qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçün nə gücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".
Azərbaycan Xalq Cümhuriyyəti varlığının 18 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.
Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.
"Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.
Ağacəfər müəllimə Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan bir sənədin surətini göstərdim. Burada deyilir ki, Məmmədov Əlibəy Xələfbəy oğlu 1894-cü ildə Şamaxı qəzasının Basqal kəndində doğulmuşdur. Atası Xələfbəy Mahmudbəy oğlu, anası Nisbət xanım Ağabəy qızıdır.
Görəsən, Basqalda onları tanıyan bir ixtiyar, bir ağbirçək varmı?
Ağacəfər müəllim
fikrə getdi.
Handan-hana dilləndi:
- Sualınıza
Basqalda ancaq bir nəfər cavab tapa bilər - məktəbimizdə
uzun illər rus dilindən dərs demiş Miryavər müəllim.
Ancaq fasilədən sonra.
- Basqaldan məşhur kitab
yazmış Miryavər Hüseynovu deyirsiniz?
- Bəli,
tanışlığınız var?
- Muzeyimizə
bağışladığı kitabı maraqla oxumuş,
qeydlər götürmüşəm...
Məktəbə
qayıdanda milli qəhrəman Rəmzi Novruzovun büstü
qarşısında kimi görsəm yaxşıdır?
Yetmişinci illərdə Respublika Xalq Nəzarəti
Komitəsində işlədiyim vaxlarda İsmayıllı
rayon xalq nəzarəti komitəsinin sədri vəzifəsində
işləmiş Xanı Cavadovu. Yanıdakı
isə nurani insan - Miryavər müəllim idi. Üçlükdə Basqalı başdan-başa
dolaşdıq. Qaş qaralanda Miryavər
müəllimin qonağı olduq. Çəmənliyə
bənzəyən gül-çiçəkli həyət, səliqə-sahman
göz oxşayırdı Əyləşdiyimiz geniş otaq
isə rəfləri müxtəlif kitablarla dolu kitabxana
zalına bənzəyirdi. Xanı Cavadov rəflərdən
birinə yaxınlaşdı, bir kitabça
götürüb üzünü ev sahibinə
tutdu:
- Bu qonağımızın
kitabıdır.
Söhbətə
qarışmalı oldum:
- "Gözəllik
yarışı" kitabım 1985-ci ildə nəşr
olunub. Nə əcəb...
Ev sahibi sözümü kəsdi:
Orada
"Lahıc" şeri var. Öz dilinizdən eşitmək
istərdim.
- Nə deyirəm ki...
Miskər əllərinin qüdrəti
burda,
Dünyanı
dolaşan şöhrəti burda.
Memarın, rəssamın,
heykəltəraşın Daşlarda canlanan sənəti
burda.
Hər ev zəmanənin
abidəsidir,
Tarixin öz nəqşi,
dəst-xətti burda.
Burda igidlərin bükülməz
dizi,
Əyilməz
vüqarın qaməti burda.
Vətəni dar gündə
qoruyanların
Yaşar xatirəsi əbədi
burda.
Ulu babaların əmanətidir,
Cavanın qocaya
hörməti burda.
Gül gülü
çağırır, çiçək çiçəyi,
Bülbülün
gül ilə söhbəti burda.
Bir mehman gəlmişdi Teyyub
Lahıca,
Qalıb bir
gününün ləzzəti burda.
Əfsuslar olsun ki,
Basqalın tarixini yazmış Miryavər müəllimin
şəxsi arxivində də həmyerlisi Əlibəy
haqqında bir məlumat tapılmadı. Hazırda
Basqalda onun heç bir qohumu yoxdur. Kəndin
ən yaşlı ağsaqqallarının dediklərinə
görə, Əlibəyin atası Xələf bəy də,
babası Mahmud bəy də kəndin maarifpərvər
simalarından olmuşlar.
***
Bakıya
qayıtdıqdan sonra Cümhuriyyət tələbələrinin
siyahısında Türkiyəyə göndərilənləri
müəyyənləşdirdim. Aydın oldu ki, 100 nəfərdən
səkkizi qardaş məmləkətə ali
təhsil almağa göndərilmişdir. Onlardan
biri Əlibəydir. Qalanlarısa bu şəxslərdir:
Hüseyn Şıxıyev, Məmməd Dursunzadə, Əli
Kərimov, Əlimuxtar Həsənov, Əliyusif Səfərov
və Məmməd Hənəfi Zeynallı.
Müəllifdən: İstanbul
Universitetində və Türkiyənin digər ali
məktəblərində ali təhsil almış
soydaşlarımızın taleyindən materiallar toplamaq
üçün Türküyəyə ezamiyyətə getməyi
planlaşdırdım. Hətta xaricə getmək
üçün pasport da aldım.
Düşünürdüm ki, gedərəm, ilk növbədə
100 tələbəni xaricə ali təhsil
almağa göndərilməsi üzrə komissiyanın sədri,
ulu öndər Məhəmməd Əmin Rəsulzadçənin
məzarını ziyarət edərəm. Fəqət
pasportum cibimdə, arzum ürəyimdə qaldı. Nə özümün, nə də şöbə
müdiri olduğum təhsil muzeyinin maddi imkanı olmadı.
Respublika hüdudları çərçivəsində
səfərlərimi davam etdirdim.
***
Şəxsi arxivimdən:
"Xalq Təhsili
Muzeyi üzrə 35 N-li əmrdən çıxarış.
19 sentyabr 2007-ci il.
Muzeyin şöbə müdiri
Qurban Teyyub Yarməmməd oğlu Azərbaycanda təhsilin
inkişaf tarixinə dair elmi-axtarış işi aparmaq məqsədilə
24 sentyabr 2007-ci il tarixdən 28 sentyabr
2007-ci il tarixədək Qazax rayonuna ezam edilsin.
Direktor L.N.Bayramova".
Qazaxda rayon Təhsil
Şöbəsinin müdiri Mahir Quliyevlə
görüşdüm və muzey direktorunun rəsmi məktubunu
ona təqdim etdim.
Söhbət əsnasında
məlum oldu ki, Cümhuriyyət tələbələrindən
yalnız bir nəfər - HÜSEN QASIM MUSTAFA OĞLU
ŞIXIYEV Qazax rayonundandır. O, 1898-ci ildə Qazax qəzasının
Salahlı kəndində doğulmuşdur. Atası
Qasım Mustafa Şıxı oğlu, anası Sayalı
Daşdəmir qızıdır.
Hüseyn Şıxıyev 1917-ci il sentyabrın 1-də Bakı Realnı Məktəbinə
qəbul edilmiş və bir ildən sonra, 1918-ci il aprelin 6-da məktəbi
əla davranışla və aşağıdakı qiymətlərlə
bitirmişdir:
İlahiyyat - əla
Rus dili - kafi
Alman dili - yaxşı
Fransız dili - kafi
Riyaziyyat - yaxşı
Cəbr - yaxşı
Triqometriya - yaxşı
Tarix - kafi
Təbiətşünaslıq -
yaxşı
Fizika - yaxşı
Rəsmxətt - yaxşı
Qanunşünaslıq - kafi
1919-cu il avqustun
19-da Hüsen Şıxıyev Azərbaycan
Respublikasının Xalq Maarifi Komissarına ərizə ilə
müraciət etmiş və dövlət hesabına xaricdə
təhsil almağa göndərilməsini xahiş etmişdir.
Azərbaycanın
maarif naziri Nurməmməd Şahsuvarovun imzaladığı vəsiqəyə
əsasən, o, Almaniyanın Frayberq akademiyasına göndərilmişdir.
Sonrakı taleyi haqqında məlumat yoxdur.
Qazax Rayon Təhsil
Şöbəsinin aparıcı təlimatçıları
Rasim Carçıyev və Əziz Məmmədov ilə
birlikdə tale axtarışına düşdük. Hüseyn Şıxıyevin doğulduğu Orta
Salahlı kəndinə yollandıq. Cümhuriyyət
tələbəsinin qohumlarının soraqlaşıb
tapılmasında Orta Salahlı kənd orta məktəbinin
direktoru Rasimə xanım Nəzərova böyük yardım
etdi. O, Orta Salahlıda yaşayan bir nəfəri məktəbə
dəvət etdi və bizə belə təqdim etdi:
- Tanış olun, Sahib Muradovdur,
Hüseyn Şıxıyevin nəticəsidir.
Ulu babası barədə
Sahib Muradovdan çox şey öyrəndik. Sən demə, 1925-ci ildə "itkin
düşmüş" sayılan Cümhuriyyət tələbəsi
Almaniyadan Türkiyəyə qayıtmış və
ömrünün sonunadək orada yaşamışdır.
Tale üzünə gülmüşdür.
Azərbaycana qayıtsaydı, 1937-ci ildə digər
Cümhuriyyət tələbələri kimi ya güllələnəcək,
ya da sürgün olunacaqdı.
Hüseyn
Şıxıyev Türkiyədə energetika sahəsində
tanınmış mütəxəssis
sayılmışdır. Hətta bir neçə il Türkiyə Respublikasının energetika
başqanı olmuşdur. Hal-hazırda məşhur
energetik şəcərəsinin iki nümayəndəsi ailəsi
ilə İstanbul və Konya şəhərlərində
yaşayırlar.
***
Bəs
keçmiş Qazax qəzasından olan digər tələbə
- Mustafa Molla Hacırəhim oğlu Mustafayev barəsində nə
bilirik?
Bu məqsədlə 2007-ci il noyabrın 26-dan 30-dək Ağstafa rayonunda
oldum.
Ezamiyyətdən sonra
yazdığım arayışın surətini şəxsi
arxivimdə saxlayıram:
"Xalq Təhsili Muzeyinin direktoru
Lalə xanım Bayramovaya
Sizin 22 noyabr 2007-ci il
42 N-li əmrinizə əsasən bu il noyabrın 26-dan 30-dək
Ağstafa rayonunda ezamiyyətdə oldum. Rayon Təhsil
şöbəsinin müdiri Əkbər Süleymanovla
görüşdüm və Cümhuriyyət hökuməti tərəfin-dən
xarici ölkələrə ali təhsil
almağa göndərilmiş 100 nəfər arasında
birisinin - Mustafa Molla Hacırəhim oğlu Mustafayevin
Saloğlu kəndində doğulduğu barədə arxiv sənədini
ona göstərdim. Əkbər müəllim məni kabinetinə
dəvət etdiyi metodist Afiq Sadıqovla tanış
etdi. Onun müşayiətilə Ağstafa
şəhərinin 30-35 kilometrliyindəki Saloğlu kəndində
oldum. Kəndin ən yaşlı ağsaqqalı Musa
Novruzov, kənd orta məktəbinin direktoru Güloğlan Kərimov,
tarix müəllimi Şəmistan Şıxməmmədov,
Mutafayevlər nəslini yaxından tanıyan Nəzirə
xanım İskəndərova və Fəridə xanım Namazova
ilə söhbət etdim. Onların dediklərindən
bəlli oldu ki, Cümhuriyyət tələbəsinin atası
Molla Hacırəhim və anası Gövhər xanım
Abdullah Ağa qızı kəndin qocaman sakinlərinin indi də
xatirindədirlər. Molla Hacırəhim
Saloğludan Həcc ziyarətinə getmiş ilk din xadimlərindən
birisidir. Gövhər ana
xeyirxahlığı ilə camaat arasında elə
böyük nüfuz qazanıbmış ki, dünyaya göz
açan qız uşaqlarına onun adını qoymuşlar.
Ertəsi günü
də Afiq Sadıqovla birlikdə mehriban və qonaqpərvər
Saloğluların yanında idim. Kənddə
yeni tikilib istifadəyə verilmiş məktəbdə oldum.
Təhsil ocağı Saloğlunun Qarabağ
döyüşlərində şəhid olmuş qəhrəman
övladı Asim Namazovun adını daşıyır.
Rayon Təhsil Şöbəsinin metodistinin təklifi ilə
müəllimlər və yuxarı sinif şagirdləri
qarşısında çıxış edərək
onları müvafiq arxiv sənədləri ilə tanış etdim. Həmkəndliləri Mustafa
Mustafayevin keçdiyi həyat yolu müəllimlərin də,
şagirdlərin də marağına səbəb oldu:
- Sizin həmyerliniz Mustafayev Mustafa
Molla Hacırəhim oğlu Azərbaycan Cümhuriyyəti
Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən,
öz arzusu ilə təhsilini elektrotexnika sahəsində davam
etdirmək üçün Fransaya göndərilmişdir. O,
Tuluza instititunda təhsil almışdır. Tələbəlik
illərində Mustafa Mustafayev Fransanın məşhur
"Reno" şirkətinin müəssisələrində
istehsalat təcrübəsi keçmiş, İnstitutu
bitirdikdən sonra "Reno" şirkətində mühəndis
işləmiş və elə o zaman fransız xanımı
ilə evlənmişdir...
əvvəli,ardı
var
Teyyub
QURBAN
Ekspress.-2014.- 26-28 aprel.-S.15.