Əlil və şəhid ailələrinin mənzil təminatı

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 

Azərbaycan dövləti müxtəlif səbəblə əlil olan şəxslərin, həmçinin şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün son illərdə səylərini xeyli dərəcədə artırıb. Bu məqsədlə dövlət sifarişi ilə tikilən həm çoxmərtəbəli binaların, həm də fərdi yaşayış evlərinin sayında artım müşahidə edilir.

   Əlillər və şəhid ailələri üçün mənzil tikintisinə 1997-ci ildən başlanılsa da bu proses 2003-cü ildən sonra daha geniş vüsət alıb. Bunun da başlıca səbəbi dövlətin maliyyə imkanlarının 2003-cü ildən sonra yaxşılaşmasıdır. Belə ki, 1997-ci ildə dövlət büdcəsinin xərcləri 588 milyon manat olduğu halda 2004-cü ildə 1,5 milyard manata, 2013-cü ildə 19 milyard manata yüksəldi. Dövlət büdcəsinin imkanları artdığından əlil və şəhid ailələri üçün tikilən mənzillərin sayında da ciddi artım oldu.

   Ötən dövrdə əlil və şəhid ailələri üçün inşa olunan mənzillərin illik sayı 10 dəfəyə yaxın artıb. Əgər 1997-ci il ərzində 81 mənzil bu məqsədlə inşa olunmuşdusa, 2012-ci ilin sonunda bu rəqəm 700-ü ötüb.

   Hüquqi vəziyyət

   Əlil və şəhid ailələrinə mənzillərin verilməsi məsələsi hüquqi müstəvidə də öz həllini tapıb. "Əlilliyi olan şəxslərin hüququları haqqında" və "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunlarda bu sosial qrupun mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur. Hər iki qanunda bununla bağlı ayrıca maddə mövcuddur.

   "Əlilliyi olan şəxslərin hüququları haqqında" qanunda qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanları əlilliyi olan şəxslərin (uşaqların) mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hər növ köməklik göstərməlidir.

   Əlilliyi olan şəxsin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs hesab edilməsinin əsasları, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir.

   Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota duran müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydada saxlanılır.

   Qanun bundan başqa əlillərə birləşərək payçı formasında mənzil tikintisinə də icazə verir. Qanunda qeyd edilir ki, əlilliyi olan şəxslərin ictimai birliklərinin öz vəsaiti hesabına, o cümlədən payçılıq yolu ilə tikdirdiyi yaşayış sahələri onların mülkiyyətindədir və əlilliyi olan şəxslərin ictimai birliklərinin təkliflərinə əsasən Azərbaycanın mənzil qanunvericiliyinə uyğun olaraq bölüşdürülür. Əlillyi olan şəxslərin ictimai birlikləri mənzil tikintisində payçılıq qaydasında iştirak edərkən tikinti sənayesi qurğularının inkişafında və kommunal tikintidə payçılıq iştirakından, habelə yaşayış sahələrinin bir qismini müvafiq icra hakimiyyəti orqanlarınabaşqa təşkilatlara verməkdən azad edilirlər.

 

   "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanunda isə bildirilir ki, şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.

   Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulan ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.

   Ölkəmizdə əlil və şəhid ailələrinin mənzillə təminatı məsələsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Nazirlik dövlət büdcəsindən ayrılan vəsait hesabına mənzil tikintisinə dair sifarişlər verir. Mənzillər tikildikdən sonra yerli icra hakimiyyətlərində mövcud olan siyahə əsasında mənzillərin paylanılması həyata keçirilir.

   Mövcud prosedura əsasən, Azərbaycanın ərazi bütövlüyününKonstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirən vətəndaşlar, şəhid ailələri dövlət hesabına mənzillə təmin edilmək üçün yaşadıqları rayon (şəhər) icra hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. ƏƏSMN tərəfindən müvafiq yaşayış yeri üzrə inşa etdirilən yaşayış evlərindəki mənzillərin bölgüsü icra hakimiyyətlərindən məktubla təqdim olunan növbəlilik siyahıları üzrə və nazirlikdə yaradılan müvafiq xüsusi komissiya tərəfindən həyata keçirilir.

   Həmin komissiyanin işində şəffaflığın daha da artırılması məqsədilə komissiyanin tərkibinə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, ayrı-ayrı əlil təşkilatlarının sədrləri də daxil edilib.

   Əlil və şəhid ailəsi üzvlərinin mənzil ala bilməsindən ötrü ilk yerli icra hakimiyyəti orqanında növbəyə durmaqdır. Mənzil növbəsinə dayanmaq üçünsə yerli icra hakimiyyətinə əlillik barədə tibbi-sosial ekspert komissiyasının arayışının (sonuncu) surəti (Epikrizin surəti ilə birgə), Prezidentinin təqaüdünün təyin olunması barədə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin arayışı, ailə tərkibi haqqında arayış (Müvafiq ərazi üzrə icra nümayəndəliyinin geniş arayışı (Forma 2), ailəli şəxslərin nigah haqqında şəhadətnamələrinin surəti, uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (Forma 2 üzrə), ailə üzvlərinin hər birinin şəxsiyyət vəsiqələrinin surəti (Forma 2 üzrə), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 18 yaşdan yuxarı ailə üzvlərinin hər biri üçün arayış (Forma 2 üzrə), şəhidin ölüm haqqında şəhadətnaməsinin surəti verilir.

   Ümumi qaydada çoxmərtəbəli binalarda mənzillərin paylanması ilə bərabər ƏƏSMN Qarabağ əlillərinə fərdi ev tikintisinə yardım da göstərir. Bunun üçün ilk növbədə torpaq sahəsi olmalıdır. Torpaq sahəsi olduqdan sonra ilkin olaraq nazirlikdə növbəyə dayanmaq lazımdır.

   Fərdi ev tikintisi məqsədilə ƏƏSMN-də növbəyə dayanmaq üçün tələb olunanan sənədlər sıyahısında əlillik barədə tibbi-sosial ekspert komissiyasının sonuncu arayışının surəti və qospitaldan verilən xəstəlik şəhadətnaməsinin təsdiq olunan surəti, ərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında sənəd, ailə tərkibi haqqında kənd icra nümayəndəliyinin geniş arayışı (yaşadıqları mənzilin yaşayış sahəsi, otaqların sayı, mənzildə yaşayanlar qeyd edilməklə), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış (18 yaşından yuxarı ailə üzvlərinin hər biri üçün), Prezident təqaüdü barədə arayış (rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzindən), ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surəti, uşaqların doğum haqqında şəhadətnamələrinin surəti və nigah haqqında şəhadətnamənin surəti var.

   Mənzil almaq hüququ olanlar

 

   Yuxarıda bildirdik ki, ƏƏSMN sifarişi ilə inşa etdirilən yaşayış evlərindəki mənzillərin bölgüsü yerli icra hakimiyyətlərindən məktubla təqdim olunan növbəlilik siyahıları üzrə və nazirlikdə yaradılan müvafiq komissiya tərəfindən həyata keçirilir. Lakin heçyerli icra hakimiyyətlərində qeydiyyata alınan bütün şəxslər mənzillə təmin edilmir.

   Çoxmərtəbəli binalardan mənzillər daha çox Əfqanıstan, Çernobıl, "20 yanvar" və Qarabağ əlilləri, şəhid ailələri üçün nəzərdə tutulub. Hərbi xidmət və əmək əlillərin bu imtiyazdan geniş istifadə edə bilmir. Bununla belə icra hakimiyyəti həmin şəxslərin də müraciətini nəzərə alaraq onları qeydiyyata alır. Amma mənzil paylanılması zamanı əsas üstünlük Əfqanıstan, Çernobıl, "20 yanvar" və Qarabağ əlilləri, şəhid ailələrinə verilir.

   ƏƏSMN saytında yerləşdirilən mənzillə təmin edilən vətəndaşların siyahısına diqqət yetirildikdə də görmək olur ki, indiyədək mənzillə təmin edilənlərin olduqca az bir hissəsini ümumi səbəblərlə və hərbi xidmət zamanı əlil olan şəxslər və onların ailə üzvləri təşkil edir. Mənzil alanların mütləq əksəriyyətini Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri formalaşdırır.

   2013-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 13 560 şəhid ailəsi, təxminən 11 min Qarabağ əlili var. Şəhid ailələrinin üzvlərinin sayı isə 19 min nəfərə yaxındır.

   Bu kateqoriyadan olan vətəndaşların mənzillə təmin olunması məqsədilə son bir neçə ildə paytaxt Bakıda və regionlarda yeni çoxmənzilli yaşayış binaları, o cümlədən fərdi evlər tikilib. Ümumilikdə, ötən illərdə 5 mindən çox Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. O cümlədən kənd rayonlarında həyətyanı sahəsi olan 750-dən çox fərdi ev inşa edilərək müharibə əlillərinə verilib. Hazırda ildə orta hesabla 700-dən çox mənzil inşa olunaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilir.

   2003-2013-cü illərdə müharibə əlilləri və şəhid ailələri üçün mənzil tikintisi xeyli sürətlənib və müxtəlif bölgələrdə 4 mindən çox, ümumilikdə 1997-ci ildən bu vaxta qədər 5 minə yaxın mənzil inşa etdirilib.

   Əlil və şəhid ailələri üçün Bərdə, Şamaxı rayonlarının hər birində 1 ədəd 4 mərtəbəli 36 mənzilli, Goranboy, Tərtər, İmişli, Beyləqan, Ağdam rayonlarının hər birində 1 ədəd 6 mərtəbəli 54 mənzilli yaşayış binaları da inşaası tamamlanıb. Həmin binaların istifadəyə verilməsi nəzərdə tutulur.

   Bakının Binəqədi, Yasamal, Sabunçu, Qaradağ və Suraxanı rayonları, eləcə də Abşeron, Beyləqan, Yevlax, Quba, Samux, Göygöl, Ağcabədi, Qəbələ rayonları ərazisində, Gəncə şəhərində bu kateqoriyadan olan insanların mənzillərlə təmin edilməsi davam etdirilir. Bu, davamlı bir prosesdir və gələcəkdə də növbədə duran Qarabağ əlilləri və şəhid ailələrinin mənzil təminatı istiqamətində tədbirlər reallaşdırılacaq.

   Hazırda 465 Qarabağ müharibəsi əlili fərdi yaşayış evinin tikintisi üçün növbəyə dayanıb.

   Onu da bildirək ki, Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramında (2014-2018) əlilliyi olan şəxslərə mənzil alınması və regionlarda fərdi mənzil tikintisi üçün uzun müddətli, güzəştli kreditlər, ipoteka verilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. Bu tədbirlərin 2015-2016-cı illərdə görülməsi planlaşdırılır.

 

  

Vasif CƏFƏROV

Ekspress.-2014.- 2 aprel.- S.9.