Ən yaxın tarix
İlk və yeganə
qadın spiker
Tanınmış
yazıçı-tədqiqatçı Teyyub
Qurban "Ən yaxın tariximiz"
başlığı altındakı yeni
araşdırmasında arxiv sənədləri
əsasında müasirlərimiz olan
dövlət və ictimai xadimlərimiz
barədə indiyədək bilmədiyimiz məlumatları,
faktları işıq üzünə çıxarır.
İlk
araşdırma anadan olmasının 80 illiyi münasibətilə Azərbaycan parlamentarizmi tarixində qanunverici
orqana başçılıq edən ilk və hələlik son
sədr Elmira Qafarovaya
həsr edilib.
Milli Şuranın 1992-ci il yanvarın 13-də
Elmira Qafarovanın sədrliyi
ilə keçirilən
iclasının gündəliyinə
18 məsələ salınmışdı.
Bunların arasında Mili Müdafiə Şurası haqqında, Qarabağda vəziyyət barədə, gömrükxana nəzarətinə dair və digər məsələlər vardı. İclasın sonunda "Azərbaycan Respublikasında xarici investisiya haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edildi. İclasda eləcə də Ali Sovet yanında Humanitar Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzinin yaradılmasına dair qərar verildi. Deputatların bu təklifi də nəzərə alındı ki, respublikada siyasi-ictimai vəziyyət Prezidentin iştirakı ilə müzakirəyə çıxarılsın.
Milli Şuranın 1992-ci il yanvarın 14-də keçirilən iclasında "Arbitiraj məhkəməsi haqqında" məsələ müzakirə olundu. Sonra qərara alındı ki, həmkarlar ittifaqı və siyasi partiyalar haqqında qanun layihələri əvvəlcə müvafiq komissiyalarda müzakirə edilsin.
Milli
Şuranın 1992-ci il yanvarın 18-də
Elmira Qafarovanın sədliyi ilə
keçən iclasında Qanlı yanvar
hadisələrinin istintaq
komissiyasının sədri Midhət Abbasova
söz verildikdə deputat
Sürət Hüseynov ona
imkan vermədi və mikrofona
yanaşıb dedi: "Hamımız
gözəl bilirik ki,
Polyaniçko 20 yanvarın təşkilatçısıdır
və həmin günlər Azərbaycanda bu
işlərə rəhbərlik edirdi. Polyaniçko hansı sifətlə indi burada yaşayır. O,
Çexoslovakiyada, Əfqanıstanda, Krasnovodskda öz işini gördü, indi də Bakıda öz işini görür. Deputatlardan xahiş edirəm,
səsimizi qaldıraq, Polyaniçko
haqqında ölçü götürmək
lazımdır. Onu burada
kimdir saxlayan?"
Deputat
Mürşid Məmmədov 20 yanvar iştirakçılarının və
şahidlərinin hamısının iclasa
dəvət olunmasını təklif etdi.
Deputat İsa Qəmbərov
Sürət Hüseynovun fikirlərini
müdafiə etdi.
Çıxışlardan sonra Midhət
Abbasov sözünə belə
başladı: "Komissiyanın rəyi qəzetlərdə
dərc olunub, hamınız oxumuşsunuz. Biz hadisə
barədə rəyimizi və qiymətimizi vermişik".
Bu zaman yenə Sürət Hüseynov yerindən qalxaraq dedi: "Sizin bu rəyiniz konyunktur xarakter daşıyır!" Sürət Hüseynovla komissiyanın üzvləri T.Quliyev və O.Vəliyev arasında mübahisə düşdu.
İclasın sonunda 20 yanvarı "Şəhid günü" adlandırmaq təklif olundu.
Milli Şuranın 1992-ci il yanvarın 19-da Elmira Qafarovanın sədrliyi ilə keçən iclasında 20 yanvar hadisələri ilə əlaqədar çıxışlar davam etdi. Deputat Rəhim Qazıyev Polyaniçko ilə dəfələrlə görüşdüyündən, özünün 20 yanvar faciəsi üçün məsuliyyətdən kənar saymadığından danışdı. Deputat İsa Qəmbərov dedi: "Müxalifətin, o cümlədən mənim də səhvlərim olubdur. Mən Azərbaycan rəhbərliyinin heç birini düşmən hesab etmirəm. Polyaniçkodan başqa".
Deputatlardan Sərvər Aslanov və Firudin Cəlilov komissiyanın işinə xitam verilməsi və sənədlərin prokurorluğa göndərilməsini təklif etdilər. Çıxışlardan sonra qərar layihəsi maddə-maddə səsə qoyulub qəbul edildi. İclasın sonunda "20 yanvarın qeyri-iş günü elan edilməsi barədə" qərar qəbul olundu.
Milli Şuranın yanvarın 30-da Elmira Qafarovanın sədrliyi ilə keçən iclasında Qarabağda vəziyyətlə əlaqədar məsələlər müzakirə olundu. Deputat Tofiq Qasımov Qarabağda vəziyyəti yaxşılaşdırmaq barədə 10 maddədən ibarət təkliflərlə zaldakıları tanış etdi. Deputatlardan Kamran Rəhimov, İsmayıl Şıxlı və Tofiq Köçərli təklifləri müdafiə etmişlər.
Milli Şuranın 1992-ci il fevralın 4-də Elmira Qafarovanın sədrliyi ilə keçən iclası başlanan kimi deputat Surət Hüseynov mikrofona yaxınlaşıb dedi ki, Gəncədəki ərzaq qıtlığı, soyuq mənzillər, enerji böhranı, camaatın işləməməsi yenə tətillərə, mitinqlərə, xoşagəlməz hallara gətirib çıxaracaq. Deputat Tofiq Qasımov Ağstafada qazın olmaması, çörək qıtlığı və vergilərin düzgün qoyulmamasından danışdı. Deputat Sabir Rüstəmxanlı bir çox məsələlərin iqtidar tərəfindən həll edilmədiyindən şikayətləndi. Deputat Ş.Hacıkərimov təklif etdi ki, Qarabağda yaralanmış əsgərlərə qan çatdırmaq çətinləşdiyi üçün Milli Şura üzvləri qan verməklə kömək etsinlər.
Fasilədən sonra İxtiyar Şirinov fövqəladə vəziyyət haqqında qanunu müzakirəyə çıxardı. Müzakirədən sonra qanun qəbul edildi.
Milli Şuranın 1992-ci il fevralın 7-də Elmira Qafarovanın sədrliyi ilə aparılan iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin başçısı H.Həsənovun hökumətin iqtisadi konsepsiyası barədə məlumatı dinlənildi.
Baş nazir sözünə belə başladı: "Tarix bizim nəslə tamamilə yeni dövlət, yeni iqtisadi münasibətlər qurmaq vəzifəsi həvalə etmişdir. Yeni dövlət qurmaqla biz yalançı suverenlikdən həqiqi müstəqilliyə can atır, demokratik mahiyyətli münasibətlərə keçirik. Belə bir şəraitdə heç bir konsepsiya özünü doğrulda bilməz. Əminəm ki,deputatların hamısı Milli Şuraya təqdim etdiyim 160 səhifəlik məruzəmi oxumuşlar, fikrinizi bilmək istərdim".
Müzakirə altı saat çəkdi və nəticədə qərar layihəsi səsə qoyularkən aydın oldu ki, yetərsay yoxdur.
Milli Şuranın 1992-ci il fevralın 11-də Elmira Qafarovanın sədrliyi ilə keçirilən iclasında gündəlik təsdiq edilməmiş deputatlardan S.Hüseynov, R.İsmayılov, T.Qasımov, M.Mütəllimov, M.Fəttayev, V.Əhmədov, Ə.Rəhimli, T.Köçərli, K.Rəhimov və başqaları Teleşirkətin yarıtmaz işini tənqid etdilər. Sonra bundan əvvəlki iclasda yetərsay olmadığından baş nazir Həsən Həsənovun məruzəsindəki müddəalar səsə qoyularaq qəbul edildi.
Milli Şuranın 1992-ci il fevralın 18-də Elmira Qafarovanın sədrliyi ilə keçirilən iclasında yetərsay yox idi. İclasda Milli Şuranın iqtidaryönümlü üzvləri iştirak etmirdilər. Deputat Tofiq Qasımov mikrofona yaxınlaşaraq dünən Qarabağda yaranmış ağır vəziyyətlə əlaqədar AXC-nin qərarını bəyan etdi: "Başda prezident olmaqla bütün ali icra hakimiyyəti istefaya getsin, hakimiyyət Milli Şuraya verilsin. Milli Şura yeni hökumət təşkil edər və Qarabağın müdafiəsi ilə məşğul olar. İstefa məsələsi elə bu gün həll edilməlidir - fövqəladə sessiyada. Qarabağda oğullarımız canından keçirlər, qoy prezidentimiz də stolundan keçsin!"
Bu vaxt deputat Sürət Hüseynov Tofiq Qasımova sual verdi:
"AXC respublikada
qarşıdurmanın qarşısını
ala biləcəkmi? Hökuməti
təşkil etməyi
öz boynuna götürən Milli Şuranın platforması
varmı?".
Tofiq Qasımov bu
suallara konkret cavab vermədi. Deputat Etibar Məmmədov dedi: "Şuşa əldən getməyəcək, kifayət
qədər texnikamız
var. Şuşanın müdafiəsinə
rəhbərlik edəcək
adamımız da. Prezident qəsdən ordunu yaratmır, Konstitusiyanı
pozur, millətə açıq xəyanət
edir, Moskva tərəfindən idarə
olunur".
Deputat Sürət Hüseynov mikrofona yaxınlaşdı:
"Yaxşı olar ki, prezident özü
Milli Şuraya gəlsin. Gəlsin, sözünü desin və lazımi sözləri eşitsin. Hal-hazırda prezident
respublikanı idarə
etmək iqtidarında
deyildir. Bunu özü
də başa düşür. Ona görə
də gəlsin bura, görək nə deyir. Könüllü getməsə, könülsüz
çıxarılacaq".
Deputat Mürşüd Məmmədov
dedi: "Şuşa kəndlərindən gələn
camaatın ağır
vəziyyətini, yük
maşınlarında gələn
yanağı solmuş
uşaqları görəndə
adamın ürəyi
ağrıyır. Qadınların, qocaların bir ağızdan Ayaz Mütəllibova söyüşlərini
və qarğışlarını
eşidəndə adamı
dəhşət bürüyür.
"Hanı Ayaz
Mütəllibov, əlimizə
keçsə, onu parçalayardıq" deyən
hirsli qadınlar kirimək bilmirlər.
Maşın gedə-gedə nalə
çəkirlər. Qadınlardan
biri maşın dayanarkən bizə dedi ki, "ay qardaş, başına dönüm, əgər Ayaz Mütəllibov Qarabağı ermənilərə
veribsə, bizi
havayıdan niyə qırdırır". Cəbrayıl
rayonu Daşbaşı
kənd orta məktəbinin direktoru və müəllimləri,
Cavid adına
kolxozun sədri, mühasibi və idarə heyətinin üzvləri belə deyirdilər: "Oğullarımız
getdi, neçə-neçə
kəndlərimiz dağıldı,
Şuşa da bir-iki günə alınacaq. Biz müəllimlər
də eşitdiklərimizdən,
oxuduğumuz qəzetlərdən
belə nəticəyə
gəlirik ki, başçımız satılıb.
Hanı əvvəlki Xalq Cəbhəsi, hanı Etibar, hanı Tamerlan, niyə səsləri çıxmır?
Yoxsa, vəzifə şirindir deyə keçiblər Prezident tərəfə?
Milli Şura üzvləri, əgər siz də bu cür
laqeydlik edirsinizsə,
bəs biz kimə arxalanaq? Axı millətimiz, torpağımız,
Vətənimiz əldən
gedir. Onda ayılacaqsınız ki, iş-işdən keçib. Onda gec olacaq.
Unutmayın ki, bunu sizə nə xalq, nə tarix
bağışlayacaq. Qoy olmasın yeddi milyonluq xalqın bir milyonu, nəyi
gözləyirsiniz? Xalqı ayağa
qaldırmaq gərəkdir".
Əsir düşən ermənilər
deyirlər ki, "görürsünüz, bizdən
çox olsanız da, gücünüz çatmır. Sizi Orta
Asiyaya kimi qovacağıq".
Sizi xalq seçib, sizdən xahiş və tələb edirik ki, prezidentlə
razılaşmadan, təcili
olaraq bir an belə yubanmadan
tədbir görün"
Mürşüd
Məmmədov sözünü
belə bitirdi: "Bu
gün qəti qərara gəlməliyik.
Prezident gəlib burada çıxış etsin.
Prezidentin komandası imkan
vermir ki, burada deyilənlər ona, onun sözü
də deputatlara çatdırılsın. Bir sözlə, prezidentin öz komandası respublikada vəziyyəti gərginləşdirir".
Mürşüd
Məmmədova cavab olaraq çıxış
edən "Komblok"çu
deputat Arif Rəhimzadə dedi: "Bizim Prezident əjdaha olsa, bu şəraitdə heç nə edə bilməz. Çünki biz, Milli Şuranın
üzvləri açıq-açığına
prezidentimizə şərait
yaratmırıq ki, fəaliyyətdə olsun.
Bizim işimiz ancaq və ancaq prezidentin
işinə qarışmaqdan
ibarətdir. Sözün əsl
mənasında vəzifə
uğrunda mübarizə
gedir. Prezident xadimə, qulluqçu
deyil, gərək onun şəxsiyyətinə
hörmət edək".
Arif Rəhimzadəyə cavab olaraq deputat M.Mütəllimov dedi:
"Rəhimzadə
deyir ki Prezidentin şəxsiyyətini
qorumaq lazımdır.
Ondan soruşuram: məgər dekabr ayında ermənilərin
əlində əsir qalanların şəxsiyyəti
yoxdur? Məgər yanvarın 25-dən bugünədək meyitləri
Daşaltıda qalanların
özlərinin, onların
valideynlərinin şəxsiyyəti
yoxdur? Malıbəylidə,
digər kəndlərimizdə
qırılanların şəxsiyyəti
haqqında kim
fikirləşəcək? Mərkəzi Komitənin keçmiş
işçiləri gözləyirlər
ki, haçansa onlara vəzifə verəcəklər. Onun dərdindən
millətin taleyini fikirləşmədən Prezidentin
kreslosunu fikirləşirlər".
İclasın sonunda "Ağdam və Şuşa rayonları ərazisində
fövqəladə vəhziyyət
tətbiq edilməsi haqqında" prezidentin
18 fevral 1992-ci il tarixli fərmanı təsdiq edildi.
(ardı var)
Teyyub QURBAN
Ekspress.-2014.- 5-7
aprel.-S.15.