Ceyran Haşımova: "Köhnə bolşeviklər kimi çox sərt xasiyyətim
var"
"Lalə"nin qızlarının dalınca
düşür, onlara
qiymətli hədiyyələr
göndərir və qastroldan-qastrola arxalarınca
sürünürdülər
"... bu ansambla görə mən bir övladla kifayətlənməli oldum. Mən həqiqətən "Qəhrəman ana" adına layiq bir qadınam. Çünki bu qədər qızın nazına, şıltaqlığına dözmüşəm..."
Mart ayında - Beynəlxalq Qadınlar bayramı günündə ömrünün 80-ci baharını arxada qoyan xalq artisti Ceyran Haşımovanın min bir əziyyətlə yaratdığı "Lalə" Qızlar Ansamblının sorağı bir zamanlar Azərbaycanın hüdudlarından çox-çox uzaqlardan gələrdi.
"Lalə" milli ifaçılıq sənətinə Təranə Vəlizadə, Nisə Qasımova, Mahrux Muradova, Nəzakət Məmmədova, Kəmalə Rəhimova, Firuzə İbadova, Ruhəngiz Allahverdiyva, Zöhrə Abdullayeva, Rəhilə Bəndəliyeva, Yaqut Abdullayeva, Sahibə Əhmədova və neçə-neçə istedadlı müğənnilər vermişdi.
- Ceyran xanım, söhbətimizə "Lalə"
Qızlar ansamblının yaranma tarixindən
başlayaq. O vaxtlar
qızların musiqi ilə məşğul
olmasına valideynlər asanlıqla icazə vermirdilər. Yəqin
ki, çətinlikləriniz çox olub...
- 1952-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecini əlaçı diplomu ilə bitirdiyimə görə, məni orada müəllim saxladılar. O dövr üçün bu, görünməmiş hadisə idi. Tələbələrimin arasında qızlar da vardı. Bu elə bir vaxt idi ki, musiqiçi qızlar çox az idi. Buna qədərsə mən Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrində tar çalırdım. O, orkestrin nəzdində sazçı qızlar dəstəsi yaratmaq istəyirdi. İfama qulaq asandan sonra Səid müəllim məni həmin qrupa dəvət etdi. 1959-cu ildə mən Azərbaycan Dövlət Tele-radio Komitəsinin xalq çalğı alətləri orkestrinin saz qrupuna qəbul edildim. Bu qrupda 4 sazçı qız vardı, mən də qrupun konsertmeysteri idim. Siz cavansınız, ola bilsin bunları bilmirsiniz. 1959-cu ildə Moskvada keçirilən mədəniyyət dekadasında mən də iştirak etmişəm.
Elə onda ağlıma bir fikir gəldi ki, görəsən, yalnız qızlardan ibarət ansambl yarada bilərəmmi? Bir dəfə dərsdə fikrimi tələbə qızlara deyəndə onlar bunu bəyəndilər. Bu olub 1964-cü ildə. Beləliklə, mən bu istiqamətdə işə başladım. Əvvəlcə Asəf Zeynallı adına Musiqi Kollecindəki kamança çalan qızları bu ansambla dəvət etdik. Sonra bir qarmonçalan qız da tapdıq.
- Ansamblın ilk üzvlərindən bu gün kimlər qalıb?
- Ansamblın ilk qarmonçalanı Leyla Şıxıyeva idi. Hazırda Zığ qəsəbəsində yaşayır. İlk tarçalanlarımdan öz tələbəm olan Təcrübə Sultanova hazırda Sumqayıt Musiqi Kollecinin müəllimidir. Kamançaçalan Almaz xanım sonradan ailə qurub dəstəmizdən ayrıldı. Onlardan heç biri indi ansamblda yoxdur. Çünki o vaxtdan 50 il keçib, amma 25-30 il mənim ansamblımda işləyən xanımlar olublar. Misal üçün, müğənni Rəhilə Bəndəliyeva artıq 35 ildir bizim ansamblda çalışır. 50 ildə yüzlərlə istedadlı azərbaycanlı qızı bizim ansamblda yetişib, sənətkar olub, sonradan müstəqil həyata atılıblar. Qızlar ərə gedəndən sonra mən onları başqaları ilə dəyişirdim. Həmin qızların böyük əksəriyyəti müxtəlif musiqi məktəblərində dərs deyirlər. Çünki bəziləri ərə gedəndən sonra həyat yoldaşları ansambla gəlməyə imkan vermədilər. Özünüz bilirsiniz ki, o dövrdə qızların musiqiçi olması çox çətin idi. Bəzən valideynlər qızların bu arzusunun qarşısını bütün vasitələrlə alırdılar.
- Bəs sizin yoldaşınız nə yaxşı bu işə razılıq verdi?
Çünki bu qədər
qızla çalışmaq həm zəhmət, həm səbr,
həm də məsuliyyət tələb edir.
Digər tərəfdən ailəyə diqqəti
azaldırdı...
- Mənim həyat
yoldaşım rəhmətlik Mirhaşım Haşımovun özü də musiqiçi
idi. O da Asəf
Zeynallı adına Musiqi Kollecində skripkadan dərs deyirdi. O, bütün iş-gücünü
atıb, mənə dəstək oldu.
1965-ci ildə ansamblı tam
formalaşdırandan sonra Dövlət Televiziya və Radio Komitəsinin
sədri Ənvər Əlibəyliyə müraciət edib dedim ki,
belə bir ansambl
yaratmışam, çox istərdim bizə
qulaq asın, mümkünsə bu kolektivi tele-radionun nəzdinə qəbul edin. Onda mən hələ
nağaraçalan qız tapa
bilməmişdim. Ansamblın nağaraçalanı oğlan idi. Deməli, tar, kamança, qarmon və nağaradan
ibarət ansamblla ilk
solistlərimiz Zümrüd Həmidova və
rəhmətlik Suğra İbrahimova
ilə Ənvər Əlibəylinin qarşısında
çıxış etdilər. Rəhmətlik Ənvər
müəllim ifamıza qulaq asandan sonra bizi
təbrik etdi və Televiziya
və Radio Komitəsinə qəbul etdi. Ənvər müəllim mənə dedi ki, ansambla
ad tapın. Mən də gülləri,
xüsusən laləni çox sevirəm,
ona görə də ansamblın
adını "Lalə" qoydum. Bundan sonra mən başqa alətlərin ansambla
cəlb edilməsi ilə məşğul oldum.
Tez bir zamanda
ansamblın üzvlərinin sayı artdı. 1966-cı ilin fevralın 22-də ilk
dəfə radioda çıxış etdik. Həmin gün
Ələkbər Tağıyevin "Xızı
dağları" və Tofiq Quliyevin "Sənə də qalmaz"
mahnılarını ifa etdik.
Elə həmin ilin martın 8-də
qadınların bayramı münasibətilə ekrana çıxdıq. Martın
8-i həm də mənim doğum günüm olduğu üçün ikiqat
sevinclə həyatıma yazıldı. Həmin konsertdən sonra "Lalə" Qızlar Ansamblın
şanı-şöhrəti ellərə yayıldı. Sonralar Təranə Vəlizadə, Nisə
Qasımova, Mahrux Muradova,
Nəzakət Məmmədova, Kəmalə Rəhimova,
Firuzə İbadova, Ruhəngiz Allahverdiyva, Zöhrə Abdullayeva,
Rəhilə Bəndəliyeva, Yaqut Abdullayeva, Sahibə Əhmədova və
neçə-neçə istedadlı müğənnilər
bizim ansamblda ilk addımlarını atdılar. Onların
arasında Nisə Qasımova xalq artisti, qalanları isə əməkdar artist fəxri adlarına layiq
görülüblər. "Lalə" Qızlar Ansamblı
1966-cı ildən 1971-ci ilə qədər Azərbaycan
Dövlət Televiziya və Radio Komitəsinin nəzdində fəaliyyət
göstərdi. Qastrollara çıxmaq üçün biz 1971-ci
ildən Dövlət Filarmoniyasının nəzdində fəaliyyət
göstərməyə başladıq. 1978-ci ildə Dövlət
Konsert Birliyi yaranandan sonra ora keçdik, 1992-ci ilədək
orda çalışdıq. "Lalə"
Qızlar Ansamblı demək olar ki, ilin əksər
vaxtını qastrollarda, əsasən də
xarici səfərlərdə keçirirdi. Mən bu zəhmətimə
görə, 1987-ci ildə əməkdar artist,
2006-cı ildə isə xalq artisti fəxri adına layiq
görüldüm. Oğlum
Rəşadla eyni gündə.
Musiqiçilər arasında bu ilk dəfə baş verirdi ki, ana-bala
fəxri ada eyni
gündə layiq görülürlər.
2002-ci ildən prezident təqaüdçüsüyəm.
- Ceyran xanım, qızlarla işləmək
hansı mənada çətin, hansı mənada asandır? Çünki musiqiçi
tayfası həm də bir az
şıltaq olur...
- Bəli, doğru buyurdunuz. Mənim üçün həqiqətən çox çətin idi. Sizə deyim ki, mən kommunistəm, köhnə bolşeviklər kimi çox sərt xasiyyətim var. Mən onlara nəinki bədii rəhbər, ana olmuşam. Rayonlardan gələn kimsəsiz qızları mən respublikanın ən tanınan, sevilən sənətçisinə çevrilməsinə yardım etmişəm. Mən təkcə qızlara deyil, oğlanlara da müəllimlik etmişəm. Xalq artistləri Möhlət Müslümov, Firuz Əliyev, əməkdar incəsənət xadimi Əkrəm Məmmədov mənim tələbələrim olublar. Oğlanlara dərs demək qızlarla işləməkdən qat-qat asandır. Mənim rəhmətlik yoldaşım 5 il inzibatçı kimi mənimlə birlikdə çalışdı. Oğlum Rəşad doyunca ana üzü görməyib. Doğulan gündən mənimlə birlikdə qastrollarda böyüyüb. Məhz bu ansambla görə mən bir övladla kifayətlənməli oldum. Mən həqiqətən "Qəhrəman ana" adına layiq bir qadınam. Çünki bu qədər qızın nazına, şıltaqlığına dözmüşəm. Onları pis təsirlərdən qorumuşam...
- O dövrdə də imkanlı, pullu, vəzifəli "sponsorlar" vardımı?
- Bəli, bizim də qızların dalınca düşənlər, onlara qiymətli hədiyyələr göndərənlər, hətta qastroldan-qastrola arxamızca sürünənlər olurdu. Mən onları belə şeylərdən qorumuşam. Doğrudur, bəziləri nadan çıxırdı, toya getməyə, var-dövlətə görə ansamblı atırdı. Çünki mən onları toya buraxmırdım. Amma hanı onlar? Kim ki, axıracan aylıq maaşa və ya qastrollarda aldığımız sutkalıq qonorara dözdü, bu gün adlı-sanlı müğənniyə, musiqiçiyə çevrildi. Özüm 16 il kirayədə yaşamışam, amma qazandığımı ansambla xərcləmişəm. Zarafat deyil, bu qədər qızın geyimi, bəzək-düzəyi, kosmetikası, xərcliyi mənə baxırdı. Bəxtimdən də, "Lalə" Qızlar Ansamblına gələnlər kasıb-kusub qızları olurdu.
- Yəqin ki, sizi əsəbiləşdirdikləri
məqamlar da olurdu.
Belə hallarda cəzalandırırdınızmı?
- Bəli, inanın ki, qızlar öz valideynlərindən çox məndən qorxurdular. Mənim kişi kimi xasiyyətim var, günahkarı vaxtında cəzalandırmasaydım, bu ansambldakı başqa qızlara pis tərbiyə olardı. Onları sözlə elə "döyürdüm" ki, əlimlə vursaydım, ondan yaxşı idi.
İLTİFAT
Ekspress.-2014.- 5-7 aprel.- S.21.