Azərbaycanın geosiyasi mövqeyi və iqtisadi tərəfdaşlıq imkanları
Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən (1991-ci il 18 oktyabr) sonra milli dövlətçilik prinsiplərinə uyğun yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ olaraq ön plana çəkildi. Qısa müddət ərzində dünya ölkələri tərəfindən rəsmi surətdə tanınan ölkəmiz 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul edildi. Məhz həmin ərəfədə Azərbaycan dünya ölkələri ilə siyasi münasibətlərin qurulması, iqtisadi və mədəni əlaqələrin inkişafına da geniş şərait yaradırdı.
1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" ölkənin dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdi. Qeyd edək ki, "Əsrin müqaviləsi" və sonrakı dövrdə imzalanmış neft kontraktları Azərbaycanın dünya birliyinə inteqrasiyasını gücləndirdi ki, nəticədə də qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün ortaq təmas nöqtələrinin geniş şəbəkəyə malik olduğunu nümayiş etdirdi.
1998-ci ildə 32 dövlətin qatıldığı və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi "Böyük İpək yolu"nun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin müstəqillik illərində qazandığı ən mühüm nailiyyətlərindən biridir. Onu da qeyd edək ki, Avropa Birliyinin TASİS-TRASEKA proqramı çərçivəsində "Böyük İpək yolu"nun bərpası üzrə həyata keçirilən tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yerləşən bütün ölkələrin inkişafı, onların iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, çoxtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaratmaqdadır.
Qeyd edək ki, ölkəmizin 1994-cü ildən başlayaraq NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində fəaliyyəti dünyanın qabaqcıl ölkələri ilə onun əlaqələrinin inkişafına mühüm zəmin yaratdı. 1998-ci il sentyabrın sonunda NATO-nun ozamankı baş katibi Havyer Solananın Azərbaycana səfəri ərəfəsində verdiyi müsahibədə "Qafqaz regionunu NATO-nun birbaşa maraqları olan regionlar" sırasında qeyd etməsi qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və regional təhlükəsizliyin qorunması sahəsində Şimali Atlantika təşkilatı ilə Azərbaycanın maraqlarının üst-üstə düşdüyünü bir daha təsdiq etdi.
Göründüyü kimi, Azərbaycan Respublikasının müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə qoşulması ilə ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində xarici siyasət sahəsində fəaliyyətin rolu kəskin şəkildə yüksələrək həlledici əhəmiyyət kəsb etdi.
"Ümumi Qafqaz evi" təşəbbüsü
Yenicə müstəqillik əldə etmiş Azərbaycanın xarici siyasət fəaliyyətində mühüm əhəmiyyət kəsb edən istiqamətlərdən biri də Qafqaz bölgəsinin dövlətləri və xalqları ilə mehriban qonşuluq münasibətlərinin yaradılması idi. Əslində bu da səbəbsiz deyildi. Çünki tarix boyu bu regionda baş verən ictimai-siyasi proseslər bölgə xalqlarının və dövlətlərinin bir-birinə qarşı qoyulması yolu ilə gərginləşdirilmişdi.
Qafqazın təhlükəsizlik problemlərinin və strateji dövlətçilik mənafelərinin eyniliyi, bölgə dövlətlərinin qarşı-qarşıya qoyulması hallarının aradan qaldırılması zərurəti bu istiqamətdə xüsusi xarici siyasət yeridilməsini tələb edirdi. Məhz 1993-cü ilin sonundan etibarən Azərbaycanın xarici siyasətində bu istiqamət xüsusilə aydın parametrlər kəsb etməyə başladı.
1994-cü ildə Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsin əldə olunması, 1996-cı il martın 8-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı "Qafqaz bölgəsində sülh, sabitlik və təhlükəsizlik haqqında" Azərbaycan-Gürcüstan Bəyannaməsinin imzalanması ölkəmizin Qafqazda həyata keçirdiyi xarici siyasətin ən bariz nümunəsi idi. Tbilisidə iki dövlət başçısının imzaladığı birgə Bəyannamə "Ümumi Qafqaz evi" ideyasının əməli olaraq həyata keçirilməsinin başlanğıcını qoydu.
Azərbaycanın regiondakı sosial-iqtisadi inkişafı və siyasi təkamülə xidmət edən qlobal iqtisadi layihələrin gerçəkləşməsi istiqamətində ardıcıl addımları və sülhsevər siyasəti bu ideyanın reallaşmasına əlverişli zəmin yaratdı. Lakin Ermənistanın təcavüzkar siyasəti və regiondakı konfliktlərin həllinin uzanması "Ümumi Qafqaz evi" ideyasının həllini xeyli çətinləşdirdi. Azərbaycan dövlətinin "Ümumi Qafqaz evi" təşəbbüsü hazırda da aktual olaraq qalır.
Təsadüfi deyil ki, Azərbaycan dövləti inkişafı boyu Yaxın və Orta Şərqin ən nüfuzlu və aparıcı ölkələri olan İran və Türkiyə kimi böyük, nüfuzlu qardaş dövlətlərlə sıx qarşılıqlı münasibətlərdə olub. Onu da aeyd edək ki, hər iki dövlətlə mövcud olan əlaqələr ölkəmizin beynəlxalq vəziyyətinə də öz müsbət təsirini göstərib.
Qeyd edək ki, müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin ən mühüm strateci istiqamətlərindən biri də Qərbin və Şərqin aparıcı ölkələri ilə münasibətlərin tənzimlənməsindən, həmin ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələrin qurulmasından ibarət idi. Bunun üçün ilk növbədə Azərbaycanın geosiyasi mövqeyi və iqtisadi tərəfdaşlıq imkanları obyektiv qiymətləndirilməli, həmin amillərin bəhs edilən ölkələrin iqtisadi və siyasi maraqları ilə uzlaşdırılması yönümündə təsirli addımlar atılmalı idi. Bu zərurəti tam aydınlığı ilə dərk edən Azərbaycan hökuməti 1993-cü ilin axırlarından başlayaraq həm Şərq və Qərb, həm də region ölkələri ilə münasibətləri ayrı-ayrı təsadüfi əlaqələr səviyyəsindən sistemli xarici siyasət kursu səviyyəsinə qaldırmaq taktikası seçdi.
Qlobal
dünya siyasəti məkanına inteqrasiya
Müstəqilliyinin ilk illərində xarici valyutaların tam təsiri altında olan ölkəmiz, ciddi iqtisadi, siyasi, maliyyə-kredit böhranı ilə üzləşdiyindən yenicə dövriyyəyə buraxdığı manatın sabit kursunu təmin edə bilmirdi. Eyni zamanda kredit, investisiya və pul siyasəti ölkəni xarici kapitalın (rubl və dolların) tam təsiri altına saldı. Az müddət ərzində inflyasiya fantastik həddə çatdı, büdcə, xəzinə proqnozları iflasa uğradı. Ancaq bu, hələ son deyildi. Belə ki, 1993-2005-ci illərdə həyata keçirilən işlər və görülmüş tədbirlər böhranı aradan qaldırdı, inflyasiyanı sabitləşdirdi, büdcə, xəzinə, xarici investisiya qoyuluşu və maliyyə-kredit problemlərini həll etdi. 2005-ci ildə manatın denominasiyası haqqında fərman imzalandı, xəzinəyə iki milyard ABŞ dollarından artıq pul toplandı, neft gəlirlərinin vahid fonda yığılması və istifadəsi strategiyası müəyyən edildi. Xarici aləmin imkanlarından istifadə edərək qeyri-neft sektorunu inkişaf etdirmək, yeni iş yerləri açmaq, manatın sabit kursunu və inflyasiyanı idarə etmək, beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlığı davam etdirmək, xarici borcların səviyyəsini nəzarətdə saxlamaq və s. ölkənin xarici kapitaldan və neft gəlirlərindən asılılığını aradan qaldırırdı.
Qeyd edək ki, Azərbaycanın xarici siyasət prioritetləri sırasında Qərb ölkələrinin təmsil olunduğu Avropa Birliyi sisteminə (iqtisadi, siyasi, sosial, mədəni sahədə) və qlobal dünya siyasəti məkanına inteqrasiya mühüm yer tutur. Bu sistemə daxil olmaqla Azərbaycan həm özünün mövcud resurslarından xalqının firavan həyatının təmin edilməsi istiqamətində daha səmərəli, təhlükəsiz və itkisiz istifadə etmək imkanı əldə edib. Bundan başqa, dünya texnologiyalarından, investisiya və xarici kapitalın ölkə iqtisadiyyatına daha sürətlə daxil olması, qeyri - neft sektorunun inkişafına nail olunması imkanı qazanır. Bununla bağlı, Avropa İttifaqı və ABŞ-ın imkanlarından istifadə edərək ölkənin daxili iqtisadi, sosial və digər strukturlarının islahatını aparmaq və dünya standartlarına qaldırmaq imkanı da yaranar. Odur ki, Avropa İttifaqı və bütün digər beynəlxalq maliyyə strukturları, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi qurumlarla əməkdaşlıq Azərbaycanın xarici iqtisadi siyasətinin əsas prioriteti hesab olunur.
Onu da qeyd edək ki, Azərbaycanın müstəqil ölkə olaraq tanınmasında, dünya ölkələrində müstəqil ölkə olaraq səs sahibi olmasında ümummili lider Heydər Əliyevin rolu danılmazdır. Ölkəmizin son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində olan dirçəliş məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev ilk dəfə hakimiyyətə gələndə - 1960-cı illərin axırlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş əldə etdi.
Ümummilli liderin hakimiyyətə ikinci gəlişi də böyük əhəmiyyət daşıdı. O, Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi, doğma xalqının qəlbində sabaha inam hissi yaratmağı bacardı.
Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıtdı. Ölkəmiz Heydər Əliyevinin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacardı. Məhz onun zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsinə birdəfəlik son verildi.
Görkəmli tarixi şəxsiyyətin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü miniliyyə inamla qədəm qoydu.
"Azərbaycan
2020: gələcəyə baxış"
Azərbaycan hazırda dünya ölkələri arasında enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan müzakirələrin əsas tərəflərindən biri kimi diqqət mərkəzindədir. 2008-ci ilin noyabrında enerji sahəsində genişlənmiş dialoq çərçivəsində Bakıda təşkil olunmuş enerji sammiti ölkəmizin ən yeni tarixinə ayrıca bir sətir kimi daxil oldu. Bu sammit Azərbaycanın neft ehtiyatlarının dünya bazarlarına nəql edilməsinə imkan yaratmış "Əsrin müqaviləsi"nin imzalanmasından etibarən başlandı. Təhlilçilər qeyd edirlər ki, Bakı sammiti Xəzərin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması ilə bağlı aparılan müzakirələrin praktik fəaliyyət müstəvisinə keçdiyini deməyə ciddi əsaslar verir. 21 ölkənin, o cümlədən Avropa İttifaqının üzvü olan 9 ölkənin dövlət və hökumət başçılarının, yüksək vəzifəli nümayəndələrinin qatıldığı sammitdə Xəzər dənizi hövzəsində hasil edilən neft və qazın dünya və Avropa bazarlarına çatdırılması yollarının şaxələndirilməsi məsələsi əsas müzakirə mövzusu oldu. Sammit enerji ehtiyatlarının həm hasilatı, həm də nəqli baxımından Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əvəzedilməz rolunu xüsusi önə çəkdi. Sammitin nəticəsi olaraq, yüksək səviyyədə, Xəzər hövzəsindən dünya və Avropa bazarlarına gedən neft və qaz kəmərlərinin çoxşaxəliliyinə yönəlmiş siyasətin davam etdirilməsinin əhəmiyyətinin vurğulandığı bəyannamə qəbul edildi ki, həmin bəyannamədə də sammit iştirakçıları Azərbaycan təbii qazının iştirakçı dövlətlərin tələblərinin tam ödənilməsi üçün region və Avropa bazarlarına daşınması və tranzitinin çoxşaxəli infrastrukturunun yaradılması üzrə layihələrin həyata keçirilməsinə dəstəklərini ifadə etdi.
Qeyd edək ki, qlobal enerji layihələri, boru kəmərləri şəbəkəsinin yaradılması, habelə potensial enerji ehtiyatları sayəsində Azərbaycan tranzit ölkədən neft və qaz ixrac edən, Avropanın enerci təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevrildi və bu amil beynəlxalq birliyin ölkəmizə diqqətini daha da gücləndirdi. Təsadüfi deyil ki, artıq Xəzər regionunun karbohidrogen ehtiyatlarının Avropa bazarlarına çatdırılmasını nəzərdə tutan alternativ marşrutların reallaşdırılması Azərbaycanın iştirakı olmadan təsəvvür edilmir.
Son olaraq qeyd edək ki, ölkəmizin gələcək inkişaf strategiyasının əsas istiqamətləri qeyri-neft sektorunun inkişafı hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunmasındadır. Məhz bu məqsədlə ölkəmizin ümumi daxili məhsulunun tərkibində, həmçinin dövlət büdcəsinin formalaşdırılmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi, iqtisadiyyatda innovasiyaların tətbiqinin genişləndirilməsi üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulur. Mövcud resurslardan və coğrafi mövqelərdən istifadə olunmaqla, Azərbaycan bütün bölgələrinin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmin edilməsi və iqtisadiyyatımızın rəqabət qabiliyyətinin yüksəldilməsi milli məhsulların dünya bazarında layiqli yer tutmasına şərait yaradacaq. Bu məqsədlər prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası"nda öz əksini tapıb.
Ulduzə QARAQIZI
Ekspress.-2014.- 5-7 aprel.- S.18.