Cümhuriyyət tələbələri III fəsil. Tale sorağında

 

Azərbaycan Xalq Cümhuriyyəti varlığının 18 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələblərin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.

   Basqala gedən yolda

   Çağdaş əsrimizin ilk ilində əmək fəaliyyətimin yeni meydanı açıldı. 1932-ci il aprelin 27-də Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə yaradılmış indiki Təhsil Muzeyinə şöbə müdiri vəzifəsinə işə qəbul olundum.

   Muzeyin direktoru Əlimirzə Əhmədov mənə hər cür şərait yaratdı ki, Azərbaycan Cümhuriyyəti dövründə təhsil sahəsində islahatları, xüsusilə ali təhsil məsələlərini dərindən araşdıra bilim. Bu sahədə baş məsləhətçilərim də elə muzeyin təcrübəli əməkdaşları oldular.

   İllərdən bəri muzey fondunu qoruyub saxlayan Aliyə xanım Abasova İsmayıllı rayonuna səfərim ərəfəsində mənə cild səhifəsində "Azərbaycan Respublikası Təhsil muzeyinə ən ülvi arzularla, müəllifdən" yazılmış 231 səhifəlik bir kitab təqdim etdi və dedi: "Bu kitabı oxu, sonra Basqala ayaq bas".

   Elə də etdim.

   2002-ci ildə Bakıda "Adiloğlu" nəşriyyatı tərəfindən nəşr olunmuş "Basqal əcdadlarımızın əks-sədasıdır" kitabının müəllifi Miryavər Hüseynovdur. O, 1932-ci il fevralın 5-də İsmayıllı rayonunun Basqal kəndində anadan olmuşdur. 1961-ci ildə M.F.Axundov adlına Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, uzun zaman Basqal kənd orta məktəbində rus dili və ədəbiyyatından dərs demişdir.

   Doğulduğu elin yorulmaz tədqiqatçısı olan Miryavər Hüseynov və onun kitabı barədə "Ön söz"də oxuyuruq: "Lap qədim zamanlardan əli qələm tutanlar onları əhatə edən təbiətin və cəmiyyətin təsvirini, təhlilini verməyə çalışıblar. İndi bunların çoxu nadir tarixi mənbələr kimi qiymətləndirilir. Mübaliğəsiz desək, Basqal özü bütövlükdə xalqımızın bənzərsiz mədəniyyət abidəsidir. Yerləşdiyi coğrafi mövqe, keçdiyi keşməkeşli tarix Basqalı əsrlərin şahidi edib. Miryavər müəllimin kitabının uğurlu çıxmasının ilk səbəbini də müraciət olunan mövzunun tarixi baxımdan zənginliyində axtarmaq lazımdır. Tarixilik baxımından həqiqətən əcdadlarımızın əks-sədası Basqalda yaşayır. Əslində müəllifin toxunduğu məsələlər sirdən soraqlanan, sehrdən yozulan, sənəddən yazılan bir tarixin maraqlı səhifələri olduğundan bu qədər şirin və cazibədardır.

   Cəmil Həsənli

   tarix elmləri doktoru, professor, millət vəkili".

   Kitabı vərəqləyirəm. Görəsən, "Basqal" sözünün mənası nədir? Sualıma katiabda bu cavabı tapıram: "Xalq arasında, eləcə də qədim dövr tarixçilərimiz, toponimika ilə məşğul olan alimlərimizlə apardığımız fərdi söhbətlər, fikir mübadiləsi göstərir ki, "Basqal" toponiminin yaranması ilə əlaqədar müxtəlif fikirlər mövcuddur. 1962-ci ildə böyük alimimiz Ziya Bünyadov və sənətşünaslıq doktoru Qəzənfər Əlizadə bir neçə həftə Basqalda həm dincəlir, həm də Xankənd qalası ətrafında tədqiqat işi aparırdılar. Xankənd Basqalın iki kilometrliyindədir. Rəhmətlik Ziya müəllim Basqalı bərk xoşlamışdı. O hesab edirdi ki, "Basqal" təmiz türk sözüdür. Bir neçə məna yozumu var - qala bas, qala qur, yarat, ucalt (bas qala, bas qal). Birinci və axırıncı mənaları sözün kökü üçün daha inandırıcıdır. Xüsusilə buradakı "Bas" və "Qal" feilləri dilimizin lüğət tərkibinin bünövrə daşlarındandır".

   "Basqal əcdadlarımızın əks-sədasıdır" - etnoqrafik əsər canlı muzey eksponatları kimi nəzərimdə canlanır. Sorağına düşdüyüm Cümhuriyyət tələbəsinin dünyaya göz açdığı əfsanəvi Azərbaycan kəndi orta əsrlərdə Şirvanın böyük toxuculuq və sənətkarlıq mərkəzlərindən biri imiş. Hələ 1862-ci ildə Azərbaycan ilk dəfə Londonda keçirilən Ümumdünya sərgisində iştirak etmişdi. Həmin sərgidə basqallı toxucu Nəsir Abduləziz oğlu nümayiş etdirdiyi nəfis kəlağayı və zərif danovuz parçaya görə gümüş medal və xüsusi diplomla mükafatlandırılmışdı.

   Basqalda hələ XI-XII əsrlərdə ruhani məktəbləri mövcud idi. XIX əsrdə Basqal mədrəsəsini bitirən onlarca gənc Nəcəfi-Əşrəfdə uğurla ali dini təhsil almışdı. Basqal uzun müddət Şamaxı qəzasına daxil olmuşdur. Şamaxı IX-X əsrlərdən başlayaraq Şərqin ən böyük ticarət və sənətkarlıq mərkəzlərindən biri olmaqla, maarif, mədəniyyət, elm korifeyləri, böyük alimlər, şairlər, siyasi xadimlər məskəni kimi tanınmışdır. Şamaxıda Azərbaycanın müxtəlif yerlərindən olan tacirlərlə yanaşı, İran, Hindistan, Rusiya, Gürcüstan, Qərbi Avropa ölkələrindən gələn tacirlərlə də rastlaşmaq olurdu. Şirvanda hazırlanan alətlər, mis qablar, ipək və xalılar çox məşhur idi. Bu cür əlaqələr Şamaxının cəmi 32 kilometrliyindəki Basqalda sənətkarlığın inkişafına və əhalinin ticarət işlərinə fəal qoşulmasına səbəb olurdu. XX əsrin əvvəllərində Basqal taciri Məşədi Məmmədtağı Londona səfərlərinin birində kəlağayı və danovuz toxunan dəzgahların quruluşunu öyrənmiş və Basqaldakı dəzgahları da bunlara uyğunlaşdırmışdı.

   Həmin vaxta qədər toxucu yalnız əli ilə işləyirdisə, yeni dəzgahlarda ayaqlar da iştirak edirdi, nəticədə istehsal üç dəfə artırdı.

   Basqalın qədim tikililəri, daş döşənmiş küçələri, bulaqları, yaşıl meşələri, bol meyvəli bağları kino sənətkarlarının diqqətini özünə cəlb edib. Xüsusilə rəhmətlik Tofiq Tağızadə bu ulu yaşayış məskəninin vurğunu idi. 1958-ci ilin may ayında "Uzaq sahillərdə" filminin çəkiliş qrupu tanınmış aktyorlarla Basqala gəlmişdi. Tofiq Tağızadə çayın cənub sahilində çəkiliş aparmağı qərara almışdı. Basqalın ümumi fonunda çəkiləcək epizod İtaliya partizanlarının fəaliyyət göstərdiyi qəsəbəni xatırlatmalı idi.

   Xalq artisti Ələsgər Ələkbərov, Anjelika rolunu oynayan leninqradlı gənc aktrisa, ata və oğul Boqolyubovlar, Nodar Şaşıqoğlu, Karranti rolunun ifaçısı və bir çox başqa artistlərdən ibarçət olan qrup yerli əhalinin böyük maracına səbəb olmuşdu.Çəkiliş üçün bütün texniki vasitələr hazır idi.

   Nəhayət, kitabda Basqalı şöhrətləndirən adamlar haqqında qısa məlumat və foto verilmişdir: Azərbaycanın Əməkdar Elm Xadimi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Maqsud Cavadov, Azərbaycanın xalq yazıçısı Əbülhəsən Ələkbərzadə , Azərbaycan Respublikasının Əməkdar müəllimi Rəfi Əliyev, Türkmənistan Respublikasının Əməkdar müəllimi Hilal Ələsgərov, polis polkovniki İbrahim Bağırov, tanınmış neftçi- mühəndis Səmayə Hüseynova, mahir təyyarəçi Salah Ələkbərzadə və başqaları.

   Təəssüf ki, mənim sorağına düşdüyüm Basqallı Əlibəy onların arasında yoxdur.

   2005-ci il avqustun 1-də səhər ezamiyyət vərəqəsini və müvafiq arxiv sənədlərini, bir də çalışdığım Təhsil Muzeyinin direktoru Lalə xanım Bayramovanın İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucova ünvanla-dığı rəsmi məktubu qovluğa qoydum, çantamı götürüb Bakıxanov qəsəbəsindən birbaşa avtovağzala aparan 9 nömrəli avtobusu gözlədim. Yarım saatdan sonra bu avtobusdan düşüb, İsmayıllı avtobusuna bilet aldım. Bakıdan ayrıldım, yol boyu olub-keçmişlər qəlbimdən boylandı.

   Cümhuriyyət tələbəsinin haqqında düşünərkən öz tələbəlik çağlarım da yada düşdü?

 

   İsmayıllı rayon təhsil şöbəsinin müdiri Rasim Orucov Azərbaycan Cümhuriyyəti tərəfindən Avropa ölkələrinə ali təhsil almağa göndərilmiş 100 nəfərdən birisinin İsmayıllının Basqal kəndindən olduğuna dair arxiv sənədləri ilə tanış olandan sonra şöbənin bütün əməkdaşlarını kabinetində topladı. Qonağı təqdim edəndən sonra onlara bildirdi ki, Təhsil muzeyinin kollektivi çox xeyirxah bir iş görür: "Burada 1919-cu ildə Azərbaycan Demokratik Respublikası tərəfindən xarici ölkələrə ali təhsil almağa göndərilmiş gənclərimizin barəsində məlumatlar toplanılır. Muzeyin ali təhsil şöbəsinin müdiri qonağımız Teyyub Qurbandan bu haqda danışmağı və suallarnıza cavab verməyi xahiş edirəm".

     Çıxışımın sonunda 1919-cu ildə dövlət vəsaiti ilə İstambul Hərbi-Tibbi Akademiyasına daxil olmuş Əlibəy Xələfbəy oğlu Məmmədovun arxiv sənədləri ilə təhsil işçilərini tanış etdim. Qəribə suallar da verildi.

   Məsələn, soruşuldu ki, 1919-cu ildə Demokratik Respublikanın ayaqları möhkəm yer tutmadığı bir zamanda Avropa ölkələrinə oxumağa göndərilən tələbələrin təhsilinə 4 milyon manat pul ayırmağa əsas vardımı?

   Mən dərhal cavab verdim: "Siz təhsil işçilərisiniz, bilməlisiniz ki, təhsil qədər millətimizin üzünü ağ edən bir amil, düşmənlərimizə qalib gələn bir mənəvi silah yoxdur".

   Ertəsi günü səhərdən axşamadək günümü Basqalda keçirdim. Yolumu vaxtilə Əlibəy Xələfovun oxuduğu Basqal orta məktəbindən başladım.

   Məktəbin direktoru Ağacəfər Qafarov məni səmimiyyətlə qarşıladı. Muzey guşəsindəki materiallarla tanış oldum. Aydın oldu ki, Cümhuriyyət tələbəsinin mədrəsədən sonra təhsilini davam etdirdiyi bu məktəb imiş.

   Məktəbin təməl daşı 1887-ci il avqustun 25-də ( 2017-ci ildə 130 yaşı tamam olacaqdır - T.Q.) qoyulmuşdur. Məktəbin təntənəli açılışında çıxış edən, gələcəyin böyük maarif xadimi olacaq 24 yaşlı Rəşid bəy Əfəndiyev demişdi: "Əziz atalar və babalar! Sizin pulunuzla açılan bu məktəb uşaqlarınızın burada aldığı elm, bilik, əməksevərlik və düzgünlüyü heç vaxt, heç kəs onlardan ala bilməz".

   Məktəbin muzey guşəsində məktəbin məzunları olmuş adlı-sanlı insanların fotoları və barəsində qısaca məlumat vardı. Məktəb Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Rəmzi Novruzovun adını daşıyır. Postament üzərində milli qəhrəmanın büstü ucalır.

   Mənə elə gəlir ki, Basqalın şəhid oğlu bir vaxtlar Cümhuriyyət tələbəsi olmuş həmkədlisinin içdliyi anda sadiq qalmışdır: "AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN SƏADƏTİ NAMİNƏ CAN-BAŞLA QULLUQ EDƏCƏK, ONUN ÜÇÜN LAZIM GƏLƏRSƏ HƏYATIMI BELƏ ƏSİRGƏMƏYƏCƏYƏM".

   Günorta məktəbin direktoru Ağacəfər müıəllimlə söhbətimizi kabinetində çay süfrəsi arxasında davam etdirdik. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan bir sənədin surətini ona göstərdim. Burada deyilir ki, Məmmədov Əlibəy Xələfbəy oğlu 1894-cü ildə Şamaxı qəzasının Basqal kəndində doğulmuşdur. Atası Xələfbəy Mahmudbəy oğlu, anası Nisbət xanım Ağabəy qızıdır.

   Görəsən Basqalda onları tanıyan bir ixtiyar, bir ağbirçək varmı?

       100 Cümhuriyyət tələbəsi

   (göndərildikləri ölkələr)

       Bakı

   1. Axundov Əjdərbəy İsgəndərbəy oğlu - Fransa

   2. Aslanov Teymurbəy Zəkəriyyəbəy oğlu - Fransa

 

   3. Cabbarov Ələkbər Kərbəlayi Məmmədəli oğlu - Fransa

   4. Cəfərov Əliyusif Məşədi Abutalıb oğlu - Türkiyə

   5. Dadaşov Ağaəbdülhüseyn Ələsgər oğlu - İngiltərə

   6. Əmircanov Əliyarbəy - Rusiya

   7. Əşrəfov İsrafil İsmayıl oğlu - Fransa

   8. Həsənov Əlimuxtar Yaqub oğlu - Türkiyə

   9. Kazımov Cəfər Kərbəlayi Ələsgər oğlu - Almaniya

   10. Mirqasımov Zeynalabdin Mirələsgər oğlu - Fransa

   11. Mustafayev Ağacəfər Kərbəlayi Əbdülyəhya oğlu - Almaniya

   12. Rəhimov Cəbrayıl Məmmədrza oğlu - Fransa

   13. Rzayev İskəndər Cabbarxan oğlu - Fransa

   14. Səlimov Hüseynqulu Yusif Kərbalay oğlu - Rusiya

   15. Yüzbaşinski İsmayıl Qafur oğlu - Rusiya

   16. Mustafayev Ağahəsən Manaf oğlu - Almaniya

   17.Dagirov Zaurbəy Yusifbəy oğlu - Fransa

   18. Əliyev Zeynalabdinbəy Hacı Ağabəy oğlu - İtaliya

   19. Məmmədov Həmid Məmməd oğlu - Almaniya

   20. Vəliyev İsgəndər Mahmud oğlu - İtaliya

       Bakı kəndləri

   21. Məmməd Hənəfi Zeynallı (Mərdəkan) - Türkiyə

   22. Pirverdiyev Hənifə Hacı Mahmud oğlu (Sabunçu) - Almaniya

   23. Sadıqov Mirsadıq Kərbəlayi Seyid Kamil oğlu (Maştağa) - Almaniya

   24. Quliyev Mirzə Hüseyn Kərbəlayi Hənifə oğlu (Bülbülə) - Almaniya

   25. Kərimov Əli Məşədi Xasbulad oğlu (Balaxanı) - Türkiyə

   26. Ağayev BalağaMəmmədhənifə oğlu (Fatmayı) - Fransa

      Gəncə

   27. Abdullayev Ağali Məşədi Rəsul oğlu - İtaliya

   28. Ağasıbəyov Yusif Süleymanbəy oğlu - Almaniya

   29. Bağırlı Abdulla Sadıq oğlu - Kiyev

   30. Bosnalızadə Məmmədrəşid Mustafa oğlu - Fransa

   31. Hacızadə Mirzə Məşədi Yusif oğlu - Almaniya

 

   32. Rəhimzadə Abdulla Məmməd oğlu - Almaniya

   33. Əbürrəhmanov Ağacəfər Məşədi Səftər oğlu - Almaniya

   34. Məmmədov Zal Məşədi Cavad oğlu - Almaniya

   35. Nağıyev Hüseyn Hacı Musa oğlu - İtaliya

       Şuşa

   36. Cavanşir Əbdülhəmid Həmid oğlu - Fransa

   37. Əliyev Ələkbər Qəhrəman oğlu - Almaniya

   38. Əliyev Əşrəf Ağali oğlu - Almaniya

   39. Əmirov Umbay - Odessa

   40. Hacıyev Bayram İbrahim oğlu - Fransa

   41. Hacıyev Məmmədbəy Kərimbəy oğlu - Almaniya

   42. Xaspoladov Xaspoladbəy İsmayıl oğlu - Almaniya

   43. Hacıyev Xasbulat İsmayıl oğlu - Rusiya

   44. Muradov Abbas Həmid oğlu - Fransa

   45. Musayev Cəmil İbrahim oğlu - Almaniya

   46. Muradov Məmmədbəy Fərhad oğlu - Fransa

   47. Münsüzadə Hilal Mirzəhüseyn oğlu - Almaniya

   48. Nərimanbəyov Yaqubbəy Əmirbəy oğlu - Fransa

   49. Salahov Yusif Məşədi Hüseyn oğlu - Almaniya

   50. Səfərov Məhiş Məşədi Hacı oğlu - Almaniya

   51. Vəzirov Aslanbəy Zeynalabdin oğlu - Fransa

   52. Yusifzadə Ağalı Cəlal oğlu - Fransa

   53. Zeynalov Behbudəli Məşədi Həmid oğlu - Almaniya

   54. Qədimov Lətif Şirin oğlu - Almaniya

   Şamaxı

   55. Axundov İsmayıl Əbdülxalıq oğlu - Almaniya

   56. Əliyev Abbasmirzə Əhməd oğlu - Almaniya

   57. İskəndərov Ağalar Məşədi Abbasqulu oğlu - Almaniya

   58. Seyidəliyev Mirməmmədrza Mir Abutalıb oğlu - Almaniya

   59. Məmmədov Ağababa Kərbəlayi Ələsgər oğlu - Xarkov

   60. Xudaverdiyev Əlibala Hacı Murtuza oğlu - Almaniya

 

   Salyan

   61. Hüseynov Əlihüseyn Ağahüseyn oğlu - Almaniya

   62. Hüseynbəyov Zenyalabdinbəy Adilbəy oğlu - Fransa

   63. Hüseynzadə Bəhrambəy İsmayılbəy oğlu - Almaniya

   Lənkəran

   64. Rzayev Nüsrət Rza oğlu - Almaniya

   65. Səidzadə Mirismayıl Hacı Seyid Əhməd oğlu - Almaniya

   Quba

   66. Hacızadə Səməndər Axund Zəki oğlu - Almaniya

   67. Məmmədov Hüseynbala Cəfərqulu oğlu - İtaliya

   Xaçmaz

   68. Həsənov Rzaqulu İsmayıl oğlu - Almaniya

   İsmayıllı

   69. Məmmədov Əlibəy Xəlilbəy oğlu - Türkiyə

   Şəki

   70. Nəbiyev Mahmud - Rusiya

   Ağdam

   71. Əliyev Firudin Əzim oğlu - Almaniya

   Tərtər

   72. Zeynalov Behbudəli Məşədi Həmid oğlu - Almaniya

   Füzuli

   73. Əlimuradbəyov Cümşüdbəy Əlimurad oğlu - Fransa

   Şəmkir

   74. Qaracəmilli Məcidbəy Qasımbəy oğlu - Rusiya

   Oğuz

   75. Tahirzadə Abdulla Mahmud oğlu - Türkiyə

   Ucar

   76. Sədi Hacı Həsən oğlu - Türkiyə

   Qazax

   77. Hüseyn Qasım Mustafa oğlu Şıxıyev - Almaniya

   78. Mustafayev Mustafa Molla Hacı Rəhim oğlu - Fransa

 

   Zəngəzur

   79. Sultanov Baxışəlibəy Rüstəmbəy oğlu - Almaniya

   80. Şahsuvarov Mürsəl Ədilxan oğlu - Almaniya

   81. Şahsuvarov Surxay Əzim oğlu - Almaniya

   İrəvan

   82. Ağabababəyov-Muğanlinski Əsildarbəy Abbasəlibəy oğlu - Almaniya

   83. Ağabababəyov-Muğanlinski Adilbəy Abbasəlibəy oğlu - Almaniya

   84. Əfəndiyev Məmmədəmin - Almaniya

   85. Rəcəbov Əhməd Məşədi Cabbar oğlu - Almaniya

   86. Rizayev Tağı Kərbəlayi Əsgər oğlu - Fransa

   Tiflis

   87. Atamalıbəyov Abbasbəy Seyfullabəy oğlu - Fransa

   88. Dursunzadə Məmməd Zəki - Türkiyə

   89. Məmmədov Qəhrəman İsrafil oğlu - Almaniya

   90. Muxarski Süleyman Bəkir oğlu - Fransa

   91. Ağarəhimov Məhəmməd Paşasadıq oğlu - Almaniya

   92. Topçubaşov Rəşidbəy Əlimərdanbəy oğlu - Almaniya

   93. Vəkilov Mustafa Məmmədağa oğlu - Fransa

   94. Hüseynzadə Salman Hüseyn oğlu - Almaniya

   Dağıstan

   95. Abdinov Bəhram Əlövsət oğlu - Almaniya

   96. Əfəndiyev Abdulla Molla İbrahim oğlu - Almaniya

   97. Xrimanov Zəkəriyyə Əbdülrəşid oğlu - Almaniya

   98. Teymurxanov Muradbəy Zabir oğlu - Almaniya

   99. Şahnəzərov Əhməd Hacı oğlu - Fransa

   Daşkənd

   100. Umudov Mirzə Mənsur Hakim oğlu - Fransa

   Cümhuriyyət tələbələrinin andı

   "Qadir Allah və öz vicdanım qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçün nə gücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".

Teyyub QURBAN

 Ekspress.-2014.- 19-21 aprel.-S.14-15.