Hesablama Palatası parlamentdə hesabat verdi

 

Dünən Milli Məclisin (MM) yaz sessiyasının növbəti plenar iclası keçirildi. Deputatlar iclasa cari məsələlərin müzakirəsi ilə başladılar.

 

   Qeyd edək ki, bəzi deputatlar Bakı Ağır Cinayətlər Məhkəməsində "Nida" Vətəndaş Hərəkatının üzvlərinə dövlət ittihamçısı tərəfindən uzun müddətə azadlıqdan məhrumetmə cəzası ilə bağlı istənilməsinə münasibət bildirdilər. Bu məsələnin müzakirəsi zamanı YAP-çı deputat Siyavuş Novruzovun "Molotov kokteyli"nə, "Molotov kotleti" deməsi isə zaldakıların gülüşünə səbəb oldu.

   Deputat İqbal Ağazadə "Nida"çı gənclərin məhkəmə prosesinə və dövlət ittihamçısının onlara yanaşmasına etiraz etdi. "Mən sadəcə olaraq prokurorun yanaşmasına və onun istədiyi işə baxanda dəhşətə gəldim. 8 il, 6 il, 7 il. Sanki bu insanlar hansısa bir ağır cinayətdə ittiham olunurbunlara qarşı irəli sürülən ittihamlar öz sübutunu tapmış kimi görünür. Halbuki o məhkəmə prosesini izləyənlər hamısı görürdü ki, məhkəmədə hər bir şey sadəcə söz oyunundan, saxta şahidlərdən başqa bir şey deyil. Nə vaxta qədər məhkəmə sistemində bu proses davam edəcək? vaxta qədər gənc uşaqları - o insanlar ki, onlar Azərbaycanın gələciyi üçün xeyir verə bilərlər - o insanlara 8 il, 10 il məhkumluq həyatı yaşadıb, onları yararsız kimi cəmiyyətə buraxacaqlar" deyə sual edən İ.Ağazadə hesab edir ki, "Nida"çı gənclərə bu qədər cəza istənilməsi prokurorluq orqanlarını da pis vəziyyətdə qoyur: "Qarşıdan Respublika günü gəlir. Yaxşı olar ki, həmin gün Milli Məclis tərəfindən amnistiya aktı qəbul olunsun. Həmin şəxslər də azad olunsun".

   Siyavuş Novruzov isə bildirdi ki, "Nida"çı gənclərin məhkəməyə düşməsinə görə onları öyrədənlər məsuliyyət daşıyır. O, həmkarı İ.Ağzadənin səsləndirdiyi suala da cavab verdi: "Bu sualı həmin o uşaqları öyrədib əlinə "Molotov" kotleti verən, əlinə daş, dəmir parçası verib polisin üzərinə göndərən adamlara ünvanlayın. Öz övladlarını qoyub, başqasının övladının beynini doldurub, qızışdırıb müxtəlif qanun pozuntusuna yönəldirənlərdən soruşun. Siz hər gün onlarla görüşürsünüz, söhbət edirsiniz. Niyə xalqın uşaqlarını bədbəxt edirsiz? Niyə onları ali məktəblərə, universitetlərə, kitabxanalara, ağac əkməyə, yol çəkməyə yox, məhz polisin üzərinə, ixtişaş törətməyə, əhalinin əmlakına ziyan vurmağa göndərirsiz?"

   Fazil Mustafa isə "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunun müzakirəsinə ehtiyac olduğunu dedi. Deputat hesab edir ki, çox vaxt istintaqın gəldiyi nəticələr özünü təsdiq etməyəndə insanlar əsassız olaraq daha çox həbs yerlərində saxlanılırlar: "Təklif edirəm ki, bu məsələni təklif kimi nəzərə alsınlar".

   F.Mustafa Sərsəng su anbarında yaranmış təhlükə ilə bağlı da danışaraq bildirdi ki, deputat Elxan Süleymanovun təşəbbüsü ilə qəbul olunan sənəd Azərbaycanın milli maraqlarına təsir edən bir məsələdir: "Xahiş edirəm, Yevlax, Bərdə, Ağdam və Tərtərin millət vəkilləri də bu məsələdə ciddi həssaslıq göstərsinlər. Çünki iyulun 12-də Nikosiyada bu məslə ilə bağlı məruzəçi təyin olunacaq. Həmin məruzəçinin materiallarla təmin olunması vacibdir. Sərsəng su anbarının hündürlüyü 128 metrdir. Ermənilər hər hansı təxribat törətməsələr belə hər hansı bir qəza baş verərsə, 400 min Azərbaycan vətəndaşı bir saat ərzində məhv olma təhlükəsi qarşısındadır. Odur ki, məruzəçinin gəlişi ərəfəsində onun materiallarla təmin olunmasına ehtiyac var".

   Zahid Oruc isə beynəlxalq münasibətlərdəki ikili standartlara etiraz etdi. O, ABŞ prezidenti Barak Obamanın Dağlıq Qarabağ məsələsinə biganə yanaşdığını dedi. "Nə üçün Ermənistan bu günə kimi sanksiyalara məruz qalmayıb? Ona görə ki, Azərbaycanın əhəmiyyəti Ukraynadan aşağıdır? Ona görə ki, Xəzər dənizi resursları Qara dənizinki kimi əhəmiyyət kəsb etmir? Baxın, Obama Ukrayna hadisələrinə görə artıq 8-ci dəfədir ki, Putinə telefon açır. Avropa ölkələrinin rəhbərləri ilə danışıqlar aparır. Buna bir sözümüz yoxdur. Dünyanın güc mərkəzləridir. Bir dəfə görmüsünüz ki, Obama Qarabağa görə Putinə telefon açsın? Hətta bu o qədər baş verməyib ki, tribunadan bunun səsləndirilməsi bir qədər ritorik səslənmir, insanları da inandırmır".

   Qənirə Paşayeva isə ön cəbhədə yaşayanlarla bağlı təklif verdi. Q.Paşayeva hesab edir ki, ali məktəblərə daxil olan tələbələr bütün ödənişli təhsildən azad olmalı, kommunal xidmətlərdə güzəştlər olmalı, yerləri quran insanlar tamamilə vergidən azad olunmalı, bərpa agentliyi dağıdılmış evlərin bərpa olunması işini sürətləndirməli, hədəf altında olan evlərə divarlar tikilməli, sosial yardımların təyin edilməsində ön cəbhə kəndlərinə güzəştlər edilməlidir.

   ***

   İclasda Hesablama Palatasının 2013-cü il üzrə hesabatı da dinlənildi. Palatanın sədri Vüqar Gülməmmədov bildirdi ki, rəhbərlik etdiyi qurum ötən il xeyli miqdarda vəsaitin dövlət büdcəsində və müvafiq qurumlara qaytarılmasına nail olub. Onun sözlərinə görə, Hesablama Palatası ötən il 75 audit yoxlaması həyata keçirib. Bu zaman aşkarlanan pozuntuların əksəriyyəti büdcə qanunvericiliyinin pozulması, mühasibat uçotunun yanlış aparılması ilə əlaqədar olub: "Büdcədən vəsaitlər smetada göstərilməyən xərclərə yönəldilib, satınalma aparılmayıb, bəzi hallarda isə satınalmanın nəticələri nəzərə alınmayıb. Tikintilər zamanı layihə-smeta sənədlərinin ekspertizadan keçirilməməsi, lisenziya olmadan fəaliyyətlə bağlı nöqsanlar aşkarlanıb".

   V.Gülməmmədov onu da bildirdi ki, Hesablama Palatası ötən il büdcə qanunvericiliyinin pozulması nəticəsində aşkarlanan 4,3 milyon manat, 38 min avroluq vəsaiti dövlət büdcəsinə ödətdirilməsinə nail olub. "Dövlət Sosial Müdafiə Fonduna 196 min manat köçürülüb. 232 min manata yaxın vəsait bərpa edilib. Vergilər Nazirliyi ilə birlikdə 2,5 milyon manatlıq əlavə vergilər hesablanıb. 1,7 milyon manatlıq əlavə və xidmət müəyyənləşdirilib. 1,2 milyon manatlıq inventar avadanlıq və dərman vasitələri alınaraq dövlət orqanlarına verilib. Uçotdan kənarda qalan 49,5 milyon manatlıq vəsait uçota alınıb" deyən Gülməmmədov ötən il Hesablama Palatasının 132 təqdimat hazırladığını da qeyd etdi. Dediyinə görə, bunların 25 faizi nazirliklər, dövlət komitələrinə göndərilib. Görülən işlərlə əlaqədar 254 nəfər məsul şəxs intizam tənbehinə məruz qalıb.

   Müzakirələr zamanı Qənirə Paşayeva bildirdi ki, hesabatda öz əksini tapan bəzi məsələlərin və problemlərin həlliini vacib sayır. Onun sözlərinə görə, hesabatda Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə ayrılan vəsaitlərin icrasının auditi aparılıb: "Auditin nəticələri açıqlandığı zaman bəzi problem şəklində qeyd olunan məsələlər öz həllini tapmalıdır. Hesabatda vurğulanır ki, 2013-cü ildə mərkəzləşdirilmiş xərclərdən alınmış qlükometrlərin şəkərli diabet xəstələrinə paylanması təmin edilməyib və audit dövrünün sonuna qədər mərkəzin anbarında saxlanıb. Şəkərli diabet üzrə proqramın icrası çox önəmlidir. Çünki şəkərli diabetdən əziyyət çəkən xəstələrimizin sayı kifayət qədər çoxdur. Vacibdir ki, bu qlükometrlər xəstələrə paylansın. Bu məsələnin təcili şəkildə öz həllini tapması lazımdır. Çünki xəstələrin buna çox ciddi ehtiyacı var".

   Q.Paşayeva bildirdi ki, Azərbaycanda məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramı üzrə 2007-2010-cu illər üçün nəzərdə tutulan vəsait icra edilməyib: "Əgər bu vəsait varsa, təcili şəkildə məktəbəqədər təhsilin yeniləşdirilməsinə yönəldilsin".

   Fərəc Quliyev isə bildirdi ki, rayonlardan seçilən deputatlar maliyyə baxımından çox əziyyət çəkirlər: "Bu gün Azərbaycanın hər tərəfdən üzərinə düşüblər. Deputatlar cəmiyyətlə hakimiyyət orqanları arasında ən ciddi körpüdür. Onlara şərait yaratmaq lazımdır ki, yerlərə getsinlər, rayonlara getsinlər, insanlarla görüşsünlər. Deputat adi bir avtomobillə belə təmin olunmayıb. İcra aparatlarında şöbə müdirlərinə avtomobillər verilir. Təklif edirəm ki, Milli Məclisin özünün ehtiyat fondu yaradılsın".

 

   Elmira Axundova isə rayonlarda məktəbəqədər təhsil müəssisələrinə diqqət yetirilməsini istədi. Onun sözlərinə görə, son illər kəndlərdə bağçaya tələbat artıb: "Hesabatda diqqətimi çəkmiş bir faktı xüsusi qeyd etmək istəyirəm. Bağçalar üçün ayrılan vəsait icra edilməyib. Niyə? Bunun səbəbi niyə açıqlanmır? Bilmək istərdim ki, eyni qanun pozuntusu, eyni problem niyə ildən-ilə ötürülür?"

   E.Axundovanın dediyinə görə, hesabatda göstərilir ki, təhsilə ayrılan pul ötənilki ilə müqayisədə 8 faiz çoxdur. "Arzu edirəm ki, bura müəllimlərin məvacibi də aid olsun. Üstəlik, texniki peşə sahələrinə nəzər yetirdikdə görürük ki, sanki bu sahəyə heç kimdə həvəs yoxdur. Fikrimcə, bu sahəyə diqqət yetirilməlidir. Mənzil-kommunal təsərrüfatı xərcləri və dövlətin əmlak alqı-satqısında real bazar qiymətləri nəzərə alınmır. Bunlar gizli biznesdir. Burada süründürməçiliklər var".

   Vahid Əhmədov isə bildirdi ki, Hesablama Palatası ortaya çıxardığı qanunsuzluqları törədənləri bəzi nazirliklər cəzalandırmayıb. Dediyinə görə, 2013-cü ildə Təhsil Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Mədəniyyət və Turizm Nazirliyi sistemində müəyyən qanun pozuntularına rast gəlinib. "Bu gün yeni layihələrə 1 milyard dollara qədər vəsait ayrılıb. İstərdim ki, bu layihələrə də Hesablama Palatası nəzarət etsin" deyən V.Əhmədov satınalmalarla bağlı qanuna yeni təklif də irəli sürdü: "Satınalma ilə bağlı qanuna da yenidən baxılmalıdır. Bu sahədə problemlər mövcuddur. Həmçinin Hesablama Palatasına əlavə səlahiyyət də verilməlidir".

   Qeyd edək ki, deputatlar Hesablama Palatasının hesabatına müsbət rəy verdilər.

   İclasda Cinayət Prosessual Məcəlləsinə dəyişiklik də edildi. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, bu məcəlləyə əsasən şübhəli şəxs qismində tutulan şəxs indiyədək 48 saatdan çox saxlanıla bilməzdi: "48 saat müddətində şübhəli şəxs ya azadlığa buraxılmalı, ya da barəsində həbs-qətimkan tədbiri seçilməlidir. Təcrübə göstərir ki, bu vaxt yetərli deyil. Təklif edilir ki, real istintaq tədbirlərinin keçirilməsi, şübhəli şəxsin daha yaxından öyrənilməsi, istintaqın obyektiv aparılması üçün müddət 96 saata qaldırılsın".

   Qüdrət Həsənquliyev isə təklifi dəstəkləsə də, ancaq bu məcəllənin 148.7 maddəsi ilə razı olmadğını bildirdi. "Məsələ toplantıların keçirilməsi ilə bağlıdır. Bu, insan və vətəndaşın əleyhinə olan cinayətlər fəslinə aiddir. Hesab edirəm ki, sözügedən maddə çıxarılmalıdır. Toplantını keçirən şəxslər İnzibati Xətalar Məcəlləsi əsasında cəzalandırıla bilər. Toplantıların qaydasını pozan şəxsə 2 gün müddətinə ittiham irəli sürülə bilmirsə, müddət daha 2 gün uzadıla bilər. 169-cu maddənin bura salınmasını ümumiyyətlə mən başa düşə bilmirəm. Təklif edirəm ki, bu maddə Cinayət Prosessual Məcəlləsindən çıxarılsın. Bəlkə 4 gündən sonra məhkəmə şəxsi cərimə edib buraxacaq. Fikrimcə, alternativ cəzalar məsələsi varsa, şəxsin barəsində həbs-qətimkan tədbiri seçilməlidir".

   Müzakirələrdən sonra sözügedən məcəlləyə dəyişiklik qəbul edildi.

 

  

Aqil ASLAN

 Ekspress.-2014.- 19-21 aprel.-S.16.