"Mən şou-biznesdə deyiləm..."

 

İlqar Muradov: "Həmişə bir əlimdə şükür, bir əlimdə səbr olub"

 

Əməkdar artist İlqar Muradov, özünün dediyi kimi, ömrü boyu musiqi ilə məşğul olub. O, xalq, bəstəkar mahnılarını dünyanın bir çox ölkələrində oxuyub...

   Onun həzin, məlahətli səsini dinlədikcə ötən günlərə qayıdırsan, bir uşağın sevgisi, bir gəncin ilk məhəbbəti, bir sözlə, yada düşür xatirələr. "Bir ömrün nəğməsi", "Mənim 17 yaşım var", "Bu dünyanı nağıl bilək", "Peşiman olarsan" mahnıları insanın ruhunu oxşayır...

   İlqar Muradov alicənablığı, sakit, ciddi, ağır təbiəti, qalmaqallardan uzaq olması ilə də seçilir və uzun zamandı yaddaşlarda belə qalıb....

     - İlqar müəllim, söhbətimizə sənətə gəlişinizdən başlayaq.

   - Mən, əslində, 5 yaşında pianoda çalıb-oxuyurdum. Məndən böyük bacım, qardaşım musiqi məktəbinə gedirdilər. Valideynlərimin dediyinə görə, mən onların ikisindən də istedadlı olmuşam. Sonra mən Naxçıvanda 7 illik Orta İxtisas Musiqi Məktəbinin piano şöbəsini bitirdim. Demək olar ki, ömrüm boyu musiqi ilə məşğul olmuşam. 1981-ci ildə bizim dahi sənətkarımız, mərhum Rafiq Babayev məni Bakıya dəvət etdi. Həmin vaxtlardan da daha professional səhnələrdə, dünyanın bir çox ölkələrində azərbaycan dilində oxuyaraq Azərbaycan musiqisini təbliğ edirəm, Azərbaycan incəsənətini təmsil edirəm. Bu da məni sevindirir, mənə xoşbəxtlik gətirir.

   - Səhv etmirəmsə, bu il İlqar Muradovun 57 yaşı tamam olacaq. Bu günə kimi nəyi itirmisiniz və nəyi qazanmısınız?

   - Mən Allahımdan çox razıyam. Allaha şükür ki, bizim bu zəngin incəsənətimiz mənə çox böyük azadlıq verib. Bu da nə ilə bağlıdır? İnsanlar arasında məhəbbət, hörmət, insanların incəsənət nümayəndələrinə diqqəti, dövlətimizin qayğısı -bu məsələlər də mənə həmişə xoşbəxtlik gətirib.

   İtirməyə qalanda ki, bizim hörmətli şairimiz Zəlimxan Yaqubun sözlərinə bir mahnı oxumuşam: "Ömür qısa, vaxt amansız". Vaxt uçur, hamısı da ömürdən gedir. İtirmək odur ki, yaradıcılıqda daha çox nəsə yazıb-yaratmaq lazım idi bəlkə də. Düşünürəm ki, bu barədə vaxt məhdudluğu həmişə imkan verməyib. Amma daha çox qəlbimdə olan mahnıları lentə yazardım. Demək olar ki, bizim xalq mahnılarının hamısını.

   - Sizin belə bir ifadəniz var: "Allahı sevmək lazımdır".

   - Ümumiyyətlə, mənim həmişə bir əlimdə şükür, bir əlimdə səbr olub. Həmişə Allaha şükür eləyib, səbirli olmuşam. Allahı sevməyən insanlar, düşünürəm ki, kafirlərdir. Mən insansevər adamam. Allah da həmişə mənim qarşıma gözəl insanları çıxarıb. Ona görə də mən illər boyu Azərbaycan xalqından hörmət, diqqət görmüşəm. Bir növ xalqımız məni öz ərköyün balası kimi yaşadır. Mən başqa ölkələrdə olanda, bir həftə-on gündən sonra Azərbaycan üçün çox darıxıram. Çünki xalqımızın, məhəbbəti, hörməti, qayğısı diqqəti Allahın mənə verdiyi paydı.

   - Həmkarlarınızdan biri deyir ki, hər hansı müğənni əgər oxuyursa, demək, o, şou-biznesdədi. Sizcə, bu fikir doğrudur?

   - Mən o müğənninin fikri ilə tam razı deyiləm. Düzdür, müəyyən biznes var musiqi sahəsində. Toyla, müəyyən məclislərlə bağlı... Amma bu o demək deyil ki, bütün musiqiçilər şou-biznesdədirlər. Şou-biznes təhqiramiz biznes deyil. Şou-biznesdə də düzgün biznes qurub hər şeyi yaxşı səviyyədə eləmək olar. Şou-biznes dünyada 3-4-cü ən yaxşı bizneslərdən biridir. Bizdə də şou-biznesin çox yaxşı nümayəndələri var. Bu biznesdən çox yaxşı səviyyədə istifadə eləyən kolleqalarım, müğənnilərimiz var. Sadəcə, mən şou-biznesdə deyiləm. Mən o mahnıları oxuyuram ki, onları özüm sevirəm. Amma şou-biznesdə belə bir şey var ki, gərək insanlar sevən və tələb edən mahnını oxuyasan. Bayağı mahnılar, sifarişli mahnılar yazılır, hansı ki, şou-biznesdə o mahnıların hesabına pul qazanılır...

   - Bəs şou-biznesdəki qalmaqallara necə baxırsınız?

   - Çox pis baxıram. Şou-biznes aləmində dünyanın hər yerində belə qalmaqallar var. Təbii ki, biabırçı şəkildə yox. O qalmaqallarda da bir gözəllik, bir insaniyyətlik, bir mədənilik hiss olunur. Qalmaqal ola bilər şou-biznesdə. Bu bir aksioma şəklini alıb bütün dünyada. Mən düşünürəm ki, qalmaqallarda da insan mədəniyyətini qorumalı, davranışına nəzarət eləməlidir. Çünki xalqın gözü tərəzidir. Uşaqlar, gənclər üçün televiziya bir növ maariflənmə vasitəsidir. Televiziyadan gələcək nəslin düzgün tərbiyələnməsinə çalışmaq lazımdır. Bizdə qalmaqalı da elə relkam eləyir, şişirdirlər ki, lap ürəkbulandırıcı səviyyəyə qədər... Mən bu cür qalmaqalı heç bəyənmirəm.

   - Yəni, şou-biznesin də öz bambılıları var...

   - Bambılı dedin, bir nəfər yadıma düşdü (gülür). O vaxt naxçıvanlılar həmin o bir nəfərə bambılı deyirdilər...

   Bambılılara aid bir atalar sözü var bizdə: utanmasan oynamağa nə var ki! Musiqidən uzaq olan utanmaz adamlar gəlib doluşurlar səhnəyə. Utanmırlar nə oynamağa, nə də oxumağa. Heç birini də bacarmırlar. Onları da çəkib efirə verirlər...

   - Son vaxtlar kişi müğənnilərin səhnədə açıq-saçıq geyimi ilə bağlı müsbət fikirlər səslənir...

   - Kişilərdən kim soyunur ki səhnədə? Bu heç bizim mentalitetə yaxın deyil. Müəyyən azad ölkələr var, orda hər şey ola bilər. Gənclər elə kliplərə baxırlar ki, orda idmançılar və idmanstilli bədənləri çəkirlər kliplərə. Düşünürəm ki, belə şeylər gənclərə təsir edir. Hesab etmirəm ki, bizim mentalitetdə bu alqışlansın. Bizdə qadınlar soyunur, onlara o qədər yaxşı baxmırıq, qaldı ki, kişilərin soyunmağı.

   - Bildiyim qədər, idmanın bilyard növü üzrə məsul vəzifə daşıyırsınız...

   - Bu vəzifə var idi. Uzun illər idi, Bilyard Federasiyasının vitse-prezidenti idim. Prezident də hörmət bəslədiyim Azərbaycan ziyalılarından İlham Aslanov idi. 2012-ci ildən biz federasiyanı təhvil verdik. İndi heç mənim vaxtım da olmur bilyard oynamağa. Amma bu oyunu çox sevirəm. Mən uşaq vaxtından bilyard oynamışam. Stolüstü tenisi də çox sevirəm.

   - Gəlin, bir qədər də son vaxtlar çəkdirdiyiniz kliplər barədə danışaq.

   - Bu yaxınlarda zəng gəldi ki, gedək Latviyaya, orda klip çəkək. Orda çox yaxşı tanıdığımız bir komanda vardı. Çünki Pribaltikada kino sahəsi SSRİ-nin vaxtında da çox güclü olub. Böyük Vətən Müharibəsində mənim böyük dayım Kazım Talıbov həlak olub. Onun məzarını 30 ildən sonra dayım oğlu Natiq müəllim tapmışdı. Anam da, yaxın qohumlarımız da orda olmuşdu. Amma mən təəssüf edirdim ki, indiyə qədər orda olmamışdım. Qismət oldu, həm Riqada klip çəkməyə getdim, həm də dayımın qəbrini ziyarət etdim...

   Bu klipi "Peşman olarsan" mahnısına çəkdirmişəm. Bütün komanda Riqadandır. Bu yaxınlarda klip efirdə olacaq. Düşünürəm ki, çox müvəffəqiyyətli bir işdir. Buna minifilm demək olar. Klipdə mən bir sevgi əhvalatı danışıram...

   - "Həmin küçə, həmin şəhər. O küçənin döngəsində, o ağacın kölgəsində yenə məni gözləyirsən..." Sizcə, indi bu xatirələri yada salan varmı?

   - Bu sətirlər "Bu dünyanı nağıl bilək" mahnısındandır. Mahnının sözləri Kəmalə Əliyevanın, musiqisi Aygün Səmədzadənindir. Bu mahnı uzun illərdir ki, populyardır. Hansı tədbirdə oluramsa, bu mahnını ifa etməyi xahiş edirlər. Öz xatirələrim yadıma düşür. Bəlkə də mənim yaşıdlarım daha çox bu sözləri mənə deyibdir. Bu mahnı çox sevilən və qəlbə yaxın mahnıdır. Bu mahnını birinci mən özüm düşünüb hiss etmişəm. Ona görə də yaxşı alınıb. Hər kəsin öz qəlbində öz şəhəri var. Harda ki, böyüyüb, həyatı, gəncliyi ora bağlıdır. Öz küçəsi də, məhəlləsi də, ağacın kölgəsi də var. Ona görə hər kəs bu mahnıdan özünə bir pay çıxır. Mən belə hiss etmişəm həmişə.

   - Həmkarlarınızın oxuduqları mahnılara necə qiymət verirsiniz?

   - Biz Azərbaycan xalqı çox istedadlı xalqıq. Maşallah, Azərbaycanda bir-birindən gözəl, sevilən o qədər müğənni var ki... Böyük əksəriyyətini bəyənirəm müğənnilərin. Ərkim çatan çox az gənc müğənniləri tənqid, tənbeh edirəm...

   - Üç oğlunuz var. Onların arasında sizin sənətinizi davam etdirəni varmı?

   - Oğlanlarımın heç birini musiqi məktəbinə qoymamışam. Mən hiss edirdim ki, onlar musiqi ilə bağlı o qədər də istedadlı deyillər. Düzdür, balaca oğlum Əvəzdə istedad var idi. Onu da musiqiyə yönəltmədim. Amma təəssüf edirəm ki, onlar musiqiçi deyillər... Hərəsi öz sahəsi üzrə işləyir.

   - Demək olar ki, hər kəsin uşaqlıq məhəbbəti olub. Siz necə, bu hissləri keçirmisinizmi?

   - Biz hamımız indiyə qədər də orta məktəbdə oxuduğumuz sinif yoldaşlarımızla dostluq edirik. Bir neçə il qabaq hətta məktəbi bitirməyimizin 35 illiyini Naxçıvanda qeyd etdik. Çox mehriban sinif idik. Uşaq məhəbbəti olaraq "Pionerlər evində" bir qız xoşuma gəlirdi. "Mən bunu sevirəm deyəsən" düşünürdüm...

   17 yaşında bəlkə də ilk məhəbbət olub... Belə anlar hamımızda var. O da konkret məhəbbət olmayıb. Bunu uşaqlıq məhəbbəti sayıram. İndi üçün çox gülməlidir. Amma çox şirin, çox gözəl xatirələrdir əslində. Kaş elə bizim 17 yaşımız olaydı indi.

   - Qadınların güclü varlıq olduğunu deyirsiniz...

   - Qadınlar dünyanın ən zərif, ən gözəl, ən güclü, həm də müqəddəs varlığıdır. Mənim çox böyük hörmətim var məxsusi olaraq qadınlara.

   - İlqar müəllim, Azərbaycan musiqisini xaricdə necə təbliğ edirsiniz?

   - Mən 30 ilə yaxındır ki, Azərbaycan musiqisini təbliğ edirəm. Mərhum bəstəkar-pianoçu Rafiq müəllimin davamçısı olaraq dostum Siyavuş Kərimi ilə əl-ələ verib başqa-başqa ölkələrdə Azərbaycan musiqisini təbliğ edirik. Bir neçə layihələrdə də iştirak etmişəm. Misal kimi Norveç xoru ilə olan layihəni göstərə bilərəm.

   1995-ci ildə mərhum səyyah Tur Heyerdal Azərbaycana gəldi. Sübut etdi ki, norveçlilərin əcdadları bizim torpaqlardan köçüb gediblər. Onun ideyası ilə layihə yazıldı. Bu proyekt ən yaxşı proyektlər sırasına düşdü. Orda həm bəstəkar, həm də xalq mahnılarından istifadə etdik.

   2013-cü ildə də Avropanın bir neçə ölkəsində mütəmadi konsertlər vermişik. Bu il də, yəqin, layihəmiz olacaq.

   - Mədəniyyət və İncəsənt Universitetində dərs deyirsiniz. Bir müəllim kimi tələbələrinizdən razısınızmı?

   - Maşallah. Tək mənim tələbələrim yox, İncəsənət Universitetində, Milli Konservatoriyada tələbələrimiz bir-birindən yaxşı oxuyurlar. Mən estrada müasir musiqilər kafedrasında dərs deyirəm. Çox yaxşı tələbələr var. Onların hamısını lentə yazmaq istəyirəm. Onlara kömək eləmək istəyirəm. Onlar çox istedadlıdırlar.

   - Arzularınızı bilmək maraqlı olardı.

   - Arzu sonsuzdur. Hər bir insanın qəlbində çoxlu arzu var. Mən arzu edirəm ki, ətrafımda olan əziz insanların hamısı sağlam olsun, xoşbəxt olsun. Əmin-amanlıq olsun.

   Arzum budur ki, müharibələr, konfiliktlər qurtarsın. Bizim bu Qarabağ məsələsi, torpaqlarımızın işğaldan azad olunması məsələsi tez bir zamanda həll olunsun.

   Arzu edirəm ki, xalqımız daha xoşbəxt, əmin-amanlıq şəraitində yaşasın.

   Qarabağ, Xocalı, 20 Yanvar hadisələri bizi çox üzüb. Müharibə ilə bağlı zərbələr, itkilər, qaçqınlar problemi gələcəkdə heç vaxt olmasın...

 

  

     Namiq MƏMMƏDLİ

     Ekspress.-2014.- 19-21 aprel.-S.20.