Kinorejissorlar teatrdan
uzaqlaşıblar...
Aktrisa Mətanət Atakişiyeva
üsyankar, ifritə və cinayətkar obrazlar yaratmaq istəyir
Milli Dram Teatrının
aktrisası, əməkdar artist Mətanət Atakişiyeva
özünü aktrisa kimi tələbəlik illərində
təsdiq edib. İlk dəfə "Poçt şöbəsində
xəyal" tamaşasında Ədilə obrazı yaradan
aktrisa sonralar həm teatr, həm də kino
rejissorlarının diqqətini özünə cəlb
edib.
-
Belə bir fikir var ki, ilk rol aktyorun həyatında önəmli
yer tutur...
- Əlbəttə
ki, bu fikirlə razılaşmamaq mümkün deyil. Çünki həqiqətən ilk rol aktrisanın
özünə olan inamını, daxili dünyasının nə
qədər zəngin olmasını açıq şəkildə
ortaya çıxarır. Təsadüfi deyil ki, əksər
aktyorlar məhz ilk roldan qazandığı uğur nəticəsində
səhnə dünyasının qapısını taybatay
açmağa nail ola bilir. İstisna məqamlar
da ola bilər, ancaq şəxsən mənim
üçün sənət sevinci, sənət uğuru ilk
rolumla- Elçinin "Poçt şöbəsində xəyal"
əsərindəki Ədilə obrazı ilə
başladı. O zaman 3-cü kursda idim. Tələbəlik
illəri nə qədər qayğısız olsa da, mən gəldiyim
sənətin məsuliyyətini tam olaraq dərk edirdim və
bu məsuliyyət hissi illər keçsə də, bir an
olsun belə məni tərk etmir. İllər
sonra Elçin müəllimin qələmə
aldığı başqa bir əsər- "Arilar
arasında"da Dayeni oynadım. 25 illik
fasilədən sonra yenidən Elçinin əsərində
rol almışdım. Hələ əsərin
müzakirəsi zamanı Elçin müəllimin məndən
bəhs etdiyini "Mətanət xanım, gənclik illərində
mənim əsərimdə rol alıb" dediyini və
oynadığım roldan razı qaldığını duydum.
25 il keçməsinə baxmayaraq, görkəmli
yazıçı keçmişi xatırlatmaqla sanki
yazıçı yaddaşının güclü olduğunu
bir daha təsdiqlədi. Ancaq 30 il ərzində
oynadığım rollar heç də Ədilə
obrazından geri qalmadı, əksinə hər bir rolumda
uğur sanki mənimlə idi. Onu da qeyd edim ki, tələbəlik
illərim 1980-ci illərə təsadüf edir.
- Teatr aləmində o illərdə
güclü sənət nümunələri
yaradılırdı...
- Əslində sənət
gücü heç bitməz, eyni zamanda hər dövrün
öz sənət nümunəsi var və yeni-yeni nümunələr
də yaranmağa davam edir. Sadəcə, hər
dövrün öz tələbatı var. Artıq XXI əsrdir,
texnologiya əsridir, informasiya mənbələri çox
güclüdür. Texnologiyada o qədər
sürətli inkişaf var ki, o inkişafı təqib etmək
üçün mütləq həmin sürətin nəbzini
tutmalısan. Sənət dünyası da
belə bir yeniliklərdən geri qalmır, əksinə
yeniliyi qabaqlamasa belə, yeniliklərlə bərabər
addımlamağa cəhd edir.
- 4-cü kurs tələbəsi
olduğunuz zaman Azərbaycanın ən önəmli
teatrına Milli Dram Teatrına dəvət
almışdınız...
- Bu, Milli Dram teatrının ən
qaynar fəaliyyət dövrünü yaşadığı
illər idi. Qeyd etdiyim kimi, tələbəlik
illərində ardıcıl oynadığım rolların nəticəsidir
ki, elə tələbə vaxtı da bu teatra dəvət olundum.
Bundan böyük uğur təsəvvür etmək
çox çətindir. 4-cü kursda
İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər"
əsərində Anjel obrazı mənə
tapşırılmışdı. Bir
haşiyə çıxmaq istərdim, o dövrün önəmli
məqamlarından biri də o idi ki, rejissorlar tələbələrin
iştirak etdiyi tamaşalara baxaraq teatrlar üçün
aktyor seçimi edirdilər. Mənim Anjel
rolumu bəyənənlər sırasında rejissor
Əşrəf Quliyev də olub. Tamaşadan sonra kurs rəhbərimiz
Zəminə xanım mənə yaxınlaşaraq "sənin
ifan bəyənilib, hazırlaş Mili Dram teatrına gedirik"
dedi. Milli Dram Teaatrına getdiyimiz zaman rejissor məni
teatrın rəhbərliyinə - Əli İsmayilova təqdim
etdi və "tamaşalarımda bu qızı görürəm,
onunla tamaşalar hazırlamaq istəyirəm, istərdim ki, Mətanəti
teatrda işə götürəsiniz" dedi. Həmin
ərəfədə Sumqayıt teatrının baş
rejissoru Oruc Qurbanov da məni Sumqayıt teatrına dəvət
etdi. İki teatrdan dəvət alan tələbənin
sevincini sözlə ifadə etmək çox çətindir.
Qərar vermək isə böyük məsuliyyət
tələb edirdi. Eyni vaxtda iki teatra təyinatım
çıxdı və mən ana teatrı, Milli Dram
Teatrını seçdim.
- Dram və kino aktyoru fakultəsini
bitirdiniz və rejissorlar sizə dramatik rollar həvalə etdi.
Bəs, Siz özünüzü daha çox
hansı rollarda görürsünüz?
- Mən bir çox müsbət
qadın obrazları oynamışam, amma etiraf edim ki, zəif
iradəli, müti qadın rollarını sevmirəm. Daha çox fədakar, qəhrəman, üsyankar
qadın obrazlarını sevirəm.
- Rejissorlar nə dərəcədə
Sizi sadaladığınız obrazlarda görürlər?
- Rejissorlar məni, tutaq ki, Cəfər
Cabbarlının "Dönüş" pyesində
Gülsabah kimi cəmiyyətə qarşı üsyankar
davranan qadın obrazında görürlər və ya əksinə
huseynbala Mirələmovun "Gəncə qapıları"
pyesinde Şükufə xanım kimi sevən, fədakarlıq
edən qadın, ya Saqarellinin "Xanuma" pyesində Kabato
kimi çılğın, civə kimi qaynayan, ara
düzəldən yengə obrazlarında da görürlər.
Bu baxımdan düşünürəm ki, istədiyim
obrazları oynamışam.
- Aktyor məhz rejissorun seçimi
ilə özünü tam kəşf edir?
- Tamamilə doğrudur. Bu baxımdan düşünürəm ki, rejissor
seçimi çox önəmlidir. Bir
haşiyə çıxmaq istərdim. Bu il
məni 5 serialda eyni xarakterə, eyni səviyyəyə malik,
yüksək təbəqədən olan qadın obrazlarına
dəvət etdilər. Mən rejissorlardan
xahiş etdim ki, mənə kənd qadını obrazı və
ya cinayətkar qadın obrazı versinlər, dəyişik
obrazlar çox önəmlidir. Rejissorlar mənə
irad tuturlar ki, siz xanım-xatın bir qadınsınız, sizə
necə ifritə, cinayətkar obrazlar verək?! Ancaq mənim üçün dediyim kimi dəyişik
obrazlarda səhnəyə çıxmaq çox önəmlidir.
Bu gün yüksək təbəqənin qadınını səhnədə
təqdim edirəmsə, sabah kənd
qadını-sağıcı rolunda görünmək istərəm,
o biri gün cinayət törətmiş qadın obrazı ilə
tamaşaçını təəccübləndirmək istərdim
və s. Sənət getdikcə inkişaf etdiyi kimi, aktyor da
bir yerdə saymamalı, hər zaman öz üzərində
çalışaraq, yeni-yeni rollarla səhnədə
görünməlidir.
- Yeri gəlmişkən, Leyla Bədirbəyli
kimi aktrisa hər zaman xanım-xatın obrazlarda oynasa da,
günlərin birində "Kişi sözü"ndə kənd
qadını obrazında çəkilərək
tamaşaçıları təəccübləndirmişdi.
Nəcibəı Məlikova, Münəvvər Kələntərli
kimi aktirsalar da hər zaman dəyişik rollarda diqqətdə
dayanıblar.
- Aktyor bütün rollarına səmimi
yanaşmalı, onu daxili dünyasının süzgəcindən
keçirməlidir ki, nəticədə də yeni bir söz
deyə bilsin. Adlarını çəkdiyiniz
aktrisalar Azərbaycan teatr və kino sənətininin inciləri,
unudulmayan ustad sənətkarlardır. Onların
hər biri siz dediyiniz kimi dəyişik rollarla səhnədə
görünməklə əbədi sevginin sirrini təyin
etdilər. Düşünürəm ki, əsl
sənət, sənətkar elə belə olmalıdır.
Yeri gəlmişkən, Şekspirin əsərlərində
Sara Bernarın yaratdığı obrazlar həyatda
arzularına çatmamış, cəmiyyət tərəfindən
təzyiqlə üzləşmiş qadınlardır. Yaşadığı həyat, keçirdiyi
sarsıntılar sonda onun psixoloji vəziyyətinə də təsir
edir. "Şekspir" əsərində Bernar
obrazını səhnədə oynayarkən mən də eyni
sarsıntını keçirirəm, çünki səhnədə
artıq Mətanət Atakişiyeva deyil, Sara Bernar var. Obraz o qədər
ağırdır ki, bu tamaşadan sonra mütləq komediyada
rol almaq istərdim.
- Yeri gəlmişkən, bir aktrisa
olaraq obraz üzərində olan hazırlıq mərhələsini
özünüz üçün necə müəyyənləşdirirsiniz?
- Bir məqamı diqqətinizə
çatdırmaq istərdim. İstənilən
obrazı oxuduğumuz zaman mütləq özümüzdən
olan bir şeyləri obrazda tapırıq. Yaşam tərzində,
hər yaşın keçdiyi həyat səviyyəsində,
yaşadığımız hadisələrdə və s.
oxşarlıqlar var ki, bu da hər birimizə aid olur. Hətta elə olur ki, həyatın boyunca
rastlaşdığın bir hadisəni unutmaq istəyirsən,
birdən həmin hadisə bir obrazın timsalında
qarşına çıxır. Məhz
belə bir vaxt çətinliklə
qarşılaşırsan, çünki unutmağa
çalışdığın bir hadisə artıq
oynadığın obraz vasitəsilə yenidən yada
düşür və uzun illər səni səhnədə təqib
edəcək. Asan tərəfi isə odur
ki, obrazın yaşadığı həyat tərzini
artıq sən öz həyatında öyrənmisən.
Və bu sənə imkan yaradır ki, obrazı
dərindən xarakterizə edə biləsən.
- Bu günə qədər sizi tam
olaraq qane edən bir obraz yarada bildinizmi, şah
obrazınızı oynadınızmı?
- Nazim Hikmətin "Məhəbbət
əfsanəsi"ndə Məhinbanu obrazı bir qadın
obrazı olaraq mənim üçün hər zaman zirvədə
olacaq. Sonra Həsən Əbluçun
quruluşunda hazırlanan "Ezop" tamaşasında Kleya
obrazını oynadım və bu obraz da sevdiyim obrazlar
sırasındadır. Bundan başqa, Bəhram
Osmanovun tamaşalarında maraqlı obrazlar oynamışam və
bütün bunlar mənim üçün zirvə rollar olub.
Yaralı yerimiz olan Qarabağ hadisələri
üzərində qurulan "Xəcalət"
tamaşasında oynadığım Fərqanə obrazı da
mənim üçün yeni bir xətt idi. Evini, doğmalarını itirmiş və çətin
şərtlər altında qaçqınlıq həyatı
yaşayan bir obrazı səhnədə
canlandırırdım. Bu tamaşada ilk səhnədən
son səhnəyə qədər səhnədə oluram və
sonda olan fəryadlarıma tamaşaçı biganə qala
bilmir. Təsəvvür edin ki, tamaşa
bitdikdən sonra qəhər boğazımı necə tutursa
səsim batırdı və bir neçə saata ancaq
özümə gələ bilirdim. "Xəcalət"
tamaşası ilə bütün bölgələrdə,
eyni zamanda xaricdə qasrtol səfərlərində olduq,
aktyor işinə görə yüksək mükafatlara layiq
görüldük. Demək istədyim odur
ki, oynadığım obrazların hər biri mənə
doğmadır, onları birbirindən ayırmaq mümkün
deyil.
- Obrazlardan bəhs etmişkən,
sizin kinoda ilk işiniz Eldar Quliyevin quruluşunda çəkilən
"Gümüşgöl əfsanəsi" filmindəki Nərgiz
obrazı oldu. Deyəsən, bu filmlə də
kino həyatınıza son verilib?
- Ali məktəbi yenicə
bitirdiyim illərdə bəhs etdiyiniz filmdə rol aldım,
sonralar ailə qurduğum üçün sadəcə kinodan
deyil, teatrdan da bir müddət uzaq qaldım. 90-cı il hadisələrindən sonra bir müddət
kinoda, teatrda durgunluq yarandı və az zaman içində sənət
dünyası yenidən öz qaynar fəaliyyətinə
başladı. Hazırda filmlər çəkilir, ancaq mən
bir az da olsa gileyliyəm, çünki
kinorejissorlarımız teatrdan uzaqlaşıblar. Əvvəllər aktyorları tamaşalardan
seçirdilər, hazırda bu seçim tamamilə arxa plana
keçib. Yeni çəkilən filmlərdə
sanki hər zaman eyni aktyorlar çəkilir. Tamaşaçı da eynilikdən yorula bilər.
Mən sadəcə özüm
üçün demirəm, bu qədər çox sayda aktyor
heyətimiz var, güclü aktyor oyunları var və
onların hər birinin ifasından kinoda mütləq istifadə
olunmalıdır. Aktyor gücü teatrda,
kinoda, dublyajda, TV-də istifadə olunmalıdır ki, o
bütün potensialını tam olaraq göstərə bilsin.
Xədicə
QİYAS
Ekspress.-2014.- 19-21
aprel.-S.21.