"20 il
səhnənin həsrətini çəkdim"
Xalq artisti Elmira Şabanova:
"Heç onun rəhmətlik atasına da yalvarmamışdım ki, məni filmə
çəksin"
"Qadın ilk növbədə yaxşı ana olmağı bacarmalıdır. Rüfət məni sənətdən uzaq saxlamaqla ailəmizi qorudu. Siz təsəvvür etməzsiniz ki, mənə nə qədər eşq elan edənlər olurdu, elə öz tələbələrimin arasında da sevgi məktubları göndərənlər az deyildi"
Xalq artisti Elmira Şabanova söhbət düşəndə deyir ki, illərlə səhnəyə həsrət qalıb. Aktrisanın bəxtinə ana obrazı ilə tanınmaq, sevilmək və məşhurlaşmaq yazılıb.
Gənc yaşlarından rejissorların diqqətində olan Elmira xanım məhz dövrünün tanınmış rejissorlarından olan həyat yoldaşı Rüfət Şabanovun təkidi ilə səhnədən, çəkiliş pavilyonlarından kənarda qalmağa məcbur olur və içindəki sənət sevgisini yeni-yeni aktyor nəslinin yetişməsinə həsr edir. Və günlərin birində yenə də Rüfət Şabanovun istəyilə sənətə qayıdır...
Xalq artisti Elmira Şabanova 1940-cı ildə noyabrın 1-də Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti - İ.H) əvvəlcə aktyorluq (1958-1962), sonra isə rejissorluq fakültəsində təhsil alıb (1969). Ömrünün 30 ildən çox hissəsini bu ali təhsil ocağında pedaqoji fəaliyyətə həsr edib. 2006-cı ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülüb.
Elmira Şabanovanın filmoqrafiyasında "Avqust gələndə", "Bədbəxtliyin astanasında", "Çalışan adam", "Dairə", "Əlvida, cənub şəhəri", "Əsl dost", "Fəryad", "Gecə qatarında qətl", "Gəmi saatının sirri", "Qafqaz", "Qəm pəncərəsi", "Qızlar", "Qocalar", "Mirzə Babayev", "Ötən ilin son gecəsi", "Özgə vaxt", "Şahid qız", "Səhər", "Son döyüş", "Sürəyya", "Təhminə", "Yoxlama", "Zirzəmi", "40-cı qapı", "İnsanı öldürmək", "Qaraşın ledinin sonetləri", "Təkbətək döyüş", "Kölgə", "Qapalı orbit", "Gəlinlər" kimi film və teletamaşalar var.
- Elmira xanım, xoş gördük. Necəsiniz, həyat necə keçir?
- Sağ olun, təşəkkür edirəm, yaxşıyam. Təqaüdə çıxan sənətçinin həyatı necə keçirsə, mənim də elə. Sağ olsun dövlətimiz, Prezidentimiz, bizə verilən prezident təqaüdünün hesabına bu yaşımızda heç kəsə möhtac olmadan ömrümüzü yaşayırıq. Təbii ki, içimizdəki sənət eşqi hələ də əvvəlki kimi ehtiraslıdır, yeni-yeni rollar həvəsi ilə yaşayırıq. Amma həm sənətdəki təcrübəmiz, həm də bizə verilən sənətkar adı atacağımız hər addıma ciddi diqqət yetirməyə, təklif edilən rolları götür-qoy eləməyə bizi məcbur edir.
- Neftçi ata, həkim ana və hər ikisi də
yeganə qızlarının onların sənətini davam etdirməsini arzulayır. Sizdən başqa ailədə iki oğlan övladı da böyüyürdü, nə üçün
məhz siz valideynlərinizin sənətini
davam etdirməli idiniz.
Bu ata-ana arzularına
necə qalib gəlib məhz öz arzunuzun arxasınca
gedə bildiniz? Belə çıxır ki, çox cürətlisiniz?
- Mən aktrisa olacağıma heç vaxt əmin olmamışam. Heç uşaq vaxtı qarşıma aktrisa olmaq məqsədilə qoymamışdım. Sadəcə, kinoya baxmağı çox xoşlayırdım, bədii ədəbiyyatla çox vaxtımı keçirirdim. Amma anam mənim həkim olmağımı, atam isə onun kimi neft mühəndisi olmağımı istəyirdi. Hətta orta məktəbi bitirəndə atam məni Neft Kimya İnstitutuna laborant götüzdürmüşdü. Amma mən orta məktəbin son siniflərində artıq aktrisa olacağımı qətiləşdirmişdim. Amma bu barədə yalnız anam bilirdi. Orta məktəbi bitirəndən sonra güclə anamı yola gətirdim ki, mənimlə Moskvaya getsin. Mən onda sənədlərimi Ümumittifıaq Dövlət Kinematoqrafiya İnstitutuna verdim. Məndən imtahanı Gerasimov kimi böyük sənətkar götürdü və birinci turu keçdim. Atamı isə aldatmışdıq ki, guya Moskvaya gəzməyə getmişik. Təbii ki, atam tezliklə bundan xəbər tutdu. Onda atam həm də SSRİ-nin deputatı idi və o, həmin instituta zəng edib dedi ki, məni ikinci tura buraxmasınlar. Beləcə, Bakıya qayıtdım. O zaman Murad Yegizarov da mənimlə birlikdə imtahan vermişdi və o da kəsilmişdi. Qayıdandan sonra Murad mənə zəng edib dedi ki, bəs, Bakıdakı Teatr İnstitutunun aktyor fakültəsinə qəbul olub, gedib maraqlanaq. İnstitutun o vaxtkı rektoru bizim ikimizi də ora imtahansız qəbul etdi.
- Siz elə ilk kursdan o dövrün
tanınmış rejissorlarının marağında olmusunuz. Hətta bildiyimə görə, rəhmətlik
Tofiq Kazımov "Sən həmişə
mənimləsən" tamaşasındakı Nargilə rolunu xalq artisti
Amalya Pənahovadan əvvəl sizə təklif
edib. Nədən bu cür təkliflərdən imtina
edirdiniz?
- Mən ikinci kursda oxuyanda rəhmətlik Rüfət Şabanovla ailə qurdum. Əslində onu hələ "Səhər" filminə çəkiləndən tanıyırdım, o filmdə ikinci rejissor idi. Mən uşaq idim, belə şeyləri başa düşmürdüm. Amma eşidirdim ki, Rüfət tanış-bilişinə məni sevdiyini, fikrinin ciddi olduğunu deyir. Hətta bir dəfə bunun üstündə onunla çəkilişlərin birində böyük mübahisə də etdik. O vaxt indiki kimi deyildi, qızın adına söz çıxdısa, vəssalam. Amma sonradan gördüm ki, Rüfət məni həqiqətən sevir və onun alicənablığı, mədəni olması məndə ona qarşı sevgi yaratdı.
Nişan
mərasimimdən üç gün öncə Hamlet fikrini mənə söylədi. Amma gec idi. Ona vəziyyəti
başa saldım.
Məyus
olub, geri çəkildi. Ölümündən
bir neçə il sonra
yaxın sənət dostlarından biri mənə dedi ki, ömrünün sonuna kimi bu
məhəbbəti ürəyindən
çıxara bilməyib.
Rüfət ailə başçısı
kimi çox gözəl insan olub. Lakin anasının tələbi
ilə uzun illər məni səhnədən uzaq salıb. Halbuki ailə qurarkən
çalışacağıma razılıq vermişdi.
İtirdiyim illərə görə
peşmanlıq çəkmirdim.
Əsl aktrisa özünü bir filmdə də təsdiq edə bilər. Bu ümidlə düz 20 il gözlədim.
Nə yoldaşım, nə də qayınanam inadından dönürdü.
Nəhayət, uşaqları
böyüdüb boya-başa
çatdırdıqdan sonra
bir gün Rüfət özü mənə filmdə çəkilmək təklifi
verdi. Özümdə
bir qəribəlik
hiss edirdim. 20 ildən sonra yenidən səhnəyə
qayıtmaq üçün
özümdə güc
axtarırdım. Bu,
1978-ci ilə təsadüf
edir. O vaxtdan ta bu günə
kimi səhnədəyəm.
Arzuladığım əksər obrazları
oynamışam. Lakin yaşla
bağlı gənc qadın rolu oynaya bilməyəcəyimi
düşünüb çox
təəssüflənirdim. Məndə çılğın qadın
obrazları daha uğurlu alınırdı.
Səhnəyə dönüşümdən sonra mənə ana obrazları həvalə olundu. Arzuladığım obraz "Ötən
ilin son gecəsi"ndə
Həmidə oldu.
Bir sirri də açım
ki, burada sanki öz taleyimi
oynamışam. Bundan sonra
ailəmdə uşaqlarıma
göstərdiyim analıq
qayğımı səhnədə
oynamağa başladım.
Artıq
özümü başqa
obrazda görə bilmirəm. Rejissorlar da buna alışıb. Hər
yeni ekran işində Elmira Şabanovanın
adı hallandırılarsa,
deməli, filmdə ana obrazı var... Rüfət mənə əvvəlcədən
söz vermişdi ki, uşaqlarımızı
böyüdək, sonra
filmlərə çəkilərsən.
Sözünün üstündə durdu. Amma 20 il səhnənin,
kino pavilyonun həsrətini çəkdim.
Siz təsəvvür eləməzsiniz
ki, mənə necə rollar təklif olunurdu. Hamısına da mədəni
surətdə "yox"
deyirdim. Özü də
dilimi bu yox sözünü deməyə çox çətinliklə məcbur
edirdim. Mənim kimi aktrisaya
sevgili rolu, baş qəhrəman oynamaq qismət olmadı. Amma bilirsinizmi, mən
bu gün Rüfətə minnətdaram.
Həqiqətən ona
çox sağ
ol deyirəm ki, o mənə icazə vermədi və mən yaxşı ana olmağı bacardım. Qadın ilk növbədə yaxşı
ana olmağı bacarmalıdır. Rüfət məni
sənətdən uzaq
saxlamaqla ailəmizi qorudu. Siz təsəvvür etməzsiniz
ki, mənə nə qədər eşq elan edənlər
olurdu, elə öz tələbələrimin
arasında da sevgi məktubları göndərənlər az deyildi. Mən hələ tanınmış
insanları demirəm.
- Deyilənə
görə, rəhmətlik
Ceyhun Mirzəyev də uşaq yaşlarında sizə vurulubmuş...
- Biz Ceyhunu çox sevirdik. Bu qarayanız, qıvrımsaç
oğlan çox sevimli uşaq idi. Bir gün kinostudiyada
çəkilişdə idik.
Nahar fasiləsində idik.
Ceyhun da o vaxtlar "Matteo Falkone" filmində çəkilirdi.
Rüfətlə nişanlanmışdıq.
Ceyhun mənə yaxınlaşdı və
dedi ki, heç kəsə ərə getmə, mən böyüyüb özüm səninlə evlənəcəyəm. Təbii
ki, mən o zaman Ceyhunun bu sözlərini onun növbəti duzlu-məzəli zarafatlarından
biri hesab etdim, əyilib yanağından öpüb
dedim ki, baş üstə. Amma üstündən neçə illər keçəndən sonra o
özü mənə
etiraf etdi ki, məni həqiqətən
sevirmiş, yalan demirmiş
- Yerli seriallarda çəkilmək
üçün dəvət
alırsınızmı?
- Məni tez-tez müxtəlif seriallara dəvət edirlər. Hətta bir müddət
öncə Yuli Qusman da mənə
rol təklif etmişdi. Amma həmin rolu
bəyənmədiyim üçün
Qusmanın təklifini
qəbul etmədim.
Düşük, səviyyəsiz,
şit seriallarda çəkilməyi özümə
sığışdırmıram. Əgər mənə təklif olunan hansısa rol ürəyimcə olsa, məmnuniyyətlə
sənətə qayıdaram.
- Amma Sizin səviyyəsiz hesab etdiyiniz seriallarda çəkilən
xalq artistləri də var...
- Mən heç kimi qınamıram. Aktyor da insandır,
o, hardasa işləyib
pul qazanmalıdır.
Serial çəkilişi ilə məşğul olan adamlar əsasən
tanınmamış aktyorlarla
işləməyə üstünlük
verirlər. Onlar beş-on
manat alıb, istənilən rolda çəkilməyə razılıq
verirlər. Əsasən ucuz işçi qüvvəsindən istifadə
edən rejissor bir-iki tanınmış aktyoru da seriala
cəlb edib, özünü sığortalamaq
istəyir. Aktyoru tamaşaçı
məhəbbəti yaşadır.
Amma indi çəkilən seriallarda
rol alan
aktyorlar tamaşaçıların
elə də rəğbətini qazanmırlar...
- Elmira xanım,
ötən illərin
son gecələrini necə
yola salırsınız?
- Maraqlı sualdır. Ötən illərin son gecələrini
mən heç vaxt tək yola
salmıram. İndi iki
nəticəm var. İnanın
ki, nəticə övladdan da, nəvədən də şirin olur.
- Bir vaxtlar Rüfət Şabanov sizi kinodan uzaq saxladı.
Bu gün oğlunuz
da kinorejissor kimi filmlər çəkir, amma sizi onun filmlərində
görmürük.
- Bəli, Fuad xasiyyətcə eynilə atasına çəkib. Oğlum deyir ki,
"mamaları kinoya çəkmək olmaz".
Bilirsinizmi, Fuad çəkiliş
meydançalarında çox
əsəbi olur.
Bəlkə də o mənim
xətrimə dəyəcəyindən
qorxduğu üçün
filmlərə dəvət
etmir. Etmir, özü bilər, mən heç onun rəhmətlik atasına da yalvarmamışdım ki,
məni filmə çəksin...
İltifat HACIXANOĞLU
Ekspress.-2014.-19-21 aprel.-S.19.