Cümhuriyyət tələbələri
III fəsil. Tale
sorağında
Cümhuriyyət tələbələrinin andı
"Qadir Allah və öz vicdanım qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçün nə gücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".
Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.
Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.
"Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.
Azərbaycan Cümhuvriyyətinin qurulmasında yaxından iştirak edən Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli də Gəncə kişi gimnaziyasını bitirmişdi.
Xudadat bəy haqqında Xanlar Bayramovun yazdıqları bu gün də qürurla səslənir: "Uzun illər Gəncədə apardığım tədqiqat araşdırmasından sonra belə qənaətə gəlmişəm ki, xalq arasında "Xudu bəy" adlanan Xudadat bəyin 1920-ci ilin mayın 10-da tutulması, acınacaqlı halda vağzala gətirilməsi və oradan Bakıya aparılması xalqın səbr kasasını tamam doldurub. Millət onu vağzaldan yola salınanadək müşayiət edib, silaha sarılıb onu azad etmək, son damla qanlarınadək döyüşmək istəsələr də, buna Xudadat bəy razılıq verməyib.
Və vağzalda xalqa müraciətində də qürurla bildirib: "MƏN BÜTÜN HƏYATIMI VİCDANLA YAŞAMIŞAM. MƏNİ HEÇ VAXT HƏBS EDƏ BİLMƏZLƏR. HƏRƏKƏTLƏRİMDƏ CİNAYƏT TƏRKİBİ YOXDUR. XAHİŞ EDİRƏM Kİ, ARTIQ HƏRƏKƏTLƏRƏ YOL VERMƏYİN, EVİNİZƏ GEDİN". Bunu eşidən Gəncə camaatı könülsüz halda evlərinə qayıdır. Onun müraciəti çoxlarının əl-qolunu bağlayır. Xüsusilə də Sarı Ələkbərin, Tatoğlu Həsənin, Qaçaq Qəmbərin silahlanmış süvari dəstələrinin...
Xudadat bəy 1920-ci il mayın 12-də "çeka"nın zindanında müstəntiq Şəfikyana verdiyi ifadəsində yazırdı: "Erməni kəndlərinin yandırılması və dinc erməni əhalisininin tərk-silah edilməsi ilə bağlı mənə qarşı irəli sürülən ittihamda özümü günahkar saymıram. Əgər ixtiyarımdakı bütün sənəd-sübutları təqdim edə bilsəydim, aydın olardı ki, mən Qaraçinar, Çaykənd erməni icmaları ilə bağlı məsələlərin dinc yolla nizama salınması üçün hər cür tədbirlər görmüşəm. Adları çəkilən kəndlərin İrəvandan gəlmiş daşnak xadimləri və yerli cinayətkar ünsürlər tərəfindən təhrik edilən əhalisi 1917-ci ildən bəri heç bir hakimiyyət tanımır, bir çox fəsadlar törədirdilər. Onlar aranda yaşayan müsəlmanların yaylağa qalxmasına mane olur, yollarda pusqu qurur, suyun qabağını kəsərək camaatı tarlaları suvarmağa qoymurdular. Müsəlmanlar bu barədə dəfələrlə şikayət etmişdilər. Ermənilər hətta inzibati hakimiyyət orqanları nümayəndələrini yaxına buraxmayaraq deyirdilər ki, yalnız Qarabağ Milli Şurasını tanıyırlar.
Lakin Gəncə və Qarabağ sərhədlərinin əvvəlki kimi qaldığı və onların Gəncə qəza hakimiyyətinə tabe olmaları barədə Müsavat partiyasının qərarı Gəncə və Cavanşir qəza rəislərinin iştirakı ilə ermənilərə təqdim ediləndə aydın oldu ki, onlar heç bir hakimiyyət tanımır və bildirirlər ki, Ermənistandan kömək tələb edirlər. Onların özlərinin quberniya idarəsində erməni silahlı qüvvələrinə rəhbərlik edən adamları var ki, onlar Ağası, Dəli Qacar, Mnasakanov və bir çox başqalarının sözünə tabedirlər. Nəhayət, mən yerli erməni icmasının nümayəndələrinə - Gəncə şəhər qlavasının müavinləri Ter- Parsedova, Leogeryana, Mnasakanova, parlament üzvü Ter-Azaryana və başqalarına müraciət etdim. Lakin yuxarıda adları çəkilən icmaların qəza hökumətinə tabeliyi məsələsində cəhdlər əbəs idi.
Qonşu müsəlman kəndlərinin sakinləri biləndə ki, ermənilər Azərbaycan hökumətini tanımaq və ona tabe olmaq istəmirlər, silahlanaraq hərbçilərə köməyə getdilər və böyük atışma baş verdi. Ermənilər bir neçə müsəlman kəndini - Nodular, Qaryağdı, Liman, Duşallı, Keşar və başqa kəndləri yandırdılar. Erməni quldur dəstələri hətta Mərzi yolunda pusqu quraraq beş min altmış köçəri müsəlmanı qırdılar. Taun əleyhinə Zurnabad stansiyasını ələ keçirdilər.
Mənim fəaliyyətimlə bağlı yalnız ermənilər deyil, ruslar, almanlar, gürcülər, yəhudilər və başqa millətlətlərin nümayəndələri fikir söyləyə bilərlər. Qatı daşnak olduğuna görə dəfələrlə həbsxanaya düşmüş Babakevhyansın dedikləri diqqətəlayiq ola bilməz və həqiqətəuyğun deyil.
Evimdən
tapılmış gümüş dəstəkli
qılınc mərhum atamındır. Tüfəng və brauninq sistemli revolver də rəhmətlikdən
yadigardır. Qalan iki tüfəng və bir revolver çar polkunda komandir olmuş əmim oğlumunkudur. Bir tüfəng və
iki revolyer isə evdə saxlayardıq ki, üzüm yığımı
vaxtı qarovulçulara
verərdik, ya da onlar təsərrüfat
işləri ilə əlaqədar kəndə
gedəndə özləri
ilə götürərdilər".
Gəncə qubernatoru Xudadat
bəy Rəfibəyli
Azərbaycan Cümhuriyyətinin
daşnaklar qarşısında
əyilməzlik rəmzi
idi. O, əyilməzliyin
kişilik dərsini elə Gəncədə kişi gimnaziyasında
almışdı.
Bu gimnaziyada
təhsil alanlar arasında Gəncə qəzasının Səfikürd
kəndindən olan, Azərbaycan Parlamentinin otuz doqquz yaşlı
üzvü Aslan bəy Ağalar bəy oğlu Səfikürdski də vardı. Gəncə
kişi gimnaziyasını bitirdikdən
sonra Xarkov Universitetinin hüquq fakültəsinə qəbul
olunmuş, oradan öz xahişilə Peterburq Universitetinə dəyişilmişdi. Tələbə
hərəkatında fəal
iştirakına görə
1903-cü ildə Universitetdən
xaric edilmiş və bir il sonra yenidən bərpa olunmuşdu.
Aslan bəy Səfikürdski
1918-ci ilin dekabrında
Qazax qəzasından Azərbaycan Cümhuriyyəti
Parlamentinə deputat seçilmişdi. O. Azərbaycan Cümhuriyyəti
hökumətində əvvəlcə
poçt-teleqraf və
əmək naziri, sonra ədliyyə və əmək naziri vəzifəsində
çalışmışdı.
Yeri gəlmişkən, Aslan bəy Səfikürdski Cümhuriyyət
dövründə məşhur
olan bir ifadənin - "xalq məhkəməyə deyil,
məhkəmə xalqa
xidmət etməlidir"
sözlərinin müəlifidir.
"Ey gənclik!
Sənin öhdəndə böyük
bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq,
müqəddəs bir
ideal rəmzi yaratdı,
onu min müşkülatla
ucaldaraq dedi ki:
Bir kərə yüksələn
bayraq bir daha enməz!
Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən
azərilərin yanıq
ürəklərinə enmiş
bu bayrağı təkrar o bina üzərinə taxacaq və bu yolda
ya qazi və
ya şəhid olacaqsan!"
Məhəmməd
Əmin Rəsulzadə
Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri
müəyyənləşdirmiş beş nəfərdən
(M.Ə.Rəsulzadə, Mehdi
bəy Hacınski, Əhməd bəy Pepinov,
Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə
Komissiyasının sədri
əvvəli, ardı var
Teyyub QURBAN
Ekspress.-2014.- 2-4 avqust.- S.15.