"Hələ deyəcəyim sözlər var"

 

  Rafiq Əzimov: Sənətdə cavan-qoca söhbəti yoxdur: istedadlı var, istedadsız var...

 

1969-cu ildə "Lenfilm" kinostudiyası "Mənim əziz atam" filminin istehsalına başlamışdı. Azərbaycanla bağlı çəkilişlər üçün "Lenfilm"in bir qrup yaradıcı heyəti Bakıya səfər edir. Filmin rejissoru həm də azərbaycanlı Əli dayı obrazına uyğun gələcək aktyor axtarırdı. Nəhayət, "Əli dayı" tapılır - bu, Milli Dram Teatrının aktyoru Rafiq Əzimov idi...

   Beləliklə də, Rafiq Əzimov "Mənim əziz atam" filmi ilə böyük kinoda ilk addımını atır. Həmin filmdə Rusiya kinosunun Lyudmila Qurçenko, Aleksandr Demyanenkob. ulduzları da rol almışdılar.

   Daha sonra Rafiq Əzimov kinorejissor Tofiq Tağızadənin "Yeddi oğul istərəm" filmində yeddi oğuldan birini - Şahsuvar obrazını canlandırır. Söhbətimiz əsnasında sevimli aktyorumuz bu rolla bağlı bir təsadüfdən bəhs edir: "1958-ci ildə instituta daxil olanda Əli Zeynalov bizə səhnə danışığından dərs deyirdi. O, "Komsomol" poemasında rol bölgüsü aparanda mənə Şahsuvar rolunu vermişdi. İllər sonra "Yeddi oğul istərəm" filmində də bu rol bəxtimə düşdü. Beləliklə, mən 1970-ci ildə bu rola çəkildim".

   Sonralar Rafiq Əzimov demək olar ki, hər il filmlərə çəkilib və "Azdrama"da da yeni-yeni rollar yaradır. Xalq artistinin həyatında pedaqoji fəaliyyəti də əsas yeri tutur...

   İsti bir yay günündə Rafiq müəllimə telefon açaraq ondan müsahibə götürmək istədiyimi bildirirəm. Sevimli aktyorumuz təklifimi məmnuniyyətlə qəbul edir.

       - Bilirəm ki, 52 illik sənət həyatınızda heç boşa keçən gününüz olmayıb. Bu, hər aktyora qismət olmur...

   - Mənim bu sənətə gəlişim təsadüfi olmayıb, əgər təsadüfi deyilsə, deməli, bir ömür, alın yazısıdır. Bu o deməkdir ki, mən aktyor olmalıydım və saysız-hesabsız sənət nümunələrində önəmli rollara imza atmalıydım. Çox şükürlər olsun ki, bu sənəti çox sevdim, böyük zəhmət sərf etdim, bu illər ərzində daima tamaşaçının diqqətində dayandım, tamaşaçı sevgisi qazandım və o sevginin qiymətini, dəyərini hər zaman bildim. Hər dəfə şəhərə çıxanda, tamaşaçılarla görüşəndə onların gözlərindəki ifadədən sənətə və aktyor kimi mənə necə böyük ehtiram bəslədiklərinin şahidi oluram. Bütün bunların şahidi olmaq məni çox sevindirir. Bu yaşımda məni sevindirən ən önəmli məqamlardan biriodur ki, mən bir aktyor kimi teatrda öz sözümü demişəm. Hazırda da çalışıram və hələ deyəcəyim sözlər var.

   - Yeri gəlmişkən, sizin nəsil üçün nəzərdə tutulan "Qoca kloun tələb olunur" tamaşası maraqlı alınmışdı...

   - Əslində, teatrımızın rəhbərliyi bizim nəsli nəzərə alaraq yeni bir əsəri tamaşaya hazırladı. Matey Vişnekin eyniadlı əsəri əsasında hazırlanmış "Qoca kloun tələb olunur" tamaşası ikihissəlidir və sırf aktyor tamaşasıdır. Tamaşada xalq artistləri Ramiz Məlik, Rafael Dadaşov, mən və b. çıxış edir. Cəmi 95 dəqiqə davam edən tamaşanın qısa məzmunu barədə bir qədər məlumat verim. Bu əhvalat kiminsə verdiyi elana görə tapmaq ümidi ilə gəlmiş üç kloun haqqındadır. Onlar keçmişi yada salır, zarafatlaşır, kədərlənir, arzularla ovunurlar. Etiraf edim ki, neçə ildir, belə səpgili rol oynamamışdım. Sanki bu tamaşa mənə yeni bir ruh gətirdi, aktyor kimi məndə yeni bir qığılcım yarandı. Təsəvvür edin ki, indiyə qədər oynadığım obrazlar tamamilə bir-birindən fərqlənib, ancaq qoca kloun obrazı bir başqadır. Rumın yazarı və dramaturqu Matey Vişnek iki romanın, yüzlərlə şeirin və dünyanın dörd bir yanında uğurla tamaşaya qoyulan onlarla müxtəlif həcmli pyeslərin müəllifidir. Onun səhnə əsərləri səmimiliyi, ifadə vasitələrinin əlvanlığı və orijinallığı ilə fərqlənir.

   - Teatrdakı son işlərinizdən olan "Əmir Teymur" tamaşasının da maraqla qarşılandığı deyilir...

   - Ölməz dramaturq Hüseyn Cavidin "Topal Teymur" pyesi əsasında Mehriban Ələkbərzadənin quruluş verdiyi tamaşa "Əmir Teymur" adı ilə tamaşaçılara təqdim olundu. Dramda Əmir Teymur zalım və amansız insan kimi deyil, dahi sərkərdə, elm, incəsənət, ticarət havadarı kimi göstərilir. Tamaşada mənim oynadığım Şeyx Buxari surəti mütəfəkkir, yüksək bilikli bir adam kimi təqdim olunur. Tamaşa çox maraqlı alındı, ölkənin ziyalı təbəqəsi tamaşaya dəvət olundu və hər biri müsbət qiymət verdi. Hətta tamaşaya baxan baş nazir Artur Rəsizadə bizimlə söhbətində dedi ki, mən bu tamaşaya nazir kimi deyil, qohum kimi gəlmişəm. Bildiyiniz kimi, Artur Rəsizadə Hüseyn Cavidin əmisi oğludur. Tamaşa yüksək səviyyədə qəbul olundu. Yeni mövsümdə sizi dəvət edəcəyəm, mütləq gəlib baxarsınız.

   - Son çəkildiyiniz "Buta" filmi yaxşı mənada səs-küyə səbəb olsa da, birmənalı qarşılanmadı...

   - "Buta" filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ekranlaşdırılıb. Çəkilişlər Şamaxıda, bəzi kadrlar isə Ağsuda aparılmışdı. Filmdə bütün əsas rolları uşaqlar oynayırlar. Film böyük sevgi, insana və Tanrıya məhəbbət haqqında pritçadır. Filmdə uşaqlıq dövrü sadəcə insan həyatının keçdiyi yaş mərhələlərindən biri yox, mənəvi portret kimi təqdim olunur. əsslində filmdəki uşaqlar, özünüdərkin başlanğıcında olan şəxsiyyətlərdir. Filmin adı əsas qəhrəmanın adından götürülüb. Balaca qəhrəmanın bəxti onda gətirir ki, onun xeyirxahçox təcrübəli bələdçisi olur. Həmin bələdçi - dəyirmançı rolunda mən çəkildim. 25 gün ərzində çəkilən film nə qədər birmənalı qarşılanmasa da, var gücümüzlə öz sözümüzü deməyə çalışdıq. Film dəfələrlə nümayiş olundu və hər dəfə də tamaşaçı alqışı qazandı. Əslində, "Buta" filminin tərbiyəvi əhəmiyyəti böyükdür. Qeyd edim ki, filmdə qeyri-peşəkarlar da çəkilib. Məsələn, oynadığım dəyirmançı obrazının həyat yoldaşı roluna Şamaxıdakı bir xalçaçı qadın çəkildi. Eləcə də uşaq rollarına çəkilən balaca qəhrəmanlar ilk dəfə olaraq çəkilişə qatılmışdılar. Məhz bu baxımdan bir sıra çətinliklər yaranırdı, ancaq rejissor İlqar Nəcəf uşaqlarla ümumi dil tapa bilirdi. Məncə. film uğurlu alındı, belə olmasaydı Avstraliyada 60-70 ölkənin bir araya gələrək keçirdiyi festivalda "Ən yaxşı uşaq filmi" nominasiyasında 1-ci yeri tutmazdı. Bildiyiniz kimi, əcnəbi ölkələrdə keçirilən festivalların səviyyəsi çox yüksək olur və hər filmbütün xırdalıqlarına qədər izlənir. "Buta" filmi Türkiyə, Rusiya, Özbəkistan, Estoniyada keçirilən beynəlxalq kinofestivallarda da iştirak edib. Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən "Cape Winelands" film festivalında isə Qran-Pri qazandı.

   - Eşitdiyimə görə, "Buta" filmi "Oskar" mükafatına da təqdim olunub...

   - Doğrudur. Beynəlxalq festival və müsabiqələrdə qazandığı uğurlara görə bir çox filmlərin sırasından seçilmiş və "Oskar"ın ilkin siyahısına daxil edilmişdi. Bunun özüçox böyük göstəricidir. Yəni, "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi filmlərin sırasından "Buta"nın seçilərək "Oskar"ın ilkin siyahısına daxil edilməsi, 40 filmin sırasında yer tutması elə Azərbaycanın uğuru deməkdir. Mənim indiyə qədər çəkildiyim filmlərin hər biri böyük mükafatlara layiq görülüb. "Buta" daha çox uğur qazandı - şəxsən bir aktyor kimi bu, məndə qürur hissi yaradır. Filmdəki istər sevgi xətti, inam, etibar hissləri, istər xalçaçılıq sənətinin xırdalıqlarını göstərən məqamlar, istərsə də ümumiyyətlə uşaq dünyasının məsumluğu, saflığı incə ştrixlərlə təqdim olunub.

   - Sizi həm də gənc nəslə böyük dəstək verən sənətkar kimiçox sevirlər...

 

   - Hər yaşla dil tapmaq, hər kəsi öz dilində danışdırmaq çox vacibdir. On ilə yaxın İncəsənət İnstitutunda aktyor sənətindən dərs demişəm. İstər tələbələrimə, istərsə də teatrda çalışan gənc aktyorlara daima övladım kimi münasibət bəsləmişəm, onlarla həmişə səmimi olmuşam. Hətta dostluq, yoldaşlıq da etmişəm. Çünki başqa formada gənc nəsildə inam hissi yarada bilməzsən. Məsələn, mən öz dövrümüzlə indiki dövrün gəncliyini müqayisə etməyi heç cür qəbul etmirəm. Gənc nəslə demək olmaz ki, bizim dövrümüz beləydi, siz tamam fərqlisiniz və s. Bilirisinizmi, istedadlılar var, az da olsa var. Onsuz da hər dövrün öz sayılıb-seçilənləri olur. Təsəvvür edin ki, bizim dövrümüzdə qrupumuzda iyirmi iki nəfər tələbə var idi. Onların arasından Murad Yegizarov, Həsən Məmmədov, Elmira Şabanova, Əliağa Ağayev, Eldəniz Zeynalov və mən öz istedadımızı sübut edə bildik. Bu baxımdan düşünürəm ki, sənət aləmində cavan, ortayaşlı, qoca nəsillər söhbəti yoxdur: istedadlı var, istedadsız var.

   - Təəssüf ki, hazırda sənətə dəxli olmayanlar, ən pisi istedadsızlar meydanda at oynadırlar...

   - Zamanla bu da öz həllini tapacaq. İstedadı olmayan bu sənətə dəxli olmadığını anlayaraq əvəl-axır geri çəkilir.

   - Bir qədər hazırda çəkilən seriallardan danışaq. Teleseriallara münasibətiniz necədir?

   - Normaldır, zamanım olduğu vaxt baxıram, öz qiymətimi verirəm. Bəyəndiyim olur, iradlarım da. Əslində, yaxşı ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da serial çəkilişlərinə start verilib, hətta zamanla inkişaf edəcəyinə inanıram. Ancaq iradım var. Məsələn, seriallarımızda hadisə yoxdur. Tamaşaçını sadəcə hadisə ilə cəlb etmək olar. Çünki filmi yaşadan hadisədir. Ssenarinin təsir qüvvəsi güclü olmalıdır. Mən istərdim ki, filmlərimizdə, eləcə seriallarda gözəl rejissor işi, aktyor oyunu olsun ki, sabah o seriallarda çəkilən aktyorlar yaratdığı rolların adı ilə yaddaşlarda qala bilsinlər. Rolu, obrazı yaddaqalan edən dramaturji materilalların, konkret hadisənin olmasıdır. Necə ki, biz nəsil önəmli sənət nümunələrində yaratdığımız, gördüyümüz işlərlər yaddaşlara həkk olunduq.

   - Sizi yaddaşlara "Yeddi oğul istərəm" filmindəki rolunuz da həkk etdirdi...

   - "Yeddi oğul istərəm" filmi bizi o dərəcədə məşhurlaşdırdı ki, hətta bizə "möhtəşəm yeddilik" deyirdilər. Tale bizə belə bir gözəl sürpriz bəxş etdi. İllər keçdikcə o filmin təsir gücü daha da artır, tərbiyəvi əhəmiyyəti daha da dərinləşir. Dediyim kimi kino hadisə deməkdir, "Yeddi oğul istərəm" filmi kino tarixinə hadisə olaraq yazıldı...

 

  

Xədicə QİYAS

Ekspress.-2014.- 2-4 avqust.- S.19.