Əlillər üçün güzəştli kreditlər

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri və ixtisaslaşmış vətəndaş cəmiyyətinin iştirakı ilə əlilliyi olan şəxslərin hüquqi statusunun daha dolğun müəyyən edilməsi, onların sosial müdafiəsinin daha etibarlı təminatı üçün "Əlillərin Sosial Hüquqlarının Müdafiəsinə dair Milli Fəaliyyət Planı"nın (2013-2018-ci illər) və "Əlillərin sosial müdafiəsi haqqında" qanunun layihə sənədi hazırlanıb. Layihə sənədində əlilliyi olan şəxslərin tibbi-sosial və peşə reabilitasiyası, sosial infrastrukturdan istifadə, onların təhsili və peşə hazırlığı, əmək hüquqlarının qorunması üzrə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması nəzərdə tutulur.

   "Əlillərin Cəmiyyətə İnteqrasiyası" İctimai Birliyinin (ƏCİİB) sədri Ramilə Mahmudovanın fikrincə, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün güzəştlər və imtiyazlar olmalıdır. Bu qəbildən olan şəxslərin xeyli hüquqi təminatlarının olduğunu deyən R.Mahmudova bildirib ki, QHT rəhbəri olaraq hansısa əlavə güzəştlərin və imtiyazların verilməsinin deyil, daha çox onların təmin edilməsinə dövlət nəzarətinin və ictimai nəzarətin daha da gücləndirilməsinin, eyni zamanda bu qəbildən olan insanlar üçün cəmiyyət həyatının bütün sahələrində bərabər imkanların yaradılmasının tərəfdarıdır. Dediyinə görə, hazırda əlillərin tibbi, sosial və peşə reabilitasiyası, məşğulluğunun təmin olunması, mənzil-məişət problemlərinin həlli, pensiya və müavinətlərinin artırılması və s. istiqamətlərdə işlər mütəmadi olaraq davam etdirilir. "Hər il müharibə əlillərinə pulsuz mənzillərin, minik avtomobillərinin verilməsi, ölkəmizin paytaxtında və regionlarında fəaliyyət göstərən tibbi-bərpa mərkəzlərinin yaradılması müharibə əlillərinin və digər kateqoriyadan olan əlillərin müalicəsində və zəruri tibbi texniki reabilitasiya vasitələri ilə təmin olunmasında mühüm rol oynayır. Təbii ki, göstərilən bütün bu dövlət qayğısı əlilliyi olan şəxslərin problemlərinin həllinə və onların cəmiyyətə inteqrasiyasına təkan verən mühüm amillərdəndir".

   Birlik sədri eyni zamanda problemli məqamlara da toxunub: "Əlil insanlarımızla bağlı bir sıra həlli vacib olan problemlərin də mövcudluğunu inkar etmək olmaz və onların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi son dərəcə vacibdir. Bu gün bütün dünyada yaşından, irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq buya digər səbəblərdən sağlamlığını itirərək əlil olmuş insanlar üçün xarakterik olan bir sıra ümumi problemlər mövcuddur. Belə problemlər sırasında ictimai binaların, sosial infrastruktur, ictimai-iaşə və s. obyektlərinin onlar üçün müyəssər olmaması (fiziki maneələr), əlilliyinin cəmiyyətdə düzgün dərk edilməməsi (psixoloji maneələr) əsas yerlərdən birini tutur".

   Qeyd edək ki, əlilliyi olan şəxsləri işlə təmin edən işəgötürənlərin həvəsləndirilməsi üçün onlara müxtəlif güzəştlərin tətbiqi, əlilliyi olan şəxslərin sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə güzəştli kreditlərlə təmin olunması, regionlarda həmin şəxslər üçün münasib ixtisaslaşdırılmış istehsal sahələrinin yaradılması istiqamətlərində keçirilən tədbirlərdə son 5 ildə isə 265 əlilliyi olan sahibkara 11,4 milyon manat, o cümlədən 2013-cü ildə 29 belə sahibkara 0,8 mln. manat dövlətin güzəştli kreditləri verilib ki, bu kreditlər hesabına 1000-dək, o cümlədən 2013-cü ildə 100-dək yeni yeri yaradılıb.

 

   "Əlillər haqqında" qanunda göstərilir ki, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların dövlət tibb ocaqlarında büdcə vəsaiti hesabına fərdi reabilitasiya proqramı və tibbi xidmətdən yararlanmaq, sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq hüquqları var.

   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Azərbaycanda yaşayan azı 400 min əlil sosial xidmətə ehtiyac duyur. Azərbaycan əlil vətəndaşların problemlərini çözmək üçün başqa dövlətlərin, məsələn, qonşu Türkiyənin də təcrübəsindən yararlana bilər. Orada son illər əlillərin sosial durumunun yaxşılaşdırılması üçün bəzi addımlar atılıb. Məsələn, banklardan biri öz yerlərini açmaqya sərbəst fəaliyyət göstərmək istəyən əlillərə 5-25 min TL (təxminən 2 min 500-12 min 500 manat civarında) faizsiz kredit verir. Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyiöz işini qurmaq istəyən əlillərə 100 min TL-lik (təxminən 50 min manat) qrant ayırıb. Pulu alan şəxs məbləğin 70%-ni geri ödəyəcək.

   Xatırladaq ki, əlilliyi olan qadınların, sağlamlıq imkanları məhdud uşaqların hüquq və azadlıqlarının təmin edilməsi də dövlətin prioritetlərindəndir.

   Bundan başqa, son illərdə milli qanunvericiliyə dəyişiklik və əlavələr edilərək "16 yaşınadək əlil uşaqlar" anlayışı "Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar" anlayışı ilə əvəz edilib, eyni zamanda "uşaqlıqdan əlil" anlayışı qanunvericilikdən çıxarılıb. Bu dəyişiklik beynəlxalq praktikaya uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqlara cəmiyyətdə olan digər uşaqlar kimi yanaşılmasına yönəlib. Hazırda Azərbaycanda 62860 nəfərə yaxın sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq var. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanuna əsasən, belə uşaqların dövlət tibb müəssisələrində pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, sanatoriya-kurort müalicəsi ilə ilk növbədə təmin olunmaq hüquqları var. Qanuna uyğun olaraq, aidiyyəti qurumlar həmin uşaqların və 18 yaşından yuxarı əlilliyi olan şəxslərin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisasali təhsil almasını qanunvericiliyə uyğun olaraq təmin edirlər. Eyni zamanda, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara dövlət tərəfindən sosial müavinət verilir, onların statusu və göstərilən yardım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilir. Təkcə son beş ildə 13074 nəfər sağlamlıq imkanları məhdud uşaq həm respublika daxilindəki, həm də xarici ölkələrdəki reabilitasiya mərkəzlərində reabilitasiya xidməti ilə təmin olunub.

   Əlilliyi olan şəxsləri işlə təmin edən işəgötürənlərin həvəsləndirilməsi üçün onlara müxtəlif güzəştlərin tətbiqi, əlilliyi olan şəxslərin sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə güzəştli kreditlərlə təmin olunması, regionlarda həmin şəxslər üçün münasib ixtisaslaşdırılmış istehsal sahələrinin yaradılması istiqamətlərində də müvafiq tədbirlər həyata keçirilir. Son 5 ildə isə 265 əlilliyi olan sahibkara 11,4 milyon manat, o cümlədən 2013-cü ildə 29 belə sahibkara 0,8 mln. manat dövlətin güzəştli kreditləri verilib ki, bu kreditlər hesabına 1000-dək, o cümlədən 2013-cü ildə 100-dək yeni yeri yaradılıb.

   Ekspertlərin fikrincə, əlillər məşğulluq idarələrinə müraciət etməklə iş tapa bilərlər. Əlillərin böyük qismi çalışır, ailəsi olanlara ailələri yardım göstərir. Bunlar həyat fəaliyyəti məhdudlaşan, başqalarının köməyinə ehtiyacları olan insanlardır. Ekspertlər onu da qeyd edirlər ki, əlilin biznes qurmasına dünyada çox nadir rast gəlinir. Yalnız 3-cü qrup əlil buna nail ola bilər. 1-ci qrup əlil isə başqasının yardımına ehtiyacı olanlardır. Ancaq xüsusi kateqoriyaya aid olan əlillərə, xüsusən Qarabağ əlillərinə ya dövlət, ya da biznes strukturları vasitəsilə yerləri açıla bilər.

   Hüquqşünas Kazım Salmanın dediyinə görə, "İpoteka haqqında" qanunda əlillərə aid ayrıca maddə yoxdur: "Həmin qanunda əlillərin ipoteka alması barədə ayrıca maddə yoxdur. O qanunla ipotekadan yararlanıb əmlak almaq istəyən şəxslərin dairəsini müəyyən etmək mümkündür: şəhid ailəsinin üzvü, milli qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkünya ona bərabər tutulan şəxs, üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs, elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxslər".

 

   Əslində əlillərin maddi vəziyyətini yaxşılaşdırmağı hədəfləyən layihələr çoxluq təşkil edir. Birləşmiş Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin rəhbəri Mirzə Məmmədvəliyev də bu fikirdədir: "Kağız üzərində gözəl layihələr, təkliflər, tapşırıqlar var. Lakin çox təəssüflər olsun ki, məmurlar hələ bu sahədə görmək istəmirlər. Əlillərin hər hansı bir işlə məşğul olmaları üçün kredit alınmasından söz ola bilməz. Güzəştli kreditlərdən də söhbət gedə bilməz. Olsa-olsa, ən ağır şərtlərlə ən ağır kredit ala bilərlər. Heç bir güzəşt yoxdur. Xaricdəki əlil nəsə görmək istəyirsə, ona güzəştli kreditlə yanaşı, sıfırdan aşağı bonus da verilir. Götürdüyü kreditin müəyyən məbləği ona bağışlanır. Azərbaycan üçün bu xəyaldır. İş yerlərinin 5 faizi əlillərə ayrılmalıdır. Hansı adamı, yaxud idarə bunu öz xoşu ilə etmək istəyəcək? Bu, qeyri-mümkündür. Çünki qanunvericilik çərçivəsində həmin təşkilatlar həvəsləndirilmir. Əlillərə güzəştli qrafiki, güzəştli məzuniyyət heç bir adamına sərf etmir. Dövlət də öz boxçasından heç nə xərcləmək istəmir və hər şeyi müəssisələrin üzərinə yıxır".

   Son olaraq qeyd edək ki, ölkə qanunvericiliyinə əsasən əlillərin sosial reabilitasiyası, sosial müdafiəsi haqqında maddələr olmaqla qanunvericiliyin mövcud ümumi bazası əlillərin sosial müdafiəsinə xidmət edir. Doğrudur, maliyyə dəstəyinin həcmi baxımından bu, heç də birmənalı qəbul edilmir. Ancaq ölkə başçısının bu sahədə ardıcıl olaraq gördüyü nəticəsində artıq əlillərər müavinətin verilməsi, eləcə də əlillər üçün mənzil tikintisinə, nəqliyyat vasitələrinə pulun ayrılması bilavasitə dövlətin diqqətində dayanır.

 

  

Rəşid RƏŞAD

Ekspress.-2014.- 15 avqust.- S.9.