Atası ondan niyə küsmüşdü?

 

  Həsən Məmmədovu 11 il əvvəl isti bir yay günü itirdik...

 

Artıq neçə illərdir ki, Azərbaycan kinosunun unudulmaz aktyoru Həsən Məmmədov aramızda yoxdur. 10 gündən sonra bu itkinin 11 ili tamam olacaq.

   "Ekspress" qəzeti 1937. az saytının əməkdaşı Vəfa Babasoyun görkəmli sənətkarla bağlı yazısını kiçik redaktə ilə təqdim edir.

   Azərbaycan kinosunun sütünlarından olan Həsən Məmmədov 1938-ci ilin bir payız günündə Salyanda anadan olmuşdu. Atası Ağaməmməd adi fəhlə idi. Bəlkə də, elə bu səbəbdən oğlunun da özü kimi fəhlə olmasını, ailəsini zülm-zillətlə saxlamasını istəmirdi.

   Zəhmətkeş ata istəyirdi ki, oğlu əli portfelli bir müəllim olsun. Çörəyini təmiz əllə qazansın. Elə oğlu da əvvəllər ata sözündən çıxana oxşamırdı. Sakit, uyumlu xarakteri sayəsində öz istəklərini kənara qoyub atasının istəyini yerinə yetirmiş, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə sənədlərini vermiş və qəbul olmuşdu. Riyaziyyatın çətinliklərinə iki il tab gətirən gələcək aktyor 2-ci kursda təhsilini yarımçıq qoyur. İçində gəzdirdiyi sənət eşqi onu teatra aparır. Müxtəlif teatrlarda yardımçı heyətin tərkibində bir müddət aktyorluq edir. Nəhayət, 1958-ci ildə tale onun yolunu Azərbaycan Dövlət Teatr İnstitunun dramkino aktyorluğu fakültəsindən salır. 1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirir.

   Böyük kinoya gəlişi "Böyük dayaq" filmi ilə olur. Həmin filmdə o, Qaraş rolunu canlandırır. Aktyora birdən-birə şöhrət gətirən bu film onun atası ilə münasibətlərinin düzəlməsində böyük rol oynayır. Müəllim olmaqdan vaz keçib teatra üz tutanda atası onu nəinki dəstəkləməmiş, hətta ondan küsmüşdü.

   Film televiziyada yayımlanandan sonra qəfildən Ağaməmməd kişinin oğlu bütün rayon əhlinin dilinə düşür. Xəbərlər tezliklə küskün atanın qulağına da çatır. Artıq ürəyində bağışlayır oğlunu. Onun üçün inad etdiyini, ata sözündən üçün çıxdığını anlayır. Yüzə qədər filmdə irili-xırdalı obrazlar yaratmasına baxmayaraq, heç kim onun dilindən "mənim yaratdığım" ifadəsini eşitməmişdi. Onu insanlara həlim səsi, mülayimliyi ilə yanaşı, təvazökarlığı sevdirmişdi. Aktyorun yaratdığı obrazlar aləminə nəzər salsaq, görərik ki, o aləmdə bir-biri ilə daban-dabana zidd xarakterlər var. Onları birləşdirən ən önəmli cəhət isə obrazların qəhrəman insanlar olması idi. Bu qəhrəmanların tarixi şəxsiyyət, ya da çağdaş bir insan olması o qədər böyük əhəmiyyət daşımırdı. Çünki Həsən Məmmədov onu öz ifası ilə xalqın qəhrəmanına çevirmişdi.

   Həsən Məmmədovun çəkildiyi filmlərin böyük əksəriyyəti "Azərbaycanfilm"in istehsalı idi. O, "Arşın mal alan"da Əsgər, "Gün keçdi"də Oqtay, "Arxadan vurulan zərbə"də Qəmərlinski, "Bizi bağışlayın"da Nəriman, "Dədə Qorqud"da Dədə Qorqud, "Axırıncı aşırım"da Abbasqulu bəy, "Sevil"də Balaş, "Yeddi oğul istərəm"də Bəxtiyar, "Alma almaya bənzər"də Qurban, "Qəm pəncərəsi"ndə Məhəmmədhəsən əmi, "Papaq"da Mirzə Səfər obrazlarını canlandırmışdı. Başqa-başqa dünyalardan gələn obrazları öz simasında bütövləşdirərək Həsən Məmmədov olmağı bacarmaq asan deyildi. Bir az düşünsək, ziddiyyətlərin fərqinə varmaq çətin olmaz. "Arşın mal alan"da adətləri tapdalayaraq yeni meyllərin, yeni başlanğıcların tərəfdarı olan, köhnəlmiş qaydalara qarşı çıxan bir gənc Dədə Qorqud olaraq qarşımıza çıxır, bizə ulu keçmişimizdən danışır, "gəlimli-gedimli dünya, son ucu ölümlü dünya" deyir. Oğuz elinin məsləhət yeri olur. Daha əvvəlsə qarşımıza ilk komsomollardan - "yeddi oğul"dan biri kimi çıxır. Bu dəfə daha zəhmli, sərtdir. Bir qadını (Humayı) döyəcək qədər sərt bu gənc komsomol Cəlalı - bir bəy oğlunu öz kiçik qardaşı kimi sevəcək qədər genişürəklidir.

 

   Həsən Məmmədovun sənət dünyasında ağalar dünyasına boyun əyməyən əzmli, qürurlu Mirzə Səfər Xudayar bəy kimi bir miskinə boyun əyəcək qədər aciz Məhəmmədhəsən əmiyə çevrilir. Mövhumatçı, tək arzusu Kəbəni ziyarət etmək olan Məhəmmədhəsən əmi öz atasına ölü paltarı geyindirən, dini inancları olmayan Balaş da ola bilir. Bütün bunlarla yanaşı, o, bəy olmağı da yaxşı bacarır. Abbasqulu bəy Şadlinski olmaq asandırmı?! Həm Kərbəlayi İsmayılın, həm kəndlinin yanında hörmətin olacaq, hər iki tərəf sevəcək səni. O qədər sevimli olacaqsan ki, kəndli düşmən gözündə gördüyü bəy oğlunun meyitini təkcə sənin xətrinə geri qaytaracaq. Asan deyildi, əlbəttə. Amma bunu bacaran bir insan idi Həsən Məmmədov...

   Yaratdığı onlarca obraz onu xalqın sevimlisi etmişdi. Ancaq bir insana xalqın sevgisi yetməz ki! Bir insan gəncdirsə, hələ yaşadığı yerdən hər gün hündür boylu bir dilbər keçirsə, ona aşiq olmamaq ehtimalı azalır. Bir gözəlin sevimlisi olmaq üçün böyük fədakarlıqlar etməmişdi, amma hər gün onu uzaqdan izləməsi, onu uzaqdan sevməsi ilə sevdirmişdi özünü.

   Gələcək həyat yoldaşı Lətifəyə aşiq olanda qız hələ məktəbdə oxuyurdu. Aralarında səkkiz yaş fərq var idi. Qıza ilk görüşdən aşiq olur. Onu izləyərək evlərinə kimi gedir. Ancaq bir gün qız fərqinə varır ki, hər gün onun ardınca yaraşıqlı bir gənc gəlir. Ondan heç gözlərini çəkmir. Bu vəziyyət üç-dörd ay davam edir. Qız da kim olduğunu bilmədiyi bu səssiz oğlana uzaqdan bağlanır. Uzaqdan sevirlər bir-birlərini. Onu görərkən ürəyi sürətlə döyünməyə başlayır, həyəcanlanır, əlləri əsir. Onu görə bilmədiyi günlərdə darıxır, narahat olur. elə bir gün gəlir ki, artıq Həsən sevimli Lətifəyə qəlbini açır. Onlar 1967-ci ildə evlənirlər. İki övladları dünyaya gəlir - Aynur Əvəz...

   Çox mülayim, qayğıkeş insan olan Həsən Məmmədov övladlarına qarşı çox diqqətli idi. Ancaq əksər atalar kimi qızına daha çox bağlı olan sənətkar qızı ilə dərd ortağı imiş sanki. Onu narahat edən məsələlərdə qızı ilə məsləhətləşər, bəzən saatlarla öz otaqlarına qapanıb söhbət edərmişlər. Getdiyi hər səfərə övladlarını həyat yoldaşını da aparırmış. Uşaqları ilə Moskva, Riqa, Tallin kimi şəhərlərə getmişdilər. Həyat yoldaşı Lətifə xanım onun haqqında danışanda qeyd edirdi ki, uşaqlar qədər nadinclik etsələr , əsla onlara əl qaldırmayıb.

   Onun ən yüksək keyfiyyətlərindən biri sədaqəti idi. Hələ təzə evləndikləri zamanlarda Həsən Məmmədov gənc aktrisalarla filmlərə çəkilirdi. Ancaq Lətifə xanımın ona inamı elə güclü idi ki, bu, aralarında heç bir narazılığa səbəb olmamışdı. Həyat yoldaşı ona hər zaman dəstək olmuşdu. Elə, bəlkə , onu dayanmadan fərqli obrazlar yaratmağa, fasiləsiz işləməyə ruhlandıran bu inam, bu ailə sevgisi idi. Lətifə xanım bir hadisəni xatırlayır: "Arif Babayev "Birisi gün, gecə yarısı" filmini çəkirdi. Çəkilişlər axşam aparılırdı. Bir gün gecə saat 11-də qapı döyüldü. Açanda gördüm filmin ikinci rejissoru gəlib. Əlində kabab çörək. Məndən xahiş etdi ki, bəlkə, evdə sulu xörək olar. Demə, bütün restoranları gəzmişdilər, amma heç yerdə tapa bilməmişdilər. Mən gətirib bir qazan duru xörək verdim. Çörəklə kababı da götürmədim. Geri qaytardım ki, özləri çəkilişdə yeyərlər. Sonra bilmişdim ki, Həsən yemək yeyəndə nəsə ona tanış gəlib deyib: "Ay bala, bu yemək mənə tanış gəlir". Arif Babayev ondan soruşur ki: ", xörək necəydi, xoşuna gəldi?" Həsən cavab verir: ", yaxşı idi. Amma bilmirəm nədənsə bizim xörəyə oxşayır". Arif Babayev gülərək "elə sizin evin xörəyidi",- deyib.

   Hər kəsin sevimlisi olan bu adamın ən yaralı yeri bəzi insanların çəkildiyi filmlərə görə onu qınaması idi. Belə ki, oynadığı Abbasqulu bəy Şadlinski, Bəxtiyar kimi obrazlar müstəqillik illərindən sonra zamanın tələbinə cavab vermirdi. Aktyor buna görə özünübilməz insanların qınaq obyekti olmuşdu. O, ağrı ilə deyirmiş ki, mən zamanının insanını oynamışam, dövrün insanını canlandırmışam... Gördüyü haqsızlıqlar, yaşadığı çətinliklər onun qocaman qəlbini yormuşdu artıq. Yaşının o çağında hələ ailəsi ilə rahat yaşayacağı geniş bir evi yox idi. Başqaları kimi öz nüfuzundan istifadə etməyi sevməzdi. Onda "Mirzə Səfər" qüruru vardı.

 

   Bir gün onun haqsızlıqlara dözməyən ürəyi durdu, "gəlimli-gedimli dünya"dan əbədi köçdü. Artıq "gün keçmişdi". "Onun nazı ilə çox oynayan" ürəyi isti bir yay günü - 26 avqust 2003-cü ildə dayanmağı seçdi...

 

 

Ekspress.-2014.- 15 avqust.- S.15.