Cümhuriyyət tələbələri
III fəsil. Tale sorağında
Cümhuriyyət
tələbələrinin andı
"Qadir Allah və öz vicdanım qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçün nə gücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".
Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.
Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.
"Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.
Nazim Rzanın
babasına həsr etdiyi kitabın "Millətin nicatı maarifçilikdədir" və
"Müəllimliklə başlanan
ömür" fəsillərində
Mirzə Məhəmməd
Axundzadənin Azərbaycan
təshili sahəsindəki
səmərəli fəaliyyəti
geniş əks olunur.
Kiçik Məhəmməd ilk dərsini Gəncə camaatı arasında böyük nüfuz sahibi olan atası Mirzə Kərim Axundzadədən almışdı. Şah Abbas məscidindəki mədrəsədə və gimnaziyada oxuduqdan sonra iyirmi yaşında ikən onun həyatında möcüzəyəbənzər hadisə baş verir. Fitri istedad sahibinin 1896-cı ildə həm Tiflisdə Kamal Ünsizadənin mətbəəsində "Sərfi-Türk" kitabı nəşr olunmuş və həm də Gəncə klassik kişi gimnaziyasına müəllim qəbul edilmişdi.
Sonralar görkəmli pedaqoq bu məktəbi "elm evi" adlandırmışdı. Heç də təsadüfi deyil ki, Gəncədən Avropa ölkələrinə ali təhsil almağa göndərilmiş 100 tələbədən beş nəfəri onun ata kimi qayğıkeşlik etdiyi yetirmələridir:
- Hacızadə Mirzə Məşədi Yusif oğlu
- Acasıbəyli Yusif Süleyman bəy oğlu
- Hacıyev Hüseyn Hacı Musa oğlu
- Cavanşir Əbdülhəmid Həmid oğlu
- Məmmədli Zal Məşədi Cavad oğlu.
Adları çəkilənlərdən birincisi - Mirzə Məşədi Yusif oğlu Hacızadə Cümhuriyyət tələbələri arasında bəlkə də ən çox bəxti gətirənidir. Onun həyatı inkaredilməz arxiv sənədləri kimi həqiqətin güzgüsüdür.
Bir daha yəqin edirsən ki, 1918-ci ildə bütün müsəlman aləmində ilk Cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə qurulan Türkəyə Cümhuriyyətinin də mənəvi dayağı olub. 1918-ci ildə Azərbaycan Cümhuriyyətini quranlar 1923-cü ildə Atatürkün yanında ən yüksək vəzifələrdə çalışmışlar. Atatürkün qurduğu yeni Türkiyə Azərbaycan mühacirlərinin vətəninə çevrilmişdi. Onların arasında Cümhuriyyət tələbəsi Mirzə Hacızadənin öz yeri vardı.
Bu maraqlı tale yolu barədə Azərbaycan oxucularına ilk dəfə unudulmaz tədqiqatçımız Xanlar Bayramov "Gəncə üsyanı- 1920: Sənədlər və materiallar" adlı kitabında məlumat verib.
Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan sənədlərə görə, Gəncə klassik kişi gimnaziyasının məzunu Mirzə Hacızadə Xarkovda ali təhsil almış və Azərbaycan Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə Almaniyaya göndərilmişdir. Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra Sovet vətəndaşlığını qəbul etməyən Cümhuriyyət tələbəsi alman vətəndaşlığını qəbul edərək orada qalmışdı. Berlində doktorluq dissertasiyası müdafiə edən, seleksiyaçı alim kimi fəaliyyət göstərən alim daha sonra ömrünün sonunadək qardaş Türkiyədə yaşayır. Mirzə Hacızadə Türkiyədə Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin qızı Zöhrə xanımla ailə qurur.
Xanlar Bayramov kitabının "İstanbulu görmək - bir dünya ziyarəti" hissəsində belə yazır: "Azərbaycan xalqının taleyüklü məsələlərinin həllində mühüm rol oynamış ziyalıların uzun illər yaxın qohumlarından, əzizlərindən xəbərsiz yaşamaları mənə rahatlıq vermirdi. Bu arzumu Akif Rəfiyevə bildirdim. O, məni 1992-ci ilin yayında İstanbula yola saldı".
Xanlar Bayramov İstanbulda Nağı Şeyxzamanlının kiçik oğlu Yavuz bəyi axtarıb tapır. Birlikdə gəncəli rəhmətliklərin qəbirlərini ziyarət edirlər. Onların arasında 1980-ci ildə Türkiyədə vəfat etmiş Cümhuriyyət tələbəsi Mirzə Məşədi Yusif oğlu Hacızadə də vardı.
Yavuz bəy Mirzə Hacızadənin ömür-gün yoldaşının sağ olduğunu qonağa bildirir. Ertəsi günü iki gəncəli balası - Yavuz bəylə Xanlar on iki il əvvəl Cümhuriyyət tələbəsinin əbədiyyət dünyasına yola salındığı evə qonaq düşür.
Müəllif bu təsirli səhnəni belə təsvir edir: "Zöhrə xanımla görüşümüzdə Nəsibbəy Yusifbəylinin 90 yaşlı qızının dilindən eşitdiyim ilk kəlmələr belə oldu: "Azərbaycan üçün yana-yana Türkiyəni özümə Vətən etdim".
Söhbət əsnasında Zöhrə xanım rəhmətlik əri barədə belə dedi: "1920-ci il aprelin 28-də baş verən işğaldan sonra Mirzə bəy Vətənə qayıtmağının mümkünsüzlüyünü dərk edir və təhsilini başa vurub Almaniyada yaşayır. Çox çəkmədən orada nüfuzlu alim kimi tanınır. Daha sonra Türkiyəyə dəvət alır, burada ailə qurduqdan sonra bir daha geriyə qayıtmır. Yaddaşımdan silinməyən bir əhvalatı da sizlərə danışmaq istəyirəm. O zaman Türkiyədə işləyən əcnəbi vətəndaşlara üç qat artıq əmək haqqı verilirdi. Mirzə bəy üçün də bu miqdarda məvacib hesablananda o etiraz edərək deyir ki, mən türkəm, əcnəbi deyiləm. Onun bu cavabı böyük sensasiyaya səbəb olur".
Hələ Almaniyada yaşadığı və işlədiyi zaman kənd təsərrüfatı elmləri doktoru olmuş Mirzə bəy Türkiyədə seleksiyaçı alim kimi geniş şöhrət qazanmışdı. Dünyanın bir çox ölkələrinə dəvət olunur, konfranslarda, simpoziumlarda çıxış edir, bir sıra qabaqcıl ölkələrin akademiyalarının fəxri üzvü seçilir".
Müsafirlər otaqda maestro Niyazinin portretinə heyranlıqla baxanda ev sahibəsi deyir: "1969-cu ildə Türkiyəyə gəlmişdi, İstanbulda Atatürk mərkəzində bəstəkarlara dərs keçirdi. Mərkəz yaxınlığımızda idi. O bizə gələr, Mirzə bəylə saatlarla söhbət edərdi. Aralarında qardaşcasına dostluq əlaqələri yaranmışdı. Maestro çox çətinliklə bizim Bakıya getməyimizə icazə aldı. Səfərimiz zamanı yüzlərlə azəri Türkiyədə yaşayan qohumlarından xəbər tutdu. Bakıda Mirzə bəyin Universitetdəki çıxışı sürəkli alqışlarla qarşılandı və bu çıxışdan sonra bizə Gəncəyə getməyə icazə vermədilər".
Beləliklə, 1920-ci ildən bəri Almaniyada və Türkiyədə yaşamış dünya şöhrətli Cümhuriyyət tələbəsi həyat yoldaşı Zöhrə xanımla doğma yurda qayıtmış, Gəncəyə ayaq basmadan, ata-anasının və yaxınlarının qəbirlərini ziyarət etmədən geriyə dönməyə məcbur olmuşdular. "37"ni 60-cı illərdə də davam etdirənlər Cümhuriyyət tələbəsinə və Cümhuriyyətin baş nazirinin qızına mənəvi əzab vermişdilər...
Bundan sonra İstanbulda Mirzə bəyin pərişanlığı çarəsiz dərdə çevrilir və səksəni adlaya bilmir. Dörd övladı isə atasız qalır...
"Ey gənclik!
Sənin öhdəndə böyük bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:
Bir kərə yüksələn bayraq bir daha enməz!
Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə taxacaq və bu yolda ya qazi və ya şəhid olacaqsan!"
Məhəmməd Əmin Rəsulzadə
Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri müəyyənləşdirmiş beş nəfərdən (M.Ə.Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov,
Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə
Komissiyasının sədri
əvvəli, ardı var
Teyyub QURBAN
Ekspress.-2014.- 16-18
avqust.- S.15.