"Başım
qarışıb balalarımı saxlamağa..."
Rauf Ağakişiyev:
"Uşaqların ayaqqabılarının
ölçüsü artdıqca, ürəyimdə bir
çat da əmələ gəlir..."
Rauf Ağakişiyev uzun illərdir Sumqayıt Dram Teatrında çalışır. Tanınmış teatrlardan dəvət almasına baxmayaraq, taleyini ömürlük bu teatra bağlayıb. Çətinliklərə baxmayaraq peşəsini ürəkdən sevib. İstər kino, istərsə də teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb. Hələliksə əməyi "Tərəqqi" medalı ilə qiymətləndirilib. Ancaq yaşı və potensialı hələ çox titullara layiq görüləcəyindən xəbər verir. Yeri gəlmişkən, Raufun bu yaxınlarda İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" əsəri əsasında hazırlanan eyniadlı tamaşada oynadığı Həsənzadə rolu diqqətimi cəlb etdi. Oxucularımıza təqdim etdiyimiz bu söhbət də həmin diqqətin nəticəsidi.
- Rauf müəllim, söhbətə tərcümeyi-halınızla başlayaq.
- 1972-ci il mart ayının 26-da Sumqayıt şəhərində fəhlə ailəsində anadan olmuşam. Atam 16 yaşından həyatını Sumqayıta bağlayıb, bu şəhərin qurucularındandı. 30 saylı orta məktəbi bitirib hərbi xidmətə getmişəm. Gələndən sonra İncəsənət Universitetinə daxil olmuşam. Evin böyük uşağı idim. Çox zəhmətkeş uşaq olmuşam. İki qardaş, bir bacı idik. Atam-anam zavodda növbə ilə işləyib. Bir növ onlara həm oğul, həm qız olmuşam. Evi süpürmüşəm, qab yumuşam, xörək bişirmişəm...
Məktəbdə daha çox ədəbiyyat fənninə üstünlük verirdim. Çünki məqsədim bu sənətə, bu yola idi. Oxuyan uşaq olmuşam. Məktəbdə xətrimi istəyirdilər. Məktəbin tədbirlərində yaxından iştirak edirdim, səhnələr qururdum. Yeni il, Novruz bayramlarında ədəbiyyatdan istifadə edib Kosa və Keçəl üçün səhnələr yazırdım. Özüm oynayırdım, rejissorluğu da özüm edirdim. Elə teatra maraq da məktəbdən yarandı. O vaxt Sovetlər dövründə "Oktyabr" klubu var idi. Onun nəzdində tənqid-təbliğ xalq teatrı fəaliyyət göstərirdi. Oranın da rəhbəri Ağalar İdrisoğlu idi. Onlar bir "Sehirli yaylıq" tamaşası ilə bizim məktəbə gəlmişdilər. Tamaşa doğrudan da məni tutdu. Sonra Ağalar müəllim səhnəyə çıxıb dedi ki, "bizim xalq teatrı uzun müddətdir ki, fəaliyyət göstərir. Kim istəyir, gəlsin". Mən də gedib ora yazıldım...
- Bəs Universitet həyatınız
necə oldu"
- O vaxt -1992-ci ildə beş fakültənin beşinə də girmişdim. Hamısı əyani idi, biri qiyabi. Orda Fikrət müəllim var idi. Məndən soruşdu ki, "ay oğul, bu beş fakültənin hansını seçirsən?" Dedim qiyabi. Məəttəl qaldı. Dedi, "niyə? Sən nə danışırsan. Beş fakültəyə girmisən. Şəfiqə Məmmədovaya, Həsən Turabova imtahan vermisən". O dedi, mən dedim... Məndə də bir az tərslik var. Axırda soruşdu niyə? Dedim, "bilirsiniz, müəllim, mənim atam kasıbdı. Hər gün mənə pul verə bilməz. Mən gərək işləyəm ki, pul qazanam, dərsimə rahat gəlib-gedəm. Ona gərə də məni qiyabi keçirin". Qiyabi keçsəm də, universitetlə müntəzəm əlaqə saxlayırdım. Mənim kurs rəhbərim Nəsir Sadıqzadə olub. Allah ona qəni-qəni rəhmət eləsin. O, Sumqayıt Teatrının ilk rejissorlarından olub. "Bəxt üzüyü" filmində də "Tanrıbəy" dayını oynayır.
Həsən Turabovdan dərs almışam. Rasim Balayev məndən dövlət imtahanı qəbul eləyib. Beləcə, həm oxuyurdum, həm işləyirdim.
- Sumqayıt Dram Teatrına gəlişiniz
necə oldu?
- Evə gəlib dedim ki, qiyabi keçmişəm, işləyib öz başımı saxlayacağam. Atamı da götürüb Ağalar müəllimin yanına getdim. Onda Ağalar müəllim Sumqayıt Dram Teatrının direktoru idi. Dedi ki, səni tanıyıram, işə götürürəm. Səhəri gün teatrda maşinist kimi fəaliyyətə başladım. Heç bir il maşinist işləmədim. Bir dəfə "Tamahkar" tamaşası ilə Masallı rayonuna getmişdik. Sabir Qurbanov orda İmranı oynayırdı. Kino çəklişi ilə əlaqədar onu geri çağırdılar. Oturdular, fikirləşdilər ki, bu obrazı kim oynasın? Dedim, mən oynayaram. Gecə ilə həmin rolu yazdım. Burdan da həmin o aktyorlara minnətdarlığımı bildirirəm, sağ olsunlar, onları səhərə qədər qoymadım yatmağa... Və o rolun öhdəsindən gəldim. Qastroldan qayıdandan sonra Ağalar müəllim mənim əmrimi aktyor kimi verdi.
Özümdə məsuliyyət hiss edirdim. Düşünürdüm ki, nəhənglərlə işləmək mənim üçüm asan olmayacaq. O vaxt Vaqif Əliyev, Tofiq Bayramov, Kamil Məhərrəmov, Xanlar Muradov, Gülsolmaz Qafarova, Almaz Amanova, Səmayə Sadıqova var idi... Mən indinin özündə də məsuliyyətli adamam. Hələ indiyə qədər rəhbərlik tərəfindən mənə bir dənə də olsun, irad tutulmayıb. Çünki mən teatrı, sənətimi doğrudan sevirəm.
- Hansı rol sizi
tamaşaçılara tanıtdırıb?
- "Anasının gül balası" əsərində İzaməddin Bağırovla mən dublyor idim. Ona da atanı vermişdilər, mənə də. Nə isə, premyeranı da mən oynamalı oldum. Deməzdim ki, mən bununla tam tanındım. Komediyalarda tanınmışam. 2004-cü ildə "Tərəqqi" medalına layiq görülmüşəm. Sumqayıtda dövlət tədbirlərində aparıcı kimi iştirak edirəm.
- İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" əsərində də oynamısınız.
- Mərahim Fərzəlibəyovun quruluşunda bu əsərdə Həsənzadəni oynamışam. Respublikanın xalq artisti İlham Əsgərovla dublyor olmuşam. Mərahim müəllimlə bundan qabaq da Marat Haqverdiyevin "Fədakarlıq" əsərində, eləcə də digər əsərlərdə işləmişəm. Onun iş üslubuna bələd idim deyə, fikirlərini tutmaq mənim üçün asan idi. Mən bu tamaşanı uşaq vaxtı Rasim Balayev oynayanda görmüşdüm. Mərahim müəllim də tamaşanı elə qurmuşdu ki, o ağırlığı qoruyub saxlaya bilmişdi. Ona görə bu əsəri oynamaq mənə asan gəldi. Bu mənim sonuncu oynadığım obrazdı. Bundan qabaq da Tatyana Şevçenkonun quruluşunda Con Patrikin "Qocanı necə öldürməli?" əsərində oynamışam.
Bu yaxınlarda
Gürcüstanın Kutaisi şəhərində olduq. Ora şəhərin
merinin dəvəti ilə getmişdik. Orda göstərdiyimiz
bu tamaşa- "Qocanı necə öldürməli?"
çox uğurlu oldu.
- Yeri gəlmişkən,
rejissorlarla işiniz necə alınır?
- Bizim teatrın baş rejissoru
Firudin Məhərrəmovla işləmək mənim
üçün çox rahatdır. O adam
daim mənim içimi, qəlbimi açmağı
bacarır. Rejissor var ki, ancaq mizan qurur: ordan çıx, burdan
gəl, bu sözü de... Mən belə
şeylə razı deyiləm. Belə də
aktyor kimi özümü qıraqdan görə bilmirəm.
Əslində isə görməliyəm. Amma elə şey var, nə qədər
çalışırsan ki, qıraqdan özünü
görəsən, rejissorsuz mümkün olmur. Rejissor sənin səhvlərini tutub deməlidi.
O dedikcə, sən də öz üzərində işlədikcə,
görürsən ki, əsəri oxuyanda sənə
bayağı görünən rol, səni özünə cəlb
edir...
Bizim teatrda Namis
Şirməmmədov var, maraqlı rejissordu. Vasif Məmmədov da yaxşı rejissordu. Amma Firudin Məhərrəmov qədər mənim
içimi, daxilimi oynadan rejissor tanımıram.
- Belə götürəndə,
aktyor üçün 42 yaş az deyil. Fəxri ad barədə
düşünmürsünüzmü?
- Elə bir aktyor ola
bilməz ki, o barədə fikirləşməsin. Mən də fikirləşirəm. Elə bilirəm ki, bu barədə fikirləşmək
mənim haqqımdı. Mənim qədər Sumqayıt
şəhərində dövlət tədbirlərində
yaxından iştirak edən ikinci bir adam
tanımıram...
Mən indi ekranda elə
adamları görürəm ki, fərqinə varmadan
ağzına gələni danışır, amma həm əməkdar
artisdi, həm də prezident mükafatçısıdı.
Ad çəkmək istəmirəm, onlar da mənim
sənət dostlarımdı. Hələliksə
məni görən yoxdu. Bilirəm ki, nəsə
olacaq. Bizim teatra iş qabiliyyəti və təşkilatçılıq
bacarığı, repertuar seçimində savadı olan
İslam müəllim yeni rəhbər təyin olunub. İnanıram ki, bu cür rəhbəri olan teatrda,
bu adamın dövründə mən fəxri ad alacağam.
Yenə bu günə də şükür...
- Ürəyinizdən hansı rolu
oynamaq keçir?
- Cəfər
Cabbarlıda Aydını oynamaq istəmişəm. Hamlet keçib içimdən. Amma
indi yox. İndi, açığı,
bütün rollar mənim üçüm əzizdi. Bu dəqiqə başım qarışıb
balalarımı saxlamağa. Allah saxlamışların
ayaqqabılarının ölçüsü artdıqca,
ürəyimdə bir çat da əmələ gəlir. 177 manat alıram. Dublyaja getməyim
nə edim?
- Seriallara dəvət almırsınız?
- Sirac Mustafayevin rejissorluğu ilə
yeni bir film çəkilir-"Durnalar qayıdanda". Ssenarisi də özünündü. Mən də orda bir kənd adamı obrazını
oynayıram.
Bundan qabaq bizim Firudin
Məhərrəmovun ssenarisi əsasında Elçin Məmiyev
"Susmuş vicdan" serialını çəkib. Orda müstəntiqi oynamışam. Elşən müəllimin çəkdiyi
"Köpək bürcü" filminə çəkilmişəm.
Şahmar Qəriblinin "Özümüz bilərik"
telelayihəsində çox səhnələrdə
çıxış eləmişəm...
- Tərəf müqabilləriniz
sizi qane edirmi"
- Tərəf müqabilim zəif
olanda, mən həvəsdən düşürəm. Deyirlər ki, flankəsə halal olsun,
tamaşanı dartdı apardı. Bu flankəs
tamaşanı nə qədər dartıb aparacaq? Ona arxayın olaq teatra kimi gəldi götürək?
Sumqayıt teatrı Bakıya çox aktyorlar
hazırlayıb göndərib. Kübra Əliyeva, Səyavuş
Aslan, Afaq Bəşirqızı, Kazım Abdullayev, Almaz
Amanaova, Səmaya Sadıqova, Tofiq Bayramov, Rüstəm Rüstəmov,
Nadir Xasıyev, Vaqif Əliyev... O vaxt məni Amalya Pənahova,
mərhum Hacıbaba Bağırov da dəvət etdi. Fikirləşdim ki, gedib paytaxtda 10 teatrın
arasında tanınana qədər burda hazır
tanınıram da. Gərək elə etməzdim,
vaxtında paytaxta gedərdim. Hansı
tamaşada tanınmışamsa, buna görə tərəf
müqabillərimə minnətdaram. Mən
onları oynatmışamsa, onlar da məni oynadıblar.
Onlar mənə impuls veriblər...
- İki
övladınız var. Onlar aktyor olmaq istəyirlərmi?
- Evdə sənətimi
hallandırmıram. Amma bir-iki dəfə
söhbət olub, deyiblər ki, "ata, biz istəmərik
aktyor olaq". Soruşuram ki, niyə?
Deyirlər, "görürük də nə
zülm çəkirsən". Amma deyirlər ki, aktyor
da var, altında maşını, pulu...
Qızım jurmalist
olmaq istəyir. Çox həvəsi var. Bir də
görürsən özü üçün mikrofonla
düzüb-qoşur: "Əziz tamaşaçılar,
bügünkü verilişimizin qonağı Rauf
Ağakişiyevdi". Belə, ata-bala
oynayırıq. Oğlum isə taxtadan düzəldilmiş
bir tapançanı alır əlinə, deyir ki, polis
olacağam...
- Ev sarıdan
da çox əziyyət çəkmisiniz. İndi
şəraitiniz necədir?
- Mən sabiq icra
başçısı, hazırki nazir müavini Vaqif
Əliyevə ömrüm boyu borcluyam. Onu
heç unutmaram. Bir toyda idim. Onun
köməkçisi Pərviz müəllim zəng vurdu, dedi
ki, "Vaqif müəllimlə görüşəcəksiniz".
Vaqif müəlim məni qəbul etdi.
Dedi, "sənə ev verirəm təzə tikilidən. Təmirini də təşkilatlara
tapşırarıq edərlər". Dedim, olar mənə
torpaq verəsiniz? Dedi, "torpağı nə edəcəksən?"
Dedim, iki fərsiz qardaşım var, onlar qoy məndən
istifadə etsinlər. Atam da kasıb adamdı.
Bir ev tikərdim. Onları da yanıma
alardım... Baxdı üzümə, dedi, "daha sənə
sözüm yoxdu, hamı özü
üçündü". Dirəndim, yox ki
yox. Amma kişi kimi o, torpağı
verdi. İndi səkkiz ilə bir koma
qaraltmışam. Balalarımı
yanıma alıb yaşayıram.
- Yoldaşınız aktyor
olmağınıza necə baxır?
- Yoldaşımla yox, onun valideynlərilə
əvvəldən kəlməmi kəsmişdim: mənim sənətim
budu. Ola bilər səhər yolla gedəndə
bir aktrisa gəldi girdi qoluma. Səhər mənim
evimdə dığ-dığ olmasın. Mən də
söz verirəm ki, ailəmə sadiq bir kişi
olacağam...
Yoldaşım sənətimlə
maraqlanır. Gec gələndə deyir, deyəsən,
tamaşa var, dublyajdan gəlirsən? Maraqlanır kimin əsəridi,
kim hazırlayıb. Tamaşalarıma
da gəlib baxır.
- Aktyor olmasaydınız, hansı
peşəni seçərdiniz?
- Mənim ən böyük arzum dənizçi
olmaq olub. Hazırda ikinci sənətim də
var. Dağıstanda Yujdak Universitetinin hüquq fakültəsini
bitirmişəm. 1997-ci ildə Tariyel
Qasımov Dərbənd Teatrına baş rejissor getdi. Mən də orada Hidayət Orucovun "Məhəbbət
hələ yaşayır" əsərində baş rolu -Zəfəri
oynayırdım. Bir dəfə o
tamaşanı məktəbdə oynamalı olduq. Avtobusa
minib gedəndə, bir nəfər avtobusa qalxdı, dedi ki, kim oxumaq istəyirsə, mən onun
qulluğunda hazıram. Universitetin rektoru idi.
Elə oldu ki, mən sənədlərimi ora
verdim. Həm Dərbənd Teatrında aktyor kimi işlədim,
həm 4 il universitetdə oxudum,
hüquqşünas ixtisası aldım...
Biz aktyorların məvacibi
çox azdır. Aktyor sənəti belədi
ki, gərək heç nədən korluğun olmasın.
Çünki sən kütlə
qarşısına çıxırsan. Başqa şey
haqqında fikirləşə bilməzsən...
İndi teleseriallara
baxıram, görürəm ki, əksəriyyəti
uşaq-muşaqdı, kiminsə tanışıdı. Baxırlar ki, pula ehtiyacı var. Deyirlər,
"çəkilərsən filmə?" Deyir, hə. Onda deyirlər, gəl.
40-50 manat verirlər. Amma seriallara külli
miqdarda pul ayrılır...
Mən səhər
saat 9-dan dublyajda oluram. Axşam saat 10-a kimi
Bakını dörd dəfə dövrə vururam.
Dörd "Prodakşn"a gedirəm, hərəsində bir
kəlmə yazıram, dəqiqəsi də 1 manatdan... Fikirləşirəm ki, nə vaxtsa dublyajdan o pulu
alacağam. Dönmüşük qazpulu yığana...
- Hansı arzularla
yaşayırsınız?
- Yaxşı pulum olsun. Ürəyim istəyəni eləyim. Pul hər şeyi həll edir.
Namiq
MƏMMƏDLİ
Ekspress.-2014.- 16-18 avqust.- S.20.