Yaşlanmaqdan yox, köhnəlməkdən
qorxmaq lazımdır
Anar Heybətov: Dedim, məni elə
vurun ki, ikimizin də canı qurtarsın...
Aktyor Anar Heybətovun sənətə gəlişi erkən yaşlarından başlayıb. 4-5 yaşlarında Oqtay Zülfüqarovun televiziyada apardığı uşaq verilişlərində iştirak edib. Bülbül adına musiqi məktəbinin tar sinfini bitirdikdən sonra təhsilini Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində davam etdirib.
Tələbəlik illərində müxtəlif televerilişlərdə iştirak edən aktyor Azər Paşa Nemətovun kursunu bitirib və elə onun dəvəti ilə Akademik Milli Dram Teatrına gəlib. 2001-ci ildən "Azdrama"da müxtəlif səpgili rollar oynayan Anarın səhnədə ilk rolu "Mənim ərim dəlidir" tamaşasındakı cangüdən obrazı olub. Rol aldığı onlarla tamaşa, "Azərbaycanfilm"in bir neçə filmi və teleseriallar onu artıq populyar sənətçiyə çevirib.
- İnstituta
daxil olduğumuz zaman iki qrupumuz vardı. Bir qrupun rəhbəri
Ağakişi Kazımov idi, digərinəsə Fuad Poladovun rəhbərlik
edəcəyi deyilirdi. Etiraf
edim ki, Fuad Poladovun kursunda oxumağa çox can atırdım.
Fuad Poladovu uşaqlıqdan tanıyırdım,
bir məhəllədə, bir həyətdə yaşayırdıq.
Onun işə getməsi, evə gəlməsi,
yolda necə yeriməsi daima diqqətimdə idi. Günlərin birində anamla yol gedirik, birdən
baxdım ki, Fuad Poladov sanki öz-özünə
danışırmış kimi addımlayır. Anamdan
soruşdum ki, "bu kişi niyə öz-özünə
danışır", o da cavabında "yəqin rolu üzərində
çalışır, rolun sözlərini təkrarlayır",
- dedi. O gündən Fuad Poladova, bu insanın şəxsiyyətinə
olan marağım daha da artdı. Xoşbəxtlikdən
tələbə vaxtı onun kursuna düşdüm, ancaq
sevincim çox da uzun sürmədi. İlk
dərs günü, Fuad Poladovu səbirsizliklə gözləyirik,
birdən qapı açıldı və Azərpaşa Nemətov
auditoriyaya daxil oldu. Ona "səhv gəlmisiniz,
bura Fuad Poladovun kursudur" dedik, Azərpaşa müəllim
də zarafatla "yaxşı onda mən gedirəm, Fuad
müəllim nə zaman gələr, onda da sizə dərs
deyər". Sonra məlum oldu ki, kursumuzun
rəhbəri Azərpaşa Nemətovdir. Sonralar
tale elə gətirdi ki, Fuad Poladovla "Hamlet"
tamaşasında qarşılaşdım, onunla bir səhnəni
paylaşdım və bu şəraiti bizə yaradan da sevimli
müəllimim Azərpaşa Nemətov oldu. "Şah Qacar" tamaşasında da Fuad müəllimlə
tərəfmüqabil oldum. Onu hər zaman
özümə müəllim saymışam. Azərpaşa Nemətovu tanıyanlar isə
çox gözəl bilir ki, o, çox səmimi olduğu qədər
də tələbələrinə, onların fəaliyyətinə
böyük diqqət yetirən rejissordur. Biz onun dəstəyini
hər zaman hiss edirik və onunla fəxr edirik.
- Ustadınızın hansı
fikri və ya məsləhəti hər zaman sizi təqib edir?
- Ümumiyyətlə
götürdükdə, bütün fikirləri hər zaman
ağlımda, ürəyimdə və beynimdədir. Ancaq
yaşlanmaqla bağlı bir fikri var ki, onu hər an hiss edirəm: "Qocalmaq fəxrdir, ondan
qorxmaq lazım deyil, köhnəlməkdən qorxun". Bu sözdə çox böyük həqiqət
var. İnsanın yaşı artdıqca, təcrübəsi də
çoxalır, təcrübə çoxalırsa, deməli
həyatı daha dərindən dərk etməyə
başlayırsan. Əgər kimsə
yaşlanmaqdan qorxursa, deməli, o heç bir işlə məşğul
olmur və keçdiyi yolda hər hansı bir iz buraxmır.
- Əslində, yaşlanmaq deyil,
yetməyən zaman qorxudur...
- Tamamilə doğrudur.
- Akademik Milli Dram Teatrında
çalışmaq hər aktyorun ən böyük arzusudur.
Bu sənət məbədində çalışa bildiyiniz
üçün şanslı sayıla bilərsiniz...
- Məncə də
şanslıyam. Və bunun necə böyük məsuliyyət
olduğunu da hər an hiss edirəm. Hətta dost-tanışlar arasında hərdən
deyirəm ki, mən o aktyoru aktyor saymaram ki, ürəyindən
Milli Dram Teatrında çalışmaq keçmirsə.
Dostlarımın, yaşıdlarımın əksəriyyəti
bu fikrimə haqq verir, əgər kimsə haqq vermirsə, o da
yüz faiz ürəyindən keçirir. Bu, sadəcə gəlişi gözəl fikir deyil.
Siz də yaxşı bilirsiniz ki, Milli Dram
Teatrında necə ustadlar çalışıb, onların
istər teatrda, istərsə də kinoda gördüyü
işlər mədəniyyət tarixinə həkk olunub.
- Səhnədəki ilk gün və
rolunuzu necə xatırlayırsınız?
- Azərpaşa Nemətovun
dəvəti ilə teatra gəldiyim zaman mənə ilk dəfə
Elçin Əfəndiyevin "Mənim ərim dəlidir"
tamaşasında kiçik bir rol verildi. Əslində,
səhnədə açılışmağım
üçün, eyni zamanda görüntü baxımından
səhnədə necə göründüyümə diqqət
etmək üçün mənə belə bir rol
vermişdi. Yəni bu bir sınaq idi.
Bir-iki kəlimə sözüm var idi - "buyurun", "gəlin"
və s. Əslində ilk rolda səhnəyə
çıxdığım gün elə də həyəcanım
yox idi, ancaq səhnəni paylaşdığım ustad
aktyorlarla bir araya gəlməyim məndə məsuliyyət
hissi yaradırdı ki, bu zaman da həyəcandan qaçmaq
mümkün deyildi.
- Kimlər var idi səhnədə?
- Səyavuş Aslan, Hacı
İsmayılov, Elxan Ağahüseynoğlu, Telman
Adıgözəlov, Cəfər Namiq Kamal, Firəngiz Mütəllimova,
Zemfira Nərimanova və s. Zirvəyə ucalmış
aktyorların yanında özümü görüncə o an
aktyor olmanın necə böyük məsuliyyət
olduğunu anlamışdım. Məhz həmin
aktyorların sayəsində mən həyəcan hissinə
güc gələ bildim. Bu teatrda daim
ustadlarımıza böyük hörmətlə
yanaşdım, onlardan aktyorluğun sirlərini öyrəndim,
eyni zamanda özümə qarşı səmimi münasibəti
hiss etdim. Bilirsinizmi,
qarşılıqlı hisslər çox önəmlidir,
aktyor üçün isə ikiqat önəmlidir.
-Bir çox tamaşada maraqlı
rollarla yadda qalmısınız, artıq öz
tamaşaçı auditoriyanız var. Serial baxımından
da sizin üçün uğurlu olub. Yeri gəlmişkən,
bu da şans məsələsidir?
- Ola bilsin ki, şans məsələsidir.
Doğrudur, milli seriallarımız hələ
ki inkişaf dövrünü yaşayır, yeni-yeni ayaq
açıb yeriyir, ancaq inanıram ki, bizim də güclü
seriallarımız olacaq. Hərçənd
ki, serial sənət nümunəsi kimi qəbul olunmur, ancaq nə
olur-olsun, əgər söhbət sənətdirsə, demək
elə serial da sənətin bir qoludur.
- "Pərvanələrin rəqsi"
serialı digər teleseriallarla müqayisidə
tamaşaçı tərəfindən yaxşı qəbul
edildi...
- Tamaşaçının
gözü tərəzidir. Dünya ölkələrinin
çəkdiyi saysız-hesabsız seriallara baxan
tamaşaçı istər-istəməz hansının daha
maraqlı, daha güclü olduğunu seçə bilir.
Şəxsən mən də bir neçə
seriala çəkildim və hələ də dəvət
alıram, ancaq hər zaman etiraf edirəm ki, "Pərvanələrin
rəqsi" hələ ki, liderlik edir. Bizim
yeni çəkilən seriallarımız ən azından
"Pərvanələrin rəqsi" qədər uğurlu
olarsa, o zaman deyə bilərik ki, biz də artıq
güclü seriallar yarada bilirik.
- Xarici serialları izləyirsiniz?
- Əsasən
Türkiyə istehsalı olan serialları izləyirəm.
Hər dəfə də şahid oluram ki,
qardaş ölkə sözün həqiqi mənasında
serial məsələsində çox-çox irəlidədir.
Açıq hiss olunur ki, Türkiyədə seriallara
güclü sərmayə qoyulur və bu işin
satışı ilə, dünya bazarına
çıxması ilə xüsusi olaraq məşğul
olurlar.
- Tamaşalar, seriallar qəhrəmanı
Anar Heybətov nədən kinoda az
görünür?
- Bir neçə filmdə epizod
rollar oynamışam, rollarımın həcm etibarilə
böyük olanı Qarabağ haqqında çəkilən
"Dolu" filmində olub. Kinodakı fəaliyyətim zəifdir,
bəlkə ona görə ki, bizdə hər il
az sayda film çəkilir və ya bəlkə mənə
uyğun olan rollar hələlik yoxdur. Sınaq
çəkilişlərinə hər zaman dəvət
alıram, hətta çox vaxt zarafat edirəm ki, elə məni
şəkil çəkdirməyə dəvət edirsiniz.
- Elə güclü aktyorlar olub
ki, sınaq çəkilişlərindən uğursuz
çıxıblar və sonradan filmdə baş rola çəkiliblər
ki, o ifa hələ də unudulmur...
- Belədirsə, deməli bir
gün mən də kinoda böyük uğurlara imza
atacağam. Etiraf edirəm ki, o günün
olacağına inanıram.
- Dediniz ki, ən böyük
rolunuz "Dolu" filmində olub. Əslində
"Dolu" filmində bir neçə obrazı
çıxsaq, digər rolların həcmi çox
kiçikdir.
- Bu da səbəbsiz deyil, filmin
süjet xətti bir şəhərin düşmən tərəfindən
necə işğal olunmasına yönəldilib. Belə bir şəraitdə bütün obrazlar
ekranda görünə bilər, ancaq hadisələrin
gedişatında bütün obrazlara geniş şərait
yaratmaq mümkün deyildi. Məhz bu
baxımdan hamı bir nəfər kimi üzərinə
düşən vəzifənin öhdəsindən gələrək
"Dolu"nun canlı alınmasına
çalışdı. Müharibə
filmlərində hadisələrin inandırcı
alınması çox vacibdir. Hərçənd
ki, hər zaman "kino reallığa yaxın olduğu qədər
reallıqdan bir o qədər uzaqdır" fikrini irəli
sürürük, ancaq aktual olan bir mövzu üzərində
qurulan epizodlarda inandırıcılıq çox önəmli
idi. Yazarın xəyal gücü, rejissorun xəyal
görüntüsü ola bilər, bu təbii
haldır, ancaq bütün bunlar belə vətənpərvərliyə
xidmət etməlidir. Məsələn, filmə
baxarkən "axı belə bir hadisə olmayıb" demək
yerinə, "müharibə gedən ölkədə şəhər
uğrunda belə bir hadisənin olması birbaşa təbliğat
xarakteri daşıyır" demək daha məqsədəuyğundur.
- Filmdə Məmməd Səfa
sizi yaman vurdu, hiss olunur ki, canlı sillə idi...
- Təsəvvür edin ki, o səhnə
bir neçə dubla çəkildi. Çox həyəcanlı
səhnə idi, Məmməd Səfa komandir kimi hirsli şəkildə
mənə hücum edərək sillə vurmalı idi.
Sanki ürəyi gəlmirdi silləni vurmağa, eyni zamanda elə
olurdu ki, mən üzümü çəkirdim və s. səbəblərdən
həmin epizod sönük alınırdı. Axırı
dedim ki, Məmməd Səfa müəllim, məni elə
vurun ki, ikimizin də canı qurtarsın. Doğrudan
da növbəti dublda həmin epizod maraqlı, canlı
alındı, çünki güclü sillə idi. Çəkiliş dayanan kimi Məmməd Səfa məni
qucaqladı, könlümü aldı. Kinoda belə
hallarla qarşılaşmaq təbii haldır...
Yeri gəlmişkən, Anar Heybətov
bu il yayımlanacaq 4 seriala dəvət
alıb. Aktyor bu dəvətlərin ən azı ikisinə
müsbət cavab verəcək...
Xədicə QİYAS
Ekspress.-2014.- 16-18 avqust.- S.21.