Əlillik meyarlarında islahatlar
olacaq
"Əlilliyin
qiymətləndirilməsinin əsas meyarları tibbi
diaqnostika, əmək fəaliyyəti və bacarıqların
qiymətləndirilməsi əsasında təşkil edilməlidir"
Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması
Dünən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının təşkilatçılığı ilə Bakı şəhərində "Azərbaycanda Əlilliyin Qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar" mövzusunda beynəlxalq seminar işinə başlayıb. İki gün davam edəcək seminarda aidiyyatı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatından, İsveç, Niderland, Portuqaliya və Kiprdən gəlmiş ekspertlər iştirak edir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərə diqqət və qayğısının bu təbəqədən olan insanlarla bağlı hüquqlar sisteminin təkmilləşdirilməsinə də şərait yaratdığını vurğulayıb. Onun sözlərinə görə, mütərəqqi təcrübələr əlilliyi olan şəxslərin fəaliyyət potensiallarının qiymətləndirilməsinin onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün vacib amillərdən biri olduğunu ifadə edir. Nazir hesab edir ki, belə yanaşma ilk növbədə şəxsin əlillik vəziyyətinin müəyyən olunması və əlilliyinin rəsmiləşdirilməsində özünü göstərməlidir. "Ona görə də belə şəxslərin fəaliyyət və bununla da sosial reabilitasiya imkanlarının müəyyən edilməsinə, nəticə etibarilə əmək və sosial reabilitasiya üzrə əlil hüquqlarının təmin olunmasına yönələn prinsiplərin əlilliyin qiymətləndirilməsi ilə bağlı milli qanunvericilikdə əksini tapmasına ehtiyac var".
Bu gün Azərbaycanda əhalinin 535 min (5,6%) nəfərinin əlilliyi olan şəxslər olduğunu deyən Səlim Müslümov bildirib ki, onların 56% daim, 44% isə müvəqqəti əlilliyi olan şəxslərdir. Onun sözlərinə görə, qeyd edilən 535 min nəfərin 473 min nəfərdən çoxu 18 yaşdan yuxarı olan şəxslərdir, 62 min nəfər isə 18 yaşına qədər olan fiziki sağlamlığı məhdud olan uşaqlardır (APA). Bu sahədə toxunulmalı olan məsələlərdən bəhs edən nazir deyib ki, bu gün Azərbaycanda əlilliyin qiymətləndirilməsi, onların cəmiyyətə inteqrasiyası sahəsində kompleks sistemin qurulması, bu sahədə dünya təcrübəsinin öyrənilməsi, onun mənfi və müsbət cəhətlərinin müəyyən edilməsidir.
S.Müslümov bildirib ki, əlilliyin qiymətləndirilməsinin əsas meyarları tibbi diaqnostika, əmək fəaliyyəti və bacarıqların qiymətləndirilməsi əsasında təşkil edilməlidir: "Hazırda ölkədə əlilliyi olan şəxslərin təhsil sahəsində və o cümlədən işədüzəlmə prosesində bir çox problemlər mövcuddur. Biz ilk növbədə əlilliyi olan şəxsləri əmək qabiliyyətinə görə qiymətləndirməliyik. Tibbi arayışlarında əmək qabiliyyətinin neçə faizinin itirilməsi qeyd edilməlidir. Bunun üçün ilk növbədə tibbi-sosial ekspertiza modeli dəyişdirilməlidir. Bu, bizim əsas hədəflərimizdən biridir".
Müslümov bildirib ki, BMT-in "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasından irəli gələn öhdəliklərdən biri də ölkəmizdə əlilliyin qiymətləndirilməsi sistemində bio-psixo-sosial modelin tətbiqidir. "Hazırda bizdə mövcud sistem əlillik vəziyyətinin yalnız tibbi yanaşma əsasında, şəxsin fiziki və ya əqli məhdudluğunun ağırlıq səviyyəsinə uyğun olaraq I, II və III dərəcələr üzrə müəyyənləşdirilməsini nəzərdə tutur. Bu da həmin şəxsin fəaliyyət imkanlarının, əmək potensialının diqqətdən kənarda qalması və onun cəmiyyətə yalnız fiziki və əqli məhdudiyyətli insan kimi təqdim edilməsinə, əmək bazarına çıxışına maneələr yaranmasına səbəb olur".
Nazir qeyd olunan sistemin sosial yanaşma əsasında təkmilləşdirilməsinin, əlillik müayinəsində fiziki və əqli məhdudluğun fəaliyyət bacarığına, əmək qabiliyyətinə təsirinin ölçülməsinin daha məqsədyönlü olduğunu bildirib: "Bizim nəzərdə tutduğumuz yeni sosial model də əlilliyin qiymətləndirilməsində şəxsin yalnız tibbi diaqnozunu əsas götürmədən, onun fəaliyyət imkanlarını, o cümlədən əmək qabiliyyətini hansı səviyyədə itirməsinin ölçülməsi və əlilliyin də bu ölçü əsasında müəyyən edilərək rəsmiləşdirilməsi meyarına əsaslanır. Bu sosial model III dərəcəli əlillərin əmək qabiliyyətini 50-60 faiz, II dərəcəli əlillərin əmək qabiliyyətini 70-80 faiz, I dərəcəli əlillərin isə əmək qabiliyyətini 100 faiz, yəni tam itirmiş kimi müəyyən edilməsini nəzərdə tutur. Burada əsas məqsəd şəxsin mövcud əmək potensialının qorunub saxlanılması və reallaşmasına, onun yenidən aktiv həyata dönüşünə, son nəticədə reabilitasiyasına maksimum zəminin yaradılmasıdır".
Səlim Müslümov diqqətə çatdırıb ki, Ümumdünya Səhiyyə Təşkilatının Fəaliyyətin Beynəlxalq Təsnifatı, Əlillik və Səhiyyə sənədində də bununla bağlı önəmli sosial yanaşmalar əksini tapır. Bu təsnifat yalnız fiziki amilləri deyil, o cümlədən sosial və ətraf mühitlə bağlı amilləri də əlilliyin qiymətləndirilməsində vacib hesab edir: "Bizim Dünya Bankı ilə əməkdaşlığımızın davamı kimi keçirilən bu seminar da bizə imkan verəcək ki, beynəlxalq səviyyəli ekspertlər və yerli mütəxəssislərlə birgə müvafiq sahədə qabaqcıl dünya təcrübəsini, qəbul olunmuş beynəlxalq standartları bir daha nəzərdən keçirək və ölkəmizdə əlilliyin qiymətləndirilməsi sistemini mütərəqqi yanaşmalar əsasında təkmilləşdirək".
Dünya Bankının nümayəndəsi Endryu Mason ölkəmizdə bütün sahələrdə aparılan səmərəli islahatların əlilliyin qiymətləndirilməsi sahəsini də əhatə etməsini yüksək dəyərləndirib, bu sahədə əməkdaşlıqdan məmnun olduqlarını, aparılacaq işlərin uğurlu olacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, Dünya Bankı Azərbaycanda əlilliyin qiymətləndirilməsi, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya edərək digər insanlarla birgə bərabər hüquqlardan yararlanması istiqamətində səmərəli şəkildə yardım edəcək.
Mason bildirib ki, Azərbaycan bu sahədə mühüm addımlar atıb. "Azərbaycan
bu sahədə beynəlxalq təcrübəni
hərtərəfli şəkildə
öyrənir. Bu cür şəxslər ölkənin sosial-iqtisadi
həyatında da iştirak etməlidirlər.
Yeni təkmilləşdirmə addımları
təkcə tibbi-sosial
ekspertiza modeli deyil, həm də sosial-iqtisadi modeli dəyişə bilər. Hesab edirəm ki, bu seminar əsl vaxtında keçirilən
tədbirdir və biz də bu sahədə
uğurla əməkdaşlıq
etməyə hazırıq",
- deyə Endryu Mason bildirib.
Azərbaycan Respublikası Dövlət
Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ölkəmizdə
əmək pensiyaçılarının
təqribən 28,2 faizinin
məhz əlilliyi olan şəxlər olduğunu qeyd edərək, bu şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə
göstərilən diqqət
və qayğıdan,
habelə pensiya təminatı zamanı onlara verilən bir sıra güzəştlərdən
bəhs edib. E.Mehdiyev hazırkı seminarın olduqca vacib məsələyə
həsr olunduğunu nəzərə çatdıraraq,
həqiqətən də
əlilliyin qiymətləndirilməsində
şəxslərin əmək
potensiallarının diqqətdə
saxlanılmasının xüsusi
önəm kəsb etdiyini vurğulayıb.
Əmək və əhalinin
sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ölkəmizdə əlilliyi
müəyyənləşdirmək üçün istifadə
olunan mövcud meyarlar barədə məlumat verib. Onun sözlərinə görə,
bu meyarlarla qiymətləndirmə əlillik
müayinəsi aparılan
şəxsin bu və ya digər
şəraitdə öz
fünksiyasını yerinə
yetirmək qabiliyyətini
nəzərə almır.
Yaxud onun mümkün iş bacarığının reallaşması
üçün hansı
şəraitin, iş
sahəsinin gərəkli
olduğunu diqqətdən
kənarda qoyaraq, yalnız xəsarətin nəticəsi kimi fiziki və əqli vəziyyətin ağırlıq dərəcəsini
müəyyən edir.
Halbuki adekvat reabilitasiya və şərait təmin olunduğu halda əlilliyi olan şəxslərin əmək potensiallarını
reallaşdırmaları mümkündür.
Bununla əlaqədar müvafiq hüquqi bazada əlilliyi olan şəxslərin əmək
və sosial reabilitasiyasına yönələn
dəyişikliklərin aparılması
zəruridir.
Dünya Bankının əlillik
üzrə baş eksperti Aleksandra Posarak əlilliyi olan şəxslərə cəmiyyətin
digər üzvləri
ilə bərabər imkanların yaradılması
prosesində belə şəxslərin əmək
potensiallarının nəzərə
alınmasının vacib
olduğunu qeyd edib və əlilliyin
qiymətləndirilməsi zamanı
bu amilin nəzərdə saxlanmasının
inkluzivliyin qorunması
üçün ilkin
şərt olduğunu
vurğulayıb.
Daha sonra seminarda
əlillik vəziyyətinin
qiymətləndirilməsi ilə
bağlı ölkəmizdə
tətbiq olunan sistem barədə məlumat verilib və bu sistemin
dəyişdirilməsinin vacibliyi
bildirilib. Əlilliyi xəsarət
dərəcəsinə əsasən
qruplaşdırmaq artıq
köhnəlmiş baxış
formasına əsaslanır.
Əlilliyə görə
müavinətlərin alınması
ilə əlaqədar
əmək bazarını
tərk edən şəxslər faktiki olaraq əmək bazarına az
hallarda qayıdırlar.
Buna görə də məqsəd əlilliyə görə
müavinətin təyin
olunması mərhələsinə
çatmamışdan əvvəl
bu şəxslərə
əmək fəaliyyətlərini
bu və ya digər formada
davam etdirmək imkanının verilməsidir.
Tədbirdə
İsveçin Paraplegiya
Araşdırmaları Təşkilatının
eksperti Cerom Bikenbaxın, Ümumdünya
Səhiyyə Təşkilatının
ekspertləri Nenad Kostanjsekin və Alarkos Siezanın, digər beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin
dünya təcrübəsində
mövcud yanaşmalara
aid çıxışları, rəy və təklifləri əsasında
müzakirələr aparılıb.
Qənirə
MƏMMƏDLİ
Ekspress.-2014.-16 dekabr.-S.9.