XXI əsrin kitabxanası necə
olmalıdır?
Müasir
dünyamız kitabsız, kitabxanasız mövcud ola bilməz.
Bu gün inkişaf etmiş ölkələrdə rəqəmsal
kitabxana yaratmağa çalışsalar da, bu, çox uzun
zaman və gərgin əmək tələb edən bir
işdir.
Yüzmilyonlarla kitabı elektron
formaya salmaq üçün skaynerləşdirmək
lazımdır. Bir tərəfdən köhnə kitabları
qorumaq üçün bu, vacib olsa da, digər tərəfdən
kitab maddi aləmin bir sübutudur. Kitabı gözlə
görüb, kitaba əllə toxunmaq məlumat və bilginin
yaddaşımıza daha yaxşı hopması, onları
qavramaq və mühafizə etmək üçün çox
vacibdir. Bu gün hər hansı bir böyük müəssisəni
kitabxanasız təsəvvür etmək mümkün deyil, hər
böyük müəssisədə kitabxana olmalıdır.
Kitabxananın qurulması üçün kitab,
kitabxanaçı və oxucu üçbucağı
lazımdır.
Kitab
Hər hansı bir müəssisəni, məsələn, bir təhsil müəssisəsini ələ alsaq, bir kitabxana yaratmaq üçün mütləq hər şeydən əvvəl kitabxananın baza hissəsini düşünmək lazımdır. Kitabxana hər gün böyüyən bir orqan olduğu üçün uyğun məkan və geniş otaqlar kompleks halında düşünülməlidir. Bundan başqa kitab və oxucu mütənasibliyi qorunmalı, hər 100 oxucuya ən azı 1000 kitab, bir xidməti kitabxanaçı və axtarış üçün 2 kompüter təsis edilməlidir. Əgər kitabxana hər hansı bir elm sahəsi üzrə ixtisaslaşacaqsa buraya dünyanın aparıcı dilləri olan ingilis, rus, alman və s. dillərdə ən son nəşrlər toplanmalıdır. Həmin ixtisas və elm sahəsi üzrə dərc olunan dünyanın ən məşhur jurnallarına abunə olunmalıdır.
Kitabxana
Kitabxananın xüsusilə
qiraət zalı geniş və işıqlı
olmalıdır. Kitab fondu quru və orta temperaturda olmalıdır. Kitablar
yaxşı olar ki, rəflərə çox sıx
düzülməsin və birbaşa günəş
şüasına məruz qalmasın. 1000
oxucusu olan bir müəssisədə qiraət zalı ən
azı 200 yerlik olmalıdır.
Kitabişləmə
Kitab mağazadan və
ya mətbəədən gəlib kitabxananın rəfinə
yerləşənə qədər 4 əsas mərhələdən
keçməlidir. Bu mərhələlər
hamısı bir yerdə kitabişləmə adlanır.
1. İnventarlaşdırma
(qeydiyyat). Bir kitabın doğru işlənib
yerinə yerləşməsi üçün ilk olaraq
inventarlaşdırma doğru aparılmalıdır. Hər nə qədər texnoloci şərait imkan
versə də, mən yenə də
inventarlaşdırmanı dədə-baba üsulu ilə dəftərdə
aparılmasının tərəfdarıyam. Belə olduğu halda kitabın qeydi, lazım gələrsə
o inventar nömrəsi altında başqa kitabla əvəzolunması
və silinməsi vahid qaydada və tək əldən həyata
keçirilir. Bu da kitab sayı və vəziyyəti
haqqında bizə rahat və aydın bilgi verir. Lakin bunu elektron qaydada Excel programında da yerinə
yetirmək mümkündür.
2. Kataloqlaşdırma. Sovet dövründə mövcud olmuş BBK- (KBT
-kitabxana biblioqrafiya təsnifatı) hələ də bizim bir
çox böyük kitabxanalarda işlədilən təsnifat
və kataloqlaşma sistemidir. Lakin dünya
kitabxanalarıyla ayaqlaşmağı bacarmaq və
qarşılıqlı kitab mübadiləsi, ticari və ya mədəni
əlaqələri üçün mütləq vahid bir
kataloq sistemindən istifadə etməliyik. Bu gün dünya praktikasında uğurla tətbiq
olunan və dünyanın yüzdən artıq ölkəsində
istifadə olunan Dewey Təsnifat Sistemi (DOSS) ən doğru və
aktual olan təsnifat sistemidir. Təsnifatda
bütün elm sahələri və onların alt şöbələri
incəliklə düşünülmüşdür. Bu təsnifat hər xalqın öz əbəbiyyatını,
mədəniyyət və tarixinə aid kitabları da təsnif
etməyə imkan verir. Kitabxanaya daxil
olmuş invertar almış hər bir kitab diqqətlə
oxunmalı, profili təyin olunmalı, daxili elm sahələri
düzgün seçilməli, mümkün qədər
kiçik sahələrə ayrılmalıdır. Dewey Təsnifatının üstün cəhətlərindən
biri də odur ki, bu təsnifatla kitabxanaçının əməyi
yüngülləşmişdir, yeni çapdan
çıxmış bir çox Amerika və İngiltərə
nəşrlərində hazır kataloqlaşma şifrəsi
kitabın içində qeyd edilmişdir.
3. Etiketləmə. İnvertar
almış, dewey kodu müəyyənləşmiş
kitab üçüncü mərhələdə etiketləməyə
qədəm qoyur. Kitabın kataloq nömrəsi
və kitabın müəllifinin (müəllif yoxdursa,
kitabın adının, birdən çox müəllif varsa
ilk müəllifin) ilk 3 hərfi və kitabın invertar
nömrəsi kiçik kağıza qeyd edilərək, kitaba
bağlı vəziyyətdə aşağı tərəfindən
yapışıdırılır.
4. Kitabın rəfdə yer
alması. Bəzi mütəxəssislər belə
hesab edir ki, kitabları rəflərə yerləşdirərkən
dil və ya əlifba fərqi gözlənilməlidir. Bəziləri isə belə düşünür
ki, kitab invertardakı nömrələrə gərə
ardıcıllıqla rəfə düzülməlidir. Mən isə bunların heç biri ilə razı
deyiləm. Kitab rəfə yalnız kataloq
təsnifatına görə və daxili əlifba
ardıcıllığını qorumaq şərti ilə
düzülməlidir. Belə olduqda
kitabın yerləşdirilməsi və oxucu üçün
axtarışı çox daha rahat olur.
Xidmət
Kitabxananın yerləşdiyi
müəssisənin bütün işçiləri və ya
bu təhsil müəssisəsidirsə bütün tələbələr
işə, dərsə başladıqları andan avtomatik
kitabxananın üzvü sayılmalıdır. Adı proqramdakı siyahıda olan bütün
insanlar kitabxana xidmətindən heç bir fərq qoyulmadan
istifadə edə bilərlər. Heç bir xüsusi
imtiyaz və vəzifə fərqi kitabxana üçün əsas
ola bilməz. Oxucunun
kitabxanadan istifadə qaydası əsasnamə şəklində
hazırlanmalı, burada oxucunun hüquq və vəzifələri
aydın göstərilməlidir. Oxucuya evə
bir dəfədə necə kitab və nə qədər
müddətə verilməsi təyin olunmalıdır.
Oxucu
Kitabxananın oxucu
qarşısında məsuliyyətləri olduğu kimi,
oxucunun da kitabxana və kitabxananın yerləşdiyi müəssisə
qarşısında məsuliyyətləri olmalıdır.
Evə verilmiş ədəbiyyatın
cırılması, yararsız hala düşməsi və ya
itirilməsi zamanı kitabxananın daxili qaydaları əsasında
cərimələnmə mövcud olmalıdır. Bundan başqa oxucunun evə verilən kitabın
gecikdirilməsi zamanı hər gün üçün
xüsusi olaraq təyin edilmiş miqdarda cərimə ödəməsi
vacibdir, bu oxucuda kitabxanaya yanaşmada ciddiyyət və məsuliyyət
hissini inkişaf etdirir.
Kitabxana proqramları
Yaxşı olar ki,
kitabxanada vahid proqramlardan istifadə edilsin. Kitabişləmə, kataloqlaşdırma, xidmət
və axtarış üçün eyni proqram olduğu zaman
bu çox effektli nəticələr verir. Əvvəla kitabxanaçı və oxucu eyni
proqramdan istifadə etdiyi üçün
anlaşılmazlıqlar olmur, sonra hər hansı kitaba
düzəliş və yeni əlavələr edildikdə bunu
oxucu həmin anda görə bilir. Proqramın
kitabişləmə hissəsi şifrəli olmalıdır
ki, bu hissəni yalnız kitabişləmədəki
işçilər görə bilsin. Eyni zamanda xidmət-kitab
vermə, alma əməliyyatları
üçün yalnız xidmət işçilərinə
izin verilməlidir ki, başqa işçilər buna
müdaxilə edə bilməsinlər.
Kitabxana proqramları
hazır paket halında alınır və ya xüsusi
proqramçılara yazılması üçün
sifariş edilir. Bütün hallarda proqram
kitabxanada işlək hala salınana qədər mütəxəssislər
kitabxanaçılarla bərabər işləməlidir.
İş prosesində proqramçı qüsur
və əskiklikləri aşkar etməli, işə yaramayan
və ya lazımsız olan hissələr proqramdan
çıxarmalıdır. Hər
hansı yeni proqramı tətbiq etməyə başlamazdan əvvəl
kitabxanaçılara xüsusi təlim keçilməli və
təcrübi çalışmalar verilməlidir.
Sərgilər
Kitabxanada daimi və
səyyar sərgilər olmalıdır. Bəzi
özəl gün və tarixləri tanıtmaq, vətənpərvərlik
və milli ruhu canlı tutmaq üçün tarixi hadisələrin
ildönümü və ya tarixi şəxsiyyətlərin
doğum günlərində səyyar sərgilər və
afişalar açıla bilər. Mövzuyla
bağlı kitablar diqqət cəlb edəcək şəkildə
düzülməlidir. Bundan başqa daimi sərgilər
olmalıdır ki, bu da yeni kitabların və ya dərgilərin
sərgisi ola bilər.
Biblioqrafik işlər
Biblioqrafiya işi
kitabxanaşünaslıqda ən çətin və məsuliyyətli
sahədir. Dövrü mətbuatda
çap olunmuş məqalələri təsnif etmək və
elm sahələrinə görə kataloqlaşdırmaq
biblioqrafiyanın ən vacib işidir. Konfrans
materialları, məqalələr toplusu və biblioqrafiq nəşrlər
də biblioqrafın təsnifatından keçməlidir.
Bundan başqa sərgilərin
hazırlanması, özəl və əlamətdar günlər
haqqında qısa məlumatların hazırlanması da
biblioqrafın işlərinə daxildir. Çox
təəssüf ki, bu gün Azərbaycanda bir neçə
böyük kitabxana istisna olmaqla biblioqraf ştatı ləğv
olunmuşdur.
Nadir nüsxələr,
sorğu ədəbiyyatı
və
dövrü mətbuat
Nadir nüsxələr,
sorğu ədəbiyyatı və dövrü mətbuat qiraət
zalında saxlanılır. Təsnifat
ümumi qaydada aparılır. Qəzet və
curnallar müəyyən fasilələrlə aylıq,
rüblük, illik olaraq cildlənir. Bu ədəbiyyatın
heç biri evə verilmir, kitabxana və ya müəssisə
daxilində istifadə olunur.
Məlumat bazaları
Kitabxana məlumat
bazaları, disketlər, CD video-kasetləri, e-dərgilər,
e-kitablar ilə təchiz olunmalıdır. Dünya təcrübəsində çoxdan yer
almış beynəlxalq məlumat bazalarına (online dərgi)
abunə olunmalı və bunlardan istifadə edilməlidir.
Beynəlxalq aləmdə çap olunmuş ən
son elmi mülahizələr və kəşflər
haqqında anında məlumat almaq üçün bu
çox vacib məsələdir.
Kitabxanalararası
iş birliyi
Eyni sahə üzrə profilləşmiş
kitabxanalar arasında mütləq müqavilə və ya
şifahi razılaşma yolu ilə iş birliyi
olmalıdır. Yaxşı olar ki beynəlxalq
xidmət olan (ILL-Inter-Library Loon) xidmətinə qoşulmaq
haqqında müqavilə imzalansın. Bu
kitabxanalararası mübadilə əsasında kitabxanada
olmayan kitab, məqalə və başqa nəşrlər digər
kitabxanalardan müəyyən müddət üçün
alınıb istifadə oluna bilsin.
Kitabxanaçı
Kitabxanaçılıq
ixtisaslı kardlar tələb olunan bir sahədir.
Kitabxanaçı mütləq ali təhsilli
mütəxəssis olmalıdır. Bundan
başqa o, insanlarla ünsiyyəti bacaran, mülayim, səbirli,
bilikli, çevik, praktik zəkalı olmalıdır.
Kitabxanaçı
işini sevməli, daim öz üzərində işləməli,
ixtisasıyla bağlı yenilikləri diqqətlə izləməlidir.
Müasir dünyanın tələblərinə
cavab verəcək qədər texnologiyadan və texnik
cihazlardan anlamalı, kitabxana proqramlarında işləyərkən
proqrama hakim olmalı, lazım gələrsə öz təklifləriylə
proqramı təkmilləşdirmək haqqında
çıxış etmək qabiliyyətinə malik
olmalıdır.
Son olaraq demək istəyirəm
ki, bu qısa yazıdakı fikirlər tamamilə şəxsi
mülahizələrimdir, eyni zamanda peşə səriştəsi
və iş təcrübəsinə əsaslanır. Bu yazı heç bir elmi aədəbiyyata
baxılmadan və elmilik güdülmədən
yazılmışdır. Burda
gördüklərim və görmək istədiklərim,
arzu etdiklərim və əlbəttə unutduqlarım
vardır. Bu yazını daha ətraflı
və geniş də yazmaq olardı, amma güman edirəm ki,
yığcam yazmaqla ən vacib məsələlərə
diqqət yönəltmiş oldum.
Nailə Əskər
Ekspress.-2014.-13-15 dekabr.-S.21.