Səmimi şair, gözəl ziyalı və sədaqətli dost...

Teyyub Qurban-80

 

Dekabrın 18-də Azərbaycan Yazıçılar Birliyinin üzvü, fədakar ziyalı, yazıçı-tədqiqatçı, tanınmış şair və ictimai xadim Teyyub Qurbanın 80 yaşı tamam olur.

 

   Yubiley ərəfəsində ADPU-nun mətbəəsində "Teyyub Qurban-80: Biblioqrafiya" kitabı işıq üzü görüb. Kitabın tərtibçisi Mədinə Vəliyeva, redaktoru Sevgiyə Əsədovadır.

 

   Teyyub Qurbanın ilk biblioqrafiyası anadan olmasının 75 illiyi ilə əlaqədar 2009-cu ildə M.F.Axundov adına Milli Kitabxananın "Diyarşünaslıq elmi biblioqrafiya" şöbəsinin əməkdaşları tərəfindən tərtib edilib. Mədinə xanım Vəliyeva kitabın girişində bu biblioqrafiyanın da şairin yubileyi münasibətilə tərtib edildiyini yazır və qeyd edir ki, bu dəfə Teyyub Qurbanın həyat və yaradıcılığının 1950-ci ildən 2014-cü ilə qədər olan bir dövrü əhatə edilir: "Biblioqrafiya 3 hissədən ibarətdir. Birinci hissədə şairin kitabları, dövri mətbuatda və məcmuələrdə çapdan çıxmış əsərləri, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi əsərlər toplanmışdır. Göstəricinin ikinci hissəsində isə müəllifin həyat və yaradıcılığı haqqında materiallar öz əksini tapmışdır. Üçüncü hissədə T.Qurbanın rus dilində nəşr olunmuş əsərləri və haqqında olan ədəbiyyat öz əksini tapmışdır".

 

   Çox təvazökar, sadə və səmimi bir ziyalı olan Teyyub müəllimə cansağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayır və yubileyi münasibəti ilə professor Şamil Salmanovun 9 il əvvəl dostuna həsr etdiyi, səmimi və isti hisslərlə yazılmış "Dost haqqında söz" məqaləsini qısa ixtisarla təqdim edirik. Zira Teyyub müəllim bizim redaksiyanın da yaxın dostudur...

 

   "Dost haqqında söz"

 

   Mən Teyyubu çoxdan, lap çoxdan tanıyıram. Düz yarım əsr bundan əvvəl onunla bir məktəbdə - Teyyubun doğulub boya-başa çatdığı doğma Bülbülə kəndindəki 208 saylı məktəbdə tanış olmuşam və bütün bu illər ərzində aramızda bu dostluğa xələl gətirən heç bir şey olmayıbdır. O da, mən də bu dostluğun saflığını, səmimiliyini qoruyub saxlamışıq. Hətta ən mürəkkəb ədəbi məsələlər ətrafında mübahisələrdə də biz bu səmimiliyə xələl gətirən heç nəyə yol verməmişik.

 

   Teyyub hələ orta məktəbdə oxuyarkən şeir yazmağa başlamışdır. Onun ilk şeiri 1950-ci ilin sonlarında çıxmışdı və deyim ki, hələ orta məktəbdə şagird ikən o bizim aramızda şeirləri tez-tez çap olunan bir gənc şair idi.

 

   O illərdə, ümumiyyətlə, mətbuatda yaradıcılığa ciddi, tələbkar bir münasibət vardı. Biz dərnəklərdə, Yazıçılar İttifaqında keçirilən Gənclər günündə iştirak edərək şeir oxuyur, təcrübəli şairlərin fikrini, məsləhət və tənqidi qeydlərini dinləyir, bunlara əhəmiyyət verirdik. Mən dəfələrlə Teyyubun belə məclislərdə şeirlər oxuduğunu və şeirlərinin yaxşı, rəğbətlə qarşılanmasının şahidi olmuşam.

 

   Mənim qəti qənaətimə görə, Teyyub Qurban poeziyamızın öz tarixinin yeni, daha məsul bir mərhələsində ilk şeirlərini yazıb mətbuatda dərc etməyə nail olan şairlər nəslinə mənsubdur. Bu nəsli biz indi 60-cı illər nəsli adlandırırıq. Ancaq bu nəsil hələ bu tarixdən xeyli əvvəl - əsrin əllinci illərinin ortalarında şeirə gəlmişdir, böyük yaradıcılıq yollarına çıxmışdır. O illərdə bu nəslə mənsub şairlər çox idi, ancaq həmin şairlər arasında, məsələn, Əli Kərim, Məmməd Araz, Cabir Novruz və başqaları vardı. Bir cəhəti də deyim ki, o illərdə gənc şairlərin görüşdüyü, ünsiyyət saxladığı əsas yerlərdən biri universitet idi. Bizim universitetdə (BDU- red.) ədəbiyyat dərnəyimiz vardı; bu dərnəyin gənc şairlərindən ibarət seksiyasına böyük şairimiz Bəxtiyar Vahabzadə rəhbərlik edirdi. Bu dərnəyin məşğələləri çox maraqlı, qızğın, canlı keçirdi. Bəxtiyar müəllim bizə poeziya sənətinin sirlərini öyrədirdi. O, sadəcə dərnəyin rəhbəri deyildi, bizim nəzərimizdə poeziya müəllimi idi. Bəxtiyar müəllim şeirimizi bəyənirdisə, bu bizim üçün qeyri-adi bir sevincə çevrilirdi, qəlbimizi yeni şeir həsrəti ilə alovlandırırdı. Teyyub Qurban da bu dərnəyin məşğələlərində fəal iştirak edirdi.

 

   Bayaq dedim ki, Teyyubun ilk şeiri 1950-ci ildə çıxmışdı. İlk şeir kitabı isə 1963-cü ildə çapdan çıxmışdır. Kitab "Mənim gəncliyim" adlanırdı və buradakı şeirlərdə o vaxtkı gəncliyin hissləri - Vətən hissi, böyük ideallara sədaqət hissi, böyük, nəhəng bir məmləkətin övladı olmaq şərəfi tərənnüm olunurdu...

 

   T.Qurbanın şeirlərində aydın üsluba, dil və ifadə səlisliyinə ciddi fikir verdiyini də biz mütləq qeyd etməliyik. Onun elə ilk şeirlərində bir mövzu axtarışı, şəxsən duyub hiss etdiklərini qələmə almaq səyləri də duyulurdu.

 

   Mən şair dostumun ilk kitabındakı belə şeirləri sırasında "Sənətin işığı", "Yazmazdım bu şeirimi" kimi lirik şeirlərini ayrıca qeyd etmək istəyirəm. Bu şeirlərin birində şairin verdiyi yeganə övladı tərəfindən unudulmuş ananın təsviri, onun lirik obrazı çox təsirli idi. Şair unudulmuş ananı poçt kassası qarşısında təsvir edir. Oğul ananı tamam unutmuşdur, o, öz övladlıq borcunu ona hərdən pul göndərməklə yerinə yetirir. Lakin bu, ana üçün ağırdır. Çünki onun pula yox, övlada ehtiyacı vardır. Onun kədəri - oğlunun onu unutmasıdır, tənhalığıdır. T.Qurban bu faktı sadəcə təsvir etmirdi, bu həyat faktını öz şair həyəcanları ilə birlikdə mənalandırırdı və buna görə bu şeir bizi düşündürür və mütəəssir edirdi. Ana pulu almır, onu övladına geri qaytarır:

 

   Pul verən cavan qızla

 

   üzbəüz durur ana,

 

   Deyir, gəlmişəm, qızım,

 

   xahişim vardır sana.

 

   Siz oğlumun özünə

 

   qaytarın pullarını,

 

   Qoy gözlərim görməsin

 

   könlümün qubarını.

 

   Sanki qopur yerindən

 

   qızın qəlbi bu anda,

 

   Görür ana əl çəkir

 

   övlad nankor olanda.

 

   Bəlkə də əyilməzdi

 

   onun beli aşağı,

 

   Övladı sinəsinə

 

   çəkməsəydi qəm dağı.

 

   O gəlib dayanmazdı

 

   burda dərdi var kimi,

 

   Mən də qələm götürüb

 

   yazmazdım bu şeirimi.

 

   

 

   Bu şeirin bədii təsir qüvvəsi - adi həyat faktının sadəcə qeydə alınmasında yox, onun vasitəsi ilə insan kədərinin, insan tənhalığının ifadə edilməsində idi. Və mən deyə bilərəm ki, bütün sonrakı illərdə yazdığı şeirlərində Teyyub Qurban məhz bu yolla getmişdir, mümkün qədər şair şəxsən yaşamış olduğu hisslərini, həyat məqamlarını ifadə etməyə çalışmışdır.

 

   İlk şeir kitabından sonra nəşr olunan "Unudulmayan" (1966), "Yanğı" (1972), "El yolu" (1978), "Gözəllik yarışı" (1985), "Ömrün gecikən yazı" (1992) kimi kitablarında T.Qurbanı konkret lirik mövzulara müraciət edən, poetik hissləri dərinləşdirən bir şair kimi görürük. Daha doğrusu, kitablarında T.Qurbanı biz 60-80-ci illər poeziyasının ən əsas meyllərini - şeirlərində lirik "mən"in daxili, mənəvi axtarışlarını əks etdirən bir şair kimi görürük ki, bu, məncə, çox mühüm bir yaradıcılıq məziyyətidir.

 

   Mən T.Qurbanın xüsusilə son onilliklərdəki yaradıcılıq fəallığını, yeni və ciddi mövzulara müntəzəm müraciətini ayrıca qeyd etmək istəyirəm. Milli müstəqillik uğrunda mübarizə illərindən başlayaraq T.Qurban şeir yaradıcılığını davam və inkişaf etdirməklə bərabər, eyni zamanda, bir sıra bədii-sənədli publisist əsərləri ilə çıxış etmiş, hətta qələmini dram janrında sınamışdır, müstəqillik uğrunda mübarizə tariximiz haqqında, onun M.Ə.Rəsulzadə kimi şəxsiyyətləri haqqında pyes yazmış və bu pyes tamaşaya da qoyulmuşdur.

 

   Mən ümumiyyətlə, xalqımızın XX əsrdə milli-mənəvi tərəqqisində fəal iştirak etmiş şəxsiyyətlər haqqında T.Qurbanın bədii-publisist əsərlərinin yalnız müəllifin yaradıcılığında yox, müasir ədəbiyyatımızda da xüsusi qiymətə və əhəmiyyətə malik olduğunu etiraf etmək istəyirəm və bu cür əsərlərində onun yaradıcılığının bir sıra yeni, müasirlik məziyyətlərini görürəm. Mən bu cəhətdən şair dostumun "Dönməzlik" povestini ayrıca qeyd etməyə bilmərəm. Bu, M.Ə.Rəsulzadəyə həsr olunmuş ilk povest idi. Mən şəxsən 90-cı illərdən T.Qurbanın əsrin bu tarixi şəxsiyyətinə, onun həyatiına, siyasi mübarizəsinə, taleyinə aid faktları, materialları necə inadla topladığının şahidi olmuşam. O, hətta Qazaxıstana getdi, M.Ə.Rəsulzadənin oğlu Azəri arayıb-axtardı, onun barəsində yazı ilə mətbuatda çıxış etdi. Əgər T.Qurbanın bu səpgili publisistikasının əsas ruhunu, qayəsini təyin etsək, deyə bilərəm ki, xalqın mədəni, milli intibahı uğrunda mübarizəni müəllif əsrin qabaqcıl, görkəmli şəxsiyyətlərinin, onların fəaliyyətlərinin ən işıqlı, ən güclü tərəfi hesab edirdi. Hətta müəllif bunu sovet quruluşunun süqutundan sonra meydana çıxan bir sıra xeyriyyəçilərə nümunə kimi göstərirdi. Yazılarında belə bir fikri dönə-dönə ifadə edirdi ki, əsrin əvvəlində meydana çıxmış varlı adamlar vəsaitlərini daha çox məktəb, kitabxana, teatr binaları tikməyə sərf edirdilər. Əgər onlar da indinin bəzi imkanlı xadimləri kimi yalnız məscid tikdirməklə məşğul olsaydılar, xalqımız sovet dövrünə müasir mədəni dəyərlərə malik xalq kimi gəlib çıxa bilməzdi. Bu cəhətdən böyük xeyriyyəçi, millət atası kimi şöhrət qazanmış Hacı Zeynalabdin Tağıyev haqqında T.Qurbanın publisist yazıları xüsusi olaraq qeyd olunmağa layiqdir.

 

   T.Qurban xalqın bu böyük oğlu haqqında, onun qızı Sara xanım haqqında poemalar yazmışdır. "Sara" poeması ayrıca kitab halında çıxmışdı. Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi poema isə "Yaşayan ömür" adlanır ki, poemada bu şəxsiyyətin obrazı dərin bir məhəbbət və səmimiyyətlə təsvir olunmuşdur.

 

   Lap bu yaxınlarda Teyyub Qurban son poemalarını "Məcra" adı ilə bir kitab halında nəşr etməyə nail olmuşdur. Mən dostumun bu kitabını dərin bir maraq hissi ilə oxudum və etiraf edim ki, bu kitab mənə yeni tipli bir xəmsə kimi, poetik beşlik janrı kimi təsir bağışladı, xüsusilə burada Novxanı, Bülbülə kimi Bakının qədim, əzəli kəndlərinin təsviri, bu kəndlərə xas həyat, düşüncə və adət-ənənələr tərzinin duyumu mənə xoş təsir bağışladı.

 

   Mən burada xüsusilə Bülbülə kəndi haqqında T.Qurbanın lirik poemasını ayrıca fərqləndirməyə bilmərəm. Teyyub bu kənddən, onun sadə, mehriban adamlarından söz açır, böyük şair S.Vurğunun da bu kəndin klubundakı unudulmaz görüşündən yazır. Mən həmin təsvirləri oxuyanda istər-istəməz yarım əsr bundan əvvəlki dövrü, onun hadisələrini bir daha xatırladım, bu hissə görə şair dostuma qarşı qəlbimdə minnətdarlıq duyğuları baş qaldırdı.

 

   Mən Teyyubun son illərdəki kitabları arasında onun tərtib etdiyi "Yaşıl rəngin işığı" kitabını da ayrıca və xüsusilə qeyd edirəm. Kitab böyük şair və şəxsiyyət Rəsul Rza haqqındadır, daha dəqiq desək, şairin ilk Azərbaycan ensiklopediyasının hazırlanması sahəsindəki əvəzsiz fəaliyyəti haqqındadır.

 

   O, 1998-ci ildə rəhmətlik Rəsul müəllimin ensiklopediyadakı fəaliyyəti haqqında "Yaşıl" və "Qırmızı" məqaləsini yazdı. Əvvəlcə məqalənin adını izah etmək istərdim. Məlumdur ki, 1970-ci ildə Azərbaycan ensiklopediyasının birinci cildi yaşıl rəngli cilddə nəşr olunmuşdur. Səhv etmirəmsə, ilk mərhələdə bu cild az tirajla çıxmışdı. Məqsəd elmi ictimaiyyəti onunla tanış eməkdən ibarət idi. Lakin o vaxt ilk milli ensiklopediyanı bu şəkildə və bu məzmunda nəşr etmək mümkün olmadı. Buna səbəb - Azərbaycan tarixinə, Azərbaycan dəyərlərinə, Azərbaycanın milli varlığına bu cilddə ifadə olunan yeni münasibət idi. Çoxları bunu qəbul etmək iqtidarında deyildilər. R.Rza poeziyasında olduğu kimi, rəhbərlik etdiyi ensiklopediyada da milli dəyərlərimizi və ləyaqətimizi qoruyub saxlayır, sovet ideologiyası ilə bir yerə sığmayan həqiqətləri təsdiq edirdi.

 

   T.Qurban böyük şairin bu mənəvi qəhrəmanlığını yaşıl rəng obrazı ilə - milli müstəqilliyimizi bu rəmz ilə əlaqələndirir və onu sonradan nəşr olunmuş qırmızı cildli rəsmi nəşrlə müqayisə edərək, R.Rzanın kütləvi nəşrinə nail ola bilmədiyi yaşıl rəngli cilddə müstəqil Azərbaycan ideyasının o, ilk Azərbaycan ensiklopediyasının əsas, fundamental qayəsi səviyyəsində ifadə etdiyi barədə inandırıcı bir fikri əsaslandırırdı. "Yaşıl rəngin işığı" adı da kitabın, daha dəqiq desək, ilk Azərbaycan ensiklopediyasının taleyi ilə bağlı xatirələr, məqalələr toplusunun bu mənasından irəli gəlirdi. Bu kitabın yalnız tərtibçisi kimi yox, həm də onun əsas ideyası ilə, qayəsini öz publisistik məqaləsində ilk dəfə qaldıran və onu ehtirasla müdafiə edən şair Teyyub Qurban oldu ki, mən dostumun bu işini onun fədakar əməyi kimi, həqiqət hissinə sədaqəti kimi qiymətləndirə bilərəm və qiymətləndirirəm. Bu kitaba görə dostumun R.Rza mükafatı laureatı adına layiq görülməsi də mənim üçün böyük şəxsi sevinc oldu.

 

   Mən, ümumiyyətlə, Teyyub Qurbanın son illərdəki yaradıcılığında tarixi həqiqəti qızğın bir ehtirasla ifadə və müdafiə etməkdən ibarət çox gözəl bir keyfiyyət görürəm. Onun XX əsrin Z.Tağıyev, M.Ə.Rəsulzadə, M.C.Bağırov və başqaları haqqında-tarixi faktlar, arxiv materialları əsasında yazmasını da ilk növbədə bununla izah edirəm...

 

   Nəhayət, Teyyub haqqında bu qeydlərimə onunla uzun illik - yarım əsrdən çox bir dövrdəki dostluğumu, qardaşlığıimızı da əlavə etməyə bilmərəm. Bir dost kimi də o, əvəzsiz, son dərəcə sədaqətli və səmimidir. Çətin anların dostudur. Bir neçə il bundan əvvəl biz ikimiz də anamızı eyni gündə itirdik. Mən onun anasının dəfnində, o isə mənim anamın dəfnində iştirak edə bilmədik. Biz, şübhəsiz ki, bu itkidən kədərləndik: hər ikimiz bir ana yox, iki ana itirdiyimizin kədərini yaşadıq. Bir qədər sonra Teyyub taleyimizin bu ağır itkisini qələmə aldı, çox gözəl və təsirli bir şeir yazdı. Teyyub müəllim səmimi bir şairdir, həm də səmimi, sədaqətli dostdur, hətta deyərdim ki, mən çətin, tənhalıq hissi keçirdiyim anlarda dərhal ona zəng edir; onunla söhbətdən sonra daxilən sakitləşir, hələ yaşamağa dəyər - deyə düşünürəm. Bu hissə görə də mən ona - köhnə dostuma çox minnətdaram. Bu, mənim səmimi etirafımdır...

 

  

A.XƏLİL

Ekspress.-2014.-13-15 dekabr.-S.15.