"Mən əsl teatr
rejissoruyam"
Mərahim Fərzəlibəyov:
"Ən böyük səhvim direktora inanmağım oldu..."
"Sərbəst
rejissor olmaq işsiz qalmaq deyil. Əksinə, adamın seçim imkanı olur. Teatrı, işləyəcəyin tamaşaları
seçirsən. Akademik Dram Teatrında
37 ilə yaxın işlədim. İndi oradan
ayrılsam da, yenə doğma məkanım kimi gedirəm, yeri gələndə, tamaşalar
hazırlayıram. İlyas
Əfəndiyevin sağlığında
da demək olar ki, onun
əsərlərinin çoxuna
mən quruluş verdim".
Bunları APA
TV-nin efirində yayımlanan "Üç
dama" verilişində
xalq artisti Mərahim Fərzəlibəyov
deyib.
Rejissor onu da
vurğulayıb ki, İlyas Əfəndiyevlə
əsərləri səhnəyə
hazırlayanda, bəzən
fikirləri üst-üstə
düşmürmüş: ""Şeyx Xiyabani" əsərində bəzi
səhnələri bəyənməmişdim.
Xiyabaninin monoloqlarını mən başqa tərzdə görürdüm.
Razılığa gəlsək də,
tamaşa hazırlananda
İlyas müəllim
öz versiyasının
üstündə dayandı
və təkid etdi. Mən də inadkarlıq
etdim və bundan sonra yollarımız
ayrıldı. Əsər Hüseynağa
Atakişiyevə verildi.
Mənim
fikrimcə, tamaşa uğurlu alınmışdı.
Ancaq tamaşaya ilk baxışdan
sonra müxtəlif fikirlər səsləndirildi.
Tərifləyənlər də oldu, tənqid edənlər də. Sonda İlyas Əfəndiyev çıxıb tamaşanın
bəyənmədiyini dedi.
Həmin
günü tamaşa yenidən mənə verildi".
Xalq artisti uşaqlığından
da söhbət açıb: "Həmişə
özümü incəsənətdə
görmüşəm. Hətta 4-cü sinifdə oxuyanda sinif yoldaşım Oruc Qurbanovla (hazırda İrəvan Dövlət Azərbaycan
Dram Teatrının baş
rejissoru) birgə
"Poçt qutusu"
tamaşasını hazırlamışdıq."
Rejissor rol bölgüsündə
şəxsi münasibətlərə,
bəzən dostluqlara
da önəm verdiyini etiraf edib: "Bu, təbiidir. Bəzən rejissorları eyni aktyorlarla işləməkdə
qınayırlar. Hər bir
rejissor çalışır
ki, tamaşası uğurlu alınsın.
Ona görə də fikri üst-üstə düşən, eyni zamanda, istedadlı aktyorla işləməyə
çalışır. Düzdür,
bəzən dostluq münasibətlərinə görə
rol bölgüsündə
doğru seçim etməmişəm. Bu, mənim səhvimdir.
Təbii
ki, səhvimin əziyyətini çəkmişəm".
Mərahim Fərzəlibəyov kino rejissoru kimi fəaliyyətini dayandırmağının
səbəbinə də
aydınlıq gətirib:
"İlk dəfə
"Ağ şəhər"
filmini çəkdim.
Bəyənənlər də oldu, bəyənməyənlər də.
Sonralar
"Canavar balası"
və "Qırmızı
qar" filmlərini çəkdim. Lakin
hiss etdim ki, kinoda sözümü yetərincə deyə bilməyəcəyəm. Mən əsl
teatr rejissoruyam".
"Baş rejissor olmaq hər bir rejissorun
arzusudur", -deyən
xalq artisti öz səhvləri ucbatından bu vəzifədən getdiyini
bildirib: "Ən böyük səhvim teatrın direktoruna inanmağım oldu. Bu inam məni
süquta uğratdı.
Səlahiyyətlərimi özüm də
bilmədən dostluğa
qurban verdim. İdeyalarımı, arzularımı onunla bölüşdüm.
Bunu etməməlydim".
Xalq artisti gənc rejissorların Akademik Milli Dram Teatrının səhnəsində qoyduğu
tamaşalara da münasibət bildirib:
"İsrafil İsrafilov
gənc rejissorlara imkan yaradır. Əlbəttə, bu, təqdirəlayiq
hərəkətdir. Ancaq gənclərin
çiyninə belə
ağır yükü
qoymaq onların tez-tez səhv etməsi ilə nəticələnir".
M.Fərzəlibəyov
artıq yaradıcılıqda
dostluğa inamının
itdiyini vurğulayıb:
"Yenidən baş
rejissor olsam, eyni səhvləri təkrarlamazdım. İndi yaş
və təcrübə
öz sözünü
deyir. Əvvəllər
aktyoru səhv seçdiyimi hiss etsəm də, ondan imtina etmirdim. Amma indi tamaşa hazırlayarkən istədiyimi
aktyordan görə bilməyəndə, onu roldan uzaqlaşdırıram".
Rejissor sonda yaradıcılığı
barədə düşüncəsini
dilə gətirib:
"Bəlkə mənim
tamaşalarım tarixdə
qalmayacaq, amma oynadığım filmlərdə
məni göstərib
"bu aktyor həm də rejissor olub" deyəcəklər..."
Ekspress.-2014.-13-15 dekabr.-S.31.