Səbinə Şıxlinskayanın
"İllüziyalar"ı
Bakı Müasir
İncəsənət Muzeyində rəssamın fərdi sərgisi
açıldı
Dekabrın 11-də
Bakı Müasir İncəsənət
Muzeyində Azərbaycanın əməkdar rəssamı Səbinə
Şıxlinskayanın işıq və video
installyasiyalarından ibarət "İllüziyalar"
adlı fərdi sərgisinin açılışı olub.
"AzərTAc" xəbər
verir ki, Bakı Müasir İncəsənət Muzeyinin direktoru,
"YARAT" Müasir İncəsənət
Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova tədbiri açaraq iştirakçılara minnətdarlığını
bildirib və Səbinə Şıxlinskayanın
yaradıcılığından söhbət açıb.
Qeyd edib ki, S.Şıxlinskaya Azərbaycanın ən
istedadlı rəssamlarından biridir, uzun illərdir ki, müasir konseptual və multimedia sənəti sahəsində işləyir.
Muzeyin direktoru bildirib ki, Səbinə Şıxlinskayanın işləri dünyanın bir çox ölkələrinin özəl və muzey kolleksiyalarında nümayiş etdirilir və saxlanılır.
Səbinə Şıxlinskaya çıxışında Aida Mahmudovaya, muzeyin əməkdaşlarına və "İllüziyalar" sərgisinin təşkilinə kömək göstərənlərə təşəkkür edib. Rəssam layihənin uğur qazanacağına əmin olduğunu bildirib.
"İllüziyalar" sərgi layihəsi müasir cəmiyyət nümayəndələrinin əksəriyyətinin ən geniş yayılmış arzu və istəklərini alleqorik formada əks etdirən yeddi işıq və video installyasiyasından ibarətdir: "Hakimiyyət", "Şöhrət", "Azadlıq", "Seçim", "Xoşbəxtlik", "Üfüqlər", "Təbiət".
Sərginin konsepsiyasının əsasını insanın mənəvi dünyası məsələlərini və insanla cəmiyyət arasında qarşılıqlı münasibətlərin müxtəlif cəhətlərini araşdıran məşhur fəlsəfi "Sahib olmaq, ya olmaq?" dilemması üzərində rəssamın düşüncələri təşkil edir.
Psixoanalitik və filosof-freydomarksist Erix Fromm "Sahib olmaq, ya olmaq?" əsərində yazır ki, sənaye dövrü başlayanda, bəşəriyyətin hədsiz xoşbəxtlik və azadlıq, maddi bolluq və təbiət üzərində hökmranlıq istəkləri maksimum həddinə çatıb. Güman edilirdi ki, qeyri-məhdud istehsal qeyri-məhdud istehlaka səbəb olacaq. Amma bütün bunlar yalnız müasir cəmiyyətin materialist cəmiyyət olmasına gətirib çıxardı. İndi cəmiyyət sadəcə "olmağı" deyil, "sahib olmağı" üstün tutur.
Sərgidən görünür ki, neon rəssam tərəfindən müasir reklam sahəsində geniş tətbiq olunan, öz işıq və rəng effektləri ilə istehlakçını cəlb edən bir material kimi seçilib. "İllüziyalar" layihəsində müasir cəmiyyətdə maddiyyat səylərinin cazibədarlığına və populyarlığına tənqidi və bəzən ironik rakursdan bədii nəzər salmaq vəzifəsi qarşıya qoyulduğundan, neon material kimi təqdim olunan kompozisiyaların vizual və məna "İllüziya"sına tam uyğun olduğunu təsdiqləyib.
Tədbirdə mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri iştirak edib.
Sərgi 2015-ci il yanvarın 2-dək davam edəcək.
Ekspress.-2014.-13-15 dekabr.-S.31.