Məlahət Abbasova: "Türkiyədə
çox çətinliklər gördüm..."
Tanınmış aktrisa Məlahət Abbasova uzun illərdir ki, Türkiyədə yaşayır və işləyir. O həm aktrisa kimi seriallara çəkilib, həm də teatrda rejissor kimi tamaşalar hazırlayıb.
Məlahət xanımın quruluş verdiyi "İkinci səs" (Bəxtiyar Vahabzadə), "Qatil", "Şekspir", "Arılar arasında" (Elçin), "Brüsseldən məktublar" (Həsən Həsənov ), "İblis" (Hüseyn Cavid) tamaşaları Türkiyə və Azərbaycan tamaşaçıları tərəfindən yüksək səviyyədə qarşılanıb.
Məlahət Abbasova Azərbaycan əsərlərini, teatr və kino sənətini yorulmadan Türkiyədə tanıdır və Azərbaycan mədəniyyəti üçün hələ qarşıda görəcəyi işlər çoxdur.
Yeri gəlmişkən, bildirək ki, Məlahət xanımın əməyi bu günlərdə dövlət səviyyəsində qiymətləndirildi. O, Azərbaycan prezidentinin sərəncamı ilə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görüldü.
(əvvəli 20-22 dekabr sayımızda)
-
Uzun illərdi Azərbaycan səhnəsində yoxsunuz. Bu illəri
yaradıcılığınızda bir boşluq, bir itki
sayırsınızmı?
- Azərbaycanda olmasam da, əsla məsləyimə
ara vermədim. Yaradıcılığımda
heç boşluq olmadı. Daha çox
çalışdım, daha çox yaratdım. Bu gün Türkiyənin ən böyük
teatrında tək qadın rejissor mənəm. Burda gördüyüm işlərin çoxunu Azərbaycanda
görə bilməyəcəkdim.
Rejissorluq çox məsuliyyətli
işdir. İndiyə qədər 5
tamaşa qoydum səhnəyə. Hamısı
da uğurlu oldu çok şükür. Çox
mükafatlar aldım bu tamaşalara görə. Mühüm olan odur ki, teatrın rəhbərliyi mənə
çox inanır və tamaşaları mənə əmanət
edirlər. Mən artıq 24 ildir Türkiyədə
yaşayıram və Türk seyrçisinin zövqünü
çox yaxşı bilirəm.
- Bir
rejissor kimi sərbəstliyiniz varmı?
- Bəli, tamaşa qoyduqda, rejissor
kimi bütün səlahiyyətlər məndə olur. Mən nə desəm və nə istəsəm, o
olur. Bizim teatrın qanunları belədir.
Əsla rejissorun işinə
qarışmırlar. Bu üzdən "Şekspir"
tamaşamda bəstəkarın azərbaycanlı
olacağını dedim. Aygün Səmədzadə
tamaşama çox gözəl musiqilər yazdı. Bundan sonrakı tamaşalarımda da mütləq Azərbaycandan
biriləri olacaq. Bəstəkar,
dekorçu, geyim üzrə tərtibatçıları dəvət
etmək istəyirəm. Onların burada da
tanınmasını istəyirəm. "Şekspir"dən
çıxanların çoxu həm tamaşadan, həm də
musiqisindən danışırlar. Bir Azərbaycanlı
olaraq bununla qürur duyuram.
- Hansı aktyorlarla tərəf
müqabili olmaq istərdiniz?
- Özümü çox
şanslı sayıram ki, çox böyük aktyorlarla tərəf
müqabili olmuşam. "Azdrama"daykən Məlik
Dadaşov, Lütfi Məmmədzadə, Nəcibə Məlikova,
Həsən Turabov, Yaşar Nuri, Siyavuş Aslan, Amalya Pənahova,
Fuad Poladov, Şükufə Yusubova, Ramiz Məlikov, Nurəddin,
Füzuli, Firəngiz, Bəsti, Ramiz, İlham və s... Onların hamısı mənim üçün dəyərlidilər
və onlarla eyni səhnəni paylaşdığım
üçün çok xoşbəxtəm. Türkiyədə də çox böyük
aktyorlarla tərəf müqabili oldum.
- Azərbaycanda
da seriala çəkilərsiniz? Ümumiyyətlə,
Azərbaycan seriallarını izləyirsinizmi?
- Arada zəng edib seriallarda mənimlə
çalışmaq istədiklərini deyirlər, amma mənim
elə vaxtım yoxdu, doğrusu. Bir də, mən
"Sən həmişə mənimləsən" televizya tamaşasından
sonra heç bir serialda oynamadım Azərbaycanda. Bunun üçün çox seçiciyəm.
Belə gözəl bir tamaşadan sonra
tamaşaçı məni onun kimi və ya ondan da gözəl
tamaşada görməlidir. Yəni, mənim
yaradıcılığıma bir şey qatmalıdır.
Bir neçə dəfə seriallara baxdım.
Çox heyif ki, hələ Türkiyədəki
səviyyədə deyil. Amma rəqabət
başladıqdan sonra inanıram ki, Azərbaycanda da
serialların seviyyəsi yüksələcək. Türkiyə də son 10 ildə bu səviyyəyə
yüksəldi.
- Azərbaycanlı
pərəstişkarlarınızla görüşəndə,
nə barədə söhbət edirsiniz, sizdən nə
xahiş edirlər, sizə nə yazırlar?
- Vallah, heyranlarımdan həmişə
hörmət və sevgi görürəm. Hamısı
Azərbaycanda yenə məni səhnədə görmək
istəyirlər, niyə Azərbaycanı qoyub getdiyimi
soruşurlar. Gözəl seriallarda görmək
istəyirlər. O qədər arzuları var ki...
-
Türkiyədə məhz "Min bir gecə"
serialının sizə şöhrət və uğur gətirməsi
ilə razısınızmı?
- Bəli, "Min bir gecə"
serialı mənə çox uğur gətirdi. Baxmayaraq ki, bu serial mənim Türkiyədə
çəkildiyim 17-ci serialdı. Buna qədər
mən çox populyar seriallarda oynadım. Türk seyrçisi məni tanıyırdı.
Amma "Min bir gecə" Türkiyənin
özündə də çox uğurlu, bol reytinqli serial
oldu. Bergüzar da bu serialla tanındı.
Dünyanın 33 ölkəsində göstərildi
və göstərilməyə davam edir. Məni Dubaya
şərəf qonağı kimi dəvət etmişdilər,
Hollivud ulduzu kimi qarşıladılar...
- Bəs,
hazırda türk seriallarına dəvət
almırsınız?
- Ən son "FOX"-da
"Emanet" adlı dizidə Perihan rolunda oynadım. Amma keçən həftə serialımızın
reytinqi düşdü. Bu üzdən
kanal çəkilişi 13-cü seriyada durdurdu.
- Orda
da seriala təsadüfi adamları, qohum-əqrəbanı
çəkmək var?
- Türkiyədə, ümumiyətlə,
tanışlıq məsələsi yoxdur. O qohumdur, bu bunun
dayısıdır, atası filankəsdir, sevgilisi bəhmənkəsdir,
nazirdir, başbakandır... Ümumiyyətlə,
belə şey yoxdur. Seriallarda böyük
rəqabət və ortada böyük pullar var. Heç bir
yapımçı belə riskə girməz.
-
Türk seriallarında hansı qadın obrazını bəyənmisiniz,
məhz özünüzü o rolda görmüsünüz,
ürəyinizdən o baş rolu oynamaq keçib?
- "Möhtəşəm
yüz ildə"ki Hürrəm Sultan rolu gözəl roldu.
Elə bir rolda oynamaq istərdim. Ordakı aktrisa da möhtəşəm oynadı o
rolu. Bəli, qəşəng roldu. Amma o rolun belə gözəl olmasının səbəbi
də onu oynayan aktrisaydı. Məsələn,
ondan sonra o rolu oynayan aktrisanı o qədər də bəyənmədim.
Yəni, Məryəm o rolu sevdirdi və
oyunçuluğu ilə çox maraqlı elədi. Mən rejissor gözüylə də baxıram.
O rolu sevdirən aktrisanın istedadıydı.
-
Türkiyədə çalışan bir aktrisa olaraq çəkinizin
çox olması sizi narahat etmir?
- Qızım Sudənin
dünyaya gəlməsilə heç cür əvvəlki
çəkimə düşə bilmirəm. Bunda "Min bir gecə" serialının da
günahı çoxdur. Çünki o
serialda çəkiləndə, qızım 5 aylıq idi və
ana südü ilə bəslənirdi. Həmçinin,
Mehriban kilolu bir qadın obrazıydı deyə, rejissor 2 il məni arıqlamağa qoymadı. Mən də
rahat-rahat nə istədimsə yedim... İndi də
ata bilmirəm kilolarımı.
- Yeri
gəlmişkən, özünüz sənətdə bu qədər
uğur qazanmısınız. Həm Azərbaycanda, həm də
Türkiyədə tanınır, sevilirsiniz. Bəs,
nədən qızınızın aktrisa olmasını istəmirsiniz?
- Bizim məslək çox çətin
məsləkdir. Günümün demək olur
ki, 90 faizi teatrda keçir. Səhər məşq,
axşam tamaşa... Səhər saat 9-da evdən
çıxırsan, gecə 12-də evdə olursan. Bu da
şəxsi həyatında bir çox problemlərə səbəb
olur, uşaqları çox az
görürsən, bir də, inanılmaz yorulursan. Bu üzdən qızımın daha rahat bir işi
olmasını istəyirəm.
Oğlum indi kino
operatorluğu oxuyur. Bəzən öz-özümə
deyirəm ki, kaş, mane olaydım, orda oxumayaydı...
Qızımın həkim
olmasını istəyirdim, amma yenə də bu sənəti
çox istəsə, bir şey deyə bilmərəm. Çünki inanılmaz istedadlı uşaqdır və
məndən daha çox çəkilir seriallara.
- Rejissoru olduğunuz
tanaşaların sevilməsi, baxımlı olması
üçün hansı fəndlərdən istifadə
edirsinz. Bizdə bəzi rejissorlar açıq-saçıq səhnələri
önə çəkirlər...
- Mühüm olan yazarın vermək
istədiyi mesajı çatdırmaqdır. Əsəri
çox yaxşı təhlil edirəm. Onun
vermək istədiyi mesaji ən mühüm dekoruma tətbiq
edirəm. Hər rejissorun öz
traktovkası var. Vermək istədiyi mesajı
açıq-saçıq səhnələrlə, yataq səhnələri
olmadan da verə bilər rejissor. Hər
rejissorun öz dəsti-xətti var. Mən pis baxmıram, amma
heç bir tamaşamda bunu ön plana çəkməmişəm.
Mənim üçün mühüm olan
mesajdır.
-
Tamaşalarınıza orda yaşayan azərbaycanlılar gəlirmi?
- Başda İstanbul baş konsulu
olmaqla bütün azərbaycanlılar tamaşama gəlir. Burada inanılmaz teatr sevgisi var. Məsələn, mənim
səhnəyə qoyduğum "Şekspir"
tamaşasının biletləri 3 həftə öncədən
bitir.
-
Serial qəhrəmanı kimi Türkiyədə sizə
hansısa məsələdə güzəşt və
hörmət edirlərmi?
- Getdiyimiz hər yerdə, əlbəttə
ki, hörmət var. Amma sizə bir şey deyim ki, bizim
xalqımızda olan bəzi şeylər burda yoxdur. Bizim xalqda
xətir-hörmət var. "Tanışlıq",
"qohumluq", "mən ölüm" kimi xüsusiyyətlər
var. Amma heyif ki, burda belə bir şey yoxdur...
-
Boş vaxtlarınızda nə ilə məşğul
olursunuz?
- Boş zamanlarım, demək olar
ki, çox azdır. Çox proqramlı biriyəm.
Daha doğrusu, proqramlı olmaq məcburiyyətindəyəm.
Məşqlər, tamaşalar, çəkilişlər
və ailə. Yoldaşımın ailəsi
mənim ən yaxın dəstəkçimdir. Onların köməyi olmasaydı, mənim
üçün çox çətin olardı. Bunun üçün deyə bilərəm ki,
çox şanslıyam. Anam qədər çox sevdiyim
qayınanam var. O mənim hər şeyimdi...
- Mətbəxlə aranız necədir,
vaxt tapanda, hansı yeməkləri bişirirsiniz?
- Mətbəxt və yemək
bişirməklə aram çox
yaxşıdır. Fiziki olaraq da görünür... Evdə olanda, uşaqların sevdiyi yeməklər
bişir bizim evdə.
-
Allahın verdiyi bu gözəlliyin sizə uğur, xoşbəxtlik
gətirdiyinə inanırsınızmı?
- Sizə bir şey deyim, çox
ciddi, mən heç bir zaman özümü gözəl
saymamışam, amma çirkin də saymıram. Amma Allahın məni çox sevdiyini bilirəm.
Allaha inancım sonsuzdur.
-
Plastik əməliyyat etdirmisinizmi?
- Plastik əməliyyat heç
etdirmədim. Yəni, hələ ki, ehtiyac
görmürəm.
-
Yaş barədə çox
düşünürsünüz?
- Qadından yaş sormazlar... Əlbəttə, zaman keçir. Biz də getdikcə yaşlaşırıq. Həyatın qanunu budur. Mühüm
olan yaxşı insan olmaqdır, boş yerə
yaşamamaqdır. Geriyə dönüb
baxdığında, "mən nə yaşadım ki"
soruşursa insan, demək ki, mənasız, boş
yaşayıb. 27 ildir sənətdəyəm
və heç boş yaşamadım, bu 27 ilə o qədər
şey sığdırmışam ki, özüm də məəttəl
qalıram. Allaha hər gün
şükür edirəm mənə yaşatdıqlarından
ötrü. Yetər ki, üzücü
şeylər olmasın.
-
Özünüzü xoşbəxt sayırsınızmı?
- Mən Türkiyədə çox çətinliklər gördüm. Bu yerlərə gəlmək mənim üçün asan olmadı. Çox ağladım, ciddi depressiya keçirdim. Allahdan başqa yanımda heç kim olmadı. Ona sığındım. Ondan yardım istədim. Amma buna baxmayaraq, heç nədən şikayət etmədim. Heç bir vaxt oturub "mən xoşbəxtəm" və ya "mən bədbəxtəm" deyən bir insan olmadım. Və bunları düşünməkdən də qorxaram. Hər gün oyandığım zaman Allaha dua edən, şükürlər oxuyan biriyəm.
- Səhv etmirəmsə, əsəbi
olduğunuzu da dilə gətirmisiniz. Bu nədən irəli gəlir?
- Həyatda çox sakitəm. Haqsızlıqlara da həmən cavab vermərəm. İçimdə yığılır və yığılandan sonra patlaması çox pis olur... Amma işimdə inanılmaz ciddiyəm. Çox tez özümdən çıxıram.
- Hansı arzularla yaşayırsınız?
- Çox planlarım var. Görmək istədiyim çox işlər var. Ən böyük arzum isə uşaqlarımın gözəl yerlərə gəlməyini, həmişə xoşbəxt olmalarını, gözəl ailələrinin olduğunu görməkdir. İnşallah, Allah mənə o günləri göstərəcək...
Namiq
MƏMMƏDLİ
Ekspress.-2014.-23 dekabr.-S.15.