İntiqam Soltan: "Dərdimizi deməyə yer tapmırıq"

Bakı Uşaq Teatrı "yeniyetmə" yaşına çatsa da, hələ də evsizdir...

 

2001-ci ildə yaradılan Bakı Uşaq Teatrı Cənubi Qafqazda yeganə peşəkar uşaq teatrıdır ki, afişalarında tamaşaçıların yaş həddi göstərilir. Teatrın direktoru İntiqam Soltan hesab edir ki, uşağa bir şeyi qazandırmaq üçün ilk növbədə onun nələri sevdiyini öyrənib bilmək lazımdır və məhz bununla onu sözün yaxşı mənasında hipnoz etməklə öz istədiyini təqdim edə bilərsən.

 

   İntiqam müəllimlə elə rəhbərlik etdiyi teatrda görüşdük, Bakı Uşaq Teatrının fəaliyyəti, uğurları və problemləri ilə maraqlandıq.

 

   TANITIM: İntiqam Soltan Ordubadın Nürgüd kəndində doğulub. 1986-1990-cı illərdə İncəsənət İnstitutunda dram-kino aktyorluğu ixtisası üzrə təhsil alıb. 1988-1995-ci illərdə İrəvan Teatrının, 1995-2002-ci illərdəsə Gənclər Teatrının aktyoru olub. 2002-ci ildən Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəridir.

 

   Çəkildiyi filmlər: "Doğma sahillər" (1989), "Ömürdən uzun gecə" (1996), "Yanmış körpülər" (2003), "Girov" (2005), "Əlvida, cənub şəhəri" (2006), "Əziz dost" (2006), "Milçək" (2006), "Cavid ömrü" (2007), "Sirat körpüsü" (2007), "Qara bayram" (2010), "Dolu" ( 2012), "Həyat varsa" (serial, 2012), "Pərvanələrin rəqsi" (serial, 2012).

 

   

 

   - Biz sizi böyük səhnədən tanıyıb sevmişdik. Və bir gün aktyorluqdan Bakı Uşaq Teatrınının direktoru postuna keçdiniz. Bilirəm ki, bu teatrın fədaisisiniz, onun inkişafı üçün əlinizdən gələni əsirgəmirsiniz...

 

   - İrəvan Teatrına təyinatla getmişdim, lap dəqiq söyləsəm, teatrın rəhbərliyi bizi diplom tamaşasından seçmişdi. Sonralar Gənclər Teatrında fəaliyyətə başladım, yeni yaranan sənət ocağı kimi kimi diqqətimi çəkmişdi. Hüseynağa Atakişiyevin dəvətilə həmin teatra gəlmişdim. Əlbəttə ki, onun kimi bir sənətkarla çalışmaq böyük bir məktəb keçmək demək idi. Onun haqqında keçmiş zamanda danışmaq çox çətindir, ancaq nə olur-olsun, ustadla keçən ömür, eyni məqsəd uğrunda çalışdığımız illər daim yaddaşımıza qalacaq. Hərdən mənə elə gəlir ki, mən bu teatra rəhbərlik etdiyim illərdən sanki ustadın yolunu davam etdirirəm, onun kimi özümü hiss etməyə başlayıram, hər bir çətinliyin öhdəsindən onun kimi müdrikcəsinə gəlməyə səy göstərirəm. Yaxşı yadımdadır ki, Gənclər Teatrında çalışdığım illərdə bütün bayram tədbirlərində uşaqlarla əsasən mən işləyirdim. Görünür, bu fəaliyyətim diqqətdən yayınmayıbmış və odur ki, məni yeni yaranan Bakı Uşaq Teatrında direktor vəzifəsinə təyin etdilər.

 

   - Bildiyimə görə, o vaxtlar Sizin özünüzün yaratdığınız uşaq teatrı da vardı, onun aqibəti necə oldu?

 

   - Ölkəmizdə uşaq teatrı olmadığı üçün mən özəl olaraq uşaq teatrı yaratmışdım - bu, mənim gənclik illərimdən yaranan bir arzu idi. Etiraf edim ki, mən ilk dəfə 18 yaşımda teatrın nə olduğunu bilmişəm. Ucqar dağ kəndində doğulub böyümüş biri olaraq teatr haqqında heç bir fikrim yox idi. Bu baxımdan uşaq teatrı yaratmaqla bu boşğulu aradan qaldırdım. Sonralar bu işə dövlət səviyyəsində baxıldı və nəticədə mənim arzum tam həyata keçirildi - Bakı Uşaq Teatrının fəaliyyəti belə başladı. İllərlə çalışaraq teatrı inkişaf etdirdik və düşünürəm ki, çəkdiyimiz əziyyətlərə dəyərdi. Hazırda teatrların hər birində tələbələrim çalışır. Onların hər birinin yolu məhz bu teatrdan keçib. Bir məqamı xüsusilə qeyd etmək istərdim ki, Bakı Uşaq Teatrı 2001-ci il aprelin 26-da Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 260 saylı sərəncamıyla yaranıb, mənsə 2002-ci ilin mayından direktor təyin olunmuşam. Ən acınacaqlısı odur ki, teatrın hər hansı bir problemi olduğu zaman dərdimizi deməyə yer tapmırıq. Mədəniyyət və Turizm Nazirliyinə müraciət edəndə onlar bizi Bakı Şəhər İcra Hakimiyyətinə göndərir, onlara müraciət edəndəsə, bizi Nazirliyə göndərirlər.

 

   - Deməli, Bakı Uşaq Teatrının problemləri var, dərdini anladacaq yersə yoxdur...

 

   - Haqlısınız, teatrın binası yoxdur, hər dəfə bir yerdə sığınacaq tapırıq. Bununla belə teatrda çox qaynar iş sistemi qurmuşuq. Festivallara qatılır, qastrollara gedirik, aktyorların məşqləri də öz qaydasında gedir. Məsələn, sizə sadəcə dekabr ayının ilk həftəsində nələr etdiyimizdən danışım. Dekabrın 1-də SPİD (QİÇS) qurbanlarının anım günü münasibətilə Binə qəsəbəsindəki 2 və 17 saylı cəzaçəkmə müəssisələrində böyüklər üçün bu bəla ilə bağlı tamaşa oynamışıq. 23 nəfərin bir gündə 2 cəzaçəkmə müəssisəsində tamaşaya çıxması, belə bir məsuliyyət yükünü üzərinə götürməsi çox əziyyətli bir işdir. Dekabrın 3-ü Beynəlxalq Əllillərin Müdafiə günüdür və bir gün əvvəl Şağanda və Sarayda - bir-birindən təxminən 60 km aralıda yerləşən yerlərdə əqli qüsuru olan uşaqlar üçün hazırlanmış şou proqramla çıxış etdik. Dekabrın 3-də Ramana Gənc Əlillərin Əmək və İstirahət evində tamaşa təqdim etdik, ayın 4-də yenidən SPİD-lə bağlı iki tamaşa oynadıq. Dekabrın 5-də gündüz saatlarında uşaqlar üçün orta məktəbdə tamaşa, axşam saatlarındasa yenə də bir cəzaçəkmə müəssisəsindən tamaşa oynamışıq. Yeri gəlmişkən, bizim müqavilələrimiz var və il ərzində 15 cəzaçəkmə müəssisəsində tamaşalarla çıxış edirik. Yəni, demək istədiyim odur ki, bu hələ 5 gün ərzində olan işlərimizdir. Bir ay ərzində gördüyümüz işlərdən danışsaq, şahidi olarsınız ki, dincəlmədən çalışırıq - buna böyük həvəsimiz var və bezmirik də. Sənət naminə bütün çətinliklərin öhdəsindən gəlməyə cəhd edirik.

 

   - Maraqlıdır, bəzi teatrların binaları yüksək səviyyədə təmir edilib, yenidən qurulub və hamı islahatlardan, yeniləşmədən danışır, amma ortalıqda bir iş getmir. Sizin teatrın isə binası yoxdur, amma işləriniz qaynayır...

 

   - Qaynar iş sistemində çalışsaq da, problemlərdən başqa heç bir şeyimiz yoxdur. Bakı Uşaq Teatrının 70 nəfərdən ibarət kollektivi var və hazırda Qurban Abbasov adına Mədəniyyət Sarayında məskunlaşıb. Gördüyünüz bu balaca otaqdır və digər tərəfdə də balaca bir otağımız var - ikisinin cəmi 14 kvadratmetrdir. Şəhərin mərkəzindən 20 km kənarda yerləşirik. Hər ailə övladını bu qədər uzaq məsafədə tamaşa izləməyə gətirmir. Burda heç tamaşa göstərmək də mümkün deyil. Buna görə də heç ayda bir dəfə də olsa, tamaşa oynaya bilmirik. Aktyorlarımızın hərəsi Bakının bir istiqamətində yaşayır və qış aylarında bura çətinliklə gələ bilirlər.

 

   - Gerçəkdən gözdən-könüldən iraqsınız, belə uzaq məsafəni qət edib tamaşaya baxmaq üçün bir dəfə əziyyətə qatlaşmaq olar, ancaq ikinci dəfə çətin...

 

   - Teatr həm də mədəni istirahətdir, ancaq bizim yerləşdiyimiz bu yol, bu məkan bir fəlakətdir. Nə vaxt müraciət edirik, yer istəyirik, "yer yoxdur" deyib dururlar. Əslində hamısı bizim problemimizi bilirlər. Qeyd etdiyim kimi teatrın cavabdehliyini Bakı Şəhər İcra Hakimiyyəti daşıyır. Ümumiyyətlə, onun cavabdehliyində bizdən başqa Bələdiyyə Teatrı da var. Bakı Uşaq Teatrı Cənubi Qafqazda yeganə peşəkar teatrdır, zənnimcə, bura belə biganə münasibət göstərmək olmaz. Teatrlardakı islahatlara gəlincəsə, hesab edirəm ki, teatrın özünəməxsus idarəçilik sistemi olmalıdır. Teatrdakı rəhbərlik prinsipi - rusların dediyi kimi "oynayan məşqçi" prinsipi olmalıdır. Teatrın direktoru həm də səhnədə olmalıdır. Çünki teatr yaradıcı təşkilat olduğuna görə, teatrın direktorunun yaradıcı olması mütləqdir. Çox təəssüf ki, bəzi teatrlarımızda sovet sistemində olduğu kimi direktor və baş rejissor hər zaman qarşı-qarşıya gəlir. Maliyyə və möhür direktorda olur, yaradıcı işlərsə baş rejissorin öhdəsinə buraxılır. Bu kimi məqamlar da bir çox problemləri ortaya çıxarır.

 

   - Akademik Milli Dram Teatrında artıq neçə illərdir baş rejissor yoxdur...

 

   - Onlar yeni-yeni başlayıblar sovet sistemindən qalma metodlardan uzaqlaşmağa. Ümumiyyətlə, Bədii Şura, baş rejissor və s. təxminən Stalin dövründə yaranmış bir sistemdir - hələ də teatrların əksəriyyəti məhz belə çalışır. Bu sistem sanki teatrların fəaliyyətini ləngitmək, onu inkişafdan saxlamaq üçün yaradılıb. Faktiki olaraq belə bir inkişaf mümkün deyil. Təsəvvür edin ki, baş rejissor deyəcək ki, "aktyorun ayaqqabısının mıxı qızıldan olsun", direktorsa "mıxın üzünü sarı rəngləyək qızıla bənzəsin" deyəcək. Yəni fərqli, əks mövqelərdə duracaqlar.

 

   Eyni zamanda, teatrlarda artıq aktyorlar çoxdur, hətta elə aktyor var ki, ildə bir dəfə tamaşa oynamağa həsrət qalıb, ancaq bizim aktyorlar tamaşa oynamadıqları gün az qalır ki, sevinsinlər. Bu baxımdan, düşünürəm ki, Bakı Uşaq Teatrında tamam fəqrli iş prinsipi var. Bizdə bir aktyorun işini digər aktyorlar da bilir. Yəni, ola bilsin aktyorun vacib işi var və digər aktyorlardan biri mütləq onu əvəz edə bilir. Ancaq digər teatrlarda bir obraza bir neçə dublyor hazırlanır və bir aktyor daim səhnədə olur, o biriləri isə hər zaman gözləməli olur. Bizdə diblyor söhbəti yoxdur, ancaq aktyorların hər biri digər obrazlara da har an hazır olur. Bundan başqa, bizim teatrtda aktyor aktyorun səhvini görüb onu xəbərdar edə bilər və bundan kimsə narahat olmaz. Yəni, mən tərəfmüqabilimin səhvlərini görüb susmamalıyam, əksinə bu səhvin qarşısını almalıyıq. Ən önəmlisi teatrın daxilində intriqa yoxdur. Yeri gəlmişkən, teatrın kollektivi əsasən gənclərdən ibarətdir, ancaq hər yaşda aktyor var və hər biri də peşəkardır. 17 yaşdan 65 yaşa kimi aktyorlarımız var və onların hər birinin teatrımızın inkişfında payı var.

 

   Tamaşalarımızın böyük əksəriyyəti uşaqlar üçündür, 40 faizi isə dolayısıyla uşaqlar üçündür. Tutaq ki, narkoman ailəsini canlandıran bir mövzuda istər-istəməz uşaqlara aid səhnələr də olacaq. Bakı Uşaq Teatrı yeganə teatrdır ki, teatr daxili festival keçirmişik. "Bir teatr - bir festival" layihəsi çərçivəsində ikinci festivalımız olan "Beyənxalq bizim teatr festivalı" keçirmişik. Hazırda aktyorlarımızın hər birinin monotamaşası var. Festivalları öz maliyyə hesabımızla həyata keçiririk. Yeri gəlmişkən, narkomaniyaya aid olan tamaşalarımızdan biri Strasburqda 80 ölkənin teatrları arasında ilk üçlüyə düşüb. Sadəcə uğurlarımızın bir qismini anlatdım, görülən və görüləcək o qədər işlərimiz var ki, buna bir qəzet sahifəsi yetməz...

 

  

Ulduzə QARAQIZI

Ekspress.-2014.-24 dekabr.-S.15.