Azərbaycanda üç filmə adam
ölər...
Kinorejissor:
"Azərbaycanda rejissorluq insanı məhv edən sənətdir"
"Azərbaycanda
rejissorluq insanı məhv edən, yorucu sənətdir. Peşəkar ssenarist kimi
çalışmaq istəyirəm. Üç film kifayətdir ki, sağlamlığın
məhv olsun, mənsə çox yaşamaq istəyirəm".
"Axınla aşağı" filminin
rejissoru Asif Rüstəmov belə deyir.
Kinorejissor yeni filminin
çəkilişində üzləşdiyi problemlər və
başqa məsələlərlə bağlı fikirlərini
"Kulis.az" saytı ilə bölüşüb. Müsahibəni təqdim edirik.
-
Asif, bu filmi nə qədər şəxsi təcrübə
kimi qəbul etmək olar?
- Tam avtobioqrafik, təbii ki, ola bilməz. Amma şəxsi
nüanslar mütləq var. Belə deyək, şəxsi təcrübəyə,
emosiyalara əsaslanan, amma tamamilə fərqli bir süjet xətti.
-
Əvvəldə ataya qarşı amansız münasibət,
sonradan ona mərhəmət hissi və sonda
bağışlama... Bunları ssenarində əvvəldən
nəzərdə tutmuşdun, yoxsa çəkiliş prosesində
improvizələr oldu?
- İmprovizələr
oldu, amma bunun sən dediyin situasiya ilə qətiyyən əlaqəsi
yoxdur. Amma bir şəxsi məqamı da
qeyd edim. Bağışlamaq
düşüncə olaraq hardasa montaj mərhələsində
oldu. Final daha qəddar ola bilərdi. Filmə baxanda ekranda mövzunu daha dərindən dərk
edirsən ki, filan şeyi belə çəkməli deyildim, səhvdir.
Yəni bu, elə prosesdir ki, illərlə gedəcək.
Və montaj dövründə qənaət yarandı ki, bir az bağışlama olmalıdır. Hərçənd atanın mənəvi günahkar
olması ssenaridə əvvəlcədən vardı, amma
oğulun ölümündə birbaşa günahkar deyil.
Yəni oğlunu skuter vurub. İstənilən
halda onun ölümü özünə qəsd deyil. Atanın üzərindən yük
götürülür, müəyyən mənada
bağışlanır. Amma finalda da
görünür ki, ata o yüklə yaşamalıdır.
- Məsələn,
necə bir qəddar final düşünmüşdün?
- Müxtəlif versiyalar vardı. Amma indi maraqsız gəldiyi üçün
danışmaq istəmirəm.
- Film
bitəndən sonra bəzi tamaşaçılarda sual
yaranır ki, meyit onun oğlunun idi, ya yox. Məsələni
bilərəkdən açıq qoymusan?
- Yox, mənim üçün dəqiq
nöqtə var. Tamaşaçı üçün
açıq qalması müəllif kimi mənim
üçün maraqlıdır. Tamaşaçının
fikrini yanlış hesab etmirəm. Əksinə,
maraqlıdır ki, onu düşündürə bilmişəm.
Bir də həmin səhnə iki cür
anlaşıla bilər. Birincisi, onun
oğlu deyildi. Amma axtarışa son vermək
istəyirdi. İkincisi, hiss elədi ki,
oğludur.
- Mənə birinci variantın
hissiyyatını verdi. Yəni
ata bəlkə də qəlbinin dərinliyində onun sağ
olması haqda bir təsəlli saxlamaq istəyib.
- Mən də onu
düşünüb çəkmişəm. Amma
o biri variant da keçərlidir. Məsələn,
Karlovi-Varı festivalında jüridə Koquaşvili adlı
bir gürcü rejissoru vardı. O, dedi ki, biz baxdıq,
bilmirəm necə, amma bizə aydın oldu ki, onun oğludur.
- Oğulun ölümündən
sonra ata ilə ana bir araya gəlirlər. Mənə
hardasa elə gəldi ki, qurbanvermənin missiyalarından biri də
onları yenidən bir araya gətirmək idi.
- Yox, elə deyil. Həyatda
qadınla kişinin bir araya gəlməsinin mahiyyəti
dünyaya yeni insan, yeni övlad gətirməkdir. Bununla da missiya bitir. Hazırkı
filmdə onlar bu missiyanı yerinə yetirə bilmirlər.
Onların yenidən bir araya gəlməsinin
anlamı yoxdur. Əgər finalda yeni insan dünyaya gətirmək
üçün "gedək sekslə məşğul
olaq" desəydilər, sənin dediyin ola
bilərdi. Filmdə bu yoxdur, onların
missiyası alınmır.
- Gözləyirdim ki, ata oğulu
itirəndən sonra onu tanımaq üçün nələrsə
baş verəcək...
- Elə olan halda qəhrəman
oğul olacaqdı. Filmdə antiqəhrəman
daha çox atadır. Yeri gəlmişkən,
ssenarini 2007-ci ildə nazirliyə təqdim eləmişəm,
amma 2013-cü ildə istehsalata buraxılıb. Ssenari dəyişib. İlkin
variantda oğul taksi sürücüsü idi, ata onun
maşınında meyidi axtarmağa gedir. Sonda
ata maşını oğulun batdığı yerdə suya itələyir.
Burda qəhrəman daha çox oğul idi.
- Sualtı çəkilişlərlə
bağlı bir neçə kadr vardı...
- Sualtı çəkiliş
bütöv bir xətt idi. Beş dəqiqəlik
sualtı çəkiliş idi, amma təəssüf ki,
texniki problemlər üzündən onu çəkə bilmədik.
Buna görə filmin böyük bir dramaturji xətti
itib.
- Polyak aktrisasını niyə dəvət
elədin?
- Azərbaycanda bir neçə
aktrisaya müraciət olundu. Amma maraqlanan
olmadı.
- Açıq səhnəyə
görə?
- Yox. Bizə faktura
olaraq uyğun gələn iki aktrisaya təklif elədik.
Hətta birini demək olar ki, təsdiq eləmək
üzrə idik. Bir dəfə
tanışlığa gəldi. İkinci
dəfə rol barədə danışmaq üçün dəvət
elədik. Gəlmədi, maraqlanmadı.
Çox istədiyim bir rus aktrisası vardı,
razı idi, amma qrafiki ilə uyğun gəlmədi.
-
Aktyorlarla işləyəndə daha çox onların təcrübəsinə
buraxdın, yoxda işlədin?
- Dialoqda olurduq. Onlar
öz təcrübəsini, baxışlarını təklif
edirdilər. Suallarını verirdilər.
Düzmü, səhvmi işləyirik, onu bir yerdə təyin
edirdik, öz ali həqiqətimizi
axtarıb tapırdıq. Tamaşaçı fərqli
baxa bilər, təbii. Bizi yanlış
hesab edə bilər.
- Mənə elə gəldi ki,
rejissura ilə daha çox məşğul olmusan, nəinki
aktyorlarla...
- Təəssüf ki, məşq
üçün vaxt çox az idi. Lazım olduğundan çox az. Paralel olaraq başqa
problemlərin həlli ilə məşğul oldum. Şamil Süleymanovu bir gün əvvəl təsdiq
etdik. Onun rolunu oynamalı olan adamın
iştirakı müəyyən səbəblərdən
alınmadı. Şamil müəllimlə
meydanda birbaşa məşq eləmişik. Bəzən də olurdu ki, aktyor oyunu çox
yaxşı alınırdı, amma hansısa texniki səbəbdən
o səhnəni yenidən təkrarlayırdıq. Təkrarladıqca da aktyorun enerjisi də xərclənir,
tükənir.
- Fimə
baxanda düşündün ki, nələr alınmadı?
- Çox şeylər
alınmadı. Faiz etibarilə götürsək,
düşündüyümüzün otuz faizi alındısa
böyük şeydir.
- Nə
mane oldu alınmamasına?
- Müxtəlif şeylər. İstehsalat problemlərindən tutmuş müəyyən
şəxsi bacarıqsızlığa, maliyyəyə,
yaşadığımız mühitə, akyorlara qədər.
Məsələn, mən aktyor məktəbini dəyişə
bilmirəm. Əlimizdə olanlarla işləməliyik.
Mənim filmimdə iki aktyor yox, on nəfər
aktyor oynamalıdır. Yəni meydanda
çevriliş edə bilmərəm.
- Yəni
konkret problem nədə idi?
- Tutaq ki, mənə 50
yaşındakı personajı oynamaq üçün aktyor
lazımdır. Azərbaycanda həmin rola uyğun gələn
üç nəfər adam var. O
üç nəfərdən biri elə maliyyə deyir ki,
filmin büdcəsinə uyğun gəlmir. Yerdə
qalan birinin də rol xoşuna gəlmir, başqası
bacarmır, alınmır da nəsə. Başqa adam da yoxdur, kimi təsdiq edək. Gürcünü, rusu da gətirib çəkə
bilməzsən. Xüsusən də ona
görə ki, səs yerində yazılırdı. Prinsipial olaraq filmdə dublyaj yoxdu. Çox problemlər var ki, mən həll edə bilmərəm
və bununla bütün rejissorlar rastlaşır. Qaçılmaz problemlər filmə təsir edir.
Amma təbii ki, öz səhvlərim də var.
-
Film festivallara da gedib. Necə
qarşılandı?
- Filmin ssenarisini yazanda
düşünürdüm ki, bu festival filmi deyil və Azərbaycanda
min nəfərə hesablanmış filmdir. İndiyə
kimi yeddi festivala gedib. Ümumiyyətlə, festivallara qəbul
olunması mənim üçün bir az
sürpriz oldu. Amma getdi və normal
qarşılanır. Mən əvvəllər
də festivallarda çox iştirak etmişəm. Jüri kimi də iştirak eləmişəm.
Festival konyunkturasını yaxşı bilirəm.
Festival bürokratiyasının tələb elədiyi
heç nə yoxdur filmdə. Düşünülmüş
şəkildə ssenarini yazanda o elementlərdən
qaçırdım. Bəlkə də bəzi
yerlərdə yanlış qaçırdım. Çünki bəzi yerlərdə özüm də
zidd olaraq qaçırdım. İndi mənə
elə gəlir ki, bu, düzgün düşüncə deyil.
Əgər film, tələb edirsə bundan
istifadə eləməlisən. Amma çəkəndə
radikal düşünürdüm, istəmirdim ki, konyunkturaya
uyğun şeylər olsun.
- Konyunktura ilə bağlı bir
neçə elementi deməyini istərdim.
- Çoxdur. Festivalların
özünün oturuşmuş baxışlarına uyğun
tələbi var və bu ölkədən ölkəyə dəyişir.
Məsələn, Azərbaycandan bir şey,
İrandan bir şey, Rusiyadan başqa şey gözləyirlər.
Festivalların region üzrə illərlə
film seçən adamları var. Həmin adamlar region üzrə
trendi təyin edir. Festival filmlərinə baxanda o trendi
hiss edirsən, hansı təkrarlar gedir, onu görürsən.
Yəni gözləntiləri var. Azərbaycandan
da gözləntilər var ki, bizim kino Avropa
tamaşaçısı üçün necə
olmalıdır.
Asiya festivallarında
bu, daha azdır. Daha demokratikdirlər, daha
geniş bucaqdan baxırlar. Avropa
festivalları o mənada daha dar düşüncəlidirlər.
Baxmayaraq ki, "A" kateqoriyalı
festivalların böyük əksəriyyəti Avropadadır.
İndi dəyişikliklər gedir, amma az. Azərbaycan, Orta
Asiya bir məkan kimi qəbul edilir, tələb olunan şeyləri
ümumiləşdirsək-kasıblıq, ucqar yerdə
yaşayan insanlar, heyvandarlıq, ekzotika, sosial problemlər,
etnoqrafik, folklor elementlərinin olmasıdır. Ona
görə də prinsipial olaraq bunlardan qaçmağa
çalışmışam.
- Ənənəvi sual vermək istəyirəm.
Bilirəm ki, rejissorlar bu sualdan qıcıqlanırlar. Amma yenə də. Filmin mesajı nə idi?
- Müsahibədən sonra bəzi
şeyləri deyərəm. Çünki kimsə
yazmaq istəyirsə, onu çaşdırmasın. Necə qəbul edirsə elə yazsın. Rejissor bunu izah etməməlidir.
- Rəng korreksiyası ilə
bağlı soruşmaq istəyirəm. Mənə elə gəlir,
nəsə nuara (pessimizm atmosferini verən üslub) yaxın
bir şey olmalıydı...
- Əksinə biz çalışmışdıq ki, realistik, sadə olsun, xüsusi işıq-kölgə effektinə çalışmamışdıq. Rəng korreksiyasını müəyyən səbəblər ucbatından xaricdə edə bilmədik. Bizim filmi çəkərkən qoyduğumuz kriteriyalara cavab vermir. İstənilən halda ekranda görünən rəng baxımından bizim çəkdiyimiz film deyildi. Kinoteatrlarda da fərq olur. Yəni elədiyimiz rəng korreksiyası başqa cür görünür. Bir kinoteatrda brak, digərində çox yaxşı görünür. Zaldan, ekranın ölçüsündən asılıdı.
- Filmin strukturu ilə bağlı
nə deyə bilərsən?
- Ümumiyyətlə, film üç hissəyə bölünüb. Üslub olaraq eklektikdir. Uşaq batana kimi filmdə musiqi yoxdur, səhnələr əl kamerası ilə çəkilib. Uşaq batandan sonra ilk musiqi peyda olur və böyürtkən yeyən səhnəyə kimi davam edir. Dondurucu sexindən sonra ya ştativdən ya krandan istifadə eləmişik - çiyindən çəkiliş ümumiyyətlə, yoxdur.
- İndi nə çəkməyi
planlaşdırırsan?
- Heç nə.
Azərbaycanda rejissorluq insanı məhv edən, yorucu sənətdir.
Peşəkar ssenarist kimi çalışmaq istəyirəm.
Üç film kifayətdir ki, sağlamlığın məhv
olsun, mənsə çox yaşamaq istəyirəm. Bu şərtlərdə
Azərbaycan kinosunun birnəfəsə çəkilməsi
alınmır. Daim nəsə problem çıxır ki, fasilə
verməli olursan. Rejissorluq kino sahəsində ən uğursuz
peşədir.
Ekspress.-2014.-25 dekabr.-S.15.