"Yetər ki, səhnədə olum..."

 

Aktrisa Şəbnəm Hüseynova: "Amma ürəyim istəyən rolları oynaya bilmədim"

 

Milli səhnənin hazırda tanınmış bir çox aktyorunun sənət yolu Bakı Kamera Teatrından keçib. Teatrın qurucusu Cənnət Səlimovanın yetişdirdiyi aktyorların sayı var, hesabı yox.

 

   Gənc Tamaşaçılar Teatrının aktrisası Şəbnəm Hüseynova da sənətdə ilk addımlarını Kamera Teatrında atıb, Cənnət Səlimovanın kursunda oxumağın vaxtilə ən böyük arzusu olduğunu deyir.

 

   TANITIM: Şəbnəm Hüseynova Ağdam şəhərində doğulub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 2000-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabrın 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. 2000-2001-ci illərdə "Lider" telekanalında "Biz" mədəniyyət xəbərləri verilişinin aparıcısı olub.

 

   Rollar: Alta ("Mavi yuxular", M. Şaqal), Malış ("İtlər", İ. Fəhmi, O. Kazımi), Mələk ("Otello", V. Şekspir), Pəri - ("Ulduzlu gecə", Anderson), Şərəf ("Məkkəyə yol", C. Məmmədquluzadə), Cəmil ("İfritin kələyi", Şvars), Mariya Adamovna ("Hekayəti-xırs quldurbasan", M. F. Axundov), Nisə xanım ("Hekayəti vəziri xani Lənkəran", M. F. Axundov), Aparıcı ("Müsyo Cordan və Dərviş Məstəli şah", M. F. Axundov), Anya ("Albalı bağı", A. P. Çexov), Tea ("Qedda Qabler", H. İbsen), Luiza ("Məkr və məhəbbət", F. Şiller), Klariçe ("Portağal Şəhzadə", Hofman), Madam Koknar - ("Mizantrop", E. Labiş), Əzra ("Şeyx Sənan", H. Cavid), Böyükxanım ("Aydın", C.Cabbarlı), Dayə ("Şelkunçik", A.Hofman), Nisə ("Sərgüzəşti vəziri Xani Lənkəran", M.F.Axundazə), Missis Roz ("Oliver Tvistin macəraları", Ç.Dikkens), Qızıl inək ("Göyçək Fatma", xalq nağılı), Lalə ("Mən səni sevirəm - M.S.S", Ə.Əmirli), Fəridə ("Məhv olmuş gündəliklər", İ.Əfəndiyev), Nisə ("Buzovna kəndinin əhvalatları", Elçin), Sona xanım ("Hacı Qara", M.F.Axundzadə), Nina Petrovna ("Qaraca qız", S.S.Axundov, A.Şaiq), Malvina ("Buratinonun macəraları", A.Tolstoy), Tereza ("İtalyansayağı xoşbəxtlik", D.Fo, P.Filippo), Zərif ("Hasarın o üzü", Ə.Əmirli) .

 

   Çəkildiyi filmlər: Qadın (Ehram TV, 2009), Rəna ("Pərvanələrin rəqsi", teleserial, 2011-2012), Şəfəq ("Toy", teletamaşa, 2004)

 

   - Universiteti həm də kino aktyorluğu ixtisası üzrə bitirmisiniz, amma teatrdan başladınız, Kamera Teatrının seçdiniz. Təsadüf idimi, yoxsa bir səbəbi vardı?

 

   - Sənətə gəlişimin, ümumiyyətlə, Kamera Teatrında çalışmağımın maraqlı tarixçəsi var. Rejissorluq üzrə təhsili alan bacımın bu sənətə gəlişimdə rolu var. Orta məktəbin son sinfində oxuyanda ixtisas seçimi qarşısında qalarkən bacım məni seçmə diplom tamaşalarına baxmağa aparırdı. Ya rejissorluğu, ya da aktyorluğu seçməliydim. 16-17 yaşlarında nəyəsə qərar vermək elə də asan deyil, insan nə istədiyini tam müəyyənləşdirə bilmir. Bir gün Kamera Teatrında rejissor Cənnət Səlimovanın quruluş verdiyi "Müsyo Jordan və Dərviş Məstəli şah" tamaşasına baxdım. Bu tamaşa həyatımın önəmli qərarlarından birini verməyimə təsir etdi və əminliklə, "aktrisa olacağam" dedim. Arzum hələ bununla bitmirdi, Cənnət xanımın kursunda oxumaq istəyirdim. Heç bilmirdim ki, məni Kamera Teatrına götürəcəklərmi, ancaq Cənnət Səlimovanın məktəbini keçmək istəyirdim. Kamera Teatrındakı tamaşaya baxınca sanki özümü tapdım, hiss etdim ki, düşüncələrimiz, hisslərimiz üst-üstə düşür.

 

   İncəsənət Universitetinə imtahan verəndə məlum oldu ki, aktyor sənətinə qiyməti məhz Cənnət Səlimova yazır. Belə bir sənətkardan "əla" qiymət almaqla həyat yolunu müəyyənləşdirmək yəqin ki, qismət məsələsi idi. Yaxşı yadımdadır ki, universitetə qəbul olduqdan sonra səs imkanlarına görə bir çox tələbəyə, həmçinin mənə Musiqili Komediya Aktyorluğu fakultəsində oxumaq təklif edilsə də, mən qəbul etmədim. Vokal ifaçığını çox sevirdim, ancaq Cənnət xanımın kursunda oxumaq kimi bir fürsəti əlimdən qaçırda bilməzdim.

 

   - Bildiyimə görə, II kursdan səhnədə rol almağa başlamısınız...

 

   - Məhz II kursda artıq Kamera Teatrında fəaliyyətə başlamışdım. Yaşadığım o sevinci sözlə ifadə etmək çətindir, yalnız onu deyə bilərəm ki, mən artıq necə bir məsuliyyət yükü daşıdığımı bilirdim. Zənnimcə, arzuya çatmaq hələ işin başlanğıcıdır, əsl məsuliyyət sonra başlayır. İlk günlər teatrın məşqlərini izləyirdim, aktyor oyunlarına baxırdım, bir növ təcrübə keçirdim. Yəni, rol oynamaq kimi bir iddiam olmadan, sadəcə təcrübə toplayırdım. Və məşqləri izləyə-izləyə hiss etdim ki, artıq bu kollektivin bir üzvünə çevrilmişəm. Ümumiyyətlə, Kamera Teatrının kollektivi yaradıcı olduğu qədər çox mehriban, səmimi idi, yeni gələnə diqqət və qayğı göstərirdilər. Və bir gün mənə çox da böyük olmayan bir rol ("Axırıncı Qatar-İtlər"tamaşası, İ.Fəhmi, O.Kazımi) verildi. Böyük həvəslə rol üzərində çalışmağım güman ki, rejissorun diqqətindən yayınmadı və Cənnəm xanım hər dəfə məşqlərdə rolumun həcmini böyütməyə başladı. Çox maraqlı tamaşa idi, hətta İranda "Qran Pri" almışdı. Çox təəssüf ki, hazırda belə tamaşalar hazırlanmır. Zamanında bu tamaşa ilə çox uğurlar qazandıq. Bu tamaşadan sonra çox tamaşalarda oynasam da, ilk uğuru heç bir zaman unutmuram. Universiteti bitirdiyim zaman mən artıq Kamera Teatrının aktrisası hesab olunurdum, artıq başqa bir yerə getmək niyyətim yox idi. Baxmayaraq ki, uzun müddət maddi bir gözləntim olmadan teatrda çalışdım. Ancaq işimi çox sevdiyim üçün televiziyada çalışmaqla maddi problemlərimi həll edirdim ki, bu, mənim teatrdakı işimə mənfi təsir göstərməsin.

 

   - Təmənnasızlıq artıq bu sənətin fədaisi olmaq deməkdir...

 

   - Bəlkə də yaş dövründən də çox şey asılıdır. Tələbəlik zamanı, yeni işə başladığın illərdə sadəcə həvəsin dalınca qaçırsan, ancaq illər sonra artıq həqiqətlə üzləşirsən. Məsələn, hazırda mən o vaxtkı addımı ata bilməzdim. Yəni, pul almadığım yerdə bu qədər böyük həvəslə çalışa bilməzdim.

 

   - Əslində, bu, yaşla bağlı deyil. İndiki nəsil nəinki tələbəlik vaxtından, artıq orta məktəbdən pul qazanmağın yolunu axtarırır...

 

   - Yəqin ki, biz indikilərdən fərqli olmuşuq.

 

   - Peşəsini çox sevən üçün maddiyyat arxa plana da keçə bilir. Hər halda, pul çox şeyi həll etsə də, hər şeyi həll etmir...

 

   - Amma çox şeyi həll edir. Çətin dövrdə yaşayırıq, problemlər çox olur, ona görə də hər kəs işi, əziyyəti, çalışması müqabilində yaxşı da qazanmalıdır ki, problemlərin hamısını olmasa da, bir qismini həll edə bilsin. Təsəvvür edin ki, ailəli insan işləyir, ancaq pul qazana bilmir, bəs o ailə necə dolanacaq? Şəxsən mən heç vaxt pula görə işləməmişəm, işə görə işləmişəm. Əgər iş keyfiyyətlidirsə, səni mənəvi cəhətdən də qidalandırırsa, o zaman az pula da çalışmaq olar. Ancaq pul qazanmaq haqqında düşünürsənsə, o zaman puldan başqa heç nə qazana bilmirsən. Nə hörmət, nə peşəkarlıq, nə bir layiqli mövqe. Mən Allahımdan çox razıyam. Səbrimə, əzmimə görə həmişə məni mükafatlandırıb.

 

   - Sənət də fədailərini sevir...

 

   - Yəqin ki, bizlər bu sənətin xəstəsi olduğumuz üçün bir an olsun uzaqlaşa bilmirik. Sənət sevgisini mənə öyrədən ustadımız Cənnət Səlimova olub. Mən onun qurucusu olduğu Kamera Teatrında çalışdığım zaman çox şey öyrəndim. Kamera Teatrı fəaliyyəti dövründə çox gördü. Çox təəssüf ki, teatr məlum səbəblərdən bağlandı, bu durum bizə çox təsir etsə də, önəmnli olan odur ki, biz yenə də sevimli işimizlə məşğuluq. Çox gözəl bir teatrda çalışırıq.

 

   - Dövlət Gənclər Teatrı, Kamera Teatrı kimi fərqli teatrların Gənc Tamaşaçılar Teatrına birləşməsi bir qədər qalmaqallı oldu. Aktyorlar bu durum necə qəbul etdilər?

 

   - Bu sual hər zaman məni düşündürür. Ola bilsin düşünmək olar ki, aktyor üçün hər hansı bir teatrda çalışmağın elə də bir əhəmiyyəti yoxdur. Yəni, rol alırsan, səhnəyə çıxırsan.

 

   Zənnimcə, belə düşünmək yanlışdır. Axı janr məsələsi var, hər teatrın öz üslubu, öz fərqliliyi var. Məqsəd teatrı inkişaf etdirməkdirsə, o zaman teatrın janrlarını, istiqamətlərini artırmalıyıq. Kamera Teatrının öz tamaşaçısı var idi. Necə ki, Yuğ Teatrının, Pantomim Teatrının öz janrı, öz tamaşaçısı var, eləcə bizim də öz tamaşaçılarımız vardı. Doğrudur, kütlə üçün, milyonlar üçün deyildi, güc-bəla ilə 100 nəfərlik yerimiz vardı, əsasən, 60-70 nəfər üçün çalışırdıq. Ancaq nə olur-olsun, ora bizim üçün, Kamera Teatrının kollektivi üçün çox əziz, doğma və fərqli bir məkan idi. Amma artıq bu, yaşanmış tarixdir, bizə qalan gözəl xatirələr oldu. Həyat isə davam edir, bir an belə dayanmaq olmaz. Mən elə Gənc Tamaşaçılar teatrında da çox xoşbəxtəm, yetər ki, səhnədə olum. Çox gözəl truppamız var.

 

   - 15 ildir ki, səhnədəsiniz, ürəyinizdən keçən rolları oynamaq fürsəti qazandınızmı?

 

   - Bu sənəti nə qədər çox sevsəm də, amma o qədər də şanslı olmadım, ürəyim istəyən rolları oynaya bilmədim. Ancaq yenə də bir şeyə görə özümü xoşbəxt sayıram ki, nəyi bacarıb, nəyi bacarmadığımı çox yaxşı bilirəm. Məncə bu, çox önəmlidir. Məni tamaşadan sonra tərifləsələr də, özüm bilirəm ki, bu gün istədiyim olmadı. Və yaxud da əksinə. Mən heç vaxt tam anlamda özümdən razı qalmıram. Bilirəm ki, daha yaxşı ola bilərdi. Və əgər Allah mənə güc versə, Mən o "daha yaxşını" edə bilərəm.

 

   - Hansı rolları daha çox arzuladınız, ancaq Sizə vermədilər?

 

   - Etiraf edim ki, baş qəhrəman olmaq kimi iddiam heç bir zaman olmayıb. Mənim üçün önəmli olan xarakterik obrazlardır. Çünki xarakter rolları aktyora geniş imkanlar verir. Cəfər Cabbarlının "Aydın" tamaşasında oynamışam. Amma əsas qadın qəhrəman Gültəkin də olsa, Mən Böyükxanımı oynadığım üçün çox məmnundum. Baxmayaraq ki, iki balaca səhnəsi vardı onun. Amma mən o iki yığcam epizodda istədiyimi edə bilirdim. Xoşbəxt idim. Əsas olan kimi deyil, necə oynamaqdır. Amma rolun "böyüyü-kiçiyi yoxdur" fikri ilə razı deyiləm. Rolun böyüyü də var, kiçiyi də....

 

   - Bəzən tamaşaçı əvvəllər gördüyü tamaşada hansısa rolu canlandıran aktyora elə bağlanır ki, həmin tamaşa yenidən səhnələşdiriləndə bu rolu başqa aktyorun ifasında qəbul etməkdə çətinlik çəkir. Yəni elə rollar var ki, böyük sənətçilərimiz onlara öz möhürlərini vurublar və onlardan sonra gələnlər bu möhrü sındırmaqda çətinlik çəkirlər. Siz özünüzdən əvvəl oynanılan bir rolu alarkən çıxış yolunu necə tapırsınız?

 

   - Çalışıram ki, əvvəlki ifalara baxmayım. Təqlidlə, eynilik yaratmaqla heç bir şey etmək olmaz. Düzdür, uşaqlıqda müğənniləri təqlid edirdim, ancaq səhnədə belə şeylər qəbul olunmazdır. Məsələn, kiçik yaşlarımda uşaq həvəsi ilə Zeynəb Xanlarova kimi bir sənətkarı təqlid edər, özümü ona bənzətmək istərdim. Bu, məndə alınırdı, ifamı dinləyən bütün ailə üzvlərim, qohumlar məni alqışlayırdılar, hətta "qonorar" da verirdilər.

 

   - Səsiniz var, müğənni olmaq istəməsəniz də, Musiqili Komediyanı seçsəydiniz, tələbəlik zamanı olan dəvəti qəbul etsəydiniz, bəlkə də hazırda hər şey başqa cür olardı...

 

   - Ancaq heç vaxt peşman olmadım, çünki hər şeydə bir xeyir olduğunu düşünürəm. Bütün bunlar qismət məsələsidir. "Nə olacağam" demək - gülünc olar, "necə olacağam, ola biləcəyəmmi" kimi fikirlər daha əsasdır. Belə bir fikir də var ki, hansı uşağı böyütdüyünü bilirsən, ancaq hansı şəxsiyyəti böyütdüyünü bilmirsən, onu ancaq zaman göstərər. Anam həkimdir və elə bilirdi ki, mən onun davamçısı olacağam. Əslində marağım da vardı, savadım da imkan verirdi ki, tibb üzrə təhsil alım. Düşünürəm ki, çox yaxşı bir həkim ola bilərdim. Ancaq içimdə incəsənət duyğusu da çox güclü idi. Belə olmasaydı, heç aktrisa ola bilməzdim...

 

  

Xədicə QİYAS

 

Ekspress.-2014.-27-29 dekabr.-S.19.