Yasin Qarayev:

"Aktyorluq vəfasız sənətdi..." "Səhnədə şahsan, başından qızıl tökülür, çölə çıxırsan, bir kilo ət almağa imkanın yoxdu..."

 

Xalq artisti Yasin Qarayev ağsaqqal aktyorlarımızdandır. O, Gənc Tamaşaçılar Teatrının səhnəsində Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Firəngiz Şərifova, Osman Hacıbəyov, Rəhilə Məlikova kim nəhəng sənətkarlarla tərəf müqabili olub. Həmin aktyorları dahi adlandıran Yasin müəllim özünü onlarla müqayisədə, sadəcə, istedadlı aktyor sayır.

 

   Bununla belə, o, Cəlal (S.Vurğun. "Komsomol poeması"), Qulu (S.S.Axundov. "Tamahkar"), Əsəd (C.Məmmədquluzadə. "Danabaş kəndinin məktəbi"), Qarakişi, Əziz (İ.Məlikzadə. "Gəl qohum olaq", "Sağlıq olsun"), Şah (F.Məmmədov. "Sirli dəyirman"), Aşıq, Mahmud (N.B.Vəzirov. "Hacı Qəmbər"), Azər, Əflatun (Elçin. "Mahmud və Məryəm", "Ölüm hökmü"), Mir Cəfər Bağırov (Ə.Əmirli. "Cəza"), Qafar (S.Rüstəm. "Çimnaz xanım yuxudadır") və bir çox başqa yaddaqalan obrazlar yaradıb... Bizimlə söhbətində də Yasin müəllim ötən günləri xatırladı, ömür kitabını vərəqlədi...

 

   - Düz 45 ildi bu sənətin yolçusuyam. Yəqin ki, 45 il bir sənətin dalınca düşən adamın qəlbində, heç olmasa, məhəbbətin işığı, parıltısı olar da bir balaca...

 

   Qaldı sənətə, Bakıya gəldiyim gündən bu sənətin ardınca qaçmışam. Bakıya da 1963-cü ildə gəlmişəm. Azərbaycanın gözəl guşələrinin birində- Şəmkir rayonunda doğulmuşam. İlk sənət yolum da ordan başlayıb. Ona yol da demək olmazdı. Cığır demək olardı. O cığırın ucundan tutmuşam. Çözələyə-çözələyə gəlib Bakıya çıxmışam. Əvvəl Xarici Dillər İnstitutunda ingilis dili fakültəsində oxumuşam. O vaxt Bakıda xalq teatrları dəbdə idi. Onların çoxusuna da gedirdim. "Damğa", "Tibb işçiləri"nə getmişəm. Onlar da yığışıb, mənə İncəsənət İnstitutunun musiqili komediya fakültəsinə getməyi məsləhət gördülər...

 

   - İncəsənət İnstitutunda hansı sənətkarlardan dərs aldınız?

 

   - Azərbaycan teatr tarixində öz sözünü demiş, öz möhrünü vurmuş korifey sənətkarların hamısından... Məsələn, Rza Təhmasib Tariyel Qasımovun da müəllimi olub, bizim də kurs rəhbərimiz olub. Müxlis Cənizadə dərs deyib bizə. Şəfiqə Axundovadan dərs almışam. Mən musiqili komediya aktyorluğu fakültəsində oxumuşam. Rəhilə Cabbarova dərs deyib mənə. Gülarə Əliyeva fərdi dərs keçib bizə. O vaxt "Dan ulduzu" İnstrumental Ansanblını təzəcə yaratmışdı. Öz evində məşq eləyirdik. "Azərbaycan" kinoteatrının arxasında evi var idi. Baba Mahmudoğlu gözəl opera müğənnisiydi. "Leyli və Məcnunda", Şəfiqə Axundovanın "Gəlin qayası"nda oynadı. Müğənni Yusif Məmmədov var idi... Nəsibə Zeynalova ilə -bizim böyük aktrisamız, gülüş kraliçamızla bir kursda oxumuşuq. O vaxt Nəsibə xanımın yaşı da çox idi, həm də xalq artisti idi. Biz cavan idik. "Arşın mal alan" diplom tamaşamız olub. Ona Rza Təhmasib quruluş verib. Rza Təhmasib ilk "Arşın mal alan" filminin də rejissoru olub. İfamızdan çox xoşu gəldi. Tələbə-aktyor kimi seçilmişəm yəqin... "Arışın mal alan"da mən Vəlini, Nəsibə xanım xalanı, Baba Mahmudoğlu və Sabir Məlikov Əsgəri oynayırdı...

 

   - Bəs, Gənc Tamaşaçılar Teatrına necə gəlib çıxdınız?

 

   - O vaxt institutda rəhmətlik Nəsibə xanım dedi ki, "bizdə "Arşın mal alan" hazırlanır. Elə institutu qurtaranda gedərik teatra, orda öz rolunu oynayarsan". Elə oldu ki, mən hərbi qulluğa getdim. Mənim kurs yoldaşım Sabir Sultanov "Muzkomediya"ya qəbul olundu. Bir ildən sonra qayıdıb gəldim. İnstitutumuzun nəzdində tədris teatrı var idi. Mən hərbi xidmətə gedənə qədər də orda çalışırdım. Orda axırıncı kursda oxuyan tələbələrin çoxu işləyirdi. Az maaşımız da var idi. Sonra rektorumuz Tahir Hüseynov çağırıb dedi ki, "Gənc Tamaşaçılar Teatrında işləmək istəyirsənmi?" O teatr çox sevdiyim teatrlardan biri idi. Onda Ulduz Rəfili baş rejissor idi. Məni onun yanına göndərdi. Həddindən artıq kübar xanım idi. Gözəl tamaşalar rejissoru idi. Uşaq tamaşalarının "allahı" idi. O vaxt mən gələndə "Şirinbala bal yığır" tamaşasının məşqi idi. Məşqin qurtarmasını gözlədim sonra məni qəbul elədi. Yoxladı. Teatrda "Hacı Qəmbər" tamaşası gedirdi. Orda da Aşıq Vəlini oynayan aktyor işdən çıxmışdı. Onun yerinə oynayası oldum. Səsimi yoxladılar, bəyəndilər və götürdülər. Mən ondan sonra çox baş rollar oynadım. "Sınaq pillələri", "Atama deyəcəyəm" tamaşalarında... "Ovod" tamaşasında çıxıb kütləvi səhnələrdə oynayırdım. Orda Yusif Vəliyev, Süleyman Ələsgərov, Osman Hacıbəyov, Firəngiz Şərifova oynayırdı. Biz təzə gəlmişdik- Azər Mirzəyev, Gülşən Qurbanova və mən. Fiziki gücümüz, emosiya var idi. Yusif Əzimzadənin "Unutmayın" tamaşası qoyuldu. Azərə baş rol verdilər -Əli Dadaşovu. Gənc qvardiyaçılar var idi. Onlardan birini mənə verdilər. O da baş rol idi. Sonra Ağakişi Kazımov Səməd Vurğunun "Komsomol" poemasını İskəndər Coşqunun ssenarisi ilə səhnələşdirdi. Orda mənə Cəlal obrazını verdi. Bizə qədər o tamaşada Cəlalı Firdovsi Naibov, Humayı Xuraman Hacıyeva, Gəray bəyi Yusif Vəliyev də, Osman Hacıbəyov da oynayırdı. Elə bil ki, Ağakişi Kazımov təzə bir məktəbin bünövrəsini qoydu. Bir gün Yusif Vəliyevlə, bir gün Osman Hacıbəyovla səhnəyə çıxırdım. Bu, yaxşı metod idi...

 

   - İndi səhhətiniz belə ağır rollar oynamağa imkan verir?

 

   - 68 yaşım var. Təbii ki, bu yaşda olan insanların səhhətində nə nöqsanlar varsa, məndə də var. Qan-damar sistemi yaxşı işləmir. Cərrahiyyəyə də ehtiyacım var...

 

   - Yaşamaq çətindi deyirsiniz, bu nə ilə bağlıdı?

 

   - Yaşamaq, əlbəttə, çətindi. Bu, qətiyyən maddi durumla bağlı deyil. Mən həmişə deyirəm ki, yaşamağın özü çətin bir şeydi. Elə-belə yox, sənətkar kimi yaşamaq lazımdı. Deyək ki, mən xalq artistiyəm. Bu gün siz gəlib mənim bir tamaşama- "Sarıköynəklə Valehin nağılı"na baxırsınızsa, bu mənim üçün çox məsuliyyətlidi. 300-500 nəfərin qarşısında mən məsuliyyət daşıyıram. Bu anı yaşamağın özü çətindi.

 

   - Bu əsərdəki mənfi obrazı, necə oldu ki, sizə həvalə elədilər?

 

   - Məndə elə xasiyyət yoxdu ki, mənfi, müsbət -roldan narazı qalım. Pyesi oxuyuram, o rol məni tutursa və yaxud da daxilimdə nəsə bir hazırlıq varsa, onda mən razılığımı verirəm. Bəhram Osmanovla hələ 10-15 il qabaq Əli Əmirlinin "Cəza" tamaşasında işbirliyim olub. Orda mənə baş rollardan birini həvalə eləmişdi. Mircəfər Bağırovun prototipini. Adam öz oynadığını tərifləməz. Mənə elə gəlir ki, çox uğurlu tamaşalardandı.

 

   - Elə olub ki, xoşunuza gəlmədiyi üçün sizə tapşırılan roldan imtina edəsiniz?

 

   - Min dəfə olub. Oluram pis adam, pis kişi, pis aktyor. Rejissorların çoxusunda olub. Elə dostluq elədiyim insanlar da olub onların arasında. Demişəm ki, bu rol mənim deyil, ay qardaş. Mən bu rola köklənmirəm. Mənə Moskvadakı aktyorlardan misal gətiriblər...

 

   Mən həmişə özümə tənqidi yanaşmışam. 20-30 il qabaq mənim AzTV-də çəklişlərim olub. Əksəriyyəti də, görürəm ki, tamaşaçılar tərəfindən bəyənilib, sevilib. Bir də görürsən ki, görüşlərimiz olanda, o tamaşaları yada salırlar. Əlbəttə, adama xoş təsir edir. Amma mən təzədən o tamaşalara baxanda, deyirəm ki, bunu belə yox, gərək bu cür oynayaydım... Hətta o tamaşalara baxa bilmirəm. Düşünürəm, o nədi eləmişəm, niyə elə eləmişəm? O nə sifət idi, o nə mimika idi? O nə jest idi mən elədim? Bu nə sərt danışıq tonu idi?

 

   - Ürəyinizdən rejissorun sizi görmədiyi hansısa rolu oynamaq keçir?

 

   - İndi, inanın, yox. Amma qabaq olub. Mənim sənət müəllimim rəhmətlik Hüseynağa Sadıqov həmişə tövsiyə eləyirdi ki, "İki ağanın bir nökəri"ndə" Turpazino rolunu oynayım. Deyirdi ki, "o rolu verəcəm sənə. Tamaşanı da özüm qoyacağam". Vaxtilə də o rolu özü oynamışdı. Mən mətbuatda onun haqqında oxumuşam. Çox gözəl də oynayıb. Bu arzu məndə var idi. Elə oldu ki, o, yaşa doldu, tamaşanı qoymadı. O rolda cəldlik, gənclik olmalıdı. Mən də yaşa doldum. Ona görə də ürəyimdən o rolu çıxardım.

 

   - Qocalıq barədə düşünürsünüz heç?

 

   - Müəllimim Müxlis Cənizadə həmişə ad günü eləyəndə gəlib kinayə ilə deyirdi ki, "insan ölümünə bir addım da yaxınlaşıb, onu bayram eləyir". Bu qalıb xatirimdə. Elə bu fikirlə də yaşayıram. Düzdü, illəri yaşamaq lazımdı. Onun özü də uğurlu bir şeydi ki, yaşa dolasan, yaşaya biləsən. Yetmiş, səksən... Bu yaxşıdı. Amma hər halda addım o yana gedir...

 

   - İndi televiziyaya dəvət edirlər sizi?

 

   - Ürəyimcə veriliş olsa, gedərəm. Yoxsa, gedib kiminsə ailəsinin vəziyyəti haqqında danışmağı mən özümə təhqir bilirəm. Adama qayıdıb deyərlər ki, get öz ailənin dərdini çək. Mən psixoloq, hüquqşünas deyiləm. Mən, sadəcə, aktyoram. Nə oynamışam yaxşı, pis, gəl, ondan danışaq...

 

   Dəb düşüb, o verlişlərə hamı gedir. Aktyor yoldaşlarımın o xarakterli verlişlərdə iştirakı mənim xətrimə dəyir. Orda onu təhqir eləyirlər, elə bilirəm ki, məni təhqir eləyirlər. Nəyə lazımdı bu? Eləsi var ki, əsəbiləşib yorğan-döşəyə düşür. Hərənin öz həyatı var. Onunla qoy o sahəni bilənlər məşğul olsunlar...

 

   - Serialları bəyənirsiniz?

 

   - Çoxusu elə bilir ki, içimdə bir xılt, bir paxıllıq var. Xeyir, ay tövbə. O cürə seriala çəkilməkdənsə, evdə nəvələrlə oturmaq, oynadığım rollarla məşğul olmaq mənə daha xoşdu.

 

   - Heydər Əliyevlə görüşünüzü necə xatırlayırsınız? O görüşdən sonra həyatınızda çox dəyişikliklər olub...

 

   - 1978-ci ildə Ulu Öndərimiz Heydər Əliyev mənim həyatımda dönüş yaratdı. 1977-ci ilin payızında məni fəallığıma görə teatrda Həmkarlar İttifaqının sədri seçdilər. Tamaşaçılar da artıq məni tanıyırdılar. Çünki AzTV-də, o vaxtki Respublika Sarayında dövlət əhəmiyyətli konsertlərdə tez-tez Hüseynağa Sadıqovla çıxışlarım olurdu. Bu konsertlərin çoxuna Mərkəzi Komitənin 1-ci katibi Heydər Əliyev də gəlirdi...

 

   1978-ci ilin yaz ayında o vaxtki "26-lar" rayonunda yerli deputatlara seçkilər keçirilirdi. Məni və aktrisa Məsumə Babayevanı nümayəndə kimi seçki məntəqəsinə göndərdilər.

 

   Orda birdən dedilər ki, Heydər Əliyev seçki məntəqəsinə gəlir. Aradan 5-10 dəqiqə keçmiş Heydər Əliyev ətrafında xeyli adamla salona daxil oldu. Ümumi salamlaşandan sonra mən tərəfə baxıb, düz qənşərimə gəldi. Elə bil ürəyim xırp eləyib yerindən qopdu. "Teatrda nə var-nə yox?" -dedi. Həyəcandan başımı aşağı salıb tir-tir əsirdim. Başımı qaldırıb üzünə baxmaq istədim. Gözlərinə baxmaq istəyirdim. Elə bil məni şimşək vurdu. Tez başımı aşağı saldım. Dedim, "Teatrımızın 50 illik yubleyidir, Moskvaya qastrola gedirik". "Bilirəm, özüm sərəncam vermişəm", -dedi. -Bir sərəncam da vermişəm ki, teatrınızı söküb təzəsini tiksinlər. Əliş Ləmbəranskiyə tapşırmışam. O tikəcək". Özümü toplayıb dedim: "Müəllim, mən teatrın Həmkarlar İttifaqının sədriyəm. 20 ilə yaxındır ki, bizim işçilərə ev vermirlər. Hamı sənədlərini geri götürüb. Növbədə 10 adam qalıb". "Aydındır" deyib yanındakılara baxaraq seçki qutusuna tərəf getdi...

 

   İki gündən sonra məni "Rayispalkom"a çağırıb 10 dənə mənzil orderi verdilər. O mənzillərdən biri də mənim idi. Kirayədə yaşayırdım. Mənə düşən orderi gətirib həyat yoldaşıma verib, hadisəni danışdım. O da "Allah balasını saxlasın" deyib, sevindiyindən ağladı...

 

   Heydər Əliyev olmasa, itib-batmışdım. Yəqin ki, kənddə klub müdiriydim...

 

   - Rejissor və aktyor qıtlığı hiss edirsinizmi indi teatrda?

 

   - Mən qıtlıq deməzdim, əksinə, aktyorların da rejissoların da sayı yaxın keçmişimizdə olanlardan xeyli çoxdur. Təbii ki, dövrü-qədimdən teatrda aktyorlar say hesabı ilə rejissorlarımızdan çox olublar. Məsələn, 70-ci illərdə bizim teatrda 40-45 aktyor vardısa, bu gün onların sayı 95-dir. Onda da teatrda 3-4 rejissor vardı, elə indi də. Deyə bilərsiniz ki, indi Yusif Vəliyev, Firəngiz Şərifova, Süleyman Ələsgərov, Hüseynağa Sadıqov səviyyəli aktyorlar yoxdur axı. Bilirsiniz, bunun üçün vaxt, zaman lazıdır. Amma korifeylərimizin yolunu davam eləyən Elşən Rüstəmov, Qurban İsmayılov, Şövqü Hüseynov, Naibə Allahverdiyeva, Nübar Novruzova, Elşən Carxanlı, Nəsibə Eldarova, Gülər Nəbiyeva və neçə-neçə ümidverən istedadlı gənclərimiz var.

 

   Aktyor-rejissor Nicat Kazımov Bakının bütün teatrlarında tamaşalar hazırlayır, diplomlar, mükafatlar qazanır.

 

   Bilirsiniz ki, bizim teatrın təməli 1927-ci il mart ayının 15-də "Fırtına" tamaşası ilə qoyulub. Mən o tamaşada oynayan Məmmədağa Dadaşov, Süsən Məcidova, Məxfurə Yermakova, Kərim Həsənovla işləmişəm. Kərim Həsənov, Hüseyn Sultanov, Ulduz Rəfilinin quruluş verdiyi tamaşalarda oynamışam. 30-cu ildən teatra gələn Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Firəngiz Şərifova, Osman Hacıbəyov, Rəhilə Məlikova və öz layiqli adlarını teatr tarixinə yazmış sənətkarlarla tərəf müqabili olmuşam...

 

   Son 15-20-il ərzində Azərbaycanın kino və teatrı ağır itkilərlə üzləşdi. Gəncədə, Naxçıvanda, Bakıda teatrlar, kinostudiya nəhənglərimizi itirdi. Üzr istəyirəm, uşaq ana bətnində 9 aya yetişdiyi kimi, yaxşı tamaşanın da, kinonun da, rejissorun da, aktyorun da yetişmesi üçün müəyyən vaxt lazımdı.

 

   - İndi hansı arzularla yaşayırsınız?

 

   - Nəvələrim var, onları həddindən artıq çox istəyirəm. Nə qədər Allah ömür versə, onlara kömək etmək istəyirəm. Onları cəmiyyətə yararlı insanlar kimi böytümək istəyirəm.

 

   - Nəvənizin sizin yolunuzu davam etdirməsini istərdinizmi?

 

   - Yasin adlı balaca bir nəvəm var. Bura gəlir. Onu bütün aktyorlar tanıyır. Nəvəm bütün tamaşaları əzbər bilir. Deyir, mən aktyor olacağam. Amma mən nəvəmin aktyor olmasını istəməzdim. Çünki bu, çox çətin yoldu. Bu, həm şərəfli sənət, peşədi, həm də, vəfasızmı deyim... Bir də görürsən, alqışlar olur, alqış yağışının içindəsən. Səhnəyə çıxırsan, şahsan, başından qızıl tökülür, çölə çıxırsan, heç bir kilo ət almağa imkanın yoxdu... Səhnədən düşdün, çıxdın küçəyə, milyonların, minlərin içində itib-batırsan. Heç bilinmir kimsən...

 

  

Namiq MƏMMƏDLİ

 

Ekspress.-2014.-27-29 dekabr.-S. 20.