"Rejissorlarımız üçün
qadın maraqlı deyil"
Mehriban Zəki: "Bütün
aktyorlar eyni xəmirdən deyillər"
"Teatrda oynamaq istəyirəm.
Çünki onun verdiyi emosional güc kinoda baş vermir. Kinoda sən rejissorun alətisən.
Faktura olaraq rejissorun əlində vasitəsən".
Əməkdar artist Mehriban
Zəki belə deyir. Aktrisanın "Kulis.az" saytına müsahibəsini təqdim
edirik.
- Mehriban
xanım, çəkilidyiniz filmləri izləyəndə onu peşəkar aktrisa kimi analiz edirsiz,
yoxsa sadəcə, tamaşaçı kimi baxırsız?
- Film ekranlara çıxandan beş il sonra, yəni ondan bir müddət uzaqlaşandan sonra onu soyuqqanlı, tamaşaçı kimi seyr eləmək mümkündür. Amma bu da son deyil. Bir neçə il sonra aktyor kimi daha da püxtələşirsən, baxırsan ki, filan şeyi belə eləmək olardı. Amma ilk dəfə filmə baxanda həmişə utanc, özünə qarşı ikrah hissi olur. Təkcə aktyorlara aid deyil. Məsələn, siz, yaxud kim olursa-olsun, indi şəklinizi çəkib sizə göstərsələr, "nə pis düşmüşəm" deyəcəksiz. Amma beş il sonra o şəklə baxanda əksini düşünəcəksiz. Çünki siz artıq ondan uzaqlaşırsız.
- "Axınla
aşağı" filmində oynadığınız ana obrazı Sizin ilk dramatik obrazınız idi, yoxsa?
- Yox, belə istiqamətdə yox idi. Hər halda ssenarini oxuyanda övladını itirən ana obrazı məni tutdu və işləmək maraqlı idi.
- İş
prosesində rejissorla kontakt
nə qədər alındı?
- Əvvəlcə deyim, övladını itirmiş ana niyə mənə maraqlı gəldi? On il qabaq Natəvanın həyatı haqqında oxuyanda onun 18 yaşlı oğlunu itirmək faktı ilə rastlaşdım. Düşündüm ki, ilahi, "Natəvan" əsəri bu qədər səhnəyə qoyulub, amma onu qoyan müəlliflər nədənsə bu məqamı qaçırıblar. Onu yalnız şairə kimi təqdim ediblər. Qadının faciəsinə bax, 18 yaşında oğlunu itirəsən, dəli olmaq olar yəqin ki... Bu itkidən sonra çox şey dəyişə bilər: onun yaşaması, insanlarla ünsiyyəti, cəmiyyətdə mövqeyi. Mənim obrazımla paralellik dəqiq olmasa da, ana faciəsi keyfiyyətcə eynidir. Bizim tamaşaçı üçün evdar qadın deyəndə, dinməz-söyləməz, özünü tanımayan qadın anlaşılır. Burdakı evdar qadındır guya. Halbuki, mənim təqdim elədiyim qadın evdar deyil. Yəni hal-hazırda işləmir, sadəcə, evdə oturub. Asif Rüstəmov bu işi təklif edəndə maraqlı gəldi. "Axınla aşağı" filmi rejissor-aktyor kimi ilk işimizdir. Onu çəkdiyi "Ev" filmindən tanımışam. Ssenarisi əsasında Əli İsa Cabbarovun çəkdiyi "Düyün" filmində oynamışam. Asif Rüstəmovun hekayələrində bir pritçalıq var. Konkret əhvalatı danışmaqla dərin və sakral mətləbləri analiz etmək meyli var. Bu əsəri də konkret insan həyatının hekayəsidir. Filmin sonunda övladını itirmiş ata oğlunun öldüyü məkana gəlir, sakitcə oturub deyir ki, ilahi, bura nə gözəl yerdir. Hər tamaşaçı öz ismarıcını alır. Mənim üçün isə ismarıc bu idi. Sual yarana bilər ki, ata da belə edər, yaxud oğlu ölən ana ərinin məşuqəsinin yanına münasibət aydınlaşdırmağa gedər ki, ərim səninlə getməyəcək? Bunlar qıcıqlandırsa da tamaşaçını düşündürməyə vadar edir. Bu, Asif Rüstəmovun müəllif filmdir. Əvvəlcədən də mənə demişdi ki, aktyor yox, rejissor filmidir. Təbii ki, mənim də aktyor kimi demək istədiyim sözüm var. Mübahisə deməzdim, müzakirələrimiz olurdu. Bütün aktyorlar eyni xəmirdən deyillər. Biz bilirik ki, aktyor rejissorun fikrini icra edəndir. Amma mənim də filmə qatdığım ismarıcım var. Mənim üçün də maraqlıdır ki, övladını itirən ana hansı ovqatlardan, yaşantılardan keçə bilər? Demirəm ki, onu tam şəkildə yaşadım, hər halda əlimi toxundurmağa çalışdım. Əminlikə deyə bilərəm ki, bir kadrda bu var!
- Hansı?
- Onu deməyəcəm.
- Siz dediniz ki,
oynadığınız evdar qadın özünü tanımayan, müti
qadın deyil. Obrazı bu
cür təqdim etmək Asifin
rakursu idi, yoxsa sizin? Fikir
ayrılığı oldumu?
- Fikir ayrılığı olmadı. Kastinqi Asif eləyib və bilirdi ki, kimi dəvət eləyib. Sual verdim ki, niyə məni çəkirsən? Bu obraza fakturaca uyğun aktrisalar vardı. Aktyor ansamblı uyğun deyildi. Çox qarmaqarışıq idi. Və Mehriban Zəki də o ansambldan seçilirdi.
- Seçilməyinizi nədə görürdüz?
- Onu siz deyəcəksiz. Və "niyə məni çəkirsən" sualıma verdiyi cavablardan o cavabı almadım. Amma filmə baxanda bəlkə də eşitmək istədiyim cavabları aldım. Sual verəndə ki, sənin baş qəhrəmanınla arvadı arasında böyük energetik uçurum var, "mənə elə lazımdır" dedi. Siz filmə baxanda qadının obrazında boşluqları görə bilirsiz. Ssenarini oxuyanda mən də görürdüm. Amma sonra anladım ki, filmdə müəllifi maraqlandıran qadın deyil. Müəllif üçün vacib olan atadır.
- Rolunuz haqda fikirlər birmənalı deyil.
Bəzilərinə görə alınıb, bəzilərinə
görə ananı hiss etməmisiz,
soyuqqanlı oynamısız. Başqa fikrə
görə, uğurlu oynasanız da, sanki ansambldan
kənarda qalmısız. Nə deyə bilərsiz bununla bağlı?
- Bütün sağlam düşüncəli fikirləri, analitik təhlilləri eşitməyə hazıram. Aktyor kimi kadrbakadr öz işimi analiz də edə bilərəm. Nəyi harda düz eləmişəm, nəyi harda səhv yox, başqa cür eləmişəm. Soyuqqanlılığa gəlincə, filmə baxanda düşündüm ki, bir az da soyuqqanlı eləmək lazım idi. Məsələn, qonşu qadının, ananın, polisin, atanın olduğu səhnə vardı. Həmin səhnədə qonşu qadın emosional idi, birdən ana da qışqırır, dalınca ata da. Və mənim orda ətim töküldü. Emosional olaraq qarışıqlıq yarandı. Biri qışqıranda, o biri daha yüksək not götürmək üçün başqa texniki vasitə tapmalıydı. Şəxsən mən öz adıma deyirəm. İş prosesində bu, məni narahat edirdi. Bir şey də var. Sözün özünün daşıdığı energetik yük var. Söz çox şeyi diqtə edir ki, sən məhz bunu belə eləməlisən.
- Namiq
Ağayevlə tandem necə
alındı? Psixoloji, sənətkarlıq baxımdan işləmək
istədiyiniz partnyor idimi?
- Çalışıram
ki, çəkiliş
meydanında işlədiyim,
tərəf müqabili
olduğum aktyorlarlın
heç biri ilə konflikt olmasın. Yalnız sayğı, hörmət.
Sadəcə bir şeyi deyim. Qəbul edəcəklər, etməyəcəklər, hər
kəsin öz fikridir. Mən kamera qarşısında
qeyri-peşəkar aktyorları
qəbul etmirəm.
Buna izahım da var. Qeyri-peşəkar aktyorun oyunu bir filmdə alına bilər, rejissor onu alındıra
bilər. Əgər həmin
qeyri-peşəkar insan,
başqa filmlərdə
işləmək fikrinə
düşərsə mütləq
məktəb görməlidir.
Bilirsiz, ən böyük arzum nədir? Pianoda ifa eləmək. Xəyallarımda Şubertin, Hendelin
əsərlərini bilirsiz
necə gözəl ifa edirəm? Amma reallıqda bacarmıram bunu! Aktyorluq zahirən asan göründüyü
kimi, daxilən çox qəliz sənətdir! Rejissorun "Axınla aşağı"
filmində baş qəhrəman üçün
təqdim etdiyi yük çox ağırdır, obrazın
paradiqması ağırdır,
dərin qatlar var orda, onu
həll etməyi, daşımağı bacarmaq,
kadrbakadr o prosesin necə inkişaf elədiyini sezdirmək lazımdır. Və bunu
peşəkar aktyor qurur. Nə deyirsiz-deyin, qeyri-peşəkara
baxmaq mənə maraqlı deyil!
- Siz intellektual aktrisasız. Yəni belə imiciniz var. Ümumiyyətlə, sizin
belə kompleksləriniz
olurmu ki, məsələn, əyalətçi
qadını oynamaq istəmirsiz? Hərçənd, Nicat Feyzulayevin "Küçələrə su
səpmişəm" filmində
əyalətçi qadın
obrazını yaxşı
oynamısız.
- Mənim üçün önəmlisi
obrazın bioqrafiyasının
olmasıdır. Şəhər və əyalət qadını oynamaq vacib deyil, vacib
olan odur ki, həmin insanın bioqrafiyası olsun. Bir tarixçəsinin olması mühümdür.
Əks təqdirdə aktyor nə ilə əlləşsin.
- "İbrus" teatrı bağlanandan sonra başqa teatrlardan əməkdaşlıq
təklifi alırsızmı?
Filmlərə çəkilməyəndə aktrisa kimi formada
qalmaq üçün
nə edirsiz?
- Qəliz məsələdir. Aktrisa teatrda
işləməlidir özünü
formada saxlamaq üçün. Digər tərəfdən
isə sənin var olduğun ortam istər-istəməz
səni formalaşdırır.
Mənim
dublyajla məşğul
olmağım istər-istəməz
danışıq tərzimi
formalaşdırır. Çəkiliş vaxtı öz
səsimi kənardan eşitmək texnikası yaranır. Təbii ki, özümü
də kənardan eşidincə, sən onu idarə edirsən. Teatrda işləmək lazımdır. Digər tərəfdən
mənim fikrimcə teatr, xüsusən böyük teatr aktyoru başqa istiqamətdə formalaşdırır.
Kamera, xüsusilə indiki kino tendensiyasının oyun tərzi tamamilə başqa şey tələb edir, mümkün qədər yox olmaq. Yəni indiki kinoda oyun tərzi, guya ki, oynamıram,
amma peşəkar gözü görür, hansı texniki vasitələrdən istifadə
edir oynayan kəs. Əlbəttə ki, teatrda oynamaq istəyirəm.
Çünki onun verdiyi emosional güc kinoda baş vermir. Kinoda sən rejissorun
alətisən. Faktura olaraq
rejissorun əlində
vasitəsən. Filmlərin çox
olmasını ona görə istəyirəm
ki, peşəkarlaşırsan.
- Dünya kinosunda qadın dramları, onu təqdiq edən filmlər var. Sizcə, niyə bizdə belə materialı ola
biləcək film yoxdur?
- Yəqin, qadın fenomeni rejissor və ssenarı müəlliflərimizə
maraqlı deyil. Hərçənd, Elçin Musaoğlunun
"Nabat" filminin qəhrəmanı qadın
idi, çox güclü obraz idi.
- Sizcə, bu, mentallığımızla bağlı
ola bilər?
- Yox. Elə dünya kinosunda da qadını tədqiq edən tək-tük rejissor var.
- Bəlkə bizim rejissorlar qadını hiss
edə bilmirlər?
- Bəlkə də... Ümumiyyətlə, mənə daha
çox qadın və dünya, qadın qarşıdurmada,
konfliktdə maraqlıdır.
Sonra Trierin "Melonxoliya"sını görəndə,
dedim bunu da elədilər.
- "Yuğ" teatrının sərhədləri,
qəlibləri var. Siz
sonra "İbrus"da
işlədiz, filmlərə
çəkildiniz. "Yuğ"un qəliblərindın çıxmaq
çətin oldu?
- Çox çətin. Hər hansı mühitdə
olanda sənin avtomatik olaraq vərdişlərinə, davranış
mədəniyyətinə sirayət
edir. Təbii ki, "Yuğ"
teatrında bədii ifadə vasitələri tamamilə fərqlidir.
"Yuğ"teatrında daha çox plastika, emosional təsiri hər hansı bir jestlə, qeybdən gələn səs çaları ilə ifadə etməli olurdumsa, "İbrus"da
yeni istiqamətdə işlədim, fikri sözlə ifadə etməyi bacarmağı, sözün diqtə elədiyi yükü, energetikanı öyrənməyə
başladım. Rastlaşdığım rejissorlarla maraqlıdır
işləmək. Onların verdikləri
dil ifadə vasitələri, bədii təzahürlər fərqlidir
və mən də hər dəfə yeni şeyləri öyrənirəm.
Hər bir rejissorla işləmək böyük
məktəbdir.
- Bəzən aktyorlarımız şikayətlənirlər
ki, rejissorlar aktyorla işləyə, nə istədiyini anlada bilmir.
- Mən
Azərbaycanda aktyorla işləyə biləcək
yalnız bir rejissor tanıyırdım.
Allah ona qəni-qəni
rəhmət eləsin,
mənim ustadım Vaqif İbrahimoğlu.
O akyoru yalnız
material və bilgi ilə yükləmirdi. Hər bir insanın içi, bilgiləri, şüuraltısı, bədənin
yaddaşı var və o, bunu açıqlayırdı, öyrədirdi,
izah edirdi.
- "Yuğ"dan təklif olsa, oynamağa razılaşarsız?
- Yox. Vaqif müəllimdən sonra
maraqlı deyil.
Ekspress.-2014.-27-29 dekabr.-S.21.