Ən yaxın tarix

 

                                                                                                                              İlk və yeganə qadın spiker

 

Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Ən yaxın tariximiz" başlığı altındakı yeni araşdırmasında arxiv sənədləri əsasında müasirlərimiz olan dövlət və ictimai xadimlərimiz barədə indiyədək bilmədiyimiz məlumatları, faktları işıq üzünə çıxarır.

   İlk araşdırma anadan olmasının 80 illiyi münasibətilə Azərbaycan parlamentarizmi tarixində qanunverici orqana başçılıq edən ilk və hələlik son sədr Elmira Qafarovaya həsr edilib.

   Elmira Qafarovanın 1990-cı il avqustun 29-da imzaladığı qərarlar respublika qəzetlərinin 1 sentyabr tarixli sayında dərc olunmuşdu. Bakıdakı naxçıvanlı deputatlar Elmira xanıma zəng vuraraq minnətdarlıq da etmişdilər.

   Sentyabr ayının 2-də Ali Sovetin sədri kabinetində qəzetləri nəzərdən keçirir, xalq deputatlığına namizədlərin adları ilə tanış olurdu. Əməkdar elm xadimi, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, respublika Könüllü "Qayğı" Cəmiyyətinin və Ağsaqqallar Şurasının sədri İmam Mustafayev Qax rayonundan, RSFSR Səhiyyə Nazirliyinin elmi-tədqiqat mərkəzinin səhiyyənin təşkili və idarəsi şöbəsinin rəhbəri Lalə Şövkət qızı Hacıyeva Bakının Nizami rayonu seçki dairəsindən, DİN-in baş əməliyyat müvəkkili İsgəndər Həmidov Kəlbəcər rayonunun 230-cu seçki dairəsindən namizəd göstərilmişdilər...

   Elmira xanımın köməkçisi daxili telefonla zəng çaldı, Mərkəzi Komitədən onun yanına gəlmək istəyən məsul işçilərin adlarını söylədi və onlarla birlikdə müxbirinolduğunu bildirdi.

   Qonaqların Elmira xanımla söhbətinin məğzi Sov.İKP MK Siyasi Bürosunun keçmiş üzvü Heydər Əliyevlə bağlı idi. Onu "darmadağın" etmək üçün "faktik" material hazırlanırdı. Bu materialı çapa vermək üçün isə Ali Sovetin 1976-cı ildə keçirilmiş bir sessiyasının materialları lazım idi. Söhbət həmin sessiyada keçmiş prokuror Qambay Məmmədovun çıxışından gedirdi. Stenoqrafik hesabatdan bir parça ilə tanış olun:

   "Q.MƏMMƏDOV: - Deputatlara bildirmək istəyirəm ki, respublika prokuroru kimi, 1971-ci ildən başlayaraq rəhbər orqanlara, yəni Azərbaycan KP MK-yə, Respublika Ali Sovetinin Rəyasət Heyətinə və Nazirlər Sovetinə, şəxsən Heydər Əliyev yoldaşa respublikada istər kənd təsərrüfatı sahəsində, istərsə də sənayedə dövlət əleyhinə irimiqyaslı əməllər barəsində müntəzəm olaraq yazılı məlumat vermişəm. Lakin bu məlumatlar əsasında heç bir tədbir görülməmişdir. Respublikada işlərin vəziyyətinə yaxşı bələd olduğuma görə bildirirəm ki, hər yerdə təriflənən nailiyyətlərin doğruluğuna şübhə edirəm. Əminəm ki, Azərbaycanda bütün mükafatlar respublikada işlərin əsl vəziyyəti qabaqcadan yoxlanılmadan verilib.

   Q.XƏLİLOV (Ali Sovetin Rəyasət Heyətinin sədri): - Mən belə hesab edirəm ki, Məmmədov fitnəkarlığa əl atır. Sessiyamızın işinə mane olmağa cəhd göstərir. Mərkəzi Statistika İdarəsinin məlumatına şübhə etmək fitnəkarlıqdan başqa bir şey deyil. Heç bir fitnəkarlıq bizim işimizə mane ola bilməz.

   Ş.ƏLİYEVA (Yevlax rayonundakı "Kommunist" kolxozunun pambıqçısı): - Hətta 3 yaşlı uşaq da radiodan eşidir ki, Azərbaycan nə qədər pambıq yığır. Necə yəni rəqəmlər şişirdilir? Rəqəmlər heç vaxt şişirdilməyib. Biz Heydər Əliyeviç Əliyev yoldaşın xəttinə tamamilə tərəfdarıq.

   S.ABBASƏLİYEV (Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin sədri): - Bizdə rəqəmlərin şişirdilməsinə qətiyyən yol verilmir. Rəqəmlərin dəqiqliyi məsələsində birinci dayağımız Heydər Əliyeviç Əliyev yoldaşdır. (Gurultulu alqışlar)

   İ.QURBANOV (Neftçala rayon Partiya Komitəsinin katibi): - Respublikamızın indiki qələbəsinə Leonid İliç Brejnev yoldaşın özünün qiymət verdiyi bir vaxt Məmmədovun çıxışı bizi qəzəbləndirir. Mən belə hesab edirəm ki, bugünkü iclasın qərarı ilə Məmmədov deputatlar sırasından geri çağırılmalıdır.

   S.MƏMMƏDOV (Mirbəşir rayon Partiya Komitəsinin katibi): - Bizim respublikamızda hələ heç zaman Heydər Əliyev kimi rəhbər olmayıb. Respublikamız əla müvəffəqiyyətlər qazanıb. Təklif edirəm ki, Məmmədov kimi adamlar gələcəkdə heç vaxt bu cür məclislərdə iştirak etməyə buraxılmasın.

   R.SƏFƏRƏLİYEV (Bərdə rayon Partiya Komitəsinin katibi): - Azərbaycan partiya təşkilatının müvəffəqiyyətləri yalnız vətənimizin sədaqətli oğlu Heydər Əliyev yoldaşın rəhbərliyi sayəsində mümkün olub. (Gurultulu alqışlar) Belə bir zamanda böhtançı Məmmədov partiyamızın liderinin işimizə bu cür yüksək qiymət verdiyini görmək istəmir. Böhtançı qovulmalıdır! (Gurultulu alqışlar)...

   Oxuculara xatırladıram ki, 1990-cı ildə hələ Sov.İKP mövcud idi. Azərbaycanda Ayaz Mütəllibov Azərbaycan SSR prezidenti olmaqla həm Azərbaycan KP MK-nın birinci katibi, Sov.İKP Siyasi Bürosunun üzvü idi.

   Bununla belə, Mixail Qorbaçov baş katiblikdən daha çox SSRİ prezidenti olduğu kimi, Ayaz Mütəllibov da birinci katiblikdən daha çox Azərbaycan SSR prezidenti kimi tanınırdı. QorbaçovStalin, nə də Brejnev olmadığı kimi, Mütəllibov da nə qırxıncı illərin Bağırovu, nə də yetmişinci illərin Əliyevi səviyyəsində Siyasi Büro üzvüydü. Əgər Naxçıvanın Kərki kəndi qırxıncı və ya yetmişinci illərdə ermənilər tərəfindən işğal olunsaydı, quldurlar cəzasız qalardımı?

   Doxsanıncı illərin Azərbaycan Ali Soveti də keçmişdəki dövrün təkrarı deyildi. Elmira Qafarova Ali Sovetin sessiyalarının gündəliyini yuxarılarda deyil, parlamentin özündə, deputatların təklifləri əsasında tərtib edirdi, müstəqil səlahiyyət sahibi idi. Elə həmin səhər, sentyabrın 2-də Mərkəzi Komitə işçilərini və qəzet müxbirini qəbul etdiyi anlarda onun masasının üstündə imzalayacağı fərmanın layihəsi vardı - 7 və 8 noyabr bundan sonra adi günləri sayılsın! Müstəqilliyə doğru gedən Azərbaycanın ən böyük bayramı 28 May İstiqlal günüdür!..

   Müxbir Elmira xanıma müraciət etdi:

   - İcazə verin, bu stenoqramı qəzetimizdə olduğu kimi dərc edək. Oxuculara askar olsun ki...

   - Yox, icazə vermirəm! - deyə Elmira xanım qətiyyətlə cavab verdi.

   MK işçiləri söhbətə qarışdılar:

   - Elmira Mikayılovna, qoy yazsınlar da, necə deyərlər, açaq sandığı, tökək pambığı.

   -Sandığı indi açmağın vaxtı deyil!

   - Axı niyə?

   Parlament sədri dinmədi. Elmira Qafarova o gərgin günlərdə milli həmrəyliyə zidd, münaqişə yaradacaq yalnız düşmənlərimizi sevindirəcək işləri yaxın buraxmaq istəmirdi.

   Qonaqları yola salarkən Elmira xanım adətincə təbəssümlə dedi:

   - Xahiş edirəm, Heydər Əliyevi qəzəbləndirməyəsiniz.

   Təkcə cavan müxbir cavab verdi:

   - Bağışlayın, Elmira xanım, qorxursunuz? Mən qorxmuram!

   İki həftədən sonra Elmira Qafarovanın ümidləri boşa çıxdı. MK işçiləri ilə qəzet müxbirinin istəyi həyata keçmişdi: "Kommunist" qəzetinin 1990-cı il 14 sentyabr tarixli sayında Qambay Məmmədov məsələsi şərh olunmuşdu...

   1991-ci il dekabrın 25-də Elmira Qafarovanın sədrliyi ilə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının iclasında Azərbaycan əlifbasının latın qrafikasını bərpa etmək məsələsi müzakirə olunmuşdur. Milli Şuranın təhsil, elm, mədəniyyət din məsələləri komissiyasının sədri Firudin Cəlilov, xalq deputatları Tofiq Qasımov, Hacıbaba Əzimov, Sabir Rüstəmxanlı, Mürşüd Məmmədov, Şadman Hüseynov, İnqilab Nadirov, Vahid Əhmədov, Kamran Rəhimov, İsmayıl Şıxlı, Tofiq Köçərli, Respublika Ali Soveti Rəyasət Heyəti yanında yeni Azərbaycan əlifbasını hazırlayan komissiyasının sədri Fazil Muradəliyev başqaları müzakirələrdə çıxış etmişdilər.

   Elmira Qafarova məsələnin müzakirəsini yekunlaşdıraraq bildirmişdi ki, Azərbaycan əhalisinin əksəriyyəti latın qrafikasının bərpa edilməsinə tərəfdardır: "Başlıca məsələ, keçid dövrü ilə bağlıdır. Biz neçə il müddətində bu işi başa çatdırmalıyıq? Mən deputatlarımızın bu fikri ilə tamamilə razıyam - 1993-cü ilin axırınadək iki illik keçid dövrü elan edilsin".

   Beləliklə, 1991-ci il dekabrın 25-də "Azərbaycan əlifbasının latın qrafikasının bərpa olunması mərhələləri haqqında" qərar qüvvəyə mindi, 1939-cu il iyulun 2-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında kiril əlifbasına keçmək barədə fərman ləğv olundu.

   HAŞİYƏ. Elmira Qafarovanın Azərbaycan SSR Ali Sovetinin sədri vəzifəsində işlədiyi vaxtlarda özünə heyran etdiyi məşhur adamlardan biri Türkiyə Respublikasının prezidenti Turqut Özalın ömür-gün yoldaşı Səmra Özal idi. Elmira xanım ilk dəfə Azərbaycana qonaq gəlmiş Səmra xanımı elə bir səmimiyyətlə qarşılamış xoş münasibət göstərmişdi ki, sonralar bu, məşhur "bir millət, iki dövlət" ifadəsinin canlı təcəssümünə çevrilmişdi.

   Semra Özal sonradan Elmira xanıma minnətdarlığını bildirmişdi: "Ankara, 21 İyul 1990. Möhtərəm Elmira M.Qafarova, Azərbaycan SSR Ali Sovetin sədri.

   Möhtərəm Sədr,

   Qardaş Azərbaycana səfərim zamanında mənə heyət üzvlərinə göstərdiyiniz yaxın münasibət qonaqsevərliyinizə görə səmimi qəlbdən təşəkkür edirəm. Bu səfərim zamanı təşkil edilmiş görüşlərin iki ölkə millətlərinə xeyirli nəticələr gətirməsini diləyir, bu səbəb ilə Sizə sevgi salamlarımı bildirirəm".

   Xalq şairi, millət vəkili Bəxtiyar Vahabzadə Elmira Qafarova haqqında demişdir: "Mənim Elmira Qafarovaya çox böyük hörmətim var. Adamı səfərdə yaxşı tanıyarlar. Mən bir neçə dəfə Elmira xanımla xarici səfərlərdə olmuşam hər dəfə onun mədəniyyətinə, xeyirxahlığına ən ümdəsi, nəzakətinə heyran qalmışam".

 

  əvvəli, ardı var

 

Teyyub QURBAN

Ekspress.-2014.- 1-3 fevral.- S.15.