Rəsulzadə anıldı
"Heç
bir zaman özü üçün yaşamayan Məhəmməd
Əmin Rəsulzadə Azərbaycanın azadlığı
üçün hər şeyini fəda etdi"
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucusu, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 130 il ötür. Dünən istər ölkə daxilində, istər xarici ölkələrdə M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə bağlı çoxsaylı tədbirlər keçirilib.
Belə tədbirlərdən biri rəsmi şəxslərin iştirakı ilə Bakıdakı "İstiqlal" abidəsi önündə baş turub. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə, Mətbuat Şuranın sədri Əflatun Amaşov və dövlət qurumlarının nümayəndələri iştirak edib.
Nazir Əbülfəs Qarayev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi, AMEA, Təhsil Nazirliyi və digər dövlət qurumları ilə birgə M.Ə.Rəsulzadənin 130 illiyinin qeyd olunması ilə bağlı geniş tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq il boyu M.Ə.Rəsulzadənin 130 illiyi ilə bağlı Azərbaycanda, eləcə də bir sıra xarici ölkələrdə müxtəlif tədbirlər, konfranslar, görüşlər, dəyirmi masalar təşkil olunacaq, kitablar və jurnallar nəşr olunacaq: "Rəsulzadə AXC-nin qurucularından biri olmaqla Azərbaycanın istiqlal və müstəqillik ideyasını inkişaf etdirən və onu geniş kütlələr arasında təbliğ edən şəxsiyyətlərdən biridir. Bu gün tariximizə nəzər salarkən fəxrlə qeyd edə bilərik ki, Şərqdə ilk demokratik və parlamentli dövlət, eləcə də opera, teatr Azərbaycanda yaradılıb. Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara səsvermə hüququ verilib. AXC-nin ömrü qısa olsa da, çox böyük nailiyyətlər əldə edə bildi. Parisdə keçirilən beynəlxalq konfransda AXC-nin əksər dövlətlər tərəfindən tanınması isə xüsusi qeyd olunmalıdır",-deyən Qarayev əlavə edib ki, Rəsulzadə uzun illər Avropanın bir neçə ölkəsində sürgünlük həyatı yaşasa da, Azərbaycanla əlaqələrini kəsmədi, Vətəninin müstəqilliyi uğrunda fəaliyyətini davam etdirib.
AMEA prezidenti Akif Əlizadə bildirib ki, AXC dövrü Azərbaycanın tarixində çox mühüm bir mərhələni təşkil edir: "AXC-nin qurucularından olan M.Ə.Rəsulzadənin Azərbaycanda milli dövlətçilik şüurunun formalaşmasında və yaşadılmasında böyük xidmətləri olub".
AMEA prezidenti Rəsulzadənin
böyük elmi irsinin olduğunu bildirib (APA). Onun sözlərinə
görə, azərbaycanlı alimlər, elm adamları bu irsin
toplanması, tədqiqi və təbliği sahəsində
geniş elmi iş aparırlar: "Aparılan bu elmi tədqiqat
işləri AXC-nin qurucularının ideyalarının
öyrənilməsinə, o cümlədən Rəsulzadənin
və onun irsinin Azərbaycan cəmiyyətinə, yeni nəslə
daha yaxşı çatdırılmasına xidmət edir".
Böyük öndərin
doğum gününü ictimaiyyət nümayəndələri,
siyasi partiyalar da qeyd ediblər. Bir neçə
siyasi partiya və təşkilatlar ayrı-ayrılıqda Rəsulzadənin
yuileyini onun Novxanıda yerləşən abidəsi
önündə qeyd ediblər. Professor Cəmil
Həsənlinin sədri olduğu Demokratik Qüvvələrin
Milli Şurasının üzvləri Rəsulzadənin
Novxanı kəndindəki abidəsini ziyarət edib. Abidə
önündəki mitinqdə çıxış edən
Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri
Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu
cümhuriyyət qurucusunun həyatı, siyasi mübarizəsi
haqqında fikirlərini bildiriblər.
Milli Şura üzvləri
Rəsulzadənin Novxanı kəndindəki qəbiristanlıqda
dəfn olunan ailə üzvlərinin məzarlarını da
ziyarət ediblər.
Müsavat
Partiyası da Rəsulzadənin Novxanı kəndindəki abidəsi
önündə mitinq keçirib. Partiya rəhbərliyi
və fəalları abidənin önünə əklil qoyub,
Rəsulzadənin ruhunu yad ediblər. Müsavat
Partiyasının başqanı İsa Qəmbər, Türkiyədəki
Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil
Ünal, Müsavat Partiyası Mərkəzi İcra
Aparatının rəhbəri Arif Hacılı
çıxışlarında Rəsulzadənin Azərbaycan
müstəqillik tarixindəki rolundan danışıb, onu Azərbaycanının
qurucusu, ziyalı, ictimai xadim kimi xarakterizə ediblər.
M.Ə.Rəsulzadənin
silahdaşı Cəmil Ünal çıxışı
zamanı bildirib ki, böyük dövlət adamı
bütün həyatını Azərbaycanın istiqlaliyyətinə
həsr edib: "Heç bir zaman özü üçün
yaşamayıb. Azərbaycanın
azadlığı üçün hər şeyini fəda
edib. 59 ildir ki, yanımızda deyil. Amma onun mizə miras qoyub getdiyi əmanəti şərəflə
bu günə kimi qoruyub gətirdik. Biz
inanırıq ki, Azərbaycanın gələcəyi Məhəmməd
Əmin Rəsulzadə yoluna dönməklə mümkün
olacaq".
C.Ünal mitinq
iştirakçılarına səslənərək "Sizlər
Rəsulzadə əsgərlərisiniz. Siz
var olduğunuz müddətdə Azərbaycanın istiqlaliyyəti
daim olacaq" deyib.
BAXCP üzvləri də
Rəsulzadənin abidəsini ziyarət ediblər.
Mətbuat
Şurasında isə M.Ə.Rəsulzadəyə həsr
olunmuş "Bir kərə yüksələn bayraq" sənədli
filminin təqdimatı keçirilib. Yarım
saatlıq ekran əsərində M.Ə.Rəsulzadə irsinin
görkəmli tədqiqatçısı, Bakı Dövlət
Universitetinin jurnalistika fakultəsinin professoru Şirməmməd
Hüseynovun elmi araşdırmalarına istinad olunub.
Şərqin ilk
cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə anadan
olmasının 130-cu ildönümü münasibətilə
Ankara Cəbəci Asri məzarlığında, qəbri
başında yad edilib. Azərbaycan Kültür Dərnəyi
və Azərbaycanın Ankaradakı səfirliyinin bigə təşkil
etdiyi mərasimdə çıxış edən Azərbaycan
mədəniyyət və turizm nazirinin müavini Vaqif
Əliyev deyib ki, 59 ildən bəri ürəklərdə
yaşayan Məhəmməd Əmin Rəsulzadə əbədiyyətə
qədər Azərbaycan və Türkiyə türklərinin
qəlbində yaşayacaq. V.Əliyev M.Ə.Rəsulzadənin
xatirəsini həmişə əziz tutduğuna görə
Türkiyə dövlətinə minnətdarlığını
bildirib.
Azərbaycan Kültür Dərnəyinin
baş katibi Tuncər Kırhan isə bildirib ki, Məhəmməd
Əmin Rəsulzadə 6 mart 1955-ci ildə həyata gözlərini
yumanda onun qaldırdığı bayrağı və
yandırdığı məşəli alan Mirzəbala Məmmədzadə,
Həmid Ataman, Əbdülvahab Yurdsevər, Mehmet Azər Aran,
Mehmet Kəngərli, Əhməd Qaraca Azərbaycanın
müstəqilliyi uğrunda mübarizəyə yorulmadan davam
ediblər: "Bu gün onların da ruhlarının şad
olduğuna əminəm, çünki Rəsulzadənin
silahdaşları onun ideallarına daim sadiq qalaraq Azərbaycanın
istiqlalı uğrunda mübarizədə bütün təzyiqlərə
sinə gəriblər, heç bir güzəştə getməyiblər.
Azərbaycanın müstəqilliyinin əbədiliyi
Rəsulzadənin olduğu kimi, bizim də ən böyük
amalımızdır".
Azərbaycan Kültür Dərnəyi
başqanının müavini Səlçuq Önal isə Məhəmməd
Əmin Rəsulzadə barədə onu görən şəxslərdən
eşitdiyini deyib: "Məhəmməd bəyi onu görən
şəxslərdən dinləmişəm. 70-ci
illərin əvvəlində Azərbaycanın istiqlalı
uğrunda mübarizəyə başlayanda mərhum
Əbdülvahab Yurdsevər Azərbaycan dövlətinin
qurucusu Məhəmməd Əmin Rəsulzadə barədə
bizlərə danışırdı. Onun sözlərindən
öyrənmişdim ki, Rəsulzadə son dərəcə
bilgili və mədəni adam olub. Onun iştirak etdiyi müzakirələrdə həmişə
elmi prinsiplər üstünlük təşkil edib.
Vahab bəy danışırdı ki, Məhəmməd
Əmin bəyi heç kim kostyum-qalstuksuz
görməmişdi. İdealları uğrunda mübarizədə
heç vaxt əyilməyən və Azərbaycanın
azadlığına qovuşacağına inanan bir adam olduğuna görə, biz də onun
idealları uğrunda mübarizəyə axıra qədər
sadiq qaldıq. Rəsulzadə təkcə Azərbaycanın
yox, sovet əsarəti altında olan digər türk
xalqlarının son dərəcə sevdiyi və hörmət
bəslədiyi bir lider olub".
Məhəmməd Əmin Rəsulzadəni
həyatda görmüş bir neçə nəfərdən
biri olan doktor Yəhya Taşdələn isə deyib ki, 8 mart 1955-ci ildə Rəsulzadəni bu məzara
öz əliylə qoyanlardan və daha sonra məzara kürəklə
torpaq atanlardan biri olub: "1952-ci ildə Qarsdan Ankaraya
oxumağa gələndə Azərbaycan Kültür Dərnəyinə
üzv yazıldım. Hər həftənin
şənbə günü dərnəyə gedər, Rəsulzadə
kimi möhtərəm bir adamın söhbətlərini dinləyərdim.
Son dərəcə mədəni adam idi,
bir neçə dəfə çay vermək istəmişdim,
həmişə deyirdi ki, oğlum, zəhmət çəkmə.
59 ildən sonra onu məzarı başında
yad etmək məni inanılmaz dərəcədə xoşbəxt
edir, çox duyğulu anlar yaşayıram".
Yeri gəlmişkən,
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
dünən jurnalistlərlə söhbətində bildirib ki,
yubiley tədbirləri xüsusi plan əsasında
respublikanın müxtəlif bölgələrində qeyd
olunmaqdadır. Onun sözlərinə görə, yubileyə
həsr olunan tədbirlər ilboyu silsilə şəkildə
davam edəcək: "Məhəmməd Əmin Rəsulzadənin
130 illik yubileyi Türkiyədə, Rusiyada və digər
ölkələrdə də yüksək səviyyədə
keçiriləcək. Biz Məhəmməd Əmin Rəsulzadənin
bir neçə əsərini, tədqiqatlarını, onunla
bağlı araşdırmaları nəşrə
hazırlayırıq və bu il ərzində
onlar işıq üzü görəcək. Hesab
edirəm ki, bu, Məhəmməd Əmin Rəsulzadənin
xatirəsinə çox böyük töhfə olacaq".
Qeyd edək ki, M.Ə.Rəsulzadə
1884-cü il yanvarın 31-də
Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə
"Hümmət" təşkilatının yaranmasında
iştirak edib. Çarizmin təqiblərinə
məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən
bir müddət orada "İrane-nou" qəzetinin baş
redaktoru kimi çalışıb, məşrutə
inqilabı yatırıldıqdan sonra Türkiyəyə
mühacirət edib.
O, 1911-ci ildə Müsavat
Partiyasına üzv qəbul edilib və 4 il
sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri
seçilib.
1918-ci ildə Fətəli
Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın
yaradılmasını rəsmi şəkildə elan edib.
1920-ci il aprelin 28-də bolşevik işğalından
sonra həbs edilib. Az sonra Stalinin göstərişi
ilə M. Ə. Rəsulzadə həbsdən azad edilərək
Moskvaya aparıb. Stalinin təkidlərinə
baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan
imtina edərək SSRİ-ni tərk edib.
Rəsulzadə
1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.
1992-ci il
dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz
Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd
Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə
repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana
qaytarılması və onların sosial-məişət məsələlərinin
həlli haqqında" sərəncam imzalayıb.
29 dekabr 1993-cü ildə
Azərbaycan prezidenti Heydər Əliyev "Azərbaycanın
görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin
anadan olmasının 110 illik yubileyinin keçirilməsi
haqqında" sərəncam imzalayıb.
22 noyabr 2013-cü ildə
isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd
Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi
haqqında sərəncam verib. Sərəncama
əsasən, respublikada və respublikadan kənarda silsilə
yubiley tədbirləri keçirilir.
Aqil ASLAN
Ekspress.-2014.- 1-3
fevral.- S.16.