Orxan Pamuk: "Kimin iqtidara gəlməsi məni
maraqlandırmır"
Nobel mükafatlı türk yazarı Orxan Pamuk ABŞ-ın "New Perspectives Quarterly" dərgisinə müsahibə
verib. "Azadlıq" radiosu müsahibədən bir parçanı inciliscədən
çevirib.
- Türkiyədəki modernləşmiş,
şəhərli, elit
sinfin yerini Anadoludan gələn, müsəlman, orta sinif tutmaqdadır. Hazırda mühafizəkar bir partiya iqtidardadır.
Bu durumun Türkiyənin
modernləşməsi layihəsinə
indiyəcən nə
kimi təsiri olub?
- Türkiyəli
intellektuallar mövcud
durumu İstanbul burjuaziyası ilə Anadoludan gələn yeni burjuaziya arasında savaş kimi yozurlar. Artıq bu bir klişeyə
çevrilib. Bəlkə də
bunda həqiqət payı var, amma mən duruma
sosioloji deyil, etik yöndən baxıram. Mənim üçün köhnə İstanbulun puluyla Anadolunun yeni parası arasında fərq yoxdur. Əslində baş verən
odur ki, daha müstəqil, açıq, daha demokratik və bərabərlik tərəfdarı
olan cəmiyyətlə
köhnə, mühafizəkar
modernist bir cəmiyyət
kəllə-kəlləyə gəlir. Mənim narazılığım Türliyədə siyasi mədəniyyətindəki dözümsüzlükdəndir.
Fərq eləməz, bunu edən köhnə qvardiyadı, yoxsa təzə. Bu təkcə İstanbuldakı
dünyəvilik tərəfdarlarına
xas deyil, həm də əyalətlər üçün
xarakterikdir, həmçinin
islamçılar üçün.
Ən mühüm məsələlərdə onlar
bir-birinə qarşı
dözümsüzlük göstərirlər...
Mənim üçün qərbləşmə gözoxşayan
mallara sahiblənmək
deyil. Qərbləşmə ifadə azadlığı,
demokratiya, hüquq bərabərliyini dəstəkləyən
və insanların hüquqlarına, ləyaqətinə
hörmət qoyan bir cəmiyyət deməkdir. Mənim üçün əyalətdən, Anadoludan
gələnlərin, yoxsa
istanbullu dünyəvilik
tərəfdarlarının hakimiyyətə sahiblənməsinin
elə bir fərqi yoxdur. Mən onların heç birinə yaxın deyiləm. Məni maraqlandıran - fərdə
verilən qiymətdir.
- Düşüncələriniz
Dostoyevski ilə səsləşir. O Dostoyevski ki, öz dövründə Qərbə, sadə ruslara öz ölkələrində yuxarıdan
aşağı baxan qərbləşmə tərəfdarlarına
acıqlanardı. Siz ona
"qərbyönümlü, Qərbin nailiyyətlərindən
ağızadolusu danışan
nəsihətbaz, dayaz
yazarlara qarşı savaş açdığına
görə" heyransınız.
Bundan o nəticə çıxırmı
ki, siz qərbli,
yaxud qeyri-şərqli
yazarsınız?
- 35 il
ərzində mən bu cür bölgüdən
qaçmağa çalışmışam.
Dostoyevski həm qərbli,
həm də qeyri-qərbli yazar idi. O yalnız öz xalqını aşağılayan qərbləşmə
tərəfdarlarını aşağılayırdı. Dostoyevski də
mənim kimi düşünürdü ki,
qərbləşmə, yaxud
indiki qloballaşma qaçılmazdır, amma
bu, keçmişdən
imtina olunmasına, sadə insanların, onların mədəniyyətinin
aşağılanmasına aparıb çıxarmamalıdır.
Qərbləşmə ilə
bağlı yuxarıdangəlmə
(Rusiya və Türkiyədə qərbləşmə
bu cürdür) yanaşmanın qüsuru ondadır ki, o, insanları zövqlü, şık "a lya franga"lara, gerizəkalı və bayağı "alaturka"lara
bölməyin rəmzinə
çevrilir. Yuxarı
təbəqədəkilər yeni üzqırxan maşına ilk sahib olmalarından
elə məmnundurlar ki, sanki bu
onların qərbləşməsini,
başqalarından üstün
olduqlarını sübut
edir! Mən romanlarımda bununla
bağlı o qədər
nümunələr gətirirəm
ki.
Mənim o biri romanlarım, məsələn "Bəyaz
qala" və "Mənim adım qırmızı" kimi
bu roman da ("Məsumiyyət muzeyi"ndən
söhbət gedir -
red.) adına "Şərq-Qərb romanı"
dediyimiz və son 200 ildə Türkiyənin kimlik axtarışlarından
doğan janrda yazılıb. Bütün bu romanlar üçün kimlik məsələsi ilə bağlı gərginlik və ənənə ilə xaricdən və yuxarıdan gələn müasirliyin toqquşması xarakterikdir.
Bu kitabların bəzilərində qəhrəmanlar
vasitəsilə Qərb
sərt tənqid edilir, məsələn, rəqs etmək istəyən, amma sonda fahişəlik yoluna düşən qız vasitəsilə.
Bəzilərində isə qəhrəman
Qərb dəyərlərinə
qucaq açır və axırda müstəqil, özündən
arxayın və bərabərlik tərəfdarı
olur.
- Yəni siz "orta mövqedə" dayanan yazarsınız?
- Mən bunu kompliment kimi qəbul edirəm. Amma mən bu mövqeyi özüm seçməmişəm. Sadəcə, belə alınıb.
Ekspress.-2014.- 1-3 fevral.- S.19.