"Bəzi məqamlarda susa bilmirəm..."
Mehriban Ələkbərzadə:
"Etdiyim bütün
səhvlərimin arxasında
qürur varmış...
"
Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin "milli.az"a müsahibəsi
- Rejissor olmaq uşaqlıq arzunuz olub?
- Əslində, məktəbdə oxuyarkən ibtidai sinif müəllimi olmaq arzusunda idim. Lakin məktəbi bitirdikdən sonra qərarımı dəyişdim və sənədlərimi Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim. Rejissorluq fakültəsinə qəbul olundum. Oranı bitirdikdən sonra öz istəyimlə bir müddət Lənkəran Teatrında işlədim. Daha sonra isə Akademik Milli Dram Teatrında çalışmağa başladım. İndiyə qədər də fəaliyyətimi bu teatrda davam etdirirəm.
- Maraqlıdır, niyə məhz Lənkəranı seçdiniz?
- Müəyyən şəxsi səbəblərə görə.
- Neçə müddət orada fəaliyyət göstərdiniz?
- Çox az. Cəmi üç tamaşa təhvil verdikdən sonra həmin teatrdan uzaqlaşdım.
- Bu peşəni seçərkən vaildeynləriniz razı idilər?
- Atam məni hakim görmək istəyirdi. Amma görə bilmədi (gülür)...
- Niyə məhz teatr rejissorluğunu seçdiniz?
Özünüzü kino sahəsində
sınamısınız?
- Bəli, sınamışam. "Güzgü" adlı bir film çəkmişəm.
Lakin məni özünə kinodan çox, teatr çəkdi.
- Nəyi bacarmırsınız?
- Bəzi məqamlarda susa
bilərəm, amma susa bilmirəm.
- Ailə qurmusunuz?
- Ailə qurmuşam, ancaq ayrılmışam. Alınmadı...
- Övladınız
var?
- Xeyr, övladım da yoxdur.
- Siz bir müddət televiziyada da çalışmısınız... Bəs niyə uzaqlaşdınız?
- Televiziya mənim fikirlərimi, düşüncələrimi çatdırmaq,
aşılamaq üçün
çox gözəl bir vasitə idi. Lakin zaman keçdikcə
gördüm ki, o mühit mənlik deyil. Çox sıxılırdım. Bu və buna
bənzər bir neçə səbəblərə
görə televiziyadan
uzaqlaşmaq qərarına
gəldim.
- "Dünən, bu gün, sabah" adlı veriliş aparırdınız. Sizin
üçün dünəndən
bu günə nə dəyişib?
- Dünən dünəndə qaldı.
Dünənin sabahı bu
gündür. Sabah isə
nə olacaq - hələ bilinmir (gülür)...
- Sizin səhnələşdirdiyiniz "Qatil" tamaşası tamaşaçılar tərəfindən
birmənalı qarşılanmadı.
Sizcə,
həmin tamaşada nə dərəcədə
açıq-saçıqlıq var idi?
- Heç bir açıq-saçıqlıqdan
söhbət gedə bilməz. Mən orada erotika səhnələşdirməmişəm.
Sadəcə olaraq həyatın
özünü və
gerçəkliyi göstərməyə
çalışmışam. Tamaşanı hazırlayarkən mənim ən böyük problemim aktrisa və aktyoru uyğunlaşdırmaq
idi. Onlar bir-birinə toxunmaqdan
çəkinirdilər. İndinin özündə də bir-birinə siz deyə müraciət edirlər. Hər şey bir yana qalsın, tamaşadan sonra zaldakı örtülü
qadınların ayaq üstündə aktyor heyətini alqışladığını
görəndə, çox
sevindim. Artıq başa düşdüm
ki, mən göstərmək istədiyimi
tam bir şəkildə
göstərə bilmişəm.
- Kimin həsrətini çəkirsiniz?
- Anamın. O, dünyadan köçəndən
sonra özümü çox tənha hiss edirəm.
- Sizi maraqlandıran nədir?
- O biri dünya. Həmişə düşünmüşəm
cənnət və cəhənnəm barəsində.
Mənə çox maraqlı
gəlir.
- "Mən hələ də bilmirəm ki..." Bu ifadəni necə
tamamlamaq istərdiniz?
- Mən hələ də bilmirəm ki, eyni şeyi dəfələrlə edib, dəyişik nəticə əldə etmək bu qədər mənasız imiş. Mən hələ də bilmirəm ki, etdiyim bütün səhvlərimin arxasında qürur varmış. Mən hələ də bilmirəm ki, bir-iki mühakimə, yaxud formalaşmış fikri ifadə etmək sunamini durdurmaqdan daha çətindir. Mən hələ də bilmirəm ki, güclü insanların məqsədləri, başqalarının isə yalnız istəkləri olduğu halda, eyni nəticəni gözləmək olmaz. Mən hələ də bilmirəm ki, fəlsəfəyə varmaq, elə ölməyə gedən yolun başlanğıcıdır. Mən hələ də bilmirəm ki, qeyri-mümkünü istəmək insanı naçar qoya bilir. Mən hələ də bilmirəm ki, niyə biz nə vaxtsa olan gülüşümüzü göz yaşlarımızla ödəyirik. Mən hələ də bilmirəm ki, bütün mübarizələrin içində bir əxlaqsızlıq olmalıdır. Mən hələ də bilmirəm ki, insan niyə zəncirə vurulmuş, amma azad olaraq yaradılmışdır. Mən hələ də bilmirəm ki, nə üçün insanın xoş günlərinin dostu çox, amma çarəsiz zamanının dostu heç yoxdur. Mən hələ də bilmirəm ki, iş necə bizdən iki pisliyi uzaqlaşdırır: itkiləri və pisliyi. Mən hələ də bilmirəm ki, nəyin deyil, kimin doğru olduğu əhəmiyyətlidir. Mən hələ də bilmirəm ki, mübarizə edənin uduzmasını fəlakət kimi qəbul edənlər mübarizə etməyənin onsuz da məğlub olmasına rəğmən buna sevinirlər. Mən hələ də bilmirəm ki, bu yaşımda yetimlik varmış. Mən hələ də bilmirəm ki, onun yoxluğunda hər şeydən, hətta aldığım nəfəsdən də utanacam. Mən hələ də bilmirəm ki, ömrümün bu çağında gözlərim anamı axtaracaq. Mən hələ də bilmirəm ki, sağlamlıq bir bədən yox, bir baş məsələsi imiş. Mən hələ də bilmirəm ki, niyə məhz şeir yaza bilmirəm. Hərçənd ki, mən şeirin nəsrdən az sözlə çox şey söyləməyi ilə fərqləndiyinin fərqindəyəm. Mən hələ də bilmirəm ki, niyə o dünya ilə bu dünya arasında ayrılığın ən dəhşətlisini yaşamaq bu qədər çətin imiş. Mən hələ də bilmirəm ki, hansı səbəbdən qış fəsli yaz və yay olmadan da gələ bilər?..
- Hal-hazırda hansı tamaşa üzərində işləyirsiniz?
- Hazırda "Teymur" tamaşasının üzərində məşqlər aparırıq. İnşallah, tezliklə tamaşaçıların ixtiyarına veriləcək.
Ekspress.-2014.- 1-3 fevral.- S.20.