Əhməd bəy
Ağdamski: Qadın rollarının məşhur kişi
ifaçısı
Professor Telman Ağdamski: "Atam dahi
Üzeyir bəyin doğma xalası oğludur"
"Habil Əliyevi musiqiyə atam həvəsləndirib"
İndi müxtəlif sənət sahələrində uğurla çalışan istedadlı adamların bir çoxu bir vaxtlar aləmə səs salan korifeylərimizin övladlarıdır. "Atalar və oğullar" rubrikasında onların valideynləri barədəki fikirlərinə, indiyədək bilmədiyimiz fakt və məqamlara işıq salmağa çalışırıq.
Rubrikamızın budəfəki qonağı Azərbaycan opera sənətinin görkəmli nümayəndəsi - "Leyli və Məcnun" operasında Əbdürrəhim bəy Fərəcovdan sonra uzun illər Leyli obrazını yaradan Əhməd bəy Ağdamskinin oğlu, kimya elmləri doktoru, professor Telman Ağdamskidir.
- Atam Əhməd Ağdamskinin əsl
soyadı Bədəlbəyli olub. 1894-cü ildə Ağdamda anadan olub. Ümumiyyətlə,
Bədəlbəylilər Qarabağda çox məşhur nəsil
sayılıblar. Atamın babası Kərbəlayi
Ələkbər Əliverdizadə Xan qızı Natəvanın
yanında işləyib və dövrünün
tanınmış ziyalılarından olub. Onun qızları Əzizə xanımın və
Şirin xanımın övladlarının sonradan Azərbaycan
xalqının maariflənməsində böyük xidmətləri
olub. Şirin xanımın övladları
Üzeyir bəyin, Ceyhun bəyin və onların digər
qardaşlarının gördüyü işlər
hamımıza bəllidir. Əzizə
xanımın övladları isə Bədəl bəy, Mahmud
bəy və Əhməd bəy Ağdamski olub. Yəni mənim atam dahi Üzeyir bəyin doğma
xalası oğludur. Bədəl bəyin
maarif sahəsində böyük xidmətləri olub. Həmin dövrdə gənclərin böyük həvəslə
oxuduqları yer Gürcüstandakı Qori Müəllimlər
Seminariyası idi. Bədəl bəy də
həmin məktəbdə təhsil alıb və 1895-ci ildə
oranı bitirdikdən sonra Ağdama qayıdıb. Ağdama qayıdandan sonra əvvəlcə elə
oradaca məktəb açıb. Bir
müddət burda işləyəndən sonra isə Bakı
şəhərinə köçən Bədəl bəy
burada da yeni məktəb açıb və ömrünün
sonunadək həmin məktəbin direktoru olub. Həmin məktəbdə Hüseyn Cavid və
Süleyman Sani Axundov kimi dühalar dərs deyiblər. Azərbaycanın tanınmış simalarından Cəfər
Cabbarlı, Əfrasiyab Bədəlbəyli kimi böyük
şəxsiyyətlər bu məktəbdə təhsil
alıblar.
Əhməd bəy
atasını çox erkən itirib. Bədəl
bəy Bakıya köçüb məktəb açandan
sonra atamı da yanına gətirib. İbtidai təhsilini
qardaşının məktəbində alan
atam təhsilini Bakı Realni Gimnaziyasında davam etdirib və
buranı da bitirəndən sonra bir müddət Mərdəkanda
müəllim kimi fəaliyyət göstərib.
- Telman müəllim, istərdik
ki, Əhməd bəy Ağdamskinin operaya necə gəlməsi
barədə danışasınız...
- Yəqin bilirsiniz ki, "Leyli və
Məcnun" operasının ilk tamaşasında
"Leyli" rolunu Əbdürrəhim bəy Fərəcov
oynayıb. Lakin sonradan Əbdürrəhim bəy
müəyyən səbəblərə görə Leyli
rolunda oynamaqdan imtina edib. Üzeyir bəy
atamın gözəl səsi olduğunu bilirdi. Ona görə də atama Leyli rolunu oynamağı təklif
edib. Atam da böyük məmnuniyyətlə
bu təklifi qəbul edir və operanın ikinci
tamaşasında Leyli rolunda səhnəyə
çıxıb. Üzeyir bəy də
atamın bu işin öhdəsindən müvəffəqiyyətlə
gəldiyini görəndən sonra təkid edir ki, atam bundan
sonra qadın obrazları yaratsın. "Leyli və Məcnun"
operasından sonra atam "Əsli və Kərəm"də
Əsli, "Ər və arvad" operettasında Minnət
xanım, "O olmasın, bu olsun"da Gülnaz xanım,
"Arşın mal alan"da Gülçöhrə,
"Aşıq Qərib"də Şahsənəm rolunu
oynayır. Bunlardan başqa, atam Üzeyir bəyin
bir neçə operasında da çıxış edib.
- Əhməd bəy kişi rolları da oynayıbmı?
- O dövrdə sənətkarlara
böyük hörmət göstərirdilər və
vaxtaşırı onların benefisləri, ad günləri
keçirilirmiş. Atam da öz ad günlərində iki dəfə
- 1916 və 1919-cu illərdə səhnəyə kişi rolunda çıxıb: birinci dəfə
"Arşın mal alan"dakı Əsgər bəy, ikinci
dəfə isə "Əsli və Kərəm"
operasında Kərəm rolunda.
- Atanızın səhnədən
tez getməsinə səbəb nə olub?
- Atamın Bakı
Şəhər Sovetində Yermakov familiyalı
tanışı işləyirmiş. Onun
da iki qızı varmış. Atam onların evinə
gedib-gələn adam olduğu
üçün bilir ki, onun qızlarının səsi var.
Sonra onun böyük qızı Mariyanı Üzeyir bəyin
yanına gətirir. Və Mariyanı "Arşın mal alan" operettasında Gülçöhrə
roluna hazırlayırlar. Həmçinin atam
Mariyaya Azərbaycan dilini də öyrədib. Artıq 1920-1921-ci illərdə Mariya səhnəyə
qoyulan bir çox opera və operettalarda oynayır. Mariya Yermakova sonradan adını dəyişdirib olur
Məfkurə xanım Yermakova. Sonralar Məfkurə
xanım Azərbaycanın xalq artisti adına
da layiq görülüb. Məfkurə xanım
həmişə öz xatirələrində deyirdi ki, məni
sənətə Əhməd bəy Ağdamski gətirib.
Məfkurə xanımın səhnəyə
çıxmasından az sonra atam bir daha səhnəyə
çıxmır, çünki artıq operalarda qadın
obrazlarını yaradan aktrisa tapılmışdı və
atamın qadın obrazlarını yaratmasına ehtiyac
qalmırdı.
Daha sonra atam
Ağdama qayıdıb. Onun hansı səbəblərdən
Bakıdan uzaqlaşması barədə dəqiq məlumatım
olmasa da, onu bilirəm ki, Azərbaycanda bolşeviklər
hakimiyyətə gələndən sonra atamı
sıxışdırmağa başlayırlar. Ağdama qayıdandan sonra əvvəlcə atam orada
dram teatrı yaradıb. Sonra isə taleyini
Ağdaşla bağlayıb. Ağdaş
rayonunda atam Üzeyir bəyin köməkliyi ilə musiqi məktəbi
açıb və ömrünün axırınadək bu məktəbə
rəhbərlik edib.
- Eşitdiyimə görə,
dünya şöhrətli kamança ifaçısı,
böyük sənətkarımız Habil Əliyevi sənətə
atanız gətirib...
- Ağdaşa köçəndə
ailəmiz əvvəlcə Habil Əliyevin atası Mustafa
kişinin evində məskunlaşıb. Habil
Əliyevi də, mənim eşitdiyimə görə, atam
musiqiyə həvəsləndirib. Atam onu əvvəlcə
tar sinfinə qoyub, lakin Habil müəllim uşaqlıqda zəif
olduğu üçün tarı saxlamağa gücü
çatmırmış, ona görə də sonradan atam onu
kamança sinfinə keçirib. Bizim evə Azərbaycanın
böyük sənətkarları tez-tez qonaq gəlirdilər.
Misal üçün, mən korifey sənətkarlarımızdan
Seyid Şuşinskinin, Yavər xanım Kələntərlinin,
Əfrasiyab Bədəlbəylinin adlarını çəkə
bilərəm. Həmin mühit Habil
Əliyevin sənətkar kimi yetişməsində
böyük rol oynayıb.
- Əhməd bəyin
Azərbaycan musiqisinin inkişafındakı xidmətləri
bizə məlumdur. Atanız bir valideyn, ailə
başçısı kimi necə idi?
- Atam bir valideyn kimi həssas,
qayğıkeş ailə başçısı olub. Uşaq yaşlarımızda musiqi təhsili
almağımıza qarşı çıxmadı. Lakin böyüyəndən sonra bizim müxtəlif
ixtisaslar üzrə təhsil almağımızı istədi.
Atam həkimlik sənətinə böyük
hörmət göstərirdi. Dayısı
Bahadur bəy də Xarkovda tibb təhsil alıb və
Ağdamda tanınmış həkim idi. Ona
görə də böyük bacım Cəmilənin həkim
olmasını istədi. Bacım uzun
müddət Ağdaş xəstəxanasında həkim
işlədi, bu yaxınlarda dünyasını dəyişdi
və öz vəsiyyətinə görə atasının
yanında dəfn olundu. Kiçik bacım
Kamilə isə Azərbaycanın ilk maarifçilərindən
olan böyük əmim Bədəl bəy kimi müəllimlik
sənətini seçdi. O, Bakı Dövlət
Universitetinin şərqşünaslıq fakültəsini
bitirəndən sonra ömrünün sonuna qədər
Sumqayıtda qabaqcıl ədəbiyyat müəllimi kimi fəaliyyət
göstərdi. Böyük qardaşım Məmməd
atamın o biri dayısı Ağalar bəy Əliverdibəyov
kimi mühəndis oldu. Uzun illər
Balaxanı Neft və Qazçıxarma İdarəsində
baş geoloq vəzifəsində çalışdı.
Respublikanın əməkdar geoloqudur, hazırda
təqaüddədir. Evin ən kiçiyi
mən olmuşam. Mən də
kimyaçı oldum. Atam xeyirxah əməlləri,
işləri, xoş rəftarı, sadəliyi, mədəni
davranışı, dostluğa sadiqliyi ilə fərqlənirdi
və bu keyfiyyətləri özündə cəmləşdirmişdi.
Bir sözlə, böyük fəzilət sahibi
idi. Evdə biz dörd nəfər idik,
hamımız atamızla səmimi və mehriban idik. Ailədə hamı ilə çox mədəni
davranırdı, bununla belə, olduqca ciddi və tələbkar
idi. Bizim təhsilimizlə daim
maraqlanır, nəzarət edir, nöqsanlarımıza
qarşı mübariz olurdu.
- Bir qədər Əhməd bəyin
son illərindən danışardınız. Eşitdiyimə
görə, astmadan əziyyət çəkirmiş...
- Bəli, atam astma xəstəliyindən
əziyyət çəkirdi. Ona görə də
həkimlər ona həmişə soyuqdan özünü
qorumağı tapşırmışdılar. Ağdaşın da iqlimi ona düşürdü.
1954-cü ildə mən birinci kursda oxuyurdum,
qış imtahan sessiyasını başa vurub, qardaşım
Məmmədlə Ağdaşa qayıtdıq. Həmin ərəfədə atamın 70 illik
yubileyini qeyd etmişdik. Heç
inanmazdıq ki, atam rəhmətə gedə bilər. Tətil başa çatandan sonra isə Bakıya
qayıtdıq. 1954-cü il aprel
ayının 1-də xəbər aldıq ki, atamız vəfat
edib. Çox təəssüf ki, onun son
günlərini görüb, vəsiyyətlərini eşidə
bilmədik.
İltifat
HACIXANOĞLU
Ekspress.-2014.- 8-10 fevral.- S.12.