Ərəbzəngi olmasan, həyatdan baş çıxara bilməzsən...

 

Gülüstan Əliyeva: "Mən sənəti seçməmişəm, bu sənətin özü məni seçib"

"Yenidən seçim qarşısında qalsaydım, həkim olmağa üstünlük verərdim"

 

Milli operamızın leyliləri çox olub. Onlardan biri də əməkdar artist Gülüstan Əliyevadır.

   Az müddət ərzində xeyli pərəstişkar qazanan sənətçi muğamlarımızla yanaşı, klassik və müasir bəstəkarlarımızın mahnılarını da məharətlə ifa edir. Amma operadakı işini yaradıcılığının əsası hesab edir. Sənətə gəlişini tale yazısı kimi qiymətləndirən Gülüstan xanım bir dəfə sənətdən getməyə qərar verib, amma...

      - Gülüstan xanım, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi ifaçılıq sənətimizə xeyli məşhur simalar bəxş edib. Onların sırasında Siz də varsınız. O illəri necə xatırlayırsınız?

   - Həmin illər ömrümün ən qayğısız və unudulmaz vaxtlarıdır. Bugünki uğurlarımın təməli elə o illərdə qoyulub. Mən 1982-ci ildə Yevlax rayonunda keçirilən istedad müsabiqəsində seçilmişdim. Hər üç turdan yüksək bal əldə edərək Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olundum. O zaman biz tam dərinliyi ilə anlamırdıq ki, hansı nailiyyəti əldə etmişik? Bizi hansı sənət yolu gözləyir? Bizimlə respublikanın ən görkəmli muğam ifaçıları məşğul olurdu. Tez-tez dövlət səviyyəli tədbirlərdə, konsertlərdə iştirak edirdik. Qeyd edim ki, tələbələrin əksəriyyəti rayonlardan gəlmişdi. Müəllimlərimiz bizimlə təkcə pedaqoq kimi yox, həm də bir dost, bir valideyn kimi davranıblar, qayğımızı çəkiblər.

   - İndi sənətə gəlmək çox asanlaşıb. Bunu necə qiymətləndirirsiniz?

   - Mən bu sənəti seçməmişəm. Sənət özü məni seçib. Bizi hələ "Bülbül"ə seçəndə, çox ciddi şərtlər vardı. Professional musiqiçilər artıq bizim sənətə gəlməyimiz üçün, necə deyərlər, zəmin yaratmışdılar. O zaman istedadın, qabiliyyətin olmadan müsabiqələrdən keçmək, dövlət konsertlərində təsadüfi ifaçı kimi iştirak etmək mümkün deyildi. Mən o məktəbi qurtaran kimi konservatoriyanın muğam şöbəsinə daxil oldum. Muğam şöbəsi Arif Babayevin təşəbbüsü ilə elə həmin il açılmışdı və mən oranın ilk məzunlarından oldum. Ümumiyyətlə, bizim vaxtımızda sənətə gəlmək üçün uzun illərin əməyi tələb olunurdu. Bu vaxt ərzində özünü doğrulda bilirdinsə, sənətdə qalırdın. Yoxsa, indi bəziləri axşam yatanda fikirləşir ki, "səhər durub gedib mahnı yazdıracam və oxuyan olacam".

   - Bəs sənətçi olmaq üçün nə lazımdır?

   - Sənətçi olmaq üçün əlbəttə ki, çox keyfiyyətlər tələb olunur. Bir var istedadlı, gözəl sənətçi, bir də var ki, yaxşı sənətçi. Bunlar ayrı-ayrı şeylərdir. Səhnəyə çıxırsan, oxumağa başlamamışdan öncə sənin xarici görkəmin, yerişin, hərəkətlərin artıq sənin barəndə ilk təəssüratı yaradır. Daha sonra ifa tərzin, tamaşçı ilə ünsiyyət mədəniyyətin sənin obrazın barədə fikri tamaşaçıya çatdırır. Sənət adamı da o vaxt həqiqətən sevilir ki, tamaşaçıya lazım olan bütün keyfiyyətləri özündə birləşdirə, tamamlaya bilsin.

   - Leyli obrazı yaradıcılığınızda hansı yeri tutur?

   - Hələ uşaqlıqdan Leyli rolunu sevirdim. Görkəmli sənətkarlarımzın oynadığı Leyli rollarına sevə-sevə tamaşa edirdim. Ancaq operaya gələndə birbaşa oynamadım bu rolu. Çünki əvvəllər çox utancaq idim, sıxılırdım. Məsləhətlərə uyğun olaraq operada kiçik rollardan başladım fəaliyyətə. Sonra isə Leyli rolunun məşqləri başlandı. Altı ay məşq prosesi oldu. Rolun alınmasında demək olar ki, bütün yaradıcı heyətin əməyi var. İstər rejiissor Hafiz Quliyevin, istər tərəf-müqabilim Mənsum İbrahimovun çox köməkliyi olub. İlk ağırlıq tarzən Elxan Mansurovun çiyninə düşmüşdü. Bütün tamaşanı oxuyub, hazırlamağımda o insanın böyük zəhməti olub. Mətndəki sözləri bir-bir öyrənməyimdə, qavramağımda Elxan müəllimin böyük əziyyəti olub. Bu rol, ümumiyyətlə, opera teatrının səhnəsi mənim üçün çox əzizdir. Teatrı məktəb, məbəd hesab edirəm.

   - Məsələ bundadır ki, opera səhnəsində çıxış edən qadın solistlər nədənsə "Leyli" rolundan başqa bütün rolları həvəslə başqalarına güzəştə gedirlər. Mən sizin rollarınız arasında "Arşın mal alan" operettasındakı "Cahan xala" ilə "Şah İsmayıl" operasındakı "Ərəbzəngi" partiyalarını daha yaddaqalan hesab edirəm. Adam sizin "Cahan xala"ya baxanda düşünür ki, adamın belə xalası ola...

   - Bəli, doğru buyurdunuz, muğam ifaçıları üçün opera çox yazılmayıb, yəni rol çox deyil. Leyli rolu bütün rolların şahıdır. Çünki "Leyli və Məcnun" ilk operamızdır. Həm də Leyli sevgi simvoludur. Cahan xalaya gəldikdə isə, o rol mənə həvalə ediləndə bir az tərəddüd elədim. Rejissorumuz Hafiz müəllim dedi ki, məgər cavan xala olmur? Düzünə qalsa, mən özüm də həyatda çox gənc xala olmuşam. Mən ümumiyyətlə, öz rollarımı sevə-sevə oynayıram deyə, tamaşaçılar tərəfindən də sevilir. Baxın bu gün Leyli rolunun nə qədər ifaçısı var, inanın ki, hər sənətçinin tamaşasına onun öz tamaşaçısı gəlir. Ümumiyyətlə, mən Opera və Balet Teatrında müxtəlif rollar oynamışam. İlk dəfə "Leyli və Məcnun"da Leylinin anası rolunda səhnəyə çıxmışam, daha sonra "Leyli və Məcnun"da Leyli, "Aşıq Qərib"də Şahsənəm, "Gəlin qayası"nda Sənəm, "Arşın mal alan"da Cahan xala, "O olmasın, bu olsun"da Sənəm rolunda səhnəyə çıxmışam. Təbii ki, müxtəlif obrazları yaratmaq aktrisadan böyük zəhmət tələb edir. Həmçinin rejissor aktrisada obraza uyğun keyfiyyətləri görəndən sonra həmin rolu ona həvalə edir.

   - Həyatda heç "ərəbzəngilik" etmisinizmi?

   - Çox olub... Ərəbzəngi olmasan, bu həyatdan baş çıxara bilməzsən. Lazım olanda, Ərəbzəngi də olursan, Leyli də, Cahan xala da. "Ərəbzəngi"dən söz düşmüşkən, bir dəfə yenə Canəli müəllimlə (Canəli Əkbərov-red.) Şah İsmayılın Ərəbzəngi ilə döyüşən səhnəsini məşq edirdik. Deməli, ssenariyə görə, Şah İsmayıl Ərəbzəngini yıxmalıdır. Necə oldusa, Canəli müəllimi mən yıxdım. Gördüm kişi pərt oldu və mənə qayıtdı ki, "Gülüstan xanım, obrazın dərinliyinə getmək lazım deyil..."

   - Duet oxumaq fikriniz varmı?

   - Düzünü deyim, heç vaxt bu fikirdə olmamışam. Mənə elə gəlir ki, güclü müğənni tək oxumalıdır. Ola bilsin, bu, mənim subyektiv fikrimdir. Doğrudur, bir tədbirdə, mərasimdə duet şəklində oxumaq olar. Ancaq daim duet oxumağı şəxsən mən xoşlamıram.

   - Sizcə, şərəfli qadın adını daşımaq çətindir, yoxsa sənətçi?

   - Hansı sənətin sahibi olursansa ol, qadın hər zaman ilk növbədə öz şərəfini uca tutmalıdır. İndiki zamanda çox çətindir, həm öndə olmaq, həm də dəyərləri qoruyub saxlamaq. Mən hesab edirəm ki, indi ləyaqətli qadınlarımız çoxdur.

   - Gülüstan Əliyeva özünü başa düşə bilirmi?

   - Çox şeylərdə yox. Bəzi situasiyalarda ağıl bir şey deyir, ürək əksinə.

   - Onların mübarizəsində hansı qalib gəlir?

   - Mən bilən, bəzi adamlarda ağıl qalib gəlir. Məndə isə ürək qalib gəlir.

   - Özünüzlə tək qalanda xəyallarınız, yoxsa xatirələriniz sizə sirdaş olur?

   - Əvvəllər xəyallarım daha çox yaxın idi, indi isə xatirələr. İnsan yaşa dolduqca reallığı daha çox qiymətləndirməyi bacarır.

   - Özünüzə tənqidi yanaşa bilirsinizmi?

   - Əlbəttə, özünə tənqidi yanaşmasan, heç bir irəliləyiş də olmaz. Səhvlərinin, qüsurlarının heç olmasa, əlli faizini görə bilməlisən ki, onları düzəltməyi bacarasan. Özü barədə yüksək fikirdə olan insan inanmıram ki, gözəl nəticələr əldə edə bilsin.

   - İndi sənətçilər arasında pəhriz saxlamaq dəbə düşüb. Sizin də belə bir planınız varmı?

   - Pəhriz saxlamıram, saxlamaq fikrim də yoxdur. Sadəcə, hər kəs həm rejiminə, həm yeməyinə nəzarət etməlidir. İlk növbədə, mən səhər tezdən qalxıram. Oğlumu hər gün özüm məktəbə yola salıram. Çox yatmağı xoşlamıram. Oxucunu maraqlandırırsa, demək istəyirəm ki, mən o qədər də kök deyiləm. Ümumiyyətlə, "bunu yemək olmaz, onu yemək olmaz, filan saatda nə isə yemək olmaz" kimi fikirlər məndən uzaqdır.

   - Hansı halda səhnədən gedərdiniz?

   - Özümü gərəksiz hiss edəndə. Səhnə səni tərk etməmiş, gərək sən səhnəni tərk edəsən. Tamaşaçının yadında hörmətli qalmaq istəyirsənsə, səhnə səni atmamış, bu addımı sən atmalısan. O anı, məqamı hiss edəndə qərar verməyə güc tapmalısan. Mən seçimimi bir dəfə etdim. Ailəmi seçdim. Həyat yoldaşım istəmirdi oxumağımı. Hər bir qadın da ilk növbədə evinin xanımıdır, anadır. Ancaq yəqin belə qismət imiş. Mən yenidən seçim qarşısında qalsaydım, həkim olmağa üstünlük verərdim. Həyatda təsadüfi heç nə olmur.

   - İlk dəfə sənətə xalq mahnıları və muğamlarla gəldiniz. Estrada musiqisinə meyliniz nə ilə bağlıdır?

   - Bu barədə məndən tez-tez soruşurlar. Mən professional adamların fikrini demək istəyirəm: bu janrların hər ikisi məndə alınır. Çox az hallarda olur ki, muğam ifaçısı, opera müğənnisi estrada janrında oxusun. Əgər ifaçıda bu alınırsa, nə üçün də oxumasın? Ümumiyyətlə, janr etibarilə muğam daha çətindir və digər janrların da kökü buradandır. Əgər iki janrda da ifa uğurlu alınırsa, mən burada qeyri-adi heç nə görmürəm.

  

AYXAN

Ekspress.-2014.- 8-10 fevral.- S.19.