"Hələ də oyuncaq dükanlarının yanından biganə keçə bilmirəm..."

 

Qurban Məsimov: "Bu vəzifə mənim üçün yeni bir üslubda çalışmaq imkanıdı"

 

Dosye: Qurban Abdulla oğlu Məsimov 1971-ci il yanvarın 26-da Şəki şəhərində dünyaya gəlib. 1988-1993-cü illərdə Ə.Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində, 1995-2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil alıb. 1998-ci ildə Tiflisdə Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirib. 2000-ci ildə Sofiyada "Yay Akademiyası" proqramı çərçivəsində "Fildenkrayz Metodu" seminarında iştirak edib.

   1994-cü ildən 2010-u ilədək xalq artisti Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli Yığıncağı" Pantomim Teatr-Studiyasında (2000-ci ildən Dövlət Pantomim Teatrı) fəaliyyət göstərib. 2000-2002-ci illərdə ABA televiziyasında yayımlanan "Nəm-Nəm" verilişinin rejissoru və aparıcısı olub. 2003-cü ildə həmin layihəni "Lider" televiziyasında "Mətbəxdə Şou Nəm-Nəm" adı altında davam etdirib, daha sonra isə Nəm-Nəm tipləməsiylə "Gülməşəkər" verilişinin aparıcısı olub. Klounada janrında yaradıcılıq təcrübələri sayəsində "Kloun Appa" təxəllüsünü qazanıb.

   2000-ci illərin əvvəllərində Fotoqraflar Birliyi ilə əməkdaşlıq edib. Elə həmin dövrdə fərdi sərgisi baş tutub. Sərgi zamanı ingiltərəli mütəxəssislər bəzi fotoları ilə maraqlanıblar. Sonralar Pantomim Teatrının baş rejissoru Bəxtiyar Xanızadənin "Ümid" tamaşasının afişasında istfadə edilən foto əsəri isə tanınmış fotoqraf Yozef Kaudelkonun diqqətini cəlb edib.

   Bir neçə festivalın quruluşçu rejissoru və münsiflər heyətinin üzvü, aktyorluq kurslarının müəllimi kimi də tanınır.

   Pantomim teatrının səhnəsində "Kimdir müqəssir"", "Nərdivan", Muğam-trio -"Dizlər" tamaşalarına quruluş, "Kimdir müqəssir?", "Uçuş", "Ümid", "Manqurt", "Şəngül, Şüngül, Məngül", "Şərqə Səyahət", "Dulusçu", "Zibillik pərvanələri", "Eşq", "Balaca Şahzadə", "Maska", "İnsan", "Kölgə", "Korlar", "Foto Bahar", "Kesa və Morito" səhnə əsərlərinə səhnə tərtibatı verib. Adıçəkilən tamaşaların hamısında fərqli və maraqlı obrazların ifaçısı olub. Filmoqrafiyasında isə "Azərbaycnfilm"in və Azərbaycan Televiziyasının istehsalı olan "Ac həriflər", "Nigarançılıq", "Yaşıl eynəkli adam-2 və 3", "Nekroloq", "Salur Qazanın evinin talandığı boy", "Bir anın həqiqəti", "Dəvətnamə", "Manqurt", "Ovsunçu", "Kişiləri qoruyun", "Bəylik dərsi", "Təklif", "Cavid ömrü", "Əlvida", İran kinematoqrafçılarının istehsal etdikləri "Arzular", "İtkin pay", "Səkkizinci səma", Almaniya-Azərbaycan istehsalı olan "Xəzər gözəli", Rusiyanın NTV kanalının istehsalı olan "Qraf Krestovski" və digər film və teletamaşalar var.

   Q.Məsimov bu ilin yanvarında A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin edilib.

   Kukla Teatrının baş rejissoru Qurban Məsimovun "milli.az"a müsahibəsi

       - Bu vəzifə sənin üçün nə deməkdir?

   - Yaratmaq üçün yeni bir məkandı. Hər bir yaradıcı adam özünə bir məkan axtarır. Məkan baxımından bu vəzifə mənim üçün yeni bir üslubda çalışmaq imkanıdı, bu üslubda yaradıcılıq baxımından isə yeni deyil. Ümumilikdə, kukla teatrı anlayışı mənim üçün çox doğmadı. Çünki mən indiyə qədər oyuncaq dükanlarının yanından biganə keçə bilmirəm. Xalam qızına bir kukla bağışlamışdılar. Gözüm o kuklada qalmışdı. Nəhayət, 7-8 il bundan əvvəl həmin kuklanı mənə bağışladılar. Bax, onu deyirəm (kabinetində mötəbər yerlərdən birini tutmuş əjdaha balasının kuklasına işarə edir -müəllif). Bu kuklanı ilk dəfə "Nəm-Nəm" verilişində sınaqdan keçirdim.

   - Bildiyimə görə, Nəm-Nəm obrazının aparıcı statusunda olması alternativi olmayan tapıntı idi...

   - Bəli... O vaxt hətta yalançı nəm-nəmlər, özünü Qurban Məsimov kimi təqdim edib gəlir əldə edənlər də az deyildi. Muğam-trio "Dizlər" isə kukla teatrı quruluşunda ilk addımım idi. Yəni, o vaxt mən bunu heç kimə bildirməmişdim, yalnız özümə bəlli idi. Nəm-Nəm və "Dizlər"lə olan təcrübəm mənə öyrətdi ki, bu vəzifəni boynuna götürən aktyor cansız kuklaya məntiq, can vermək, onun öz dilini tapmağın vacibliyini anlamalıdı və bu məntiq aktyorun öz məntiqilə əks ola bilər. Başqa sözlə, kukla ilə işləyən aktyor artıq kənar bir məntiqi idarə etməyə başlayır.

   - Nə vaxtsa kukla teatrının rejissoru olmaq və yaxud da özünün belə bir teatrını yaratmaq fikrində olmusan?

   - Yox, belə bir fikrim, məqsədim olmayıb. Ümumiyyətlə, heç vaxt özüm üçün çərçivə qoymamışam ki, mən yalnız bütövlükdə yaradıcılığın, ya da konkret olaraq teatr sənətinin hansısa ayrıca sahəsində çalışa bilərəm. Ümumiyyətlə, pantomimçilərə plastika o dərəcədə təlqin edilib ki, biz istənilən yaradıcı sahədə çalışa bilərik. Bu teatrda da həmin keyfiyyət mütləq üzə çıxacaq. Həm də ilk klounadanın təşkili də Pantomim Teatrının adı ilə bağlıdı. Mən özüm klounun fəlsəfi-faciəvi yükünü daha çox bəyənirəm. Yaradıcılığa meylim isə fotoqrafiya və taxta üzərində oyma sənəti ilə maraqlanmağımla başlayıb. Fotoqrafiya ilə məşğul olan adamın kinematoqrafik baxışı mükəmməl kadrı qeyri-mükəmməl kadrdan fərqləndirmək cəhətinə, kadrda məna yükünü görmə qabiliyyətinə görə digər adamlardan fərqlənir. Bu sahədəki bacarığımı daim inkişaf etdirməyə çalışıram. Mütəmadi olaraq foto saytlarını nəzərdən keçirirəm. Bu həm də zövqün cilalanmasına kömək edir.

   - Bütün bunlar baş rejissor fəaliyyətində necə əks olunacaq? Kukla Teatrının repertuarında hansı yeniliklər gözlənilir? Tamaşalarda bu vaxta qədər görmədiyimiz hansı tərz və üslubları görəcəyik?

   - Dediyim kimi, bura mənim üçün yeni istiqamətdi. Bundan sonrakı repertuarı təşkil edən tamaşalarda bu vaxta qədər gördüyümüz elementlər yeni tərzdə təqdim oluna bilər. Burada əsas şərt plastik düşüncədi. Kukla teatrının aktyorunun plastikası necədisə, kuklanın da plastikası o cür olacaq. Bura səsi dəyişmək bacarığı da aiddir. Elə üslublar var ki, bu teatrın aktyorları üçün yaddı. Əslində isə aktyor hər bir eksperimentə açıq olmalıdı. Ən əsası isə unutmamalıyıq ki, Kukla teatrı uşaqlar üçün çox önəmli, onun teatr aləmi ilə ilk tanışlığında əhəmiyyətli rol oynayan bir məkandı. Səhnənin, zalın nə demək olduğu haqqında ilk təsəvvürü uşaqlar burda qazanırlar. Tamaşanın xronometrajının 45 dəqiqədən artıq olmamasından başlamış, uşaqların informasiyanı qavrama qabiliyyətlərinin bütün cəhətləri ciddi şəkildə nəzərə alınmalıdı. Hansı personajın təsvir edilməsindən asılı olmayaraq uşaqlarla işləyən rejissor və aktyorlar bütün jestlərin yumşaq olmasına fikir verməlidirlər. Teatra gələn kəs səhnədə möcüzə görəcəyinə ümid edir. İndiki uşaqları isə möcüzəyə inandırmaq çətindi. Buna görə daha artıq səy göstərmək, səmimi olmaq lazımdı. Kukla teatrının aktyorları vokal bacarıqlarından istifadə etmək imkanına da malikdirlər. Səhnə arxasından fonoqramla səsləndirilən musiqinin mahnılarını çox vaxt özləri oxuyurlar...

   - Musiqidən söz düşmüşkən, məncə, səsucaldıcıların səsi çox yüksəkdi, nəinki uşaqların, böyüklərin də qulaqları belə yüksək səsdən yorulmaya bilməz...

   - Səsucaldıcıların səsi adətən müəyyən edilmiş tonallıqda qoyulur. Bu cəhətə diqqəti artırmaq ehtiyacı varsa, nəzərə alarıq. Və təbii ki, tamaşaların hazırlanmasında yeni ifadə vasitələri tapılmalı, əsərin orijinalı ilə harmoniyanı pozmamaq şərtilə müasirlik elementləri əlavə edilməlidi. Məsələn, 6-7 yaşlı uşaqlar dekorasiya dəyişən vaxtı, yəni, zalda tam qaranlıq olan saniyələri çox xoşlayırlar, bundan vəcdə gəlib qışqırmağa başlayırlar. Quruluş verdiyim Yeni İl şənliyi tamaşasında elə etdim ki, dekorların dəyişilməsi qaranlıqla müşayiət olunmadı. Uşaqlar qışqırmağa hazırlaşsalar da, işıqların söndürülmədiyini görüb səslərini çıxarmadılar.

   Teatrın konkret yeni repertuarına gəlincə isə, deyə bilərəm ki, sankt-peterburqlu rejissor Eduard Qayday "Qoğal" nağılını, Anar Məmmədov yapon nağılını, Elşad Rəhimzadə "Çəkməli pişik" əsərini tamaşaya qoyacaqlar. Bu məqamda teatrın rəhbərliyinə, şəxsən direktor Rəşad Əhmədzadəyə yaradıcı heyətin ideyalarının geçəkləşməsi üçün zəruri olan təşkilati təminatı göstərdiyinə görə təşəkkürümü bildirmək istəyirəm.

   - Bəs özün hansı tamaşanı hazırlayacaqsan?

   - Özüm isə çoxdan tanıdığımız "Tıq-tıq xanım" nağılına yeni yozum verəcəm. Nağıl qəhrəmanlarımızın piarı ilə mütləq ciddi şəkildə məşğul olmaq və yeni nağıllar qurmaq lazımdı. Nağıllarımızı tamaşaya qoyanda unutmamalıyıq ki, onlar vaxtilə Sovet ideologiyasının ciddi redaktəsinə məruz qalıblar. Ona görə indi onların səhnələşdirilməsi Azərbaycan ideologiyasına xidmət etməlidi. Həm də hər nağıla hər bir rejissorun özünün fərdi yanaşması ola bilər. Nağıllara bir az dərindən nəzər salıb, onlardakı keçmiş sivilizasiyaların nailiyyətlərini görüb təqdim etməyi öyrənməliyik.

   Bunlardan savayı, Hidistanda keçirilən XII Beynəlxalq Kukla Teatrları Festivalına dəvət almışıq. Həmin festival üçün yeni bir tamaşa hazırlayacam.

   - Bu tamaşa da hansısa Azərbaycan nağılı əsasında olacaq?

   - Qarışıq üslubda olacaq. Pantomim teatrının aktyoru olduğum vaxtlardan məndə belə bir xasiyyət formalaşıb -biz 3 ay məşq etdiyimiz tamaşanın başlanmağına 3 dəqiqə qalmış quruluşun 90 faizini dəyişə bilərdik. Bir çox aktyorlar üçün belə situasiya az qala faciə deməkdi. Amma əlbəttə, aktyor gərək belə eksperimentlərdən qorxmasın. Ona görə indidən deyə bilmərəm ki, nə cür bir tamaşa olacaq, adını nə qoyacam...

   - Azərbaycan cəmiyyətində "kukla teatrı" anlayışı yalnız kiçikyaşlı tamaşaçılara aid edilən məkan kimi qavranılır. Bu stereotipi dağıtmaq perspektivi mümkündürmü?

   - Bu stereotipi mütləq dağıtmaq lazımdı. Ona görə, düşünürəm ki, böyüklər üçün də tamaşalar hazırlayaq. Bir haşiyə çıxım -hər dəfə Tiflisdə qastrolda, ya başqa bir səfərdə olanda, mütləq oranın kukla teatrına baş çəkirdim. Teatrın rəhbəri Rezo Qabriadzenin Stalinqrad döyüşündən, iki parovozun məhəbbətindən bəhs edən səhnə əsərləri daha çox yadımda qalıb. Bizim teatrın da tamaşaçıları yalnız uşaqlar olmamalıdı. Ən azı ona görə ki, hər bir böyüyün içində bir uşaq yaşayır.

   - Başqa ölkələrdən dəvət edilmiş kukla teatrı mütəxəssislərinin iştirakilə ustad dərslərinin təşkil edilməsi də bu işdə böyük rol oynaya bilər...

   - Əlbəttə. Çox istərdim ki, ustad dərsləri olsun. Belə layihələr zamanı başqa bir ölkədən gəlmiş bir nəfər ustad rejissor bizim on nəfər rejissorumuzu tanıya bilər. Bu isə yeni əlaqələr, yeni əməkdaşlıqlar deməkdi. Yaradıcı mühitin təkmilləşməsi bunlarsız mümkün deyil.

   Bir dəfə Pantomim Teatrında "Balaca şahzadə"ni oynayanda, səhnəyə çıxıb gördüm ki, zaldakıların hamısı təqaüdçülərdi. Giriş sözümü hər bir böyüyün içində bir uşağın yaşaması anlamına uyğunlaşdırmalı oldum. Kukla teatrı anlayışının cəmiyyətdə yalnız kiçikyaşlı tamaşaçılarla assosiasiya olunmasını isə doğru qeyd etdiniz. Bu yöndə bir az artıq səy göstərməli olacağıq. Çünki kukla teatrının repertuarında böyüklər üçün qoyulmuş tamaşalar olsa da və bu afişalarda qeyd edilsə də, böyüklərin əksəriyyəti övladlarını gətirib zalda qoyub özləri yaxınlıqdakı çayxanada tamaşanın bitməsini gözləyirlər. Deyəndə ki, bu tamaşa böyüklər üçündü, deyirlər kukla teatrı böyüklər üçün ola bilməz.

   - Onda bu yöndə sizin işiniz daha çox olacaq -təfəkkür tərzində çevriliş etməlisiniz...

   - Bəli. Bu yöndə tədricən iş aparılmalıdı ki, insanların təfəkküründəki stereotiplər dağılsın. Teatrın kiçik zalında eksperiment olaraq böyüklər üçün tamaşalar hazırlamaq olar. Aktyorların özlərində də "kukla teatrı", "klounada" anlayışına olan münasibət birmənalı deyil. Birincisi, öz simalarını axtarıb tapmaq əvəzinə bir-birilərini təqlid etməyə üstünlük verirlər. Məsələn, Nəm-Nəmdən sonra bütün klounlar onun kimi, onun səsi ilə danışırlar. Halbuki hər bir klounun öz səsi, öz danışıq tərzi olmalıdı.

   Bundan başqa, çoxları sənətin bu növü ilə məşğul olduqlarına görə nə üçünsə xəcalət çəkirlər, üzlərinə o qədər qrim qoyurlar ki, onları tanımaq mümkün olmasın. Bu tamamilə səhv düşüncədi. Özü də məşğul olduğun işə belə yanaşmanın fəsadları uşaqlarla işləyəndə, daha qabarıq üzə çıxır, çünki onlar qeyri-səmimiliyi dərhal hiss edirlər və belə aktyorları qəbul etmirlər, bu cür klounlardan qorxurlar.

 

     Ekspress.-2014.- 8-10 fevral.- S.20.