"Misram dalağa dəyməsə,
onu oxucunun üzünə çıxartmaram"
Əlisəmid
Kür-60
Fevralın 8-də 60 yaşı tamam olan şair Əlisəmid Kür "Media forum" saytında yazıçı-publisist Fəxri Uğurlunun suallarını cavablandırıb. Müsahibəni ixtisarla təqdim edirik.
- Əlisəmid, ürəyində
elə bir söz, mətləb varmı ki, indiyəcən deməmisən,
altmış yaşa saxlamısan? Varsa, de gəlsin.
- O qədər... Mənim xasiyyətimi bilirsən. Elə yazılarım var, hələ üzə çıxarmamışam, sandıqdadır. Mən nəyi üzə çıxarıb-çıxarmamağı bilən yazıçılardanam.
- Təkcə bədii kamillikdən söhbət getmir. Mən daxili senzuranın qoyduğu yasaqdan danışıram...
- Eləsi də var. Elə misralarım var ki, içimdədir, amma hələ şeirə salmamışam. Bu yaxında bir şeir yazdım. "Yolçu" verilişi üçün bir kor balabançını çəkmişdilər. Aparıcı ondan soruşdu ki, adın nədir? Dedi Əlisəmid. Qəribə hiss keçirdim. Elə bildim orada dədəm oturub. Evdəkilərin dediyinə görə, axşam yaman halda olmuşam. Adətən yazdığım şeirləri evdə oxuyuram. Bunu da oxudum:
Bir adaşım yaşayır
Kürdəmirdə,
Muradxanlı kəndində,
gecəyarı ekranda gördüm
"Xəzər" TV-də.
Əvvəl-əvvəl
danışmadı, dinmədi,
dizlərinin üstə
gözləri yol çəkdi
barmaqlarının...
Sonra adamlar yığışıb
könlünü aldılar onun,
ovutdular.
Çıxartdı mücrüdən
balabanı,
dedi mənim işim
balabanla, neylədi
adaşım balabançı
kor Əlisəmid.
Sonra gör neylədi
adaşım balabançı
kor Əlisəmid -
qəfil nəfəs
verdi
balabana,
sığalladı
asta-asta,
bala-bala.
Asta çaldı balabanı,
tələsdi
yavaş-yavaş,
bala-bala.
Dağı arana daşıdı,
aranı
dağa,
anasızın
balasını
ağlatdı,
balasızın
anasını ağlatdı,
Qəribi
çağırdı
qürbətdən,
həsrəti
yolu-yolağa...
Qəfil balabanı
qoydu
qırağa,
ürəyinin
işığı üzündə
üzü nur,
üzü pir
Əlisəmid.
Çalğı çoxdan qurtarıb,
nə
baxırsan
əlləri
üzündə,
gözləri
barmaqlarının
ucunda
adaşım
balabançı
kor Əlisəmid.
-
Həmişə dost-tanış içində, məclislərdə
olan, danışan adamsan. Adama elə gəlir Əlisəmidin
nəyi varsa açıb-töküb, içində heç
nə qalmayıb...
- Yox, elə deyil. Bayaq demək istəyirdim:
elə misralarım var, illərdir mənimlə yol gəlir. Mən sizə mətbəximi açacam. "Dizlərinin üstə gözləri yol çəkdi
barmaqlarının" - bu misra mənim bir şeirimdə də
var, türmədə yazmışdım. O misra
bütün günü mənimləydi, amma balabançı
Əlisəmid haqqında şeir yarananda həmin misra gəlib
özünü saldı ora.
- Sənin ömür yolun elə də
rahat olmayıb. Elə məqamlar, yol
ayrıcları varmı ki, qanrılıb geri baxanda "Gərək
bu yolla yox, o biriylə gedəydim, onda tamam özgə
ömür yaşayardım" deyəsən?
- Allah hərəyə bir yolu, bir
taleni yazıb. Mən bu yolu dübbədüz getmişəm,
az da olsun sapınmamışam, məncə.
Düzdür, mənə badalaq vuranlar da olub,
özümdə də günah var. İnsanları sevən
adamam, istəyərəm o insanlarda da mənə qarşı
məhəbbət olsun. Mən qəşəng
bir yol keçmişəm, geri qayıtmaqdan da qorxmuram,
çünki bir səhv hərəkətim olmayıb. Amma bu yolu özümə arzulayıram,
balalarıma, bir başqasına - yox. O yolun şirini də,
acısı da mənimdir; türməsindən də, dəlixanasından
da keçmişəm. Bu yazı mənim
alnıma yazılıb, qəbulumdur.
- Onda gəl bu yolla bir az geri qayıdaq, əvvəldən başlayaq:
1954-cü ilin 8 fevralında Salyanda...
- ...Qarlı bir
gündə həm də. Məndən
böyük iki bacım var. Anamı səhər tezdən
doğum evinə aparırlar. Atam Bakıda
universitetin filologiyasında oxuyurmuş - Əlağa
Kürçaylı, Teymur Əhmədov, Aşıq Ələsgərin
nəvəsi İslamla bir qrupda olublar, yataqxanada da bir yerdə
qalıblar. Atama teleqram vururlar, bir
yüyürük alıb axşam özünü
çatdırır evə. Nənəm
deyir uşağın adını Əlisəmid qoyaq - Səmid
atamın atası, Əli də əmisi olub, ikisi də 1937-də
tutulub. Atam da mənə müharibədən dönməyən
əmisi oğlu Zəfərin adını qoymaq istəyirmiş
- sonra onun adını qardaşıma verdi.
Gecə babam atamın yuxusuna girir, deyir
uşağın adını Əlisəmid qoy. Kişi yuxudan qalxıb deyir ki, Lətifə,
uşağın adı Əlisəmid qaldı.
- Atan Cəfər Mehdi, deyəsən,
bir az sərt adam olub...
- Təmiz, kristal
bir insan idi. Ədəbiyyat adamıydı,
müəllim işləyirdi, Cavidin, Müşfiqin
yaradıcılığından elə dərs keçirdi ki,
indiyəcən də Salyanda danışılır. Atamla rayonda hesablaşırdılar. Şeir də yazırdı. Atam
həm də mənim sinif rəhbərim olub.
- Uşaqları döyürdü?
- Məktəbdə yox, evdə hərdən
olurdu. Ancaq çəmini tapmışdım: "sən Məşədi
Səfər əmimin canı!.." deyən
kimi əl-qolu boşalırdı, ağlamaq tuturdu onu.
- Kim idi Məşədi Səfər?
- Atamın böyük
qardaşı olub, müharibədən qayıtmayıb. Atam son gününə qədər onun
öldüyünə inanmadı, adını da heç kimə
qoymadı.
- Demək, ədəbiyyata gəlmək
üçün evdə mühit olub. Qələm
adamlarından evinizə gələn olurdumu?
- Əlağa
Kürçaylı, Xəlil Rza, Rüfət Zəbioğlu
evimizdə çox olublar. Bir dəfə
Əli Kərim də gəlib-gedib, ancaq mənim yatan
vaxtıma düşüb, onu görə bilməmişəm.
Mən 1960-cı illərdən
danışıram. Xəlil Rzanın ən
ağır vaxtlarında atam onu müdafiə eləyib. Ona şeir də demişdim. Atama
deyirdi ki, Allaha and olsun bu, şair olacaq. Xatirələrimdə
yazmışam bu haqda.
- Sizin ədəbi nəslə, yəni
səksənincilərə Əli Kərimin böyük təsiri
olub. Sən də duymusanmı bu təsiri?
- Rəhmətlik Xəlil
Rza deyirdi ki, Əlağa Kürçaylıya baxdım, mən
də şair oldum. İndi hansı
şair deyə bilər ki, Orxan Vəli, Nazim Hikmət ona təsir
eləməyib? Hər şey insanın
oxuduğunu nə qədər qavramasından
asılıdır. Poeziya həm də zəhmətdir.
O qədər ilhamlı şairlər puç olub gedib ki...
- Nə vaxt hiss elədin ki,
şair olacaqsan?
- Atam çap olunmaq məsələsində
çox çətinlik çəkmişdi, ona görə də
mənim şair olmağımı istəmirdi, həkim
görmək istəyirdi məni. Əsgərlikdə
olanda içimdən qəfil bir diksinmə keçdi -
yadımdadır, 1972-ci ilin dekabr ayı idi. "Elə sev ki..." adlı bir şeir yazdım,
albomumda indi də qalır. Buradan istədiyim
qızın xəbəri gəlmişdi ki, nişanlanıb, yəqin
bunun təsiri olmuşdu. Özüm də
hospitaldaydım, barmağım yaralanmışdı. Elə
o şeirlə başladım...
Sonra institut
dövrü gəldi. Əsgərlikdən
qayıdandan sonra İncəsənət İnstitutuna girdim.
Mehdi Məmmədov, Turan Cavid, Mahmud Allahverdiyev məndən
imtahan götürdülər, sonra da müəllimlərim
oldular. Teatrşünaslıq ixtisası üzrə
oxuyurdum.
- Sənin axı rəssamlığın
da var. Onu harada öyrənmişdin?
- Salyanda kinoteatrda rəssam işləmişəm.
Ondan da əvvəl ikinci sinifdən məktəbin
divar qəzetinin redaktoru olmuşam. Rəssamlıq
vərdişim də elə o vaxtlar yaranıb.
- Bəs çap olunmağa nə
vaxt başladın?
- İlk dəfə
1979-cu ildə "Ulduz" jurnalında çap olundum.
O vaxt çox çətin idi çap məsələsi...
- Yenə yatanda yanına qələm-kağız
qoyursan?
- Mütləq! Harada
olsam, həmişə özümün hücrəm olub.
Kirədə qaldığım evlərdən
İçərişəhərdə yaxşı yazırdım,
orada çox işləmişəm. Elə ev də olub, o evdə yaza bilməmişəm.
Yasamalda aldığım evdə də məhsuldar
işləməmişəm. İndi Şüvəlanda
oluram... O gün yoldaşım deyir, bir bayquş gəlib
özünü vurdu qonşunun evinə, düşdü bu yana. Şüvəlan hara,
bayquş hara? Bəlkə də bu, xəbərdarlıqdır.
Bu evdə də az işləyirəm.
- Qorqud (Əlisəmidin
oğludur-red.) indi nə işlə məşğul olur?
- "Göyçək
Fatma" serialına çəkilir. Aktyor
olmağını istəmirdim, amma taleyi beləymiş.
Oğlumla fəxr eləyirəm.
- Bir yerdə qalırsız?
- Yox, ayrıyıq. Amma
gözüm üstündədir.
- Böyük uşaqlarınla da əlaqən
var?
- Yox.
- Məqsədli şəkildə əlaqə
saxlamırsan, yoxsa?..
- Qismət belə gətirib. Mən balalarım üçün hər şey eləmişəm.
İndi də hamı deyir ki, pis ata
olmamışam. Böyük qızıma həsr elədiyim
"Alo, mən səni görürəm!.."
şeirimi türmədə yazmışdım.
- Ailə qurublarmı
qızların?
- Hə. Bu yaxında ikinci
qızın da toyu oldu. Məni
çağırdılar, getmədim. Mən
balalarımın toyunu özüm eləməliyəm, ora
qonaq kimi gedə bilmərəm. Mən
stadionda toy eləyəsi oğlanam, hamının da toyuna
getmişəm. Amma öz
qızımın toyuna getmədim.
Ata kimi nə borcum
var, hamısını yerinə yetirmişəm. İndi də gözüm balalarımın
üstündədir. Bu yaxında Qorqudun
xalası - ikinci yoldaşımın bacısı rəhmətə
getmişdi, yasına getdim. Qohum-əqrəba
hamısı başıma yığıldı. İki balam var orda, ikisiylə də əlaqə
saxlayıram. Mən Allah qarşısında
üzümü utandırası bir iş görməmişəm.
- Şair kimi
özündən razısan?
- Mən şair kimi öz yerimi
yaxşı bilirəm. Nə qədər tərifləsələr,
özümdən yuxarı çıxan deyiləm, nə qədər
də tənqid eləsələr, olduğum yerdən
aşağı düşən deyiləm. Mən yerimi bilirəm. Özü
də şairliyə iddiam yoxdur.
- Mən başqalarıyla
müqayisədə demirəm. Demək istəyirəm
bu altmış yaşa qədər özünü ifadə
eləyə bilmisənmi, bundan artığına ehtiyacın
varmı?
- Mən özümü ifadə
eləmişəm. Bütün şeirlərimə
də cavabdehəm.
- Ancaq birinci sualıma cavabında
dedin ki, içində çox söz qalıb. Onlar
səni bir şair kimi narahat eləmir, yoxsa elə orada da
qalmalıdır?
- Mənim o Kişi ilə söhbətim
olur, bir az dəlifason danışıram.
Hər gecə yatanda hesabat verən adamam: bu gün neyləmişəm,
kimin qəlbinə dəymişəm... Həmişə də
deyirəm ki, Allah, mənə öz ürəyimə görə
ver. Ürəyimdən o qədər arxayınam! Bir misram
dalağa dəyməsə - araq necə dalağa dəyirsə,
bax elə - onu oxucunun üzünə çıxartmaram. Bu da bəlkə xəstəlikdir. Mən beyinlə ürəyin bir yerdə işlədiyinə
inanan adamlardanam. Çox şeirlər var
ki, adamın tükünü tərpətmir. Şeir odur oxuyanda səni diksindirsin, tükün
biz-biz olsun. Alim Qasımov oxuyanda mənim
tüklərim biz-biz olur. Amma
tanınmış müğənnilər də var ki, peşəkarlığı,
hər şeyi yerindədir, oxuyur, ancaq sənə dəymir.
Professionallıq çox axmaq şeydir, bir də görürsən
sənət vərdişə çevrilir, adam
dönüb olur qrafoman. Gərək istedadla
peşəkarlığın əlaqəsini tənzimləyəsən.
Tənzimləmə də nədir -
halal-hümmət yolla getmək. Misraların
içində haram uzaqdan da görünür.
- Əvvəllər az
yazırdın...
- İndi də elədir.
Məni gərək dəlixanaya, ya türməyə
salsınlar. Ən məhsuldar
dövrüm həmin vaxtlarda olub.
- Şərait olsa, hər
gün yazarsan?
- Hər gün şeir olmaz
axı.
- Səndə şeir necə
yaranır - misra-misra, yoxsa birdən doğulur?
- Mən şeiri birnəfəsə
yazıram.
- İlk dəfə
səni təxminən 1987-ci ilin əvvəllərində Məmməd
İsmayılın başçılıq elədiyi "Gənclik"
ədəbi birliyinin yığıncağında
görmüşəm. Həmişəki kimi Yazıçılar
Birliyinin Natəvan adına klubuna
toplaşmışdınız. Əynində cins kostyum
vardı, qıraqdan baxanın ağlına gəlməzdi ki,
bu adam şeir yazar. Yadımdadır,
şeirin üstündə işləməkdən söhbət
düşəndə sən etiraz eləyib dedin ki, şeiri də
redaktə eləyərlər, şeir bütöv
doğulmalıdır.
- Yaş dövrü var. Şairin
məsuliyyəti artdıqca redaktəsi də artır. Elə
şeirim var üstünü yüz yerdən
qaralamışam, eləsi də var axıb gəlib... Şeir də var hissə-hissə, yeriyə-yeriyə
gəlir. Bəzən yuxuda misra gəlir mənə,
o anda durub yazmasam, səhərə qalsa, yadımdan
çıxır. Bir dəfə yuxuda
gördüyüm şeiri durub elə qaranlıqda yazdım,
işığı yandırmağa vaxt itirmədim. Amma yuxuda gələn şeirlərin çoxu itib, tənbəllik
eləyib durmamışam.
- Tay-tuşlarının içində
kimin poeziyasını bəyənirsən?
- Mən Ramiz Rövşəni,
Vaqif Bayatlını çox istəyirəm, Nüsrət Kəsəmənlini
çox istəmişəm. Ad çəkəndə də
inciyənlər olur - filankəsin adını çəkmisən,
mənim yox... Bəzən gözəl bir
şairi bəyənmirlər, haqqında hədyan
danışırlar. Sən onun hələ
bir misrasını yaz, sonra bəyənmə. Bir-birinin arxasınca danışan nə qədər
şair, yazıçı, tənqidçi var. Yanlarından
uzaqlaşmağa qorxursan ki, mənim də dalımca
danışarlar. Mən Rəsul Rzanı, Məmməd
Arazı görmüş adamam, Xəlil Rzayla yoldaşlıq
eləmişəm. İndiki uşaqlar da
Əlisəmidi görürlər. Adam gərək
öz yerini bilsin.
Qeybət eləyənlərin
çoxu yaza bilməyənlərdir. Birinin
ürəyi, o birinin beyni yoxdur. Üçüncüsünün
heç dalağı da yoxdur. Bir şair
dostumdan soruşuram ki, sən heç ekstaz vəziyyətinə
düşmüsən? Gördüm
çox diqqətlə baxır. Başa
sala bilmədim, sonra fikirləşdim heç lazım da deyil.
Şair də şeirini əzbər bilməz?
İki yüz, üç yüz şeir
yazıb, birini də əzbər bilmir. Nazim Hikmətdən,
o birilərdən, məndən bilir, özündən yox. İddiası da dağ boydadır.
- Şairlər çox vaxt bir
yaşdan sonra nəsrə keçirlər...
- Nəsr mənlik deyil, ona getmərəm.
Nəsr dəzgahdır, gecə-gündüz dəzgahın
üstündə durmalısan. Mən də
quş kimi adamam, burdan-ora uçuram. Ən
çətin janr dramaturgiyadır. Mənim
də bir pyesim var, onu mükəmməl şəkildə
ortaya çıxarmağa iddialıyam.
- "Yol" qəzetinin
redaktorluğundan gedəndən sonra heç yerdə işləməmisən.
20 il işsiz qalmaq çətin deyil?
- Bu yaxında bir rektor mənə dedi ki, gəl sənə iş verim. Getdim yanına, məlum oldu ki, dediyi işin 150 manat maaşı var. Mən də istəyirdim pensiyaya çıxana qədər babat maaşlı işim olsun ki, ömür vəfa eləsə, normal təqaüd ala bilim. Qismət olmadı, sağollaşıb çıxdım.
Ekspress.-2014.- 8-10
fevral.- S.21.