Əlillərin cəmiyyətə
inteqrasiyası
Bu sahədə
hansı problemlər var?
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
işıqlandırılması
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Sosial Müdafiəsi Baş İdarəsindən verilən məlumata görə, hazırda Azərbaycanda 450 mindən çox əlil yaşayır. Doğrudur, dövlət hər ay əlillik qruplarına uyğun olaraq, onlara pensiya və sosial müavinətlər verir. Ancaq sosial müavinətlərin həcmi aşağı olduğundan həmin vəsaitlə əlillər kommunal xidmətləri ödəməyə, müalicə olunmağa, hətta normal qidalanmağa belə çətinlik çəkirlər.
Məhz bu kimi səbəblərdən əlillərin cəmiyyətə inteqrasiyası ilə bağlı da ciddi problemlər yaranmaqdadır. Hazırda əlillərin əsas problemi təhsil ala bilməmək, işsizlik və mənzilsizlikdir. Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, dövlət müəssisələrində hər 50 işçidən biri güzəştli kateqoriyanın nümayəndələri, o cümlədən əlillər olmalıdırlar. Bəs buna nə dərəcədə əməl olunur? Əslində ən mühüm məsələlərdən biri də əlillərin əmək fəaliyyəti ilə təmin olunmasıdır. Onu da qeyd edək ki, bu sahədə ciddi uğurlara imza atan ölkələr də az deyil. Qeyd etdiyimiz kimi, Azərbaycan qanunvericiliyində də əlillərin əmək şəraitini yaxşılaşdırmaq üçün bir sıra müddəalar öz əksini tapıb. Məsələn, 25 iş yerindən biri mütləq əlil üçün nəzərdə tutulmalıdır. Hazırda Azərbaycanda bir çox sahibkarlar əlil olanları işə götürməkdə o qədər də maraqlı deyil. Bu kimi durum nəticə etibarilə də əlil olanların həm maddi, həm də psixoloji durumuna mənfi təsir göstərir. İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, Azərbaycanın dövlət qanunvericiliyində, qoşulduğu beynəlxalq konvensiyalarda göstərilir ki, dövlət işləmək qabiliyyəti olmayan, fiziki cəhətdən qüsurlu vətəndaşının da yaşamını təmin etməlidir.
Əlil insanlara diqqət, qayğı göstərmək hər birimizin borcudur. Əlillərin cəmiyyətə inteqrasiyasını təmin etmək, onların mövcud komplekslərindən qurtulmalarına nail olmaq, eyni zamanda problemlərini həll etmək sağlam insanların qarşısında duran ən mühüm məsələlərdən biri əslində əlillər haqqında olan qanun da bunu tələb edir.
Qeyd edək ki, konstitusiyada fiziki qüsurlu vətəndaşların hüquqlarını qoruyan maddələr çoxluq təşkil edir. Bu maddələrdə hər bir fiziki qüsurlu şəxsin reabilitasiya, sosial müdafiə, təhsil (xüsusi), məşğulluq, təhlükəsizlik, tibbi sığorta, psixoloji yardım və s. kimi hüquqları qorunur və təmin olunur. "Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunun 6-cı maddəsində əlilliyi olan insanların sosial müdafiəsini təmin edən dövlət orqanlarının siyahısı da göstərilib. Qanunun 7-ci maddəsində əlilliyi olan insanların sosial müdafiəsinə dair dövlət siyasətinin həyata keçirilməsində müəssisələrin, idarələrin iştirakı nəzərdə tutulub. Bundan əlavə, qanunda əlilliyi olan şəxslərə xüsusi güzəştlər nəzərdə tutulub. Hüquqşünas Mehman Muradlı əlilliyi olan şəxslərə xüsusi güzəştlərin həyata keçirilmədiyini deyir. Onun sözləriə görə, qanunun 24-cü maddəsində də onların əmək hüququnun həyata keçirilməsi qaydaları müəyyən edilib. Yaradıcılıq və istehsal qabiliyyətinin həyata keçirilməsi məqsədilə fərdi reabilitasiya proqramları nəzərə alınmaqla, onların adi iş şəraiti olan müəssisələrdə, idarələrdə və təşkilatlarda, əlilliyi olan şəxslərin əməyini tətbiq edən ixtisaslaşdırılmış müəssisələrdə, sexlərdə və sahələrdə işləmək, habelə sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməyən başqa fəaliyyət ilə məşğul olmaq hüququ təmin edilir.
Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov bildirir ki, Sovet dönəmində fiziki qüsurlular üçün, yəni anadangəlmə əlillər üçün xüsusi təhsil ocaqları və iş yerləri mövcud idi: "Təhsilini uyğun sahə üzrə bitirənlər müvafiq iş yerləri ilə təmin olunurdular. İndi isə bu sahə yararsiz haldadir. Dövlət proqramı isə tam halda həyata keçirilmir".
Əslində əlillərin işlə təmin olunması sadəcə dövlət idarələrinin deyil, eyni zamanda özəl şirkətlərin də ən mühüm vəzifəsi olmalıdır. Bu barədə ombudsman Elmira Süleymanova deyir: "Xarici ölkələrdə əlillər araba ilə rahat şəkildə çalışırlar. Bunun üçün uyğun ixtisas və peşələr də formalaşıb. Əgər hər iş adamı bir əlili işlə təmin etsə, bu sahədə irəliləyiş bir o qədər də artacaq. Həmçinin, onların cəmiyyətə inteqrasiyasi da sürətlənəcək".
Qeyd edək ki, əlillərin cəmiyyətə inteqrasiya olunması üçün dövlət proqramının olması da əsas şərtlərdən hesab olunur. Ancaq Dövlət Proqramı yerinə yetirilmir. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin fikrincə, Dövlət Proqramının yerinə yetirilməməsi müəyyən səbəblərlə bağlıdır: "Əsas səbəb məmurlar tərəfindən diqqətsizlik, bu işə barmaqarası baxmaq, vəzifə səlahiyyətini tam dərk etməmək və məmur keyfiyyətsizliyidir. Digər səbəb bu sahədə təcrübənin olmaması və əlillərin cəmiyyətdə bütün imkanlardan yararlanmasının nə qədər zəruri olmasının dərk olunmaması ilə bağlıdır. Bu işlərə sistemli yanaşmaq zəruri idi".
Xatırladaq ki, hazırda əlillərə verilən pensiyalar onların problemləri ilə müqayisədə çox aşağı səviyyədədir. Sosioloq Rafiq Təhməzov belə hesab edir ki, bunun əvəzində həmin əlilə cəmiyyətdə rahat işləmək, yaşamaq imkanı yaradılsa, daha yaxşı olar: "Bu siyasət fiziki cəhətdən qüsurlu insanı, həm də mənəvi tərəfdən kor qoyur. Ələbaxımlılıq psixologiyasına öyrəşən insan hansı mənəvi meyarlardan çıxış edə biləcək, 55 manatla bu gün ailə başçısı olan əlil insan hansı ehtiyacını ödəyə bilər?"
Əmək Hüquqları Müdafiəsi Liqasının sədri Sahib Məmmədov da hesab edir ki, əlillərə verilən pensiyalar onların ehtiyaclarına cavab vermir. Onun fikrincə, büdcədən vəsait ayrılır dedikdə, yalnız pensiyaların, sosial müavinətlərin verilməsi nəzərdə tutulmur: "Hazırda şəhərdə infrastruktur işləri gedir, amma bu işlər görülərkən fiziki cəhətdən qüsurlu insanlar nəzərə alınmır. Normal ölkələrdə isə praktika başqadır. Məsələn, Amerika qanunvericiliyinə görə, əlillər üçün normal şərait yaratmayan qurumlar büdcə yardımlarından məhrum olunurlar. Azərbaycanda bu gün dövlət qurumlarında müəyyən şərait yaradılsa da, özəl qurumlarda bu şərait yoxdur. Çünki özəl quruma bu lazım deyil, amma məhz dövlət vətəndaşının rahatlığını təmin etməkdə maraqlı olmalıdır".
Bəlkə də əllilərin cəmiyyətə inteqrasiya olunmasının tam olaraq həyata keçirilməməsinin başlıca səbəblərindən biri də cəmiyyətdəki anormal davranışlardan dolayı əlillərin əlilliklərini gizlətməyə çalışmasıdır. Hüquqşünas Elmar Süleymanov da fikrimizə şərikdir: "Sanki əlillər haqqında cəmiyyətdə bir fobiya formalaşıb. Onlar ya işə götürülmürlər, ya da işlədikləri müəssisələrdə əlilliklərini gizlətməyə çalışırlar".
E.Süleymanovun fikrincə, bu işləri görmək Azərbaycan hökumətinin borcudur. "Qanunvericiliyə görə, hər hansı infrastruktur dəyişikliyi zamanı əlillər mütləq nəzərə alınmalıdır. Dövlət büdcəsi bu işləri görməyə imkan verir. Bu gün ölkədə ciddi infrastruktur işləri gedir və hər işin başında əlillər üçün keçidlər, panduslar qoyulmalıdır. İş yerlərində əlillərə normal şəraitin yaradılmasına, infrastruktur işlərinə ayrılacaq rəqəm heç də böyük deyil. Sadəcə, bizdə əlillərə şərait yaradılması üçün ənənə yoxdur".
Onu da qeyd edək ki, Azərbaycan əlillik səviyyəsinə görə Müstəqil Dövlətlər Birliyi sırasında üçüncü yeri tutur. Ekspertlərin fikrincə, Azərbaycanın dövlət qanunvericiliyində, qoşulduğu beynəlxalq konvensiyalarda göstərilir ki, dövlət işləmək qabiliyyəti olmayan, fiziki cəhətdən qüsurlu vətəndaşının da yaşamını təmin etməlidir.
Qanunvericiliyə əsasən, əlillərin işlə təmin olunması müəyyən kvota ilə müəyyənləşir. İşçi sayından asılı olaraq, əlillər müəssisənin 4-5 faizini təşkil etməlidirlər. Yəni əgər müəssisədə işçilərin sayı 100 nəfərdirsə, onların 5 faizi əlil olmalıdır. Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ehsan Zahidov bu barədə danışarkən deyib: "Polis cinayətkarlara qarşı mübarizə aparır. Əlil adamlar necə aparar həmin mübarizəni? Qarabağ müharibəsində əlil olan əməkdaşlarımız olub. Yüzlərlə Azərbaycan polisi müharibədən sonra əlil olub. Azərbaycan polisinin yüzlərlə Qarabağ müharibəsi veteranı və əlili var. Hazırda onlar daxili işlər orqanlarında çalışmırlar. Cinayətkarlarla mübarizədə və Qarabağ müharibəsində sağlamlığını itirənlər var. Onlar bu gün sıralarımızda deyil, evlərindədirlər. Amma Daxili İşlər Nazirliyinin diqqəti və qayğısı ilə əhatə olunublar. Yəni işə gəlib-gedə bilmədikləri üçün sıralarımızda yoxdurlar".
Son olaraq qeyd edək ki, son bir neçə ildə Azərbaycan Milli QHT Forumu "Əlillərin və Sağlamlıq İmkanları Məhdud Olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların Cəmiyyətə İnteqrasiyası" adlı layihlər həyata keçirilir. QHT Formundan bildirildiyinə görə, layihələrin keçirilməsində məqsəd əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarını təmin olunmasına dəstək vermək, həmçinin onların ləyaqətinə hörmət edilməsini təmin etmək, eyni zamanda onların hüquqlarının qorunmasını təşkil etməkdir. Yeri gəlmişkən, layihə çərçivəsində Bakı şəhəri rayonlarının İcra Hakimiyyətlərində seminarlar keçirilib. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilir.
Rəşid
RƏŞAD
Ekspress.-2014.- 11 fevral.- S.9.