Əlil qadınlar hansı
problemlərlə üzləşirlər?
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən
qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin
işıqlandırılması
Azərbaycanda əlil qız və qadınların sayı çoxluq təşkil edir. Və bu qadınların əsas problemlərindən biri də məşğulluq problemidir. Ölkə qanunvericiliyində hər bir müəssisədə iş yerlərinin 4 faizinin fiziki qüsurlu insanlar üçün ayrılması göstərilsə də, təəssüflər olsun ki, çox vaxt qanunvericilik pozulur. Sahibkarlığın inkişaf etdiyi bir dövrdə, yeni-yeni iş yerlərinin açılmasına baxmayaraq, əlil insanların çalışmaq imkanları getdikcə azalmağa doğru gedir.
Qeyd edək ki, ali təhsilli, potensial imkanları yüksək səviyyədə olan yüzlərlə əlil qadın var. Belə qadınlar iş tapa bilmədikləri üçün sosial problemlərlə yanaşı, psixoloji sarsıntılar da keçirirlər. Əslində fiziki qüsurlu insanların işləyə biləcəyi çox sayda iş sahələri var. Əlilliyi olan qız və qadınların sosial problemlərinin aradan qaldırılması, cəmiyyətin diqqətinin bu qəbildən olan şəxslərin sosial vəziyyətlərinin ağırlığına yönəldilməsi üçün ölkənin müxtəlif bölgələrində bir sıra tədbirlər həyata keçirilib. Tədbirlərin keçirilməsində başlıca məqsəd, əlbəttə ki, mövcud durumun həlli yollarını aaxtarıb tapmaqdan ibarət olub.
Əslində əlil insanların işlə təmin olunması, eyni zamanda dövlətin yükünün bir qədər azaldılması deməkdir. Belə ki, dövlət hər il əlil insanların müalicəsi üçün müəyyən məbləğdə vəsait xərcləyir. Əgər əlil insanlar çalışarsa, o zaman öz müalicələrini məhz öz vəsaitləri hesabına həyata keçirərlər. Fiziki qüsurlu insanların iş tapmalarına, cəmiyyətə inteqrasiya olunmalarına, hamı kimi bərabər imkanlardan istifadə etmələrinə köməklik göstərmək dövlət və cəmiyyətin üzərinə düşən əsas vəzifələrdən biridir. Ekspertlərin fikrincə, fiziki qüsurlu insanların iri şəhərlərdə sərbəst hərəkət etməsi üçün uyğun şəraitin yaradılmaması əlillərin cəmiyyətə inteqrasiyasını çətinləşdirir. Problemli məqamlardan biri də odur ki, hazırda ölkəmizdə tikilən yeni məktəblərdə əlil insanlar üçün xüsusi keçidlər yoxdur. Qapıların ensiz olması səbəbindən əlil arabalarının keçə bilməsi üçün şərait yoxdur. Bundan başqa, fiziki qüsurlu insanların seçkilərdə iştirak etməsi də hələ ki, problem olaraq qalır. Yəni, səsvermə qutusu əlil insanın evinə gətirilərsə, o səs verə bilir, əks halda səsvermə hüququndan istifadə edə bilmir.
"Əlil
Qadınlar" Cəmiyyətinin sədri Məhluqə Rəhimovanın
fikrincə, əlillik cəmiyyəti narahat edən məsələlərdən
biri olmalıdır. Təəssüf ki, hazırda cəmiyyətimizin
əlil insanlara münasibətdə həssaslığı
hiss olunmur. Bəzən cəmiyyət əlil insanlara
qarşı ögey münasibət bəsləyir: "Fiziki
qüsurlu insanlara yazıq, bacarıqsız, köməksiz
kimi baxmaq lazım deyil, lazım gələrsə, onlara
kömək etmək lazımdır. Biz fiziki cəhətdən
qüsurlu olan qadınların hamı kimi cəmiyyətdə
bərabər imkanlardan istifadə etmələrini istəyirik.
Çalışmalıyıq
ki, onlar da özlərini digər normal insanlar kimi hiss etsinlər.
Bunun üçünsə psixoloji yardım mərkəzlərinin
yaradılmasına ehtiyac var. Bu, əlil insanların qapalı
bir vəziyyətdən çıxmalarına yardım edər".
M.Rəhimova belə
mərkəzlərin bölgələrdə
yaradılmasını vacib hesab edir, eyni zamanda əlil
uşağı olan valideynlərə psixoloji yardım
göstərilməsinə də ehtiyac olduğunu
vurğulayır. "Əslində elə
insanlar var ki, fiziki qüsuru olan uşaqlarını cəmiyyət
içərisinə çıxarmırlar və onların
özlərinə də psixoloji yardım göstərmək
lazımdır, eyni zamanda başa salmaq lazımdır ki, fiziki
qüsuru olanlar da insandırlar, onları cəmiyyətdən
təcrid etmək olmaz.
Nə olur-olsun, əsas
vəzifə əsasən cəmiyyətin üzərinə
düşür. Məsələn, cəmiyyət
arasında elə şərait yaradılmalıdır ki,
fiziki qüsurlu insanlar digər insanlar arasında
özünü narahat hiss etməsin. Əslində
fiziki məhdudiyyət əlil insan üçün o qədər
də ciddi xarakter daşımır, belə insanlara sadəcə
dəstək vermək lazımdır. Dünyanın
bir çox tanınmış simaları var ki, onlar fiziki cəhətdən
qüsurlu olub. Məsələn,
ABŞ-ın 26-cı prezidenti Teodor Ruzvelt, musiqi dahisi Bethoven də
fiziki cəhətdən qüsurlu olub. Bu
faktları sadalamaqda məqsədimiz odur ki, fiziki qüsurlu
insanlar adi insanlardan ağıllarına, savadlarına və
dünya görüşlərinə görə heç də
geri qalmırlar. Sadəcə şərait,
bərabər imkanlar yaratmaq lazımdır ki, onlar cəmiyyətdə
öz layiqli yerlərini tuta bilsinlər".
Hazırda əlil qadınların
sosial, tibbi, təhsil və digər problemlərinin
oldluğunu deyən Rəhimova "Reytinq"ə bildirib ki,
dövlət tərəfindən bu kateqoriyadan olan insanlara pulsuz
səhiyyə xidmətləri göstərilsə də, yerlərdə
süründürməçilik, laqeydlik, ögey münasibətlər
var və əlillərimiz bunlardan əziyyət çəkirlər.
"Bundan əlavə, əlil qadınların
məşğulluqla bağlı da problemləri mövcuddur və
işlə təmin oluna bilmirlər. Belə
olduqda isə ailədaxili problemlər ortaya
çıxır".
M.Rəhimova onu da
bildirib ki, əlillərin işlə təmin olunmasına
kvota qoyulub. Belə ki, hər bir müəssisədə
iş-ləyən 25 nəfərdən birinin əlil
olması mütləqdir. İstənilən iş yerində
əlilliyi olan ən azından bir insan
çalışmalıdır: "Hazırda Əmək və
Əhalinin Sosial Müdafiə Fondu işəgötürənlərin
əlillərə iş yeri ayırmadığına görə
cərimə metodları müəyyənləşdirib. Təəssüf ki, bu gün cərimənin məbləği
azdır - 30-40 manat. Yaxşı olardı
ki, işəgötürənin gəliri nə qədərdirsə,
onun qarşılığında cərimə ödəsin.
Bundan başqa, əlillər işə qəbul
zamanı da ciddi problemlərlə üzləşirlər.
Çünki onların sənədlərində
əmək qabiliyyətinin olmaması göstərilir. Əslində, bu tendensiya sovetlər dönəmindən
bizə qalan bürokratik əngəldir. Biz
bununla bağlı Milli Məclisə məktub göndərdik
ki, əlillərin sənədlərində əmək
qabiliyyətinin olmaması ilə bağlı müddəa
götürülsün. Əgər bu
müddəa bir qism əlilin üzərindən
götürülərsə, onların məşğulluq
probleminin həllinə yardımçı olar. Dəyirmi masalarda, görüşlərdə, gələn
müraciətlərdə ən çox qeyd olunan məsələ
budur ki, əmək qabiliyyətinin olmaması müddəasına
görə əlilləri işə götürmürlər.
Həm də məhz qadın olduğuna görə
xanımlarımız arxa plana keçirilirlər. Halbuki
əlil qadınlarımızın əksəriyyəti
işləyə, öz problemlərini həll etmək
imkanına malik ola bilərlər".
Rəhimovanın fikrincə,
reabilitasiya mərkəzlərində əlil qadınlara
özəl münasibət göstərilmir və əlilliyi
olan qadınlar digər əlilliyi olan insanlarla bərabər
tutulur: "Biz çox istərdik ki, əlilliyi olan
qadınlara həm cəmiyyətdə, həm də ailədə
fərqli bir münasibətin formalaşması
üçün müəyyən addımlar atılsın. Məsələn, əlilliyi olan qadınların ailələrinə
köməkçilərin, sosial işçilərin verilməsi
çox gözəl bir addım olardı. Planlaşdırırıq ki, bununla bağlı həm
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə,
həm də Milli Məclisə təkliflər paketi təqdim
edək. Bizim layihələr hər zaman
uğurlu olur. Yerli təşkilatlarımız
işləyir, problemləri araşdırır. Biz bu layihə çərçivəsində 121 nəfərin
problemini həll elədik. Bölgələrdə
rastlaşlığımız hər bir problemlə
bağlı nazirliyə müraciət elədik,
hamısının həllinə köməklik göstərdilər.
Bundan əlavə, nə qədər
insanları müalicəyə gətirdik, əlil
arabaları, kastellərlə təmin elədik, sosial
yardım düşən insanların sənədlərini
hazırlamağa köməklik göstərdik, həmin
müavinəti almağa şərait yaratdıq. Hətta bəzi əlliliyi olanlara torpaqla
bağlı problemlərinin həllində
yardımçı olduq".
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin əlillərin problemlərinin həlli
istiqamətində həyata keçirdiyi tədbirləri
yüksək qiymətləndirən M.Rəhimova qeyd edib ki,
problemlər, çatışmazlıqlar çox olsa da,
görülən işlər qənaətbəxşdir:
"Azərbaycanda əlillərə qarşı olan müsbət
münasibət bəlkə də dünyanın heç bir
yerində yoxdur. Onlara ev və avtomobil
verirlər, ortopedik cihazlarla təmin edirlər. Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu istiqamətdə
xeyli iş görür. Prezdientin sərəncamı
ilə əlilliyi olan uşaqlara 2 milyon manat pul ayrılıb.
Təbii ki, problemlər də var. Hesab edirəm
ki, yaxın gələcəkdə Azərbaycanda əlillik sahəsində
sıçrayış olacaq, bu gün mövcud olan problemlərin
hamısı öz həllini tapacaq. Yeri gəlmişkən,
həm mətbuatın, həm də aidiyyatı dövlət
qurumlarının bizim zəhmətimizi qiymətləndirməsi,
işıqlandırması bizə əlavə stimul verir.
Həm Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, həm də digər dövlət
qurumları ilə əməkdaşlığımız,
onların bizə verdiyi dəstək ümumi işə daha
da təkan verir".
Sosioloq Rafiq Təmrəzovun
fikrincə, əlil vətəndaşların cəmiyyətə
tam inteqrasiyası üçün onların həm müavinət,
həm də işsizlik problemi həllini tapmalıdır.
Məsələn, hazırda Azərbaycanda əlillərə
verilən pensiyalar onların problemləri ilə müqayisədə
çox az məbləğdir: "Belə
hesab edirəm ki, bunun əvəzində həmin əlilə
cəmiyyətdə rahat işləmək, yaşamaq
imkanı yaradılsa, daha yaxşı olardı. Amma bu siyasət fiziki cəhətdən qüsurlu
insanı həm də mənəvi tərəfdən kor
qoyur. Ələbaxım psixologiyasına
öyrəşmiş bir insan hansı mənəvi meyarlardan
çıxış edə bilər? Əlil
uşaqların hüquqları digər əlillik
kateqoriyasına aid olan insanlara nisbətən daha çox
pozulur".
Dövlət
Statistika Komitəsindən verilən rəsmi məlumata
görə, hazırda Azərbaycanda 20 mindən artıq əlil
uşaq var. Ancaq real rəqəmlər bundan çoxdur. Bu onunla əlaqədardır ki, heç də
bütün əlil uşaqlar dövlət qeydiyyatından
keçməyib. Bəzi valideynlər
dost-tanışdan utandıqlarından öz
uşaqlarını əlil kimi qeydiyyatdan keçirmək istəmirlər.
Buna görə də əlil uşaqların
sayının verilən rəqəmdən daha çox
olduğu güman edilir.
Problemsiz insan yoxdur,
ancaq əlil insanların problemi daha çoxdur. Çünki sağlıq problemi olanın digər
problemləri düşünməyə heç vaxtı
olmaz. Buna görə də fiziki
baxımdan qüsurlu insanlara yardım etmək
üçün sadəcə dövlətin görəcəyi
işləri gözləməməli, eyni zamanda bizlər də
cəmiyyətin üzvü olaraq üzərimizə
düşən vəzifənin öhdəsindən layiqincə
gəlməyi bacarmalıyıq.
Rəşid RƏŞAD
Ekspress.-2014.- 15-17 fevral.- S.10.