Zeytun: min bir dərdin
dərmanı
Zeytun bitkisinin 20 növü var və əsasən Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında bitir. Hazırda zeytun sənaye əhəmiyyətli bitki kimi Qara dəniz sahillərində, Krımda, Gürcüstanda, qonşu Türkiyədə geniş yayılıb, becərilir.
Zeytun adətən may-iyun aylarında çiçək açar, meyvələri isə oktyabr-noyabr aylarında yetişir. Ancaq hər ağac bitdiyi torpaqda daha yaxşı inkişaf edir. Bu baxımdan məlumat verək ki, zeytun dünyanın subtropik ölkələrində çox qədimdən becərilən qiymətli bitki olaraq qalır. İlk dəfə eramızdan 2500 il əvvəl qədim misirlilər tərəfindən becərilib. Zeytunun meyvələrindən və yağından bir sıra xəstəliklərə qarşı (revmatizm, yanıq, göz xəstəlikləri və s.), həmçinin yeyinti məhsulu, xoş dadlı və ətirli ədviyyat kimi istifadə edilir.
Meyvələrinin lət hissəsində 70%-ə qədər, toxumunda isə 25-30% əla keyfiyyətli piyli yağ var. Və tasadüfi deyil ki, həmin yağdan yeyinti sənayesində, eyni zamanda təbabətdə geniş istifadə olunur.
Bütün
dünyada məşhur olan
zeytun, nəhayət, Azərbaycanımızda
da son 25-30 ildə geniş şəkildə becərilməyə
başlanıb. Xüsusilə zeytunun Abşeronda becərilməsi gözlənildiyindən
daha yaxşı nəticə verir. Misal olaraq
Zığ qəsəbəsində salınmış zeytun plantasiyasını göstərmək olar.
Hələ 40 il öncəyə nəzər salsaq o zaman görərik ki, ölkəmizdə zeytunun nə qədər qiymətli bitki olduğundan xəbərsizdik. Səbəb isə odur ki, o vaxtlar Abşeronda zeytun ağacları az idi və az ağaclarla çox məhsul yetişdirərək onu tanıtmaq çətin idi. İllər keçdi, dövr dəyişdi və bu dəyişiklik yaxşı mənada həyatımıza sirayət etdi. Zeytundan xəbərsiz olan bizlər hazırda onun necə müalicə əhəmiyyətli olduğunu bilir və qida rasionumuza daxil etmişik. Əgər söhbət zeytunun sağlamlığa olan təsiri üzərində qurulursa, onda ilk öncə onun istifadə qaydalarına nəzər salmalıyıq.
Zeytunun meyvələrini iki mərhələdə - yetişmiş və tam yetişməmiş - yığırlar. Zeytunun tam yetişməmiş vaxt yığılan meyvələrindən yeyinti sanayesində konserv məmulatı hazırlanır. Yetişmiş vaxtında dərilən meyvələr isə duza qoyulur. Bu da o deməkdir ki, zeytunun tam yetişmiş meyvələrindən tibbi məqsəd üçün geniş istifadə olunur. Məsələn, yetişmiş meyvələrdən alınan yağla bir sıra dərman preparatlarının-xüsusən yanıq məlhəmlərinin və iynə dərmanlarının tərkibində yara sağaldan, iltihabı aradan qaldıran və ağrıkəsən dərman kimi geniş istifadə edilir. Eyni zamanda, zeytunun meyvələrindən yeyinti sənayesində qiymətli qida məhsulları hazırlamaq üçün də istifadə olunur.
Tibb inkişaf etdikcə, sanki müalicəvi əhəmiyyəti olan bitkilərin sağlamlığa olan müsbət tərəflərinin axtarışı da genişləndi və yeni-yeni əlavələr olundu. Məsələn, artıq zeytun ağacının yarpaqlarından ürək-damar sistemi xəstəliklərinin müalicəsində də istifadə olunur.
Xatırladaq ki, bir neçə il öncəyə qədər Abşeronda sadəcə 3 min
hektar sahədə zeytun
əkilirdi. Halbuki o vaxta qədər dünya
ölkələrində milyonlarla hektar sahədə bu qiymətli
bitki becərilirdi. Məsələn, İspaniya, İtaliyada 2 milyon hektar, Türkiyədə
1 milyon hektardan çox zeytun əkilən
sahələr var. Ancaq
hazırda Abşeronda geniş
ərazilərdə zeytun becərilir.
Qeyd edək ki, zeytundan alınan yağ qida yağları içərisində ən faydalısıdır. Təsadüfi deyil ki, Azərbaycanda yetişdirilən zeytunun Aralıq dənizi sahillərində bitən zeytundan fərqləndirən xüsusiyyət ondan ibarətdir ki, məhsullarımızın yağlılığı çoxdur, hətta yüksək səviyyədədir.
Tibb üzrə ekspert Adil Qeybullanın fikrincə, bitki yağları içərisində ən yüksək keyfiyyətə malik olan yağlardan biri də zeytundur: "Onun 1000 qramında 930 kalori var. Zeytun yağını orqanizm asanlıqla həzm edir, maddələr mübadiləsini sürətləndirir, ateresklerozun inkişafını zəiflədir. Bu xüsusiyyətinə görə zeytun yağından təbabətdə də geniş istifadə olunur. Zeytunun tərkibindəki mineral duzlar onun əhəmiyyətini daha da artırır. Kal vaxtı yığılan zeytundan konserv məmulatları hazırlanır, yetişən zeytunlardan yağ turşusu alınır".
Əgər Azərbaycanda zeytun bağlarının sahəsi təxminən 1,5 min hektar civarındadırsa, bu, İspaniyada 2 milyon, Türkiyədə isə 1 milyon hektardan çoxdur. Xaricdən Azərbaycana idxal olunan zeytun yağlarının tərkibinə ucuz palma, yaxud pambıq yağları qatılır. Mütəxəssislər qoxu və dadına baxmaqla yağın keyfiyyətini müəyyən edə bilirlər. Mənfi 6 dərəcə temperaturda donan həqiqi zeytun yağları bu zaman qatqılardan ayrılır. Yəni yağda donmayan hissələr qalıbsa, deməli, ona qatqılar əlavə olunub. Əsl zeytun yağına su əlavə etdikdə yağ suyun üzünə çıxacaq. Əgər yağ su ilə qarışırsa, onda qatqıların olduğunu düşünmək olar.
Zeytun
digər yağ növlərinə görə
insan orqanizminə daha
yaxşı təsir göstərir. Zeytunun
saçlara və dəriyə olan müsbət təsirləri artıq
hamıya məlumdur. Saçı tökülən, dəri quruluğundan əziyyət çəkən,
mədə-bağırsaq problemləri olan
hər kəs zeytundan istifadə edir və onun müsbət
təsirini hiss edir.
Sadəcə olaraq zeytun
yağından doğru istifadə etmək
tələb olunur.
Zeytun yağının dəriyə faydalarını təmin edən içərisində saxladığı yağ turşularıdır. Həmin turşular sayəsində dəri nəmli olur, eyni zamanda müqavimətini qoruyaraq elastik bir şəkil alır. Məhz bu səbəbdən yeməklərdə zeytun yağından istifadə olunması, sağlamlıq, gözəllik üçün çox önəmlidir.
Onu da qeyd edək ki, zeytun yağı qandakı xolesterol səviyyəsini qaldırmır, əksinə onu nəzarətdə saxlayır. Eyni zamanda, zeytun yağının tərkibində bədən üçün zəruri olan Omeqa-6 yağ turşusu var. Dünya Səhiyyə Təşkilatları məhz bu səbəbdən damar kirəcləşməsi, şəkər xəstəliyi faizinin çox olduğu cəmiyyətlərdə istifadə edilən yağlardakı yağ turşusunun ən az 30 faizinin Omeqa-6 yağ turşusu olmasını tövsiyə edir. Təbii ki, bu da zeytunun dəyərini yüksək səviyyədə artırır. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, 1 həftə boyunca hər gün 25 millilitr (təxminən 2 xörək qaşığı) təbii zeytun yağı qəbul edən insanların daha az LDL (pis xolesterol) və daha yuxarı antioksidan səviyyələri göstərdiyini təsdiqləyib. 145 Antioksidanlar bədənimizdəki "sərbəst radikallar" adlı zərərli maddələrin zərərsizləşdirilməsi və hüceyrəyə zərər verilməsinin qarşısının alınması baxımından çox zəruridir. Zeytun yağından istifadənin xolesterolun səviyyəsini aşağı salması və ürək xəstəliklərinin qarşısını alması bir çox araşdırmalarla da təsdiq edilib. Zeytun yağı qanda dövr edən LDL adlı zərərli xolesterolun səviyyəsini aşağı saldığı, HDL adlı faydalı xolesterol səviyyəsini isə yüksəltdiyi üçün ürək və qan-damar xəstələrinə dərman kimi tövsiyə edilir. Ürək-damar xəstəliklərinə çox rast gəlinən ölkələrdə əksərən yüksək xolesterol səviyyəsinə malik doymuş yağlar işlədilir. Bununla yanaşı, zeytun yağı bədəndəki Omeqa-6 yağ turşusunun omeqa-3 yağ turşusuna nisbətini də pozur. Omeqa-3 və Omeqa-6 yağ turşularının müəyyən səviyyədə qəbul edilməsi çox vacibdir. Məhz buna görə də bir çox insanlar zeytun yağı ilə şəfa tapırlar. Amerika Ürək Cəmiyyəti ürək xəstəliyi riskini azaltmaq üçün doymamış yağ pəhrizinin 30 faiz az yağlı pəhrizə alternativ ola biləcəyini bildirir.
"The Archives of İnternal Medicine" jurnalında dərc olunan bir tədqiqat əsəri yüksək nisbətdə doymamış yağ istifadə edən qadınların döş xərçənginə düçar olması riskinin az olduğunu göstərib. Nyu-Yorkda Buffalo Universiteti tədqiqatçılarının apardığı başqa bir çalışmada isə bitki yağlarından biri kimi zeytun yağının B-sitosterolun prostat xərçəng hüceyrələrinin yaranmasının qarşısını almaqda kömək etdiyi bildirilir. Tədqiqatçılar B-sitosterolun hüceyrələrin bölünməməsi əmrini verən hüceyrədaxili xəbərləşmə sistemini gücləndirdiyi, bununla da hüceyrə böyüməsi nəzarətdən çıxmadan xərçəngin qarşısının alına biləcəyi nəticəsinə gəliblər. Oksford Universitetinin həkimləri tərəfindən aparılan sonuncu araşdırmada da zeytun yağının bağırsaq xərçənginə qarşı qoruyucu xüsusiyyətə malik olduğu aşkar edilib. Həkimlər zeytun yağının bağırsaq xərçənginin başlamasının qarşısını almaq üçün mədədəki turşu ilə reaksiyaya girdiyini kəşf ediblər. Oksford tədqiqatçıları zeytun yağının öd turşusu miqdarını azaldaraq və DAO (tiamin oksidaz adlı ferment) səviyyəsini yüksəldərək anormal hüceyrə artımına və xərçəngə qarşı qoruyucu olduğunu da üzə çıxarıb.
Zeytun ləzzətli olması ilə bərabər eyni zamanda hər dərdə dərman hesab olunur ki, bunu yazmaqla bitməz. Sadəcə, bəzi məqamları diqqətinizə çatdırırıq. Zeytun yağı astmaya da yaxşı təsir edir, bədəni nəmləndirir, yaraları yaxşılaşdırır. Yabanı zeytun, qızartı, üzdəki ləkələr və oxşar yara və yanıq şişlərinə yaxşı təsir edir. Yandırılan budaqlarından süzülən maye qoturluq və digər dəri yaralarını müalicə edir. Zeytun yağının tortası, xüsusilə yarpağı ilə birlikdə istifadə edilsə, yanıq şişlərini sağaldır. Qeyd edək ki, yabanı zeytunun yağı, iltihablı yaraları və quru yaraları, qaşın qaşınmasını aradan götürür. Yabanı zeytunun yarpaqları, iltihablı yaralara, qaşıntı və qıcolmaya xeyirlidir. Xam zeytunyağı tortası, qoturluq yaralarında, dəri pozğunqluqlarında sağlam görünüş qazandırır, hətta digər faktorlardan yaranan dəri sıyrıq və problemlərini müalicə edir. Zeytunyağı, isti suyla içilsə, zəhərin zərərli təsirini aradan qaldırır. Eyni zamanda, zeytun yarpağı, qora suyu ilə bişirilib, qaynadılır, bal şəklini alana qədər bu əməliyyat davam etdirilir. Əldə olunmuş tərkib çürük dişlərə tətbiq edilsə, çürük diş yerindən sökülüb çıxır. Yabanı zeytunun yağı, gül yağı ilə baş ağrısının müalicəsində eyni təsiri göstərir. Yabanı zeytunnun tərkibindəki su həb şəklində qurudularaq saxlanır və qulaq iltihabının müalicəsi üçün istifadə edilir. Yabanı zeytunun yarpaqları, diş əti şişi və qanamalarına yaxşı təsir edir. Duza qoyulmuş zeytunun suyu, oturaq sinirlərin iltihabı xəstəliyində tətbiq olunur, sinir ağrılara da bunu tətbiq etmək yaxşı nəticə verir. Köhnə zeytunyağını gözə damızdırdıqda, göz zəifliyinə müsbət təsir edir. Zeytun yağı tortası göz dərmanları sırasına daxildir. Zeytun yarpaqları öz suyu, buynuz təbəqəsi yaralarına və göz soyuqdəyməsinə xeyirlidir və s.
Göründüyü kimi zeytun az qala min dərdə dərman hesab olunan bitkilər sırasında özünə yer tutub.
Ulduzə QARAQIZI
Ekspress.-2014.- 15-17
fevral.- S.18.