Unudulmaz Avşarov
Kiçik rolları böyüdən
ustad aktyor
Muxtar Avşarov-100
Görkəmli sənətkarımız Muxtar
Avşarov (1914-2004) haqqında
yazmaq, onun 90 ilik ömür səhifəsini yenidən
vərəqləmək şəxsən
mənim üçün
böyük qürur hissidir.
O mənim üçün bir canlı əfsanə idi: Muxtar müəllimlə dəfələrlə sənət barəsində fikir mübadiləsi aparmaq, ən önəmlisi, gözəl aktyorun halal süfrəsində oturub onunla duz-çörək kəsmək mənə qismət olub. Vaxtilə "Ekspress" qəzetində gedən, az qala bütün Azərbaycan filmlərinin pərdə arxasına işıq tutan kino layihəsinin araya-ərsəyə gəlməsində də Muxtar Avşarovun böyük rolu olmuşdu.
İrəvandan
Gəncəyə...
10 il öncə dünyasını dəyişən Muxtar Avşarov ağır, amma şərəfli həyat yolu keçmişdi. 1914-cü il fevralın 15-də İrəvan şəhərində dünyaya göz açan Muxtar Avşarov 4 yaşında erməni vəhşiliyinin şahidi olmuşdu. Kiçik Muxtar ermənilərin soyqırım siyasəti nəticəsində qohum-qardaşlarını itirən yüzlərlə soydaşlarımızdan biri idi. 4 yaşında belə bir dəhşətləri yaşamaq onu uşaq dünyasından tez ayırdı. Sağ qalan ailə üzvləri ilə birgə baş götürüb Türkiyəyə pənah aparan Avşarovlar ailəsi bir müddət sonra Gəncə şəhərində məskunlaşırlar.
Muxtar müəllim deyərdi ki, Gəncə onun aktyor kimi yetişməsində bünövrə rolunu oynayıb. Bakıda dəmir yolu məktəbini bitirdikdən sonra 1933-cü ildə Gəncəyə qayıdıb maşinist köməkçisi işləyən Muxtar artıq həyatını teatra bağlamaqla bağlı qərarını vermişdi.
Gənc yaşlarında sənətdə ilk addımlarını atdığı illərdə Cəlil Məmədquluzadə və Hüseyn Cavid kimi dahilərlə görüşdüyü üçün, Ülvi Rəcəb kimi nəhənglə bir səhnəni paylaşdığı üçün özünü şanslı sayırdı. Muxtar Avşarov həmin ustadlarının yolunu seçmişdi və həyatın onu hansı çətinliklərlə, fırtınalarla qarşılaşdıracağından xəbərsiz sənət yolunda addımlayırdı...
Səhnədən
həbsxanaya...
Gənc Muxtarın xəbəri olmadan onun haqqında donoslar, "ittiham" materialları toplanırdı. Əslində, o dövrdə "NKVD" və ya Xalq Daxili İşlər Komissarlığının əməkdaşı üçün Muxtar Avşarov əleyhinə material yığmaq elə də çətin deyildi. Məsələn, Gəncənin "Kirovabad" adlandırılmasına etiraz edənlər arasında bizim qəhrəmanımız da var idi. Və yaxud gənc Muxtar Gəncə Dövlət Dram Teatrına Lavrenti Beriyanın adının verilməsinə etiraz etmişdi.
Onun
"Mən Beriyanın düşməni deyiləm, lakin onun Gəncə
Teatrı ilə nə əlaqəsi?" sözləri dərhal
yuxarılara çatdırılmışdı. Və aktyorun həbsinə qərar verilmişdi.
Taleyin ironiyasına bax ki, Muxtarov həmin gün səhnədə "KQB"nin qurucusu Feliks Dzerjinski obrazını canlandırırdı. Onu nələrin gözlədiyindən xəbərsiz rolunu oynayırdı. NKVD-dən gələn bir neçə nəfərsə Gəncə Teatrının direktorunun otağında tamaşanın bitməsini gözləyirdilər...
Aktyoru səhnədə, tamaşaçıların gözləri qarşısından deyil, daha sonra həbs etməyi daha məqsədəuyğun saymışdılar. Tamaşa bitir, "dəmir Feliks" rolunu oynayan Muxtarı direktorun otağına çağırır və aparırlar...
Muxtar Avşarov həyatının 6 ilini sevdiyi səhnədən çox-çox uzaqlarda - barmaqlıqlar arxasında, soyuq divarlar arasında keçirməli olur. Şübhəsiz ki, soyuq həbsxana günlərini aktyor yenidən səhnəyə qayıdacağı xəyalları ilə qızdırırdı.
Lakin həbsxanadakı məşəqqətli həyatdan sonra Muxtar Avşarovu doğma teatrına buraxmadılar. İllər uzunu səhnədən uzaq qalan, ailəsini dolandırmaq üçün ən çətin işlərə baş vuran aktyor səhnəni heç cürə unuda bilmirdi. Və bir gün bu səbrinə görə mükafatını alır - Gəncə Teatrının rəhbərliyi aktyorun yenidən teatra qayıtmasına şərait yaradır.
Aktyor səhnəyə dönüşündən sonra yeni-yeni tamaşalarda yaddaqalan obrazlar yaradır, Gəncə Teatrında 100-dən artıq tamaşada öz sözünü deyir.
Gəncədən
Bakıya...
Gəncə Teatrında püxtələşən, nüfuz qazanan Muxtar Avşarov paytaxtın teatr ictimaiyyətinin də diqqətini cəlb etməyə başlamışdı. Amma Bakıya gec dəvət olunur. 1968-ci ildə Akademik Milli Dram Teatrının səhnəsinə çıxanda Muxtar Avşarovun yaşı artıq 50-ni keçmişdi. 54 yaşda yaşadığın şəhəri, doğma teatrı tərk etmək asan iş deyildi, amma aktyor bir çox səbəblərdən buna məcbur idi.
"Azərbaycanfilm" kinostudiyasından gələn təkliflər getdikcə artırdı. Digər tərəfdən, elə bir teatrdan dəvət almışdı ki, imtina etmək mümkün deyildi. Akademik Milli Dram Teatrı və ya Azdrama ölkənin əsas teatr məbədi idi, səhnəsindən milli teatrın korifeylərinin keçdiyi bu teatr hər bir sənətkarı, xüsusilə də əyalət teatrının aktyorunu maqnit kimi özünə cəzb etməyə bilməzdi.
Azdramadan
dramatik gediş
Çətinliklərə, əngəllərə baxmayaraq aktyor Akademik Milli Dram Teatrının səhnəsində uzun illər çalışdı. Əslində, ömrünün sonuna qədər oradan uzaqlaşmazdı, ancaq 1989-cu ildə teatrın o dövrdəki rəhbərliyin təkidi ilə Azdramadan getməli olur.
Gedən
yalnız Muxtar Avşarov
deyildi, Mirvari Novruzova, Məhluqə Sadıqova, Sofa Bədirzadə kimi sənətkarlar
da illərini verdikləri teatrdan
zorla uzaqlaşdırıldılar. Bu gözəl sənətkarlarla bağlı
"qovuldular" kəlməsini işlətmək
istəmirəm, amma fakt
budur ki, "böyük səhnə"ni onların
üzünə bağladılar. Və bunun
üçün ürəkqırıcı
bir səbəb göstərdilər:
yaşları keçibmiş...
Dünyanın heç bir teatrında aktyorun yaşı yada düşmür, hər halda "yaşlı sənətkar" sözü qədər abdal və absurd bir ifadə yoxdur. Dünya teatr tarixində canlarını səhnədə tapşıran "yaşlı sənətkarlar" da az olmayıblar...
Azdramadan belə qəfil və "dramatik" gediş təbii ki, sənətkarı incitmişdi. Baxmayaraq ki, Muxtar Avşarovu sənətkar kimi yetişdirən əslində həyatda və sənətdə qarşılaşdığı haqsızlıqlardı. Bunlar onu ruhdan salmır, əksinə əzmkarlığını artırırdı. Heç vaxt gileylənməzdi, hətta qarşılaşdığı ədalətsizlikləri belə dilə gətirməzdi, görənlər, şahid olanlar deyirlər ki, aktyor sadəcə sənəti ilə yaşayır, yalnız bu barədə düşünürdü. Məhz bu sənət sevgisi qocaman sənətkarı teatrdan uzağa getməyə qoymur və vaxtilə Azdramada tərəfmüqabili olduğu Amaliya Pənahovanın yaratdığı Bakı Bələdiyyə Teatrının səhnəsinə gətirir.
Gəncə Teatrında 1960-cı ildə əməkdar artist adını alan Muxtar Avşarov 42 il sonra - məhz Amaliya xanımın teatrında 2002-ci ilin dekabrında xalq artisti fəxri adına layiq görülür.
İki il sonra - 2004-cü ilin soyuq bir qış günü milli teatrımızın son korifeylərindən olan xalq artisti Muxtar Avşarov əbədi olaraq gözlərini bu fani dünyaya yumur...
Avşarov
filmlərdə
Muxtar Avşarov "Azərbaycanfilm"in çəkdiyi bir çox filmlərdə yaddaqalan obrazlar yaratmışdı. Əksər rolları epizodik olsa da, aktyor kiçik rolu cilalayaraq onu unudulmaz etməyi bacarırdı.
Aktyorun kinodakı fəaliyyəti 40 illik bir dövrü əhatə edirdi. Muxtar Avşarov kinoya gec - 41 yaşında gəlmişdi, amma 90 yaşınadək filmlərə çəkilmişdi.
Avşarovun filmləri: "Yenilməz batalyon" (1965), "Dəli Kür" (1969), "Sevil" (1970), Yoxlanılmış, inanılmış..."(1971), "Ulduzlar sönmür" (1971), "Gün keçdi" (1971), "Axırıncı aşırım" (1971), "Gilas ağacı" (1972), "Xatirələr sahili" (1972), "Qatır Məmməd" (1974), "Tütək səsi" (1975), "Sarıköynəklə Valehin Nağılı" , "Yollar görüşəndə"... (1979), "Ad günü" (1977) , "Arxadan vurulan zərbə" (1977), "Babamızın babasının babası" (1981), "Birisigün, gecəyarısı" (1981), "Cin mikrorayonda" (1985), "Qanlı zəmi" (1985), "Qızıl uçurum" (1980), "Etiraf" (1992), "Gözlə məni"(1980), "Qara gölün cəngavərləri"(film, 1984), Qanlı zəmi (film, 1985), "Qəm pəncərəsi" (1986), "Kişi sözü" (1987), "İşarəni dənizdən gözləyin" (1986), "Qəm pəncərəsi" ( 1986), "Qətl günü" (1990), "Hacı Qara" (2002), "Güllələnmə təxirə salınır"(2003) və s.
Əslində aktyoru yaşadan elə kino idi, onun kino xatirələri bitib-tükənməzdi. Aktyor bəlkə kinorejissorların hər biri ilə çəkilişdə olub, ancaq onun yaddaşında ən dərin iz buraxan Hüseyn Seyidzadə idi.
Muxtar müəllimin xatirələrindən: "Hüseyn Seyidzadə ilə olan tanışlığım 1931-1932-ci illərə təsadüf edir. Bilet növbəsinə dayanarkən bir-birimizi görmüş və tanış olmuşduq. 1960-cı il idi, Gəncə teatrında çalışırdım. Bir gün mənə dedilər ki, səni Bakıdan Hüseyn Seyidzadə çağırtdırıb. Getdim, xoş-beşdən sonra rejissor mənə dedi ki, səni "Yenilməz Batalyon" filminin sınaq çəkilişlərinə çağırmışam. Məni iki rolda-"uryadnik" və bandit rollarında yoxladı. Axırda isə məlum oldu ki, bandit roluna təsdiq olunmuşam. Seyidzadəni digər rejissorlardan fərqləndirən cəhətlər çox idi. Çox təəssüf ki, ona qarşı olan haqsızlıqlarda dövrün ziyalıları, tamaşaçıları deyil, əksinə kino sahəsində olan, loru dildə desək, "əldə quraşdırma" rejissorlar fəal iştirak edirdilər. Xüsusilə onun quruluşunda çəkilən "O olmasın, bu olsun" yersiz tənqidlərə məruz qalırdı".
Muxtar Avşarov çəkildiyi filmlərdə kaskadyor işlərinin belə öhdəsindən məharətlə gəlirdi. Hətta Hüseyn Seyidzadədən gizli bu addımı atınca rejissor bərk hirslənibmiş.
Təbii ki, rejissorun hirslənməsi aktyorun həyatına görə narahat olmasından irəli gəlirdi.
Aktyor
həmin çəkilişləri belə xatırlayır:
"Filmdə ən çətin tryuklar var idi, bunun
üçün də Moskvadan
kaskadyorlar dəvət olunmuşdu.
Həmin kaskadyorların gününə 50 rubl
verilirdi. Bir gün rejissora dedim ki, Hüseyn,
qadan alım, mən kəndli balasıyam.
At sürməyi çox
gözəl bacardığım üçün
kaskadyor işlərini də yerinə
yetirə bilərəm. Necə olur ki, mənim günümə 25 rubl
verirsən. Ancaq kaskadyora
gününə, bir dəfə atdan hoppanmaqla 50 rubl verirsən. Bir halda ki, bacarıram, onda kaskadyorun işini mən görə bilərəm.
Cavabında dedi ki,
"Mən aktyora kaskadyor
işini gördürə bilmərəm.
Axı bunun yıxılmağı da var. Yıxılıb zədələnsən
sənin öz işini
kim görəcək". Beləcə imkan vermədi. Ancaq mən
də özümə görə olmamışam. Çəkiliş
vaxtı fasilə elan olundu.
Hüseyn Seyidzadənin dincəlməsindən
istifadə edərək üz tutdum mənimlə birgə çəkilən
tərəfmüqabillərimə ki, bəs,
mən atımı minib çapacağam,
siz də o zaman Hüseyn Seyidzadəyə
xəbər verin. Operatora
da əvvəlcədən xəbərdarlıq
etdim ki, mənim atla göstrəcəyim tryuku
çəkib mənə verərsən, yadigar
saxlayacağam və sənin də
hörmətini edəcəyəm, razılaşdıq. Mən
atı sürətlə çapmağa
başladım. Hüseyn müəllimə
yaxınlaşan zaman isə atı
yıxıb, özüm də ondan bir neçə metr aralı tullanaraq
tüfəngi əlimə aldım. Bunu
görən rejissor bərk hirsləndi və
mənə acıqlanaraq "pəhləvanlıq edirsən"
dedi. Rejissorun mənə acığı tutsa
da, məndən incisə də həmin səhnə
lentə alındı. Vaxt gəldi, film hazır oldu və Moskvaya aparıldı. Ancaq
Moskva filmi qəbul etməyərək
finalını dəyişdirməyi tapşırdı. Hüseyn geri qayıdan kimi dedi ki,
"sən mənə lazımsan". Məlum oldu ki, o
lentə aldığımız səhnə ilə
maraqlanır. Bir sözlə, həmin səhnə (necə ki, mən atı yıxıb kənara tulanıram
və o dəqiqə də tüfəngi əlimə
götürərək harasa atəş
açdığı səhnə nəzərdə tutulur) "Dəli Kür"ün final səhnəsinin
yerinə calaq edildi.
Guya ki, mən atəş
açmaqla Cahandarı öldürürəm.
Təbii ki, Cahandarın ölüm
səhnəsi ayrıca olaraq çəkildi".
Ömrünün
son illərində bu ağsaqqal-nurani insanın görmə qabiliyyəti
zəifləmişdi. Amma yenə də onu yeni rollara
dəvət edirdilər. Kinorejissor Vaqif Mustafayev onu çəkiliş meydançasına dəvət
etmiş, aktyor
yalnız ayaq addımlarını saymaqla filmə çəkilmişdi. Məhz
sənətinin fədaisi olan bir aktyor bunu
bacara bilərdi...
Muxtar Avşarov hələ sağlığında yaratdığı obrazlarla və həyat yolu ilə özünəxas bir teatr məktəbi idi. Ustad aktyor unudulmaz sənətkarlarımızdandır, problemsə unutqanlığımızda, layiq olanın qiymətini əsirgəməyimizdədir. Yad edilmələri, anılmaları böyük sənətkarların haqqı, bizim isə borcumuzdur...
Xədicə
QİYAS
Ekspress.-2014.- 15-17
fevral.- S.21.